“...Onlar Rusiyanı necə bir ölkəyə çevirmişlərsə,

Rusiya elə də olacaqdır...”

 

Görkəmli rus şairi, rus poeziyasında romantizmin banilərindən biri, istedadlı tərcüməçi, Rusiya dövlətinin ilk rəsmi himninin müəllifi, akademik Vasili Andreyeviç Jukovskinin əbədiyyətə qovuşmasından 165 il ötür.

 

Əvvəli ötən sayımızda

 

Vasili Jukovski  imperator I Pavelin ölümündən sonra Peterburqa xidmətə göndərilir. Gənc şairin digər ögey bacısı Yekaterina Afanasyevnanın ərinin istedadlı yazıçı, tarixçi, ictimai xadim Nikolay Mixayloviç Karamzinlə ailəvi dostluğu nəticəsində Vasili cənab Karamzinlə tanış olur. Qeyd edim ki, Karamzin “Zavallı Liza”, Kənd”, “Boyar qızı Natalya” povestlərinin müəllifidir. Onun əsas əsəri  12 cildlik “Rusiya dövlətçiliyinin tarixi” hesab edilir. Bu əsərlə yazıçı rus cəmiyyətinin bütün təbəqə və zümrələrinə müraciət edir.

1802-ci ildə Jukovski dövrün görkəmli ingilis şair-sentimentalisti, ədəbiyyat  tarixçisi Tomas Qreynin “Kənd qəbiristanlığı” adlı şeirini rus dilinə tərcümə edib Karamzinə təqdim edir.Nikolay Mixayloviç tərcümədən vəcdə gəlir, çox çəkmir ki, şeir Karamzinin rəhbərlik etdiyi “Vestnik Evropı” jurnalında dərc olunur və Jukovskiyə ümumrusiya şöhrəti qazandırır. Orijinalda olan demokratik ruhun, yoxsullara acımaq meylinin və həyatdan şikayətin tərcümədə bir az da qüvvətləndirilməsi, tərcümə dilinin zənginliyi oxucuların diqqətini xüsusi cəlb edirdi.Yüksək bədii keyfiyyəti olan bu tərcümə işi Jukovskinin şəxsində rus ədəbiyyatına yeni və orijinal bir istedadın gəldiyini xəbər verirdi. Şairin həmin ildə yazdığı və “İnsan təbiətin ən qiymətli əsəridir” fikrini ifadə edən “Gecə” şeiri də ədəbiyyata öz sözü, zövqü, fərdi üslubu və ədəbi dünyagörüşü ilə fərqlənən yeni bir istedadın gəldiyini bəyan edirdi.Şair özünün “May səhəri” adlı ilk mətbu şeirini də həmin dövrdə yazmışdı.

Daha sonra “Həyat və bulaq”, “ Məzarlıqda fikirlər” alı şeirlərini ərsəyə gətirən Vasili,  fitri istedada malik gənc  şair kimi müasirlərinin diqqətini cəlb edir. Qeyd etdiyim kimi, hələ kiçik yaşlarından ədəbiyyat və incəsənətə  böyük  məhəbbətlə yanaşan Jukovski, yetkinlik dövründə romantik ruhda xeyli şeirlər, pyeslər yazmışdır. Romantizm sonralar da şairin əsas yaradıcılıq üslubu olmuşdur.

Jukovski universiteti bitirdikdən sonra, 1802-ci ildə Mişenski kəndinə köçür. Kənddə yaşadığı altı il müddətində  o, xeyli mütaliə edir, bədii sənətkarlıq üsullarını dərindən öyrənir, eyni zamanda yeni şeirlər, nəsr əsərləri yazır, tərcümələr edir.

1805-ci ildə Vasili Andreyeviç  ögey bacısı Yekaterina Afanasyevnanın xahişi ilə onun qızları Mariya  və Aleksandra  Protasovalara  tarix və ədəbiyyat fənlərindən dərs deməyə başlayır. Hər gün səhər qızların yanına gəlib onlara  elm öyrədən Vasili, özü üçün qəti gözlənilməz  olan bir sevdaya düşür.  Qəlbində on iki yaşlı Mariyaya ülvi bir məhəbbət oyanır..Ürəyinin hökmündən heç cür azad ola bilməyən Vasili, buradan Moskvaya yola düşür.

1808-ci ildə dahi şairin ədəbi fəaliyyətində ikinci dövr-romantik poeziya dövrü başlayır. Onun “Lyudmila”, “Kassandra”, “Svetlana”, “Dustaq” adlı ilk balladaları ərsəyə gəlir. Bu balladalar rus romantizminin bünövrəsini yaradır. “Ona”, “Teon və Esxin”, “Slavyan qızı”, “Ah, sevimli dost, indi səninləyəm”, “Sən mənim qarşımda sakit durmuşdun” və s. lirik şeirləri də rəğbətlə qarşılanır. Jukovski yaradıcılığı boyu cəmi 39 ballada və poema yazır.Təkcə “Lyudmila” və “Svetlana” Jukovskini uzun illər Rusiyanın ən istəkli şairi kimi sevdirir.

Hələ ilk mətbəələri işə salmış I Pyotrun dövründə Rusiyada çap olunan kitabların xeyli hissəsi xarici nəşrlərdən tərcümə edilmiş kitablar idi. Pyotr bu işdə də özünü kənara çəkmir, tərcüməçiləri müvafiq təlimatlarla təmin edirdi.Görkəmli fransız memarı, mühəndisi, briqada generalı və diplomatı Fransua Blondelin şəhərləri möhkəmlətmək haqqında kitabını tərcümə edən İvan Zotova çar məsləhət görmüşdü ki, belə bir qaydaya riayət etsin: əvvəlcə tərcümə olunan mətnin mənasını başa düşmək lazımdır, sonra bu mətn ana dilində elə yazılmalıdır ki, onu hamı anlasın. Pyotru tərcümənin orijinala yaxınlığı deyil, işin mahiyyəti, tərcümə olunan mətnin mənasını dərk etmək imkanı maraqlandırırdı. “Kitablar bəlağət və gözəllik xatirinə deyil, bilik əldə etmək və öyrənmək xatirinə çap olunduqları üçün tərcümə yığcam və aydın olmalıdır” - deyə tövsiyə edən Pyotr, əkinçilik haqqında kitabın tərcüməsini özü redaktə edib  nümunə kimi göndərmişdi. Pyotr öz yanaşması ilə  gərəksiz” süjetləri mətndən çıxarmışdı. Onun mülahizəsinə görə, bu süjetlər vaxt aparır və oxucunu yorurdu.

Rus ədəbiyyatı tarixində böyük bir tərcüməçi kimi də sevilən Jukovski bütün yaradıcılığı boyu tərcümə fəaliyyətini davam etdirmişdir. Rus oxucuları onun tərcümələri vasitəsilə dünya ədəbiyyatının ən görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanış olmuşlar. O, Hötenin “Balıqçı”, Bayronun “Şilyon məhbusu”, Valter Skottun “Smanqolm qəsri”, Homerin  “Odisseya”, F.Fokun “Uidina”, Şillerin “Orlean qızı”, “Arzu”, “Dağ yolu”, “Qaliblərin təntənəsi”, “Əlcək”, R.Saytinin “Varvik”, L.Ulandın “Üç nəğmə”, Ə.Firdovsinin  “Şahnamə” əsərindən  “Rüstəm və Söhrab” dastanını, qədim hind dastanı “Mahabharata”dan parçalar və bir çox görkəmli şair və yazıçıların əsərlərini rus dilinə tərcümə etmişdir. Jukovski həmişə yaradıcı tərcümənin tərəfdarı olmuşdur.O, tərcümə etdiyi əsərləri bəzən şəkli cəhətdən dəyişsə də, orijinalın ruhunu və bədii gözəlliyini heç bir zaman təhrif etməmişdir. Məhz bu xüsusiyyətlərinə görə Puşkin Jukovskinin tərcümə yolunu “nümunəvi tərcümə üslubu” hesab edirdi.

Doğrudan da Jukovskini sadə tərcüməçi adlandırmaq olmazdı.Tərcümə üçün əsərlər seçərkən  o, heç də təsadüfi meylə qapılmadan, qəlbinə, ruhuna yaxın olan əsərləri rus dilinə çevirirdi.Onun bütün tərcümələrində ümumi bir cəhət vardı. Bunlar hamısı birlikdə ənənəvi bir ədəbi sistemlə  xüsusi bir şeir aləmi - Jukovskinin şeir dünyasını təşkil edirdi. Belinski haqlı olaraq qeyd edirdi ki, Jukovskinin  ən orijinal əsərləri sanki bir tərcümədir, tərcümələri isə sanki orijinal əsərdir.Gəlin, bu nümunələrə diqqət edək, “Nəğmə”, “Quşcuğaz” müəllifin öz şeirləri, Hötenin “Meşə sultanı” isə tərcümədir:

 

         Gündoğana, gündoğana

         Can atır yer kürəsi.

         Gündoğana, gündoğana

         Uçur könül nəğməsi.

         Çox uzaqda, gündoğanda,

         Göy meşədən o yanda,

         Göy dağların arxasında

         Bir gözəl ömür sürür.

         Ayrılıq baş verdi yəqin;

         Düşünürəm o gözəl,

         Möcüzəli keçmişlərin

         Qəşəng əfsanəsidir.

         O sanki əski günlərdən

         Qonaq gəlmişdi mənə.

         Bir nəşəli yuxu idi,

         Bəxtim gülmüşdü mənə.

                                   “Nəğmə” şeiri

 

 

Uçur quşcuğaz

Oynayır bağda.

Ötür budaqda.

Uçdu quşcuğaz,

Oynadı bağda,

Yoxdur budaqda.

Xoş nəğməkar quş

Haraya uçmuş?

 

Gözəl quş sənin,

Olmuş məskənin

Uzaq bir diyar

Orada yuvan var.

Bağçalarda sən

Ötürsən şən-şən.

                      “Quşcuğaz” şeiri

 

Kimdir çapır atını qışın bu tufanında?

Gecikmiş bir yolçudur gənc oğlu da yanında.

Yapışıb atasından uşaq əsir, titrəyir,

Bərk tutub isindirir oğlunu qoca, deyir:

 

   Oğlum, nədən qorxursan, əsirsən qucağımda?

  Ata, meşələr şahı durmuş göz qabağımda .

Başında tutqun tacı, sıx, topa saqqalı var.

  Yox, o çəndir, bürümüş su üzünü dumanlar.

 

Oğlan bir səs eşidir: Quzum, mənə tərəf bax,

Məndə var fərəh, şadlıq, könül açan təmtəraq.

Çiçəklərim firuzə, axar suyum incidir,

Qızıl qəsrim inan ki, dünyada birincidir.

 

 − Ata, meşə şahıdır bu mənimlə danışan,

O mənə qızıl, şadlıq, mirvari verir nişan.

  Yox, oğlum, yanılırsan, tərs görürsən ruzgarı,

O küləkdir oyanıb, tərpədir yarpaqları.

 

Oğlan bir səs eşidir: Ay quzum, yanıma gəl!

Mənim qızlarım var ki, sevimli, qəşəng, gözəl.

Göyləri bəzəyəndə işığıyla parlaq ay,

Qızlar rəqs edər, uçar, sənə söyləyər lay-lay.

 

 − Meşə şahı qızları çağırır , bax, atacan.

Qızlar məni səsləyir budaqlar arasından

  Yox, dərin bir gecədir sükut çöküb ormana,

Ağacdır onlar belə düzülübdür yan - yana.

 

Oğlan bir səs eşidir: Sənə vurulmuşam mən,

Güc ya xoş, mənimkisən, qaçmaq olmaz əlimdən.

− Budur, meşə sultanı, bizi izləyir, ata!

Ah, nəfəsim tıxanır, az qalır bizi tuta!

 

Atlı uçan yel kimi çapır atı dördnala

Oğlan qışqırır, düşür kədərdən - haldan hala.

Atlı çaparaq gəlir qurtarır uzun yolu,

Qolları arasında can verir cavan oğlu.

                                     “Meşə sultanı”

 

Onun “Don Karlos”u, “Valleynşteyn”i, “Vilhelm Tel”li deyil, məhz “Orlean qızı”nı tərcümə etməsi təsadüfi deyildi, çünki tarix sahəsi onun daxili aləmi ilə üst-üstə gəlmirdi, ruhun ecazlar dolu olan bu daxili aləmi ona daha yaxın idi, əsrarəngiz ruha malik olan bu qəhrəman, coşqun sevdalı qız-Orlean qızı onun qəlbinə daha yaxın idi. Bununla belə, əgər onun tərcümələrinin arasında bir qədər zəifləri vardısa, bu onun istedadının azlığından deyil, seçimdəki uğursuzluqdan irəli gəlirdi. “Urak kraliçası”, “Vadi”, “Kamones”dən parçalar və s.bu cür tərcümələrdəndir. Lakin şairin həm orijinal, həm də tərcümə edilmiş azmüvəffəqiyyətli  əsərləri də ədəbi aləmdə öz işini görmüş, onların məzmunu oxucuların həmin zövqə uyğun təbəqəsini qane etmişdir.

Jukovski 1808-ci ildə alman romantik şairi Qotfrid Avqust Bürgerin “Lenora” balladasını da müəyyən dəyişikliklərlə  sərbəst  təbdil və tərcümə edib nəşr etdirir. Bürger dövrünün mütərəqqi dünyagörüşlü, Fransa inqilabına rəğbət bəsləyən, mövzularını xalq həyatından götürən, xalq ənənəri və yaradıcılığından bəhrələnən şairlərdən idi.Onun yeni məzmunlu ballada ustası olması Jukovskinin nəzərlərini  xüsusi cəlb etmişdi.

1811-ci ilin 13 mayında şairin hamisi Mariya Qriqoryevna Bunina vəfat edir. Anası Yelisaveta Dementyevna carsıntı içində acı xəbərlə oğlunun yanına gəlir. Həyatın qəribəliklərinə baxın ki, cəmi 10 gün sonra şairin doğma anası Yelisaveta  da dünyasını dəyişir. Ani zaman çərçivəsində Yukovski ona əziz olan iki qadını itirir.

Jukovskinin  anası Yelisaveta Turçaninova  Novodeviçye qəbiristanlığında  dəfn  olunur, onun başdaşına  isə “E.T.” xristian adının  və soyadının  yalnız  baş hərfləri  həkk olunur.

Dağıstanın Xalq şairi Rəsul Həmzətov “Qəbir daşları üzərində yazılar” şeirindəki bu misraları Jukovskinin dövründən çox-çox sonrakı illərdə yazıb.Kim bilir, bəlkə də şairin ziyarət etdiyi məzarlar və onların daşları üzərində oxuduğu yazılar içində də olub  bu qərib türk qızının “E.T.” yazılı qəbri. Bilmirəm. Onu bilirəm ki, bu nisgilli misralar qəbir daşlarına adı tam yazılan və yazılmayan, hər iki şairlə sanki dərdləşən bütün mərhumların  həzin və kövrək bir elegiyasıdır:

 

...İnsan oğlu, səbr elə,

Yaşasan da gümansız.

Təskinliyin olsun ki,

Sən canlısan, mən cansız.

 

Təzə yollar salırıq

Amma dərdə baxın bir:

Yollar hara getsə də,

Bizi bura gətirir.

 

Ey xalqın nəğməkarı,

Dardır, kiçikdir qəbrim.

Bircə biləydim barı:

Yanımda kim yatır, kim?

 

Anasının və analığının ölümündən bir il sonra Napoleonun ordusu Rusiya torpaqlarına  basqın edir. Müharibə başlayır. Vasili Andreyeviç könüllü olaraq Moskvada yaradılmış orduya qoşulur və burada poruçik (çar ordusunda zabit rütbəsi) rütbəsində xidmət edir.

Yenə haşiyəyə çıxmaq zərurəti yaranır. Beləki, I Pyotr Qdanskda olarkən “Hərbi nizamnamə”nin 108 fəslinin hamısını redaktə etdi və onu çap olunması üçün Rusiyaya göndərdi. Pyotr mətnə 200 düzəliş əlavə etdi ki, bunlar ifadələri yığcamlaşdırır, dəqiqləşdirir və aydınlaşdırırdı.

Çarın və generallarının tətbiq etdikləri bütün yeniliklər Nizamnamədə öz əksini tapmışdı.Nizamnamə döyüşən orduda korvalant-əlahiddə dəstə olmasını nəzərdə tuturdu.Çeviklik, operativlik, hər yerdə çətinlik çəkmədən hərəkət etmək korvalantın başlıca amili sayılırdı. Nizamnamədə deyilirdi: “...Qoşunda yüksək rütbəli generaldan tutmuş müşgetyora, süvariyə və piyadayadək bütün adamlar sadəcə olaraq əsgər adlanır. Döyüşçü şərəfini ayaqlayanlar və döyüşçü ənənələrini pozanlar əsgər adlanmağa layiq deyillər. Öz bayrağını həyatının son dəqiqəsinədək qoruya bilməyənlərin əsgər adını daşımağa haqqı yoxdur...Müharibədə qələbəni möhkəm qaydalar, cəsur əsgərlər, saz silahlar təmin edir...”

 

Reyhan Mirzəzadə

Publisist-politoloq

     

Ardı gələn sayımızda

 

Həftə içi.- 2017.- 12 aprel.- S.4.