“...Onlar Rusiyanı necə
bir ölkəyə çevirmişlərsə,
Rusiya elə də
olacaqdır...”
Görkəmli rus şairi, rus
poeziyasında romantizmin banilərindən biri, istedadlı tərcüməçi,
Rusiya dövlətinin ilk rəsmi himninin müəllifi,
akademik Vasili Andreyeviç Jukovskinin əbədiyyətə
qovuşmasından 165 il ötür.
Çarın
“Hərbi nizamnamə”si eyni zamanda cinayət məcəlləsi
idi;o, təkcə əsgəri
intizamın pozulmasına görə deyil, eyni zamanda siyasi cinayətlər
üstündə cəza tədbiri də nəzərdə
tuturdu. Hər hansı qiyamın , hiddət və inadkarlığın
cəzası heç bir güzəşt olmadan dar
ağacı idi. Nizamnamədə milli hərb sənətinin əsasları
qoyulmuşdu. Rusiyanın adlı-sanlı sərkərdələrinin
hamısı: Rumyantsev, Suvorov, Kutuzov yüz il ərzində
döyüşlərdə və qoşunların təlimlərində
bu Nizamnaməni rəhbər tutmuşdular.
Jukovski məşhur Borodino
vuruşmasında ehtiyatda olan
döyüşçü kimi çarpışırdı.
Qeyd edim ki, Borodino kəndi Moskvadan qərb tərəfdən
124 km aralıda yerləşir.
1812-ci ilin avqustun 26-da burada Rusiya ordusu ilə Fransa ordusu
arasında hərb tarixində özünəməxsus şəkildə
əksini tapan böyük vuruşmalardan biri olmuşdur.
Baş komandanı M.İ.Kutuzov olmaqla rus ordusunda 120 min nəfər,
640 top, Napoleon Bonapartın başçılığı ilə
Fransa ordusunda 135 min nəfər, 587 top vardı.
Döyüşlərdə Fransa ordusu 47-si general olmaqla 50 min
nəfərdən çox, rus ordusu 23-ü general olmaqla 44 min
nəfərədək itki vermişdi. Borodino
vuruşmasında rus ordusu yüksək hərbi gücə,
hazırlığa və taktikaya malik olduğunu
nümayiş etdirərək, Vətən müharibəsində
Napoleonun məğlubiyyətini xeyli sürətləndirmişdi.
Borodinoda
döyüşlərdən sonra şair Kutuzovun qərargahına
ezam olunub, Tarutino kəndinə gəlir. Həmin Tarutinoya ki, öz şücaətli tarixi ilə
bu gün də böyük rus xalqının və rəşadətli
Rusiya vətəndaşlarının qürur yeridir.
Vətən
müharibəsində rus ordusunun Moskvadan Tarutino kəndinə
çəkilməklə 17 sentyabrdan 3 oktyabradək
işğalçı fransız ordusuna qarşı hərbi taktika ilə
etdiyi aldadıcı hərəkət Tarutino manevri adlanır.
Manevrin
bəzi məqamlarından: Ordu Moskvadan geri çəkilir,
Moskva çayını keçdikdən sonra qəflətən
qərb tərəfə dönür, əvvəlcə
Podolska, iki gün sonra Krasnaya Paxra kəndi ərazisinə gəlir.
Beləliklə, rus qoşununu gözdən itirən Napoleon,
onun yerini yalnız sentyabrın
26-da müəyyən edə bilir.
Kutuzov
köhnə Kaluqa yolu ilə əsasən gecələr olmaqla
yenidən gizli şəkildə geri çəkilməyə
başlayaraq, oktyabrın 3-də Tarutinoya gəlir.
Dahi
sərkərdənin rəhbərliyi altında olan ordu konstruktiv olaraq müəyyən
hərbi gedişlərdən sonra Tarutino kəndində
dayanır və yeni döyüş mövqeyi tutur. Məhz həmin
günlərdə elə bu kənddəcə Jukovski rus
ordusunun vətənpərvərlik
və hünərinin təntənəsini odlu-alovlu
misralarına köçürür.Rus ədəbiyyatında
yeni və əzəmətli bir abidə-oda yaranır. Şair
“Ah, nə qədər gözəl və munissən, müqəddəs
Vətən, səni təqdis
edərkən hansı qəlb
titrəməz?” deyə xitab etdiyi əsər “Rus
döyüşçülərinin qərargahındakı şair” adlanır.
“Rus
döyüşçülərinin qərargahındakı
şair” əsərində Jukovski bütün rus xalqına
müraciət edərək, onu Vətən uğrunda
ayağa qalxmağa, düşməni darmadağın etməyə
çağırır.Şair əsərin müəyyən
yerində rus xalqının qəhrəmanlıq
keçmişinə nəzər salır, vətən yolunda
fədakarlıq göstərmiş babalarının vətənpərvərlik
ənənələrini tərənnüm edir və
müasirlərini bu müqəddəs ənənələrdən
ilham almağa çağırır.
Şair
döyüşlərdə məğrurcasına həlak olan
igidləri də unutmur, böyük bir vətənpərvərliklə
qeyd edir ki, onların xatirəsi əbədi yaşayacaq və
rus xalqını həmişə qəhrəmanlığa
ruhlandıracaqdır.
Bəs
Jukovskidəki bu dərin ilham haradan qaynaqlanırdı?
Yadıma bir anlıq nəinki
rus, hətta dünya ədəbiyyatının, bəşər eposu tarixinin görkəmli bir abidəsi
kimi tanınan, təkrar-təkrar, sevə-sevə oxuduğum
“İqor polku haqqında dastan”
düşür . Lirik-epik poema adlandırılan bu dastan bədii
xüsusiyyətləri etibarı ilə yazılı ədəbiyyata
mənsubdur. Öz üslubu ilə
“İqor polku haqqında dastan” xalq poeziyasına çox
yaxındır. Əsərdəki obrazlı ifadələr, təşbehlər
xalq mahnılarında və dastanlarında işlənən
sözlər və ifadələrlə eynidir.
Rusiyanın
görkəmli filoloqu akademik Dmitri Sergeyeviç Lixaçyov
özünün “İqor polku haqqında söz” kitabında
yazırdı: “İqor polku haqqında dastan” elə bir
dövrün ədəbi məhsuludur ki, o dövrdə
üç xalqın: rusların, ukraynalıların və
belorusların mədəniyyəti bir kökə bağlı
idi. XII əsrdə Rusiyanın (rus) mədəniyyəti vahid
bir mədəniyyət idi.Bunun ən parlaq nümunəsini rus
ədəbiyyatının böyük abidəsi olan “İqor
polku haqqında dastan”da görürük...Bu dastanın dərin
kökləri xalqa əsaslanır,
orada məhəlli, əyalət fərqləri yoxdur...O,
üzünü keçmişə yox, gələcəyə
çevirmişdir. XI-XII əsrlərdə yaranmış əsərlər
içərisində məhz bu dastanda gələcək rus,
Ukrayna və belorus ədəbiyyatlarının ünsürləri
çox aydın bir şəkildə görünməkdədir”.
Dastan
qədim rus dilində yazıldığı üçün
müasir oxucu bu dili çətinliklə anlaya bilirdi. Mətndə
digər amillər də vardı ki, kütləvi oxucu
üçün çətinlik yaradırdı.Odur ki, XIX əsrin
əvvəlindən başlayaraq mütəxəssislər
“İqor polku haqqında dastan”ı
nəsr və nəzmlə müasir rus dilinə tərcümə
və ya təbdil etməyə başladılar. 1817-1819-cu illərdə
“İqor polku haqqında dastan”ın ilk tərcümələrindən
biri məhz Jukovskiyə məxsus
oldu. Dastanda Rus vətəninin düşmənlərinə
qarşı amansız mübarizə ruhu ilə bərabər,
qüvvətli bir humanizm, insanpərvərlik hökm sürməkdədir.
Bu möhtəşəm sənət abidəsində
insanların şəxsi mənfəət üçün yox,
xalq üçün, vətən üçün qəhrəmanlıq,
fədakarlıq göztərməsi
təbliğ olunur. Elə bu məziyyətlərinə
görə də “İqor polku
haqqında dastan”la Jukovskinin “Rus
döyüşçülərinin qərargahındakı
şair”in arasında səmimi bir ülfət,
doğmalıq, qarşlıqlı əlaqə
özünü aydın büruzə verir.
Həmin
vaxtlar “Kreml nəğməsi”,
“Qaliblər rəhbərinə” və s. şeirlərində
də Jukovski rus əsgərlərinin qəhrəmanlığını,
şücaətini, rus
xalqının fədakarlığını fəxarətlə
əks etdirir. Jukovski bu şeirlərində
qüdrətli rus sərkərdələrini hörmətlə
tərənnüm edir.
Şair 1815-ci ildə “Arzamas” adlı ədəbi
dərnəyə daxil olur. Bu dərnəyin üzvləri -
Rusiyanın qabaqcıl fikirli gəncləri, hər şeydən
əvvəl, ədəbiyyatdakı köhnəlmiş
üslublara, bayağı, sönük əsərlərin
yaranmasına qarşı mübarizə aparırdılar. “Arzamas”çıların
bu ədəbi-məfkurəvi mübarizəsində Vasili
Andreyeviç Jukovski ilə yanaşı, Rusiyanın ən
böyük şairi Aleksandr
Sergeyeviç Puşkin də
iştirak edirdi. Karamzin, Puşkin, Batışkov kimi
yazıçılarla
dostluğu Jukovskinin yaradıcılığına gözəl təsir
bağışlayırdı.
Jukovski
rus ədəbi dilinin inkişafında böyük rol
oynamışdır. Şair rus ədəbi dilinə yeni təsvir
və ifadə vasitələri gətirmiş, rus dilini daha da
mükəmməlləşdirmiş, ona yüksək poetik
ifadə bacarığı vermişdir. O, ədəbiyyatda
bayağı təsvir vasitələrinə, ifadələrdəki
dəbdəbəliyə qarşı mübarizə
apardığı üçün mühafizəkarların
hücumlarına məruz qalmışdı. Lakin bu təzyiqlərə
baxmayaraq, Jukovski rus ədəbi dilinin saflığı
uğrunda mübarizə aparan
“Arzamas” ədəbi cəmiyyətindən
uzaqlaşmamış, əksinə, orada daha fəal
iştirak etmişdi.
Bəllidir
ki, Vasili Andreyeviç rus ədəbiyyatına
lirikanın dəyərli nümunələrini gətirmişdir.
Onun bir sıra şeirlərində, xüsusən məhəbbət
mövzusunda yazılmış balladalarında insan arzu və
istəkləri, ümid dolu bir qəlbin həyəcanları
duyulur. Şeirlərin misraları o qədər ahəngdar
yazılıb ki, onlar oxucuya gözəl bir nəğmə
kimi təsir
bağışlayır. Şair sözləri elə
seçir, onları elə uyğunlaşdırır ki,
intonasiya, səs təkrarlarına
elə ustalıqla, sənətkarlıqla yanaşır ki, bütün bu keyfiyyətlər
şeirin bədii təsir qüvvəsini qat-qat artırır. Bu cəhətdən
onun “Axşam”, “Nəğmə”, “Şair”, “Dəniz” şeirlərini,
“Badə” və s.balladalarını göstərmək olar.
Məşhur
“Pyotr islahatları”cəmiyyətin bütün sahələrində
olduğu kimi, mədəniyyətdə də çox
böyük hadisələrə səbəb olmuşdu. Maarifləndirmə
işi inkişaf etməyə başlamışdı. Tədris
və təhsildəki uğurlar mədəniyyətin digər
sahələrinə də nüfuz edirdi. Yeni ştriftin tətbiqi
kübar dilin, ədəbi nitqin güclənməsinə təsir
göstərirdi. Odur ki, poetik əsərlərin-satira, oda, təmsil,
epiqrammalar geniş yayılmışdı.Bunların bir
çoxunun müəllifi Anxota
Kantemir hesab edilirdi.
Jukovski
“Satira və Kantemirin satiraları haqqında”kı məqaləsində
maraqlı məsələlərə toxunurdu: “Kantemir
Rusiyanın çox az say təşkil edən klassik şairləri
sırasına mənsubdur; lakin ruslardan nadir adamlar onun
satiralarının mənasını qavraya bilir,
çünki onun qədimi üslubu şeirlərdə
yalnız və yalnız yüngül həzz arayan oxucunu
hürküdür. Kantemiri ilk baxışdan sərt zahiri
siması yaxşı heç nə vəd etməyən,
onunla yaxından tanış olduqdan sonra isə xarakterini bəyəndiyin,
söhbətlərindən ləzzət apardığın
adamla müqayisə etmək olar. Oxucularımızın diqqətini
bu şairə cəlb etməklə, biz onların minnətdarlığına
layiq olacağımıza ümid edirik; lakin bəri başdan satira
haqqında bəzi mühakimələrə varmağı
özümüzə rəva görürük.
Satiranın
predmeti nədir? İnsanın
yanlışlıqlarını, axmaqlıq və
qüsurlarını məsxərəyə qoymaq.
Gülüş şən ovqat bəxş edir, şən
olmaq isə insan ruhunun ən bəxtiyar durumlarndan biri olaraq qəbul
edilir. Bizə bəlli olan bütün dillərdə, deyə
Addison yazır, metafora tapırıq: çöllər
gülür, çəmənlər gülür; bu onu
sübut edir ki, gülüş özlüyündə nəsə
cəlbedici və könül oxşayan bir haldır.
Gülüş ruhu canlandırır, yaxud qəm-qüssə
güc gələndə onun tutqunluğunu dağıdır,
ya da çətin işin doğurduğu əqli yorğunluq
onu əldən salanda fəallıq duyğusunu oyadır və
qüvvəsini hərəkətə gətirir. Sultserin
sözlərincə, gülüş iki cür olur: ya təmiz,
sadəcə bizi şən ovqata kökləyən; və ya
mürəkkəb, yəni kənar adamların duyğuları
və anlayışları ilə
birləşmiş olan gülüş var.
Özlüyündə məzəli olan predmet bizi gülməyə
məcbur edir, vəssalam: bax bu təmiz
gülüşdür; lakin əgər gülməli
olanın alt qatında nəsə iyrənc və ya nifrətəlayiq
bir hal gizlənibsə, onda bizim
qəlbimizdə acıq, hiddət, ikrah hissi
gülüşlə birləşməli olur: bu isə
mürəkkəb gülüş adlanır”.
Qeyd
etdiyim kimi, Rusiyada poetik əsərlərin bir növü kimi
təmsillər də yayılmaqda idi. Təmsillər-bənzətmə,
oxşatma anlamında nəsihətamiz məzmunlu satirik əsərlərdir.Həcmcə
kiçik, əsasən mənzum üslubunda olur. Bəzən
mənsur təmsillərə də rast gəlinir. Təmsildə
bədii ideya alleqoriya vasitəsilə
ifadə olunur. İnsan xarakterləri, ictimai həyat hadisələri və münasibətləri heyvan və
bitkilər aləminin təsviri yolu ilə təqdim olunur.
İvan Andreyeviç Krılov həmin dövrdə məşhur
təmsilçi kimi tanınmağa başlanmışdı.
Jukovskinin
“Təmsil və Krılovun təmsilləri haqqında”kı məqaləsinin
bir hissəni təqdim edirəm.
“Bizim
zəmanədə nəyə təmsil deyilir? Bu, baş vermiş əhvalatın
şeirlə nağıl edilməsidir, burada
iştirakçılar bir qayda olaraq ya heyvanlar, ya da cansız
varlıqlar olurlar. Bu hekayənin məqsədi – ümumi
yaşayışdan alınan və deməli, az və ya
çox dərəcədə faydalı olan hansısa bir mənəvi həqiqətin
beyinlərə, şüurlara həkk edilməsidir.
Filosof-
nəsihətçinin cadə və ümumiyyətlə
nadir adam üçün xoş bir dillə təklif etdiyi
mücərrəd həqiqət, təkcə əqli qabiliyyətə
təsir göstərməklə, insanın qəlbində
yalnız yüngül və çox tez silinib gedən iz
qoyur. Hərəkətdə təqdim olunan və deməli, bizdə duyğularımızı
da, təsəvvürlərimizi də oyadan həmin həqiqət gözlərimizdə
maddi şəkil alır, mühakiməmizə daha
güclü bir şəkildə həkk olunur və
yaddaşımızda uzun bir müddət yapışıb
qalır. Sözlərin sadə libasına
bürünmüş quru anlayışla canlı şəklə
salınmış, mənanın xoşagəlimliyi ilə bəzək
vurulmuş, bizim təsəvvürümüz
üçün fərqli, gözəçarpacaq bir forma
almış həmin anlayış arasında müqayisəyə
yer qalırmı? - Təmsil
yazanın başlıca predmeti belədir.
Təmsildə
iştirak edənlər bir qayda olaraq ya şüursuz heyvanlar,
ya da cansız yaradılışlar olur. Fikrimcə, bunun
dörd başlıca səbəbi var. Birincisi: xarakterin
xüsusiyyəti, bu məsələdə heyvanlar bir-birindən
fərqlənir. Təmsil hərəkətdə
göstərilən əxlaqdır, mənəviyyatdır;
onun məğzində birgəyaşayışdan hasil olunan
ümumi əxlaqilik anlayışı dayanır, yuxarıda
deyildiyi kimi, özəl bir hal üçün tətbiq olunur
və bu tətbiqetmə vasitəsilə hissedilən təsirə
çevrilir. Təmsildə gördüyümüz həmin
dünya müəyyən mənada insan dünyasının
güzgüdəki əksidir. Orada heyvanlar insanları təmsil
edirlər, lakin insan yalnız bəzi münasibətlərdə,
bəzi sifətdə təqdim
olunur və hər bir heyvan, özünün ayrılmaz daimi
xarakterinə malik olmaqla, həm
insanı-mən qana susamış yırtıcını
görürəm; tülkünü səhnəyə
çıxarırsınız - mən yaltaq və hiyləgəri
görürəm, - və siz lüzumsuz izahata əl atmaq zəhmətindən
azadsınız. İkincisi: oxucunun təxəyyülünü
yeni xəyallar aləminə çəkib gətirməklə,
siz ona uydurmanı mövcud olanla (birinci ona bənzəyiş
xidmətini göstərir) müqayisə etmək məmnunluğunu
bəxş etmiş olursunuz, müqayisə məmnunluğu isə
mənəviyyatın özünü də cəlbedici edir.
Reyhan Mirzəzadə
Publisist-politoloq
Ardı gələn sayımızda
Həftə içi.- 2017.-
13 aprel.- S.4.