"...Onlar Rusiyanı necə bir ölkəyə

çevirmişlərsə, Rusiya elə də olacaqdır..."

 

Görkəmli rus şairi, rus poeziyasında romantizmin banilərindən biri, istedadlı tərcüməçi, Rusiya dövlətinin ilk rəsmi himninin müəllifi, akademik Vasili Andreyeviç Jukovskinin əbədiyyətə qovuşmasından 165 il ötür

 

(Əvvəli ötən saylarımızda)

 

Üçüncüsü: təmsil əxlaq dərsidir, siz bu dərsi insanlara heyvanların və cansız cisimlərin köməyi ilə keçirsiniz; təbiəti ilə ondan fərqlənən və onun üçün tamamilə yad olan varlıqları ona misal göstərməklə, siz onun heysiyyətinə rəhm edirsiniz, siz onu soyuqqanlılıqla mühakimə yürütməyə məcbur edirsiniz və o, hiss edilmədən özü barəsində dürüst hökmü elan edir. Dördüncüsü: qəribə, əcaib olanın gözəlliyidir. İştirakçının insan olduğunu görməyə vərdiş etdiyimiz səhnəyə siz poeziyanın qüdrəti ilə mahiyyətcə ondan təbiətin özü tərəfindən kənarlaşdırılmış olan varlıqları, - bizim üçün epik poemada fövqəltəbii qüvvələrin, ruhların, silflərin, cırtdanların və bu sıradan olanların əməlləri qədər xoş olan möcüzəviliyi, qəribəlikləri, əcaib-qəraibliyi çıxarırsınız. Möcüzəvi olanın sirayətediciliyi şair tərəfindən onun sətiraltı mənalarında müəyyən tərzdə gizlədilmiş olan həmin əxlaqla çatdırılır; oxucu isə, bu mənəviliyə yetişməkdən ötrü həmin o möcüzəviliyi, əcaib-qəraibliyi təbii hal kimi qəbul etməyə razıdır".

Jukovski mövzularını ən çox qədim xalq əfsanələrindən bəhs edən kitablardan alırdı. Rus xalqının folklor irsindən bəhrələnərək eynən Puşkin kimi sevdalı, sehirli nağıllar yazırdı: "Çar Berendeyin nağılı", "Yatmış şahzadə", "Şahzadə İvan və Boz Qurd", "Zambaq ağacı", "Çəkməli Pişik" və s.

Məlumdur ki, xalq yaradıcılığı xəzinəsində uşaqları cəmiyyət, həyat , ictimai münasibətlər , elmi məsələlər və təbiətlə tanış edən fantastik nağıllar az deyildir.Bunlardan bəziləri bədii forma və məzmun etibarı ilə müasir elmi-fantastik əsərlərə çox bənzəyir. Jukovskiyə görə, uşaqlara elə nağıllar lazımdır ki, onlar həm fantaziya qabilyyətini inkişaf etdirməyə xidmət etsin, həm də uşaqlara təbiət və cəmiyyət haqqında geniş biliklər versin.

Belinski də eyni fikirdə idi: "Təbiət elmləri hər şeydən daha qüvvətli bir şəkildə uşaqları maraqlandıra bilər. Bu predmet onlara yaxındır. Onlar hər bir addımda təbiətlə təmas edirlər, təbiət uşaqların doğma sirdaşıdır. Uşaqlar üçün müqayiəedilməz dərəcədə maraqlıdır bilsin ki, onun yolda qaçmasına mane olan yağış nədən əmələ gəlir, uşağı romalıların hansı paltarda gəzdikləri maraqlandırmır.Siz uşaqlara kəpənək haqqında danışın, çünki hər gün çəməndə onun dalınca qaçır...Ona köhnə və sadiq dostu barbos (it deməkdir) haqqında danışın ki, evi mühafizə edir... Uşağa həmişə ona yaxın olan şeylərdən danışın, ona nağıl edin ki, evi necə tikirlər, hər gün yediyi çörəyi necə bişirirlər, oturduğu stulu necə düzəldirlər...".

Lakin bu da etiraf olunmalıdır ki, təbiət nağıllarının heç də hamısı uşaq psixologiyası və təfəkkürü üçün faydalı olmur. Elə nağıllar var, orada daha çox cin, şeytan, mələk, ifritə və s. ağlasığmayan və real düşüncəyə zidd olan obrazlardan danışılır. Belə nağıllar uşaqlarda illər boyu öz təsirini saxlayan qorxu, vahimə hissləri yaradır və onların acizləşməsinə, daim düşkün, bədbin, kədərli olmasına və fəaliyyətsizliyinə səbəb olur.

M.Qorki nağılların nəinki uşaqlara, hətta böyüklərə, yazıçılara belə dərin və müsbət təsirindən bəhs edib yazırdı: "Mən qəti inam hasil etmişəm ki, nağıllarla və ümumiyyətlə, şifahi xalq yaradıcılığının tükənməz xəzinəsi ilə tanışlıq gənc yazıçılar üçün son dərəcə mənfəətlidir. Nağıl yazıçının təxəyyülülnü inkişaf etdirə bilər, onu sənət üçün uydurmanın əhəmiyyətini qiymətləndirməyə məcbur edər, ən başlıcası isə onun yoxsul leksikonunu, yoxsul dilini zənginləşdirə bilər".

Faydalı nağıllarda təbiət təsvir və izah olunur, insanın təbiətlə mübarizəsi göstərilir, varlığın müxtəlif formaları və hadisələri haqqında, gün, ay, ulduzlar, gecə, gündüz, çay, dəniz və s.haqqında məlumat verilir. Belə nağıllarda heyvanların həyatı, onların fərdi xüsusiyyətləri göstərilir və ən əhəmiyyətlisi isə insanların onlara münasibəti, ictimai münasibətlər təsvir olunur, qəhrəman obrazların möhkəm iradəsi, cəsurluğu, humanizmi və fədakarlığı tərənnüm edilir. Jukovskinin nağılları məhz belə nağıllardan idi.

Jukovski klassizmdən sentimentalizmə və sentimentalizmdən romantizmə doğru mürəkkəb bir yaradıcılıq yolu keçmiş, iki ədəbi cərəyanın ən yaxşı ənənələrini inkişaf etdirmək yolu ilə yeni ədəbi cərəyanın -sentimentalistləşdirilmiş romantizmin banisi səviyyəsinə yüksəlmişdi. Elegiyalarında müasir həyatdan uzaqlaşmaq, ümidsizlik onun sentimentalistləşdirilmiş romantizminin əsas xüsusiyyətlərindən idi. Buna görə də Jukovskinin rus ədəbiyyatında mövqeyi çox böyük idi. "Jukovski olmasaydı, Puşkin də olmazdı" - deyən Belinski, bununla belə, şairin əsərlərindəki bədbinliyi, qeyri-fəal seyrçilik ruhunu kəskin tənqid edirdi.

Jukovskinin "Həyatda səadət yoxdur, Allah bizi xoşbəxtlik üçün yaratmış olsa da, həyatda qismətimiz kədər, məhrumiyyətdir, xoşbəxtlik bizim mənəvi aləmimizdədir. Özünü xoşbəxt hiss etmək üçün nəcib hisslər, ülvi fikirlərlə yaşamaq kifayətdir" - fikrini ifadə edən əsərini misal gətirib Belinski "Bu fəlsəfənin nəticəsi nədir?" sualına cavab olaraq yazırdı: "...Deməli, həyatın bütün səadətləri həqiqi səadət deyildir, deməli, səadət ancaq bizim daxili aləmimizdə imiş, mənəvi səadətlər buradan gəlib keçir və bizi dəyişdirirmiş... Çox gözəl! Lakin bundan belə bir nəticə çıxarmaq olarmı ki, biz gərək bu dünyada əlimizi qoynumuza qoyub oturaq, heç bir iş görmədən yüksək fikirlər və nəcib hisslərlə qidalanaq? Bu birtərəflilikdir, əxlaqi asketizmdir (asketizm - tərki dünyalıq deməkdir-R.Mirazəazdə). İfrat və yanlış ultraromantizmdir... İnsan bir yerdə, öz koması qarşısında mərmər tabut kimi hərəkətsiz dayanıb-durmaqla və öz-özü ilə gözəl həyat haqqında söhbət eləməklə necə gözəl, ülvi məqsədlərə çata bilər? Məgər təkcə bu gözəl, ülvi öz-özünə söhbət insanın yeganə səadətidir? Məgər insanın şəxsi səadəti yalnız qadına olan məhəbbətdədir?Ah, əgər belə isə, bu məhəbbət, ifratların təsadüfi ittifaqı qanuna görə ən böyük xudpəsəndlikdir!.. İnsanın şəxsi səadət arzusu həqiqi və qanunidir. İnsanın şəxsi səadətə meyli ağlauyğun və təbiidir. Lakin bütün aləm, onun səadəti təkcə bir ürəkdəmi yerləşməlidir?..İnsan üçün onun daxili, mənəvi aləmindən başqa böyük bir həya aləmi, tarixi idrak və ictimai fəaliyyət aləmi də vardır, elə bir aləm ki, orada fikir işə, hərəkətə çevrilir, yüksək həssaslıq da qəhrəmanlığa...Bu arasıkəsilməz iş, zəhmət aləmi, tükənməz fəaliyyət, yaradıcılıq aləmi, gələcəyin keçmişlə əbədi mübarizəsi aləmidir!..Və xoşbəxt o adamdır ki, hal-hazırkı varlıqla kifayətlənmir, xoşbəxt o adamdır ki, onun qəlbində gözəl yaşayış idealı yurd salır".

Jukovskinin qələmə aldığı "Yazıçı cəmiyyətdə" adlı məqaləsindəki şərhlərinə diqqət yetirək:

"Nə üçün yazıçıya cəmiyyətdə uğur qazanmaq qeyri-mümkündür və yazıçı adı kübar insanın durumuna ziddiyyət təşkil etmir ki? Siz deyəcəksiniz, ola bilsin: hər bir yazıçı özünün vərdiş etdiyi adi məşğuliyyəti ilə, səs-küylü, rəngarəng və fikir dağınıqlığından ayrılmaz olan kübar həyatdan xeyli uzaqlaşıb. Bu fikirlə razıyam, əgər kübar həyat adı altında siz avara, veyil, özünü yalnız ictimai zövq-səfalara həsr edənlərin, yorulub-usanmadan özündən kənarda yaşayanların, bir işi-peşəsi, bir dövlət vəzifəsi olmayanların; devizi - fayda vermədən, bəzən isə başqalarının zərərinə olaraq xoşagələn olmağa çalışanların darıxdırıcı halını nəzərdə tutursunuzsa. Lakin siz görürsünüz ki, yaşadığınız mühitdə uğur - efemer efemer - yəni ötəri -R.Mirzəazdə) deyil, həqiqi və uzunsürən uğur - faydalı fəaliyyət və yüksək keyfiyyətlə birləşib. Elə birisi yoxdur ki, sadəcə kübar adam adlansın; hər kəsin öz xüsusi məşğuliyyəti var və ya olmalıdır, bu məşğuliyyət onu bir müddətliyə kübar aləmdən uzaqlaşdırır, az və ya çox dərəcədə davam etməklə tənhalığa çəkilməsini tələb edir; bir çoxları xidməti vəzifələrinə, hamı isə ümumilikdə ailə qayğılarına tabedir. Yazıçı vəzifəsi onu fikirləri ilə baş-başa qaldığı iş kabinetinə bağlayır - lakin kabinet onu cəmiyyətdən ayrı salırmı və onun başqaları ilə - hər birinin öz xüsusi qayğıları və vəzifəsi olanlarla bərabər dərəcədə böyük kübarlar aləminin üzvü olmasına maneçilik törədə bilirmi? Əlbəttə, yazıçı, özünə hər hansı mühüm bir hədəf seçmiş hər kəs kimi, kübar aləmdə, necə deyərlər, yaşamaq məharətini özünün yeganə sənəti bilmiş adamları bəzəyən həmin göz oxşayan parlaqlığı asanlıqla qazana bilmir; lakin o bu dərəcədə həqiqiliklə və heç şübhəsiz ən nəcib bir tərzdə xoşa gəlmək üsullarına malikdir.

Yazıçı - özü də yalnız və yalnız yazıçı olan kəs - lütfkar adam keyfiyyətindən məhrumdurmu? Düşüncə zənginliyi istedadı ilə öz fikirlərini kağız üzərində başqalarından daha yaxşı ifadə edə bilən bir insan olmaqla, o, məhz buna görə də söhbətdə fikir və düşüncələrini xoşagələn bir tərzdə ifadə etmək qabiliyyətinə malik olmamalıdırmı? Və, vaxtının çox hissəsini öz kabinetində kitablarla keçirdiyindən qəribəliyə və insanlarla rəftarda qabiliyyətsizliyə məhkumdurmu? Düşünmürəm ki, biri digərinin qaçılmaz nəticəsi olsun.

Siz iddia edirsiniz ki, cəmiyyətdə çıxış edəndə müəllif mütləq kişilərin məkrli maraqlarının və qadınların tələbkar özünəvurğunluğunun qurbanı olmalıdır: bu fikri o qədər də ədalətli hesab etmirəm. Yazıçı dünyəvi adamdır, həmişə kübar cəmiyyətində olmaqla, məhz buna görə xüsusi diqqət oyatmaya bilməz ki, onun üzü artıq tanışdır və hamı ilə eyni rolu: öz ədaları, öz zahiri görünüşü, öz səs tonu ilə digərlərində təsir buraxan müsahib rolunu oynayır. Kübar cəmiyyətində fərqlənməni sevməz, heyrətlərini həvəssiz büruzə verərlər və nadir kəslər onda maraq predmeti olur, bu isə özlüyündə artıq fərqlənmənin əlamətidir. Kübar cəmiyyətində heç kəsdən çox şey tələb olunmur, bəlkə də buna görə ki, yüksək tələblər böyük üstünlüyün əlamətlərindən ayrılmazdır; insanlar, xüsusilə də kübarlar ümumən ədalətli olsalar da, belə bir etirafı büruzə verməyi heç vaxt sevməzlər.

Əlavə edək: yazıçı cəmiyyətdə daha kübar adamların qarşısında xeyli üstünlüyə malikdir; o, digərlərindən daha dürüst adam ola və daha yaxşı düşünə bilir. Günün böyük qismini həsr etdiyi əqli işdən o, kübar adamın yalnız sezə bildiyi predmetləri götür-qoy etməyi öyrənir; çox tez-tez öz düşüncələri ilə baş-başa qaldığından gözü ilə gördüklərini xeyli müddət xatirində canlandıra bilir; öz fikirlərini nizama salmaq və dəqiqliklə ifadə etmək vərdişi onun anlayışlarına xüsusi aydınlıq, müəyyənlik və tamlıq verir, bunlar istisnasız olaraq yalnlz dünya işləri ilə məşğul olan adamın heç ağlına da gəlməz: sonuncu, fövqəladə bir sürətlə onun yanından ötüb keçən predmetlərin rəngarəngliyi səbəbincə, necə deyərlər, göydə qapmağa və onlara öz diqqətini ötərincə yönəltməyə məcburdur. Tənhalığa çəkilmək yazıçını dərin düşüncəli insana çevirir; cəmiyyət arasında isə fikrini əlüstü ifadə etməyi mənimsəməli olur və nəhayət, onda özünün ən dərin fikirlərinə asan və xoşagələn ifadələrlə bəzək-düzək vermək məharətini iqtibas edir".

Müharibədən sonra Jukovski ədəbi fəalyyətini davam etdirir. Şairin dərin mənəvi duyğularla yazdığı "İmperator Aleksandra" şeiri onun taleyini həll edir. Vasili Andreyeviçin güclü yaradıcılığına və vətənpərvərliyinə hörmətlə yanaşan Sergey Semyonoviç Uvarov, şairin daha da yüksəlməsi naminə, imperator əhlindən ona yaradıcı fəaliyyətinə görə təqaüd ayrılmasına əzmkarlıqla çalışır. Onu da deyim ki, Uvarov Rusiyanın görkəmli dövlət xadimi, istedadlı filosofu idi, uzun illər xalq maarifi naziri olmuşdu, Rusiya dövlətçiliyində pravoslavlıq, mütləqiyyətçilik, xəlqilik formulunun müəllifi kimi tanınırdı.

1815-ci ildə Uvarov Jukovskini, Rusiya imperatriçəsi, imperator I Pavelin arvadı Mariya Fyodorovnaya (ərinə olan sui-qəsddən sonra Mariya Fyodorovna Rusiya dövlətinin daxili siyasətinə böyük nüfuz etmişdi) təqdim edir. İmperatriçə şairi saraya dəvət edir, Jukovski Qış sarayına köçür. Şair əvvəl sarayda şahzadə qızlara, eyni zamanda gələcək çar Nikolayın nişanlısı, alman şahzadəsi olan gəlinə rus dili və ədəbiyyatı dərsi tədris edir.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist-politoloq

 

Həftə içi.- 2017.- 14 aprel.- S.4.