"...Onlar Rusiyanı necə bir ölkəyə
çevirmişlərsə,
Rusiya elə
də olacaqdır..."
Görkəmli rus şairi, rus
poeziyasında romantizmin banilərindən biri, istedadlı tərcüməçi,
Rusiya dövlətinin ilk rəsmi himninin müəllifi,
akademik Vasili Andreyeviç Jukovskinin əbədiyyətə
qovuşmasından 165 il ötür
(Əvvəli ötən
saylarımızda)
Onun
mənən büllur əqidəsi, təmiz vicdanı, şəfqətli
qəlbi hamının diqqətini cəlb edir, heyrətə
salır, ehtiram oyadır.1816-cı ildə sarayda şairə
ömürlük təqaüd təyin olunur.
1823-cü
ildə çox sevdiyi Mariya Protasovanın uşaq dünyaya gətirərkən
ölməsi xəbəri Vasili Andreyeviçə yenidən
sarsıdıcı zərbə vurur. O, bir an itirmədən
özünü təcili Peterburqdan Derptə ( Estoniyanın
indiki Tartu şəhəri - ReyhanMirzəzadə), Mariyanın
cavan əri ilə yaşadığı evə
çatdırır.
Dəfn
zamanı üzücü qəmli duyğular içindəykən,
Mariyanın ölümqabağı Vasiliyə
yazdığı məktubu ona verirlər. Artıq torpağa
qovuşan Mariya yazırdı: "Bu məktubu o vaxt alacaqsan
ki, sizin yanınızda olmayacağam, lakin mən o gün
ruhumla sizə daha yaxın olacağam. Həyatımboyu duyub
hiss etdiyim ən canlı bəxtiyarlığımla sənə
borcluyam!.. İndi isə əlvida!".
1824-cü
ilin iyulunda Jukovski çar I Nikolayın oğlu vəliəhd
Aleksandr Nikolayeviçin (gələcək rus çarı II
Aleksandr) tərbiyəçisi təyin olunur. Bu vəzifəsini
yerinə yetirdiyi dövrdə şair 14 dekabr 1825-ci ilin
dekabristlər üsyanının keşməkeşlərini də
yaşayır, həmin vaxtlar toqquşmalar,
iğtişaşlar zamanı hər an imperator ailəsinə,
onun ətrafına qarşı hücumlar və digər təhlükələr
gözlənilirdi. Bütün həyəcanlı günlərdə,
saatlarda Jukovski bir an da olsa, Qış sarayından çəkilmədi,
hər dəqiqə çarın və onun ailəsinin
yanında oldu.
1826-cı
ildə Jukovski uzunmüddətli məzuniyyət
götürüb Avropaya səyahətə çıxır.
O, Veymarda (ərazisi Almaniyanın tabeliyində olan şəhər)
Höte ilə tanış olur. Alman dahisi öz qazlələkli
qələmini şairə hədiyyə edir. Jukovskinin
çoxsaylı xidmətləri içində bir faktı qətiyyən
unutmaq olmaz ki, vaxtilə "Rusların duası" adlanan
Rusiyanın ilk rəsmi himninin mətni məhz Jukovskiyə məxsusdur.
Himnin musiqisi əvvəlcə məşhur ingilis şairi,
dramaturqu və bəstəkarı Henri Kerinin İngiltərənin
"İlahi, kralı hifz et" himninə bəstələdiyi
musiqiyə uyğunlaşdırılmışdı. Himn
İmperator Aleksandrın mərasim və tədbirlərində
ifa edilirdi.
Görkəmli
rus virtuoz - skripkaçısı, bəstəkarı, dirijoru,
musiqi yazıçısı və ictimai xadimi Aleksey
Fyodoroviç Lvov 1833-cü ildə çar I Nikolayı onun
Avstriya və Prussiya səfərində müşayiət
edir. İmperatoru hər yerdə ingilis marşının sədaları
ilə salamlayırlar. Monarx həmrəyliyinin melodiyasını
imperator həvəssiz dinləyir, rus himninin ingilis bəstəkarının
musiqisi ilə səsləndirilməsi ona xoş gəlmir.
Rusiyaya qayıdan kimi Lvova ölkə üçün yeni himn
bəstələməyi tapşırır. Beləliklə,
1833-cü ildə Rusiyanın "İlahi, çarı hifz
et!" himninə başqa, fərqli bir melodiya yazılır.
Öz növbəsində, Jukovski də himnin
başlanğıcdakı sözlərinə əl gəzdirməli
olur.
Həmin
ilin 18 dekabrında çar ailəsi və yaxınları ilə
birlikdə Pevçeskaya kapellaya - Sankt-Peterburq Dövlət
Akademik Kapellasına (ənənəsi qədimdən
qoyulmuş peşəkar xor kollektivini və simfonik orkestri
özündə birləşdirən xüsusi zala malik rus
konsert təşkilatıdır-R.Mirzəzadə) gəlir.
Burada himnin Lvov tərəfindən bəstələnmiş
musiqisinin (sözləri - Jukovskinin) saray müğənniləri
və iki hərbi orkestrlə ilk ifası səslənir.
İmperator yeni himni dinlədikdən sonra, A.F.Lvova
yaxınlaşır, onu qucaqlayıb bərk-bərk
öpür və deyir: "Sağ ol, sağ ol, gözəldir,
mənim istəyimi yaxşı tutmusan".
İfanın
başqa bir şahidi də imperatorun sözlərini eyni ilə
qeyd edir: "Bundan yaxşısı olmaz, mənim istəyimi
yaxşı tutmusan".
Çar bir neçə dəfə "C'est
superbe!" ("Möhtəşəmdir!") ifadəsini təkrarlayır. Benkendorfa
hərbi nazir qraf Çernışevə bu himnin təcili
şəkildə hərbi sistemə daxil edildiyini məlumat
verməsini əmr edir. Himndən çox mütəəssir
olan çar , bəstəkar Lvova üzərində
şəxsi portreti olan, brilliant qaşlarla bəzədilmiş
qızıl tütünqabı bağışlayır.
Cəmi altısətirlik mətn və 16 taktlı
melodiya asanlıqla yadda qalırdı və bəndin
üçdəfəlik təkrarına
hesablanmışdı. Yəni Jukovskinin "Rusların
duası" şeiri bütünlüklə himnə daxil
deyildi. Şeirdən dediyim kimi, bu altısətirlik mətn
oxunurdu:
İlahi,
çarı hifz et!
Qüdrətlə,
əzəmətlə,
Şan-şərəflə
çarlıq et,
Qorxu
saç düşmənlərə,
Ey
pravoslav çarı!
Hifz et çarı, İlahi!
Jukovski ümumi diqqəti özünün müəllifliyinə
cəlb etmir, bildirirdi ki, himn-duanın müəllifi -
xalqdır.
Himn Moskvada Rusiyanın Napoleon basqınından xilas edilməsinin
21-ci ildönümünün bayram edilməsi münasibəti
ilə Böyük Teatrda və Sankt-Peterburqda Qış
Sarayında əzəmətlə ifa edilmişdi.
"Rusların
duası"nı əvəz edən bu
dövlət himni 1917-ci ilin fevral çevrilişinə qədər
mövcud olmuşdu. Sonrakı qırx ildə bu
himn məlum səbəblərdən "unudulmuşdu".
Ruslar onu bir də 1958-ci ildə "Sakit
Don" filmində dinləmişdilər. 1903-cü
ildə İtaliyanın tanınmış opera bəstəkarı
Umberto Menotti Mariya Corcano himnin müsiqisini özünün
yazdığı "Sibir" operasına daxil etmişdi.
Pyotr Çaykovski isə "İlahi, çarı hifz
et" melodiyasından "Slavyan marşı"nda, 1812-ci il Təntənəli
Üvertürasının sonunda, eləcə də III
Aleksandrın tacqoyması münasibətilə Təntənəli
Marşda istifadə etmişdi.
İnsanın ideya-mənəvi inkişafında, vətəndaşlıq
yetkinliyində, həyata və əməyə şüurlu
münasibətində ədəbiyyat və incəsənətin
necə böyük təsiri olduğunu Jukovskinin nümunəsində
bir daha şahidi oluruq. Milyonların rəğbətini
qazanmış, onların təfəkkürünə və qəlbinə
nüfuz etmiş bir ədəbiyyat adamı kimi Jukovskinin ən
böyük keyfiyyətlərindən biri onun vətəndaşlığı
idi, torpağını, xalqını sevməsi idi. Dahilərdən biri deyib ki, bütün dünyanın
dəyərli adamı olmaq üçün ilk növbədə
öz Vətəninin vətəndaşı olmalısan.
Jukovski dünyanın dəyərli adamı kimi ilk növbədə
Rusiyanın layiqli vətəndaşı idi ,
vətəndaşı olaraq da qalacaqdır.
XVIII əsrin
sonlarında ölkənin ictimai-siyasi həyatında yaranan gərginlik,
kəndli hərəkatının qüvvətlənməsi,
Fransa inqilabının təsiri özünü açıq
- aydın göstərməyə başlayır, inqilabi -
demokratik ədəbiyyatın rüşeymi yaranır,
mövcud ictimai quruluşa qarşı Radişşev,
Krılov, başqa yazıçı və şairlərin
etiraz səsləri eşidilirdi. Jukovski hər
şeydən əvvəl insan şəxsiyyətini müdafiə
edən, şəxsiyyətin azadlığını irəli
sürən insanpərvər bir şair-vətəndaş
kimi diqqəti cəlb edirdi. Şairin bir
çox şeirlərində və dostlarına göndərdiyi
məktublarında bu fikirlər əsas yer tuturdu. O, hətta
1822-ci ildə öz kəndlilərini təhkimçilik
asılılığından azad etdirmişdi.
İnsanları arasındakı gərginliyi
götürmək, ziddiyyətləri aradan qaldırmaq
üçün gərək hər kəs özünə qərəzsiz,
ədalət hissi ilə kənardan baxa bilsin,
başqasının da böyüklüyünü görə
bilsin. Yalnız bu zaman adamlar bir-birini başa düşər,
biri digərinə hörmətlə yanaşar. Bu dərin həyat fəlsəfəsi Jukovskinin zəngin
daxili aləmini rövnəqləndirən keyfiyyətlərindən
idi. O, daima çar və xalq arasında münasibətlərin
istiləşməsinə, mənəvi körpülərin
yaranmasına və möhkəmlənməsinə
çalışırdı.
1836-cı ilin payızında Puşkin Jukovskiyə
Danteslə aralarında olan mübahisə zəminində
artıq duelin yetişdiyini xəbər vermişdi. Xəbəri alan
zaman Çar kəndində olan şair çaparaq halda
özünü yetirmiş və bir həftə ərzində
Hekkerlə danışıqlar apararaq, təhlükələr
yaratmaqda olan münaqişəni sülh yolu ilə həll
etmişdi.
Bildiyimiz
kimi, XIX əsr mütərəqqi rus ədəbiyyatı
ictimai azadlıqdan məhrum edilən, siyasi hüququ əlindən
alınan, hər cür hücum və təzyiqlərə məruz
qalan, lakin bununla belə gec-tez azadlıq əldə edə biləcəyinə
inanan, gələcəyinə böyük ümidlə baxan
bir xalqın ədəbiyyatı, bu xalqın arasıkəsilməz
sürgünlərə, həbslərə, katorqalara,
mühacirətə məruz qalan qəhrəman
oğullarının, bəşəri ideyaya xidmət edən
yazıçı və mütəfəkkirlərin
tribunası idi. Cəmiyyətin bütün
yaralarını, Rusiyanı geri qoyan səbəbləri cəsarətlə
açıb göstərən, mübarizə və
döyüşkən ruhu etibarı ilə də mənsub
olduğu xalqı ləyaqətləndirən, şöhrətləndirən
bir ədəbiyyat idi. Jukovskinin sarayda,
imperatorun yanında olması, ağlı, savadı,
dünyagörüşü, vicdanı, mərhəməti, ədaləti,
zülmətləri nura çevirən fikirləri ilə
imperatorluğun etimad və ehtiramını qazanması
Rusiyanın taleyinə və gələcəyinə hər mənada
müsbət təsir göstərirdi.
Jukovski
Puşkinə, Gertsenə, Lermontova, Şevçenkoya,
Baratınskiyə, dekabristlərə, digər
inqilabçılara, çətində olanların
hamısına kömək edirdi. Vəliəhdlə
imperiyanı gəzdiyi zaman Kurqanda şahzadəni
müşayiət edən Jukovski, dekabristlərlə
görüşür, onları bağrına basırdı.
Əslində bağrına basdığı
bir çox məhbusları məhkumluqdan əvvəl
heç tanımırdı. Polyaklara -
öz ölkələrinin milli-azadlıq mübarizəsinə
qalxmış polyaklara da kömək edir, vəliəhddən
onlara qayğı göstərməsini xahiş edirdi.
Jukovski Puşkinə verilən cəzanı yumşaltmaq
üçün onun Solovkiyə (Rusiyanın şimal-qərbində,
Arxangelsk şəhəri yaxınlığında Ağ dənizdə
yerləşən altı adadan ibarət olan məkan-R.Mirzəzadə)
sürgün edilməsini cənuba sürgünlə əvəz
etdirmişdi.
Yevgeni Abramoviç Baratınskiyə
saldatlıq həyatından qurtarmaqda kömək
etmişdi.Yazıçı, pedaqoq Aleksandr İvanoviç
Gertsenin sürgündən qayıtmasına nail olmuşdu.
Jukovskinin səyi və maddi yardımı sayəsində
istedadlı Ukrayna şairi Taras
Şevçenko təhkimçilik əsarətindən qurtara
bilmişdi. Nekrasova da köməyi az
olmamışdı.
Onun qəlbən xalqla bərabərliyinin nəticəsi
idi ki, II Aleksandr hakimiyyətə gəldiyi gün dekabristlərin
əhvolunma fərmanına qol çəkdi. Onların
bütün hüquqları bərpa olundu.Təhkimçilik
hüququ ləğv edildi. Azadlıq
yolundakı digər mətin tədbirlərinə görə
II Aleksandr Rusiya tarixində "Aleksandr Osvoboditel" (yəni
azad edən, nicat verən anlamında) ləqəbini
qazandı. Bunlar monarxın, imperatorun qəlbinə
hələ körpə ikən müəlliminin - Vasili
Andreyeviç Jukovskinin axıtdığı nur - şəfqət
və mərhəmətin nuru idi.
Jukovski 15 ildə daim vəliəhdin yanında oldu. Şair-mütəfəkkir
siyasi baxışlardakı fərqə belə baxmadan
istedadlı adamlara böyük hörmət göstərib dəstək,
Puşkininsə ən yaxın dostu oldu. Puşkin
"Jukovskiyə" şeirində bu sədaqəti belə
tərənnüm edirdi:
O yüksək
qəlbinlə, açıq fikrinlə
Xəyal
aləmində çırpınanda sən,
Saxlayıb
liranı dizinin üstə,
Bir an buraxmırsan titrək əlindən.
Qarşında
sehrkar zülmət içində
Dəyişərkən
bir -bir mövhum xəyallar,
Alnında
ilhamın soyuq nəfəsi,
Sənin saçlarını töküb dağıdar.
Haqlısan,
azlarçın yaradırsan sən,
Paxıl
hakimlərçin deyil sənətin,
Özgə
fikri, özgə sözü toplayan
Yoxsul yolçulartək yoxdur qüvvətin.
Istedadın
əsl dostuyçun yazdın,
Müqəddəs
həqiqət dostu naminə...
Səadət
hər kəsi sevməz, bil, hamı
Alqışçün
gəlməmiş bu yer üzünə...
Yüksək
fikirlərin, şeirin zövqünü
Xoşbəxtdir
dünyada duyub bilənlər!
Xoşbəxtdir
bu gözəl dadlı nəşədən
Həyatda
kam alıb, ömür sürənlər...
Sənin
o atəşin təmiz ruhundan
Bir fərəh
qoparan xoşbəxtdir inan!..
Dahi şair ölüm ayağnda olarkən bu müqəddəs
dostluğa töhfə olan doktor Şoltsun hekayətini
xatırlatmaq zənnimcə yerinə düşərdi. Doktorun "Siz
dostlarınızdan kimi görmək istərdiniz?"
sualından sonra Puşkinin ağlına gələn ilk adam Jukovski olmuşdu.
Jukovskini - bu qayğıkeş, mərhəmətli, sədaqətli,
fədakar insanı sevməmək əlbəttə,
qeyri-mümkün idi. Onu haqlı olaraq "Rus ədəbiyyatının
ən xeyirxah adamı" adlandırmışdılar.
Köhnə dostunun elə bircə görkəmi Puşkinin
ürəyinə qəribə bir sakitlik, dinclik gətirirdi:
- ...Mən
Jukovskini görmək istərdim...
Şolts xəstənin bu xahişini xüsusi qeyd etdikdən
sonra onun nəbzini tutur. Puşkinin nəbzi gah asta, gah da iti
vururdu. Su gətirmək, bir də cənab Jukovskinin
ardınca adam göndərmək
üçün Şolts otaqdan çıxır.
Günorta saat ikini vurur. Artıq Puşkinin bir saatdan da az ömrü qalır. Jukovski dəhlizə
doluşmuş adamlar üçün son bülleteni yazır:
"Xəstə son dərəcə ağır vəziyyətdədir".
Puşkin bütün ümidlərini Vasili
Andreyeviçin təmənnasız qəlbinə, dostluğuna
bağlamışdı. Ölərkən son nəfəsində
ailəsini ona tapşırdı. Və əbədi vəfa
əlaməti olaraq barmağından heç zaman
çıxarmadığı bəxt - qələbə
simvolu olan firuzə üzüyünü ona yadigar verdi. Bu üzüyü xanım
Vorontsova şair cənubda sürgündə olarkən ona
yadigar vermişdi. Puşkinin o qadına həsr
etdiyi "Talisman" (bu sözün tərcüməsi həmayil
deməkdir) şeiri bu üzüklə bağlı idi.
Jukovskinin şair, şəxsiyyət, vətəndaş, dost,
ictimai-siyasi xadim olaraq həyatını əks etdirərkən
yaddaşımızda Azərbaycan xalqının unudulmaz
şairi Molla Pənah Vaqif canlanır. Vaqif Jukovskidən 66 il əvvəl doğulsa da, Azərbaycan
şairi dünyasını dəyişəndə, rus
şairirnin 14 yaşı var idi.
Vaqif də Jukovski kimi elə-obaya bağlı vətənpərvər
şair, uzaqgörən dövlət xadimi idi. O, vəfalı dost, mehriban
valideyn, möhkəm iradəli bir insan idi. Vaqif
böyük siyasi xadim kimi xalqın öz səadəti
uğrunda mübarizədə çox işlər
görmüşdü. Azərbaycanın
öz azadlığı yolunda yadelli
işğalçılara qarşı apardığı
mübarizə tarixinin qəhrəmanlıq səhifələri
Vaqifin adı ilə bağlıdır. Qarabağ
xanlığının vəziri olduğu zaman Vaqif Jukovski
kimi sarayda yaşasa da, qəlbi daim öz xalqının qəlbi
ilə bir çırpınırdı.Şair öz vətəninin
azadlıq və istiqlaliyyəti yolunda Jukovski kimi heç
zaman, heç kəsə, heç nəyə
satılmırdı.
(Ardı gələn sayımızda)
Reyhan Mirzəzadə,
publisist-politoloq
Həftə içi.- 2017.-15-17
aprel.- S.4.