Mir Cəlal Paşayev:
"Yazıçının ən
böyük arzusu insanların səadətidir"
2017-ci ilin Azərbaycanda
İslam Həmrəyliyi İli elan olunması və 26 aprel -
görkəmli ədibin xatirə günü münasibətilə
(Əvvəli
ötən sayımızda)
Mir Cəlal “Ərəb qızı” adlı “hekayə-məktub”unda yazırdı: "Cəmilə oyanan, vuruşan yeni Afrikanın parlaq rəmzidir. Əlcəzair Respublikasının təşkili bu müqəddəs döyüşün dünyaya səs salan böyük qələbəsidir. Ərəb qızı yalnız maddi silahla vuruşmur. Onun əlində güclü mənəvi silah da vardır.Ərəb qızı müasiir mübariz kitab uğrunda, çirkin müstəmləkə qaydalarını ifşa edən bədii kitab uğrunda əzmlə vuruşur. Daşkənddə, Asiya və Afrika yazıçılarının konfransında şəvə saçlı, orta boylu, ağır yerişli, qarayanız, gülərçöhrəli bir qız müstəqim, nüfuzedici baxışı ilə çoxlarının diqqətini cəlb etmişdi. O, tribunaya qalxıb alovlu nitqə başlayan kimi bütün nümayəndələr onu gurultu ilə alqışladlar.
Qahirədən gəlmiş qız Aişə Əbdürrəhman mənəvi silaha sarılan müasir ərəb qızlarının nümayəndəsidir. O, doktordur. Qahirə Universitetinin müdərrisidir. Öz xalqının mübariz mədəniyyət və ədəbiyyat xadimidir. O, ərəb ədəbiyyatı tarixinin mütəxəssisidir, qabaqcıl yazıçıdır. O, yenipərəst, gözüaçıq bir adamdır. Ərəb ədəbiyyatına tarix materialı yox, müasir silah kimi baxır və ondan belə istifadə edir. O, bu ədəbiyyatı Əlcəzairdə, İordaniyada, Livanda müstəmləkə qaydalarını saxlamaq istəyən imperialistlərə qarşı döyüşə səfərbər etmək istəyir.
O, yüzlərlə gəncə xitab edir. Aişənin tələbələri ondan nə öyrənirlər?
Sxolostik ədəbiyyatın, qəzəl, qəsidənin, dini kitabələrin ruh və ehkamınımı? Yox! Aişə ərəb gənclərinə mənəvi mübarizə öyrədir. Bədii sözü gülləyə bərabər tutmağı öyrədir. Ədəbiyyatda xalq həyatı və səadətini tərənnüm edən güclü mahnılar aramağı öyrədir. Aişə dənizləri, dağları keçərək buraya da həmin məqsədlə gəlmişdir ki, öyrənib görsün dünyanın qələm sahibləri bəşəriyyətin səadəti, gələcəyi yolunda necə əl-ələ verib sıx sıralarda vuruşurlar. Bombalar üzərində kitabın, güllə üzərində həqiqi sözün qələbəsini təmin etmək yolunda Aişə də nümayəndə yoldaşları kimi səylə şalışır.
Aişə konfransın fəal nümayəndələrindəndir. Müzakirə olunan məsələlər onu çox maraqlandırır, həyəcanlandırır.
Onun ən böyük arzusu bütün ərəb dünyasının, bütün dünyanın imperializm taunundan əbədi xilas olmasını görməkdir, yer üzündə xalqların müstəqil, dinc, məsud həyat sürməsidir, bütün qadınların, o cümlədən uzun əsrlərin iztirablarını görmüş ərəb qadınlarının maddi, mənəvi qurtuluşudur. O, aşkar görür ki, bu arzular təkcə Afrika, Asiyada yox, bütün qitələrdə qalib gəlir. İndi ərəb qızının taleyini öyrənənlər Leylinin qəmli macərasına yox, Aişənin fərəhli həyatına, mübarizə yoluna müraciət edib diqqət yetirməlidirlər.
Ərəb qızı xalqının xələf övladı kimi dünyanın ən qüdrətli, ən mədəni adamları cərgəsində, yeni həyat yolunda möhkəm və inamlı addımlarla irəliləyir.
Ona uğurlar olsun!
12 oktyabr".
Mir Cəlal Paşayev Daşkənd konfransının bütün məram və məqsədlərini, dünyəvi əhəmiyyətini dəyərləndirən biri-birindən maraqlı yazılar yazırdı. Yüksək ruhda yazılan "Qüdrət birlikdədir" məqaləsində Livan şairi Yusif Səidin çıxışına xüsusi toxunan yazıçı, onun "Çörək əkini" şeirindən sitat gətirmişdir:
A dostlar,
incidirlər əməkçi milyonları,
Mətin birləşməliyik, qardaşlarım, indi
biz.
Səsləyək
gələcəyə hər eli, hər
diyarı
Getsin çiyin - çiyinə polad dəstələrimiz.
Qüdrəti
birlikdə, o cümlədən o vaxtkı quruluşun tələblərinə
də əks getmədən həssas sətiraltı məntiqi
ilə İslam birliyində görən Mir Cəlal, məqalənin
sonunda yazır: "Daşkənd konfransı illərdən bəri
sinəsi söz ilə dolu olan, öz yaxın dost və məsləkdaşları
ilə görüşmək, dilləşmək imkanı
tapmış alovlu natiqlərin xitabət kürsüsünə
çevrilmişdir. Bu kürsüdən
xalqların sülh, birlik, əməkdaşlıq arzuları
ifadə olunur".
Haqlı kəlamdır ki, ədəbiyyat - əbədiyyəti
ana, anı əbədiyyətə çevirir. Elə Mir Cəlalın
əbədiyyəti ana, anı əbədiyyətə
çevirdiyi Daşkənd konfransı kimi.
Mir Cəlalın
yaradıcılığında islam həmrəyliyinin
bir nümunəsi olan "Ərəb qardaş" hekayəsinin
öz layiqli yeri vardır. Bakıya qonaq gəlmiş
gənc ərəb oğlan paytaxtımıza sonsuz
marağı və məhəbbəti ilə
yazıçıya həssas duyğular aşılayır.
Hekayədə bir-birini əvəz edən maraqlı süjetlər
çoxdur, oxucu əsəri həvəslə oxuyur, dini, mənsəbi
bir olan xalqların, onların övladlarının bir-birinə
doğmalığı, mənəvi məsələlərdə
bir-birinə dayaq olması, istiqmət verməsi, arzuların
gerçəkləşməsi mübarizəsində qüvvətli
və humanist ruh aşılaması əsərin təsirli
amillərindəndir.
Bəs bu ərəb oğlu kimdir, Mir Cəlal onu haradan
tanıyır?
Yazıçının öz təqdimatı daha
maraqlıdır: "Ərəb qardaş sarıyanız,
qıvrımsaç, ucaboy, cəldhərəkətli,
itibaxışlı, nəzakəti ilə adamı
utandıran, yaraşıqlı bir oğlan idi ...Şəhərimizin
görməli yerləri ilə maraqlanan ərəb qardaş
üçün mən iki-üç günlüyə bələdçi
olmuşdum. Cavan ərəbin bizim şəhəri
yaxşı tanıması üçün əlimdən gələni
əsirgəmirdim. Bu mənim rəsmi vəzifəm,
həm də vicdan borcum idi.
Ancaq ərəb qardaş da çox utancaq idi. Bir şey
soruşmurdu. Böyük bir həsrət və maraqla
adamın üzünə baxır, eşitdiklərini isə
tez dəftərinə yazırdı:
- Bakı
əslində bir neçə şəhərə
bölünür: Qara şəhər, İçəri
şəhər, Bayır şəhər...Ən sürətlə
artan yuxarı hissəyə camaat Təzə şəhər
deyir.Təzə şəhər respublikada ən sürətlə
artan Mingəçevir, Sumqayıt, Daşkəsən kimi sənaye
ocaqları ilə yarışır. Vaxt gəlmişdir ki,
respublikanın paytaxtı Böyük Bakı, Kiçik
Bakı kimi müəyyən edilsin...".
Mir Cəlalın hekayədəki təsvirləri məharətlə
çəkilmiş bir kinofilmin ssenarisini xatırladır. Lakin bu "filmdə" səhnələri
oxucular gözləri önündə özləri
canlandırır:
"Ərəb qardaş əlini gözünün
üstünə qoyub uzaq üfüqlərə, mavi sularda bir
ördək kimi süzüb gedən, get-gedə kiçilən
gəmilərə, dənizdə qüdrət simvolu kimi
yüksələn polad sütunlara baxırdı. Bunların
arxasında da şəhər, nəhəng daş binalar,
maşınlar, kranlar, qurğular, sıralanmış buruqlar
görünürdü.
...Ərəb
qardaş dayanıb heyran-heyran dənizə, balıq kimi
şütüyən matorlu qayıqlara, ağır gövdəli
gəmilərə, ara-sıra göydən suya enib "üzən
təyyarələr"ə, göy Xəzərin ayaz səmasında
uçuşan sülh göyərçinlərinə
baxır, düşünür, bəlkə də ürəyində
doğan sualı deməyə münasib söz
axtarırdı:
- Cənab
filankəs, sizin bu dəniz böyük göl sayılır. Hər yandan qapalıdır. Gəmi
ilə Xəzər dairəsindən kənara çıxmaq
mümkün olmasın gərək?
- Əvvəl elə idi. Siz deyən kimi idi.
İyirmi il olar ki, su yolları
açılıb. İndi Xəzər dənizindən
dünyanın bütün dənizlərinə, okeanlara
çıxmaq olur. Xəzərin ən
böyük mənbəyi Volqadır. Volqa ilə Moskva
çayına, oradan da şimal dənizlərinə, habelə
Don çayı vasitəsilə Qara dənizlə
bağlanıb, Bakıdan su yolu ilə həm şimala, həm
qərbə, Avropanın mərkəz ölkələrinə
getmək olur.
Ərəb
qardaş akademiya, universitet şəhərciyini gəzdi...
- Qız
qalasına getmək mümkün olarmı?
- Olar!
- Lap minarəyə
çıxa bilərikmi?
-
Yorulmasanız, mümkündür. Çox
ucadır.
-
Yorulmarıq, gedək!
Qız
qalasına çıxandan, əfsanə qəhrəmanlarının
adını soruşub yazandan, şəhəri bir də seyr
edəndən sonra, bir şey xatırlamış kimi dedi:
-
Bakıda bir oğlanın xatirəsinə tikilən abidə-bina
var, məşhur bina, çox istərdim görüm.
“Oğlanın
xatirəsinə bina ..." - nəsə bu mənə qəribə
və təəccüblü gəldi:
- Xatirəsi
tutulan oğlan sənətkar, ya ictimai xadimdir?
- Xeyr, sadəcə
bir atanın əzizi, belə eşitmişm ki,
yanılmıramsa, vərəm xəstəliyinə tutulduğuna,
nakam olduğuna görə atası onun adına bina tikib,
gözəl bir abidə qoyub, çox istərdim görüm!..
Qonağın sualı Mir Cəlala aydın olur. Hansı abidədən
söhbət getdiyi yadına düşür.
- Siz yəqin
"İsmailiyyə"ni deyirsiniz.
- Bəli,
bəli. "İsmailiyyə!".
"İsmailiyyə!". İsmailiyyə
haqqında mən az-maz bilirəm, sonra sizə
danışacağam! Oranı görmək istərdim",
- deyə yazıçıya bildirir.
Mir Cəlal əvvəl zəng vurur, xahiş eləyir. Sonra qonağı həmin
binaya gətirir və buranın indiki məziyyətlərindən
danışır:
- İnqilabdan əvvəl bu bina bir varlı oğlunun,
nakam gəncin xatirəsinə tikilib. Sonradan bura cəmiyyəti-xeyriyyə
binası, indi isə Elmlər Akademiyası olub, şəhərin
elm, sənət, mədəniyyət məclislərinin,
dövlət tədbirlərinin çoxu burada keçirilir.
"İsmailiyyə" adı köhnəlib,
onu ancaq mənim kimi qocalar bilər. Siz yaşda gənclərin
binanı belə adlandırdığını birinci dəfə
eşidirəm...
- ...Bakı haqqında mən o qədər gözəl
və qızğın intiba ilə gedirəm ki, bunlar
yazılmalıdır, yazılmaya bilməz. Ərəb
jurnallarının birində səyahət qeydlərim nəşr
olunan kimi sizə göndərəcəyəm. Bakıya olan rəğbətimin əsasları
çoxdur. Bura tale etibarı ilə mənim
ana yurduma çox oxşayır.
Ərəb
qardaş səsini ucaldır:
"Mən portsəidliyəm. Ora da limandır.
Ora da bir çox mühüm yollar
ayrıcındadır. Oranın Bakı ilə
oxşar cəhəti çoxdur. Əhalisi altı dəfə,
imkanları isə bəlkə altmış dəfə
Bakıdan az olsa da, mənim əziz şəhərim
Bakının işıqlı yollarını izləməklə
fəxr edə bilər. Siz ingilis imperialistlərini hələ
qırx il əvvəl
torpağınızdan qovmusunuz. Biz müstəmləkə
canavarlarının ayağını dördcə ildir ki,
torpağımızdan kəsmişik. Çoxları
var ki, hələ də sərhədlərdə dayanıb
dişlərini qıcayır, Süveyş kanalının
qapılarına soxulmaq istəyirlər. Bakı ilə mənim
atam da çox bağlı olub... Mənim atam
buralarda olmuşdur. Özü də mənim kimi səyyah
yox, dünyaca məşhur bir azadlıq məclisinin nümayəndəsi
olmuşdur!..
...İyirminci ildə Şərq xalqlarının
Bakıda çağırılan birinci qurultayının
nümayəndəsi idi. "İsmailiyyə"də Şərq
xalqlarının birinci beynəlxalq iclası haqqındakı
şirin söhbətləri heç bir zaman yadımdan
çıxmaz... Bakı haqqında atamdan eşitdiyim xatirələr
indi mənim üçün həqiqət olmuşdur... Bakı mənim üçün doğrudan da bir
yenilik timsalı qədər əziz və böyükdür.
...Bir
uşaq qəlbində yandırılan arzu
çırağı get-gedə alovlanar ki, zəifləməz.
İndi mən o şəfəqlərin nuru ilə
addımlayıram və yollarımın işığına
da etimadım gündən-günə artır...".
Mir Cəlal
ərəb qardaşın adını və kimliyini təqdim
edir: "Əbül-Hissan Mosul nefti uğrunda vuruşan bir fəhlənin
oğludur. Atası Bakıda olmuşdur".
Görkəmli
yazıçı ərəb oğlu ilə Bakının
növbəti görməli yerlərini gəzərkən, həmin
dövrün abidəsinə məxsus zəncir və zəncir
qırıqlarının simvolunu seyr edəndə, söhbətləri
əsl İslam həmrəyliyinin doğma məramlarına
qovuşur:
- Bu zəncir
Mosuldan, Port-Səiddən, Qahirədən də keçirdi.
-
Keçirdi?..
- Bəli,
keçirdi!
"Ərəb fəhlələri də bu yolu
tutdular!"
- deyə Mir Cəlal zəncirin
qırılan halqalarınə göstərir.
Əbül-Hissan
fəhlə abidəsinin güclü əllərinə
işarə edib deyir:
- Sizdə
də, bizdə də zəncirləri qıran bunlardır.
Sabahkı dünyada bu biləklər zəncir qoymayacaqlar!
- Zəncir
hələ lazım olacaq.
- Harada?
-
Ərzin çox yerində (yəni Yer kürəsinin - R.Mirzəzadə)
qızğın müstəmləkəpərəstlərin
qollarını bağlamaq üçün! Salavat ilə donuz
darıdan çıxmaz! Zəncirləri
qırmaq üçün ağıl gücü də, əl
gücü də işlətmək lazımdır.
Əbül-Hissan
böyük bir izdihamın qarşısındakı natiq kimi
səslənir, Mir Cəlalın bu sözlərini müqəddəs
bir şüar kimi təkrar edirdi:
"Ağıl gücü də lazımdır,
qardaş! Salavat ilə donuz darıdan çıxmaz.
Atalar nə gözəl deyib!".
Məzarın
nurla dolsun, seyid Mir Cəlal! Bu gün o
ağıl gücünün birlik, bərabərlik halında
daha da qüdrətlənməsinə ehtiyac vardır. Artıq müstəqil Azərbaycan bütün
dünyanın müsəlmanlarına qəlbinin,
ağlının nurundan pay verir. Dost
payı, qardaş payı.
Dünyəvi, bəşəri dövlət olmaqla bərabər,
xalqını - müsəlman xalqı, İslam övladı
olmasını uca tutur. Bu qarşılıqlı ehtiramın təzahürüdür
ki, 2009-cu ildə sevimli Bakımız İslam mədəniyyətinin
paytaxtı elan olunmuş və hamımız 2018-ci ildə
doğma Naxçıvanın İslam mədəniyyətinin
paytaxtı elan olunması məqamlarını səbirsizliklə
gözləyirik.
Bu il Azərbaycan ağlın və gücün
sıx vəhdətini bir daha dünyaya təqdim edəcək.
2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan
olunması, IV İslam Həmrəyliyi Oyunlarının
keçirilməsi, əslində, tək bizim xalqımıza
deyil, bütün dünya müsəlmanlarına böyük
töhfədir.
Bu
şanlı və mənəvi töhfələr isə
böyüklərimizdən, öz qələmi ilə millətinə,
ümmətinə birlik, bərabərlik, qardaşlıq
duyğularını əbədi yaşatmaq ruhu
aşılayan Mir Cəlal kimi yazıçılarımızdan,
ziyalılarımızdan, alimlərimizdən,
ata-babalarımızdan bizlərə yadigar qalıb.
ALLAH
ONLARA RƏHMƏT ELƏSİN!
Reyhan Mirzəzadə,
publisist-politoloq
Həftə içi.- 2017.- 22-24
aprel.- S.4.