“Qurani-Kərim”də “Qadın
başını
bağlamalıdır”, - deyə əmr
yoxdur
Sabirə Dünyamalıyeva: “On manata
milli geyim olmaz”
Milli geyimlərə maraq artıb.
Bunu həm də son vaxtlar ənənələrə olan
maraqla da izah etmək olar. Xınayaxdı mərasimləri,
Novruz çərşənbələri, nişan məclisləri
milli geyimlərin yenidən trendə çevrilməsinə səbəb
olub. Amma mütəxəssislər milli geyimlərin son təqdimatından
narazıdır. Səbəb milli geyimlərə müdaxilələrin
olması, standartlara uyğun deyil, hər kəsin
zövqünə görə hazırlanmasıdır ki, bu da
milli geyim sayılmır.
Geyimlərimiz
barədə bu və digər məqamlara Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının dosenti, milli geyimlərimiz
üzrə tədqiqatçı-alim Sabirə
Dünyamalıyeva ilə müsahibədə aydınlıq gətirməyə
çalışdıq.
- Bizim geyim tariximiz deyəndə?
hansı dövrü nəzərə almalıyıq?
- Milli
geyimlərimiz tarixi geyimlərimiz əsasında XVII əsrin
ortalarından etibarən formalaşmağa başlayaraq, XIX əsrdə
tam sabitləşib. Xanlıqlar dövründə məhəlli
xüsusiyyətlər qazanıb. Hər xanlığa məxsus
insanların özünəməxsus geyim üslubu meydana gəlib.
Bu formanı, maddi imkanından asılı olmayaraq, hamı
geyimində tətbiq etməli idi. Geyimdə fərq, ancaq onun
material və rəng seçimində, taxma, asma, tikmə bəzəklərində
idi.
- Ümumiyyətlə, ölkə
üzrə geyimlərimizi necə qruplaşdıra bilərik?
Nəzərə alsaq ki, hər bölgənin özünəməxsus
geyim tərzi olub, deməli, qruplar da olub.
- Əlbəttə,
hər bölgənin özünəməxsus geyim tərzi
olub, hansı ki, o geyim insanın yaşadığı
mühitə bağlılığını, təbiətlə
tamlığını təcəssüm etdirir. Qruplara
görə belədir : Gəncə- Qarabağ, Bakı,
Şamaxı-Şirvan, Lənkəran, Naxçıvan, İrəvan,
Borçalı, Şəki. Bu geyimlərdə istifadə
olunan rəng və naxışlar təsadüfən
seçilməyib. Məsələn, kənd mühitində
al-əlvan rənglərə, geyimlərdə, əsasən,
nəbati naxışlara üstünlük verilsə də,
şəhər mühitində nisbətən tox rənglər,
çox vaxt saya parçalar istifadə olunub, naxışlarda
həndəsi ornamentlərə üstünlük verilib.
Naxışların hər biri bir fikir, məna ifadə edir.
- Bölgələrə
ayırsaq, milli geyimlərimiz arasında ən zəngini
hansı bölgəyə məxsusdur?
-
Qarabağ və Naxçıvan. Qarabağ geyimi ən
baxımlısı, ən bahalısı isə
Naxçıvandır. Naxçıvan geyimlərində əl
işi çoxdur deyə bahalıdır, Qarabağ geyimlərində
isə bölgə İpək Yolunun üzərində
olduğu üçün geyimlərdə ipək, atlas,
qumaşdan çox istifadə olunub. Avropa geyiminə bənzərlik
var. Amma bölgəyə məxsus fəlsəfəsi var,
nilufər qol, buta yaxa, şanagüllə simvolu. Hər bir
milli geyim nümunəsi mədəniyyət nümunəsi
olaraq dastanlarımızdan, keçmişimizdən xəbər
verir. Bu sərvəti göz görə-görə məhv
etmək olmaz.
- Məhv etmək deyərkən?..
-
Müasir geyimlərimiz bizə aid deyil. Hazırda
yüngül sənayemizlə birlikdə milli geyim sənayemiz
də yox səviyyəsindədir. Ayrı-ayrı bölgələrə
məxsus on geyim nümunəmiz varkən, hərə öz fantaziyasına
uyğun geyim tikib, adını milli geyib qoyur.
- Məlum, bu sahə artıq biznesə
çevrilib, alıcı olsun deyə, hərə öz
bildiyi kimi yanaşır bu işə. Təklifiniz nədir?
- Orijinal
milli geyimlərimiz çox bahadır. Çünki bizim geyimlər
zəngindir, qiymətli olması təbiidir. Amma şit deyil
bizim geyimlər, vurulan hər naxışın, hər
formanın, hər bəzəyin öz mənası var. On
manata milli geyim olmaz. Mən bilirəm, bunu dolanışıq
xatirinə edirlər. Amma heç olmasa, adını milli geyim
qoymasınlar. Onlar qaraçı geyimidir, Azərbaycan milli
geyimi deyil. Tikdikləri hər zərli, bəzəkli geyimə
milli geyim deyirlər.
Mədəniyyəti
qoruyan senzura lazımdır, başqa cür necə qoruyaq,
bilmirəm. Ya da milli geyimlərin standartları var, onlar bu
işlə məşğul olan atelyelerə verilsin ki, milli
geyimlər standartlara uyğun hazırlansın. Əgər belə
olmayacaqsa, geyindiklərinə, hazırladıqlarına Azərbaycan
milli geyimi deməsinlər. Desinlər ki, hansısa dərzinin,
modelyerin kolleksiyasındandır. Milli geyim tarixən
formalaşıb, günümüzə qədər gəlmiş
geyim formasıdır. Heç görün, yaponun kimanosunu,
hindin sarisini necə gəldi hazırlamaq olarmı? Xeyr,
çünki onların müəyyən olunmuş
standartları var.
- Milli geyim standartlarımız
varmı?
- Əlbəttə,
var. Yazıb hazırlamışıq, bütün texnoloji
xüsusiyyətləri də hazırlanıb, redaktə
olunub, sadəcə, maliyyə
çatışmazlığından çap etdirə
bilmirik. Bu kitab çap olunsa, bütün atelyelərə,
aidiyyatı yerlərə təqdim edərdik, bu standartlara
uyğun hazırlanardı milli geyimlər. Bundan sonra biz gedib
standart tələb edə bilərik, amma indiki vəziyyətdə
gedib bunu tələb edə bilmərik, çünki nümunə
tələb etsək, deyəcəklər, bildiyimiz budur. Bu
işlə Mədəniyyət Nazirliyi ciddi şəkildə
məşğul olmalıdır. Əks təqdirdə, illərdən
bəri qorunaraq gələn milli geyim standartımız biznes
maraqlarına qurban olacaq.
- Milli geyimlərə olunan
müdaxilələrdən sizi ən çox
qıcıqlandıran nədir?
- Ən
pisi odur ki, məişətdə deyil, kütləvi tədbirlərdə
istifadə olunan geyimlərimiz də bərbad gündədir.
Əgər diqqət etmisinizsə, rəqqasələrin
geyimində qolunun altı açıq olur. Bu, milli geyim
standartına ziddir. Olmaz. Bu, milli geyim ola bilməz. Bizm milli
geyimlərimizdə açıq-saçıqlıq yoxdur, o
da ola qolun altı. Əslində, o geyim belədir: üstdən
geyilən çəpkənin qolunun altı açıq olur,
bu da ona görədir ki, o, əyinə bir ölçü
balaca olmalı, bədənə sıx oturmalıdır. Ona
görə də onun qolunun altını açıq qoyurlar
ki, qolları hərəkət etdirəndə
cırılmasın. O açıq yeri kompensasiya etmək
üçün altdan geyilən paltarın qolunun alt hissəsi
çəpkənin rəngində olmalıdır ki, fərqlilik
nəzərə çarpmasın. Mənbələrdə
indiki formada qolunun altı açıq milli geyim yoxdur.
- Tarixi filmlərdə necə, bu
qanunauyğunluğa riayət olunubmu?
- Birini
deyəcəm; “Dədə Qorqud” filmində geyimlərimiz bərbad
şəkildə təqdim olunub. Oğuz türklərinin o
formada geyimi olmayıb. O cür tarixi film çəkirdilərsə,
ən azından, geyim üzrə mütəxəssisləri də
peşəkar olmalı idi.
- Səbəblərlə
maraqlanmısınızmı?
- Əlbəttə.
Soruşmuşam, filmin tələm-tələsik çəkilməsi
ilə əsaslandırdılar. Məsələn, Turalın
geyimində altdan cübbə, üstündən quş
elementləri olan geyim olmalı idi. Və yaxud sarıdonlu
Selcan xatunun paltarı. İç üzü pələng dərisindən,
çöl tərəfi isə sarı ipəkdən olan
geyimdir.
- Zamanla geyimlərin dəyişikliyinə
nə səbəb olur? Geyim tərzimizi dəyişən, həqiqətənmi,
dəb dediyimiz anlayışdır?
-
Əsla. Dəb son illərin mexanizmidir. Geyim dəyişikliyinə
həyat tərzi, çeviklik təsir edir. Tərzimiz dəyişdikcə,
rahat geyim axtarışında oluruq. Psixoloji durumun da geyimin dəyişməsinə
təsiri böyükdür. Öz mədəniyyətimizdən
qopub, Avropaya yamaq olmağa çalışırıq.
İstəsək, milli geyimlərimizi bu gün də geyinərik,
kənar baxışlara rəğmən trendə çevirə
bilərik, amma istəmirik. Bunu trendə çevirmək
üçün bir qığılcım lazımdır. Mən
özüm dəfələrlə milli geyimdə gəzmişəm.
Düzdür, üzərimdə diqqət hiss edirəm, amma
inandırım, hər kəsin xoşu gəlir. Psixoloji vəziyyətimizdən
və həyat tərzimizdən asılı olaraq, bundan sonra
bu geyimi biz ancaq dəbə çevirə bilərik, gündəlik
geyim tərzi kimi istifadə edə bilmərik. Çünki
praktik deyil, bayaq qeyd etdiyimiz kimi, geyim zamanla dəyişir, cəsurluq
tələb edir.
-
Dünya hazırda hicab mövzusunda tərəflərə
bölünüb. Bunun da bir geyim növü olduğunu nəzərə
alıb, mütəxəssis kimi fikirləriniz maraqlı
olardı...
- Qurani-Kərimdə
“Qadın başını bağlamalıdır”, - deyə əmr
yoxdur və başını bağlamayanlara bir cəza da
yoxdur.
-
Mübahisəli məqama gəldik...
- Bəli,
mübahisəlidir, çünki bu, Quran-Kərimi hər kəsin
özünə sərf etdiyi formada tərcüməsindən
irəli gəlir. Bu da fanatizmin indiki kimi geniş
yayılmasına səbəb olub. Gördüyünüz
kimi, başımda çalma var. Əvvəl bu, dini
inancımla bağlı idi, amma indi mənim üslubuma
çevrilib və İslamla heç bir əlaqəsi yoxdur.
- Amma çoxluq sizin dediyiniz kimi
demir axı...
-
Çünki Qurni-Kərimi olduğu kimi təbliğ etmək
sərf etmir. Hicab sözü Quranda bir neçə dəfə
işlədilir. Məsələn, bu formada: dənizdə iki
suyu yanaşı axıdan MƏNəm – şirin və şor
su. Onların arasında hicab var, amma siz onu
görmürsünüz.
Bəyəm
burada söhbət ötrükdən gedir? Burada şor su ilə
şirin su arasında baş tutmayan diffuziya prosesi nəzərdə
tutulur. Və yaxud bu misal: başqaları ilə
davranışınızda hicablı dolanın, yəni sərhəd
saxlayın. Hər hansı başörtüyündən
istifadə et demir ki? Hicab gözlə görünən
örtük deyil, məcazi mənada işlədilən
sözdür. İsmətli davran deməkdir. Biz buna “pərdəli
davranış” deyirik.
- Geyimin inkişafında əsas
faktor coğrafi məkandır, yoxsa zövq?
- Zövq
sonuncu amildir. Dəbin iki istiqaməti var - yayılması və
inkişafı. Yayılması odur ki, onda varsa, məndə də
olsun; inkişaf odur ki, onda varsa, məndəki ondan fərqli
olsun.
- Geyim insanı inkişaf etdirən
səbəb sayıla bilərmi?
- Geyim
insanın daxili aləminin informasiyavericisidir. Geyim də bir
dünyagörüşüdür.
Açıq-saçıq geyim psixoloji gərginlikdən xəbər
verir. Soyunmaq - fikirləri, düşüncəsi ilə diqqət
çəkməyi bacarmayan insanın
hayqırtısıdır. Bu, çoxlarının
düşündüyü kimi, azadlıq deyil. Bu, sadəcə,
kompleksdən xəbər verir. İnsanları psixoloji gərginikdən
qurtarmaq lazımdır. Bizdə azad olmaq istəyən birinci
geyimdən başlayır. Soyunmaq iç dünyasını
göstərə bilməmək xəstəliyidir. Geyim tərzimizdə
xoşa gəlməyən bir tendensiya da qararəngli geyimlərin
çoxalmasıdır. Qara rəngi bizə Qarabağ
“geyindirdi”. Avropada bu rəng aristokratizmdir, alicənablığın
rəngidir. Bizdə belə deyil. Düşüncəmizi,
psixoloji durumumuzu dəyişməliyik ki, geyimlərimiz də
yaxşılığa doğru dəyişsin.
Naibə Qurbanova
Həftə içi.- 2017.- 28
aprel.- S.4.