“Kənardan baxınca ədəbi
mühitdə cəmi
iki tənqidçi görürəm”
Bu dəfə əyalətlərdəki
ədəbi prosesdən danışacağıq. Paytaxtla müqayisədə bölgələrdə
yazıb-yaradanların bütöv ədəbi
prosesdəki rolundan, oradakı
yaradıcılıq və dolanışıq durumundan.
Müsahibim Gəncədə
yaşayıb-yaradan Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü Şəfa
Vəlidir. Onunla bölgələrdə fəaliyyət göstərən
ədəbi dərgilərdən, nəşriyyatlardan, bir sözlə, ədəbiyyatın
özündən danışmışıq. Şəfa Vəli
hafta.az-a müsahibəsində əyalət ədəbiyyatının
bir sıra məziyyətlərinə toxunub:
- Bu
gün bölgələrdəki ədəbi
mühit sizi qane edirmi? Bölgələrdə qəzet və jurnallarda, online media portallarda
nəşr olunmaq
problem varmı?
- Ədəbiyyatın bölgəsi olmur. Bilirsiniz, ədəbiyyat
və bölgə sözləri niyə uyuşmur? Çünki ədəbiyyat özlüyündə
dünyadan böyük
anlamdır. Bu sözləri
hələ 2015-ci ildə
yazmışam: “Mən
ədəbiyyatı sevirəm.
Fərqi
yoxdur, ədəbi nümunə bir misra olsun, müəllifi
hansısa dünya şöhrətli bir yazıçı olsun, ya da adicə
kollec tələbəsi
olsun. Ədəbiyyat ədəbiyyatdır, yazı yazıdır, şeir şeirdir, insan insandır. Mən heç vaxt hansısa xarici müəllifi oxuduğum üçün təkəbbürlənməyəcəm.
Amma, anamın bir misrasını oxuyub qürurlanacam, Aləmzər Əlizadənin
sevimli obrazını-Ruslanı
tanımaqla qürurlanacam,
"Adı Qəşəm"...
adlı kitabı sevəcəm, "Uşaqkən
quşlara daş atan oğlan"ın misralarına ağlayacam,
"ayağı özündən
qeyrətli çıxan"
şəhidlərə yas
tutacam, "bir məktub gözləyəcəm,
bilim ki, ölməmişəm", "Şamaelin toxumları"nı
oxuyub Lamiyəni sevəcəm... Belə, xülasə, "ruhun badəsinə söz süzəcəm",
amma Azərbaycan qızı olaraq!” Burda missal çəkdiyim misraların
müəlliflərinə baxaq:
Aləmzər Əlizadə
Gəncədə yazıb-yaradan
gözəl şair və yazıçımızdır.
Qəşəm Nəcəfzadə Bakıda yaşayır.
Ruslan Dostəli Bərdədə
doğulub-böyüyüb. Emin Piri və Sabir
Yusifoğlu Sumqayıtda
yaşayır. Elçin Aslangil
hazırda Türkiyədədir.
Taleh Mansur Qazaxdadır…
Sizcə,
ədəbiyyat inzibati
ərazi vahidlərinin
– bölgələrin xəritə
üzərindəki çizgi-sərhəddini
tanıyırmı? Təbii
ki, yox! Elə isə biz niyə güclə, boğazından
yapışıb ədəbiyyatı
hansısa bölgədə
“sıxıb saxlamalıyıq”?!
- Bölgələrdə
nəşriyyatların vəziyyəti
necədir? Keyfiyyətli kitab yayımlayan
nəşriyyatlar varmı?
- Türk dünyasının
böyük folklorşünas
alimi Sədnik Paşa
Pirsultanlının ömrünün
son illərində nəşr
etdirdiyi kitablarının
bir çoxunun bədii redaktoru olmuşam. O kitabları
biz Gəncədə, şəhər
nəşriyyatında dərc
etdirirdik. Bu gün
həmin kitablar əlimdədir və inanın ki, ehtişamlı təqdimat
keçirilən, aylarla
gündəmdə qalan
kitablardan daha keyfiyyətli, daha sanballı kitablardır.
Sadəcə, yaxşı keyfiyyət
üçün yaxşı
da sərmayə olmalıdır. Təbii ki,
o mətbəədə çıxan
bütün kitablar Sədnik müəllimin kitabları kimi keyfiyyətli deyildi. Axı, “ucuz ətin şorbası olmur”. Keyfiyyətsiz kitablar kimin
günahıdır? – sualını dilə gətirmək isə absurddur. Burda nə mətbəə, nə də müəllif günahkar deyil. Günahkar, birbaşa, dönəmin
iqtisadi durumu hesab oluna bilər.
- Sizin bölgədə regional ədəbi
mərkəz hara sayılır? Gənc yazarlar tez-tez
toplaşa bilirmi?
- AYB-nin Gəncə
filialında hər cümə gənclər günü elan olunub. Hər cümə
saat14:00-da orda müxtəlif
müzakirələr, gənc
şairlərin yaradıcılığı,
uğurları haqda fikir mübadiləsi aparılır. Bir ildən artıqdır ki, heç bir tədbirdə iştirak etmirəm.
Bunun olduqca özəl səbəbləri var. Odur ki, sizə iki
il əvvəlin
durumundan danışa
bilərəm. Mən
Gəncəyə gələn
yazarları, əsasən,
Xan bağında qonaq edirdim… Orda, yaşıllıqların arasında
oturub şeir oxumaq, gələcək planlardan, keçmiş uğurlardan danışmaq
mənə həmişə
xüsusi zövq verib. Çox zaman “ev sahibi” kimi Səadət
Ələkbərova da
yanımda olardı. Xan bağının şeirli
qonaqları sırasında
Fərqanə Mehdiyeva,
Elçin Aslangil, Eldar İsmayıloğlu,
Gülnar Səma, Elməddin Nicat, Ruslan Dostəli, İntiqam Yaşar, Səhər Əhməd də olub. Ümumiyyətlə, Gəncə özü
şeir kimi bir məkandır. Burda gənclərin toplaşması və şeirləşməsi üçün
heç bir maneə yoxdur, “vaxt azlığından” savayı…
- Əyalətlərdə
kitab təqdimatları
necə təşkil edilir? Gənc və
orta nəsil yazarlarımız yetərincə
oxucu toplaya bilirmi?
-Dədə Qəribin -Qərib Mehdinin kitablarını oxucular həmişə maraqla gözləyirlər. Bunu qəti
deyə bilərəm.
Neçə dəfə köşklərdən
onun kitablarını soruşanların “yoxdur” sözünə necə heyfsiləndiklərinin şahidi
olmuşam. Yəni, Gəncə
ədəbi mühitinin
yazarları üçün
oxucu problemi olsa da elə
də yüksək səviyyədə deyil.
Gəncə hamının bir-birini
tanıdığı yerdir.
Burda kitab təqdimatı etmək paytaxta nisbətən daha asandır. Burda hansısa imzanı
təkcə imza olaraq yox, şəxs
kimi də tanıyırlar deyə, təqdimat da uğurlu alınır.
- Bölgələrimizdə
ədəbi tənqidin
durumu necədir?
- Kənardan baxınca mühitdə cəmi iki tənqidçi görürəm: Firəngiz
İdrisqızı və
Saleh Qurbanov. İkisi də olduqca savadlı, nəzəri cəhətdən əsərin
dərinliyinə enə
bilən, ədəbi
nümunəni zərgər
dəqiqliyi ilə incələyə bilən
insanlardır. Başqalarını deyə bilmərəm, mən çox istərdim ki, bu iki insanın
tənqid hədəfi
mənim hansısa şeirim, yaxud hekayəm olsun.
- Paytaxtadı kitab təqdimatlarından nümunələr sizlərə
də vaxtında çatdırılırmı? Bakıdan əyalətlərə kitabların
göndərilməsi necə
təşkil olunur?
- Beyləqanda yaşayıb-yaradan
gənc şair Mücirəddin Mübarizoğlu
öz ilk kitabını
Bakıda nəşriyyatdan
götürən kimi
birini Gəncə avtobusuna vermişdi. Burdan götürdük. Adətən, DGTYB-nin nəşr etdirdiyi kitablar mənə çatası
olur, onu da, əksərən, yolum Bakıya düşəndə götürürəm.
Başqa müəlliflərin
əksəriyyətindən, ötən bir il ərzində
mənə çatacaq
kitabları Gülnar Səmaya vermələrini
rica etmişəm. Ən etibarlı mənbə kimi, Gülnar Səmadan götürmək
çətin olmur.
- Bölgələrimizdə
yetərli sayda kitab mağazaları, bukinistlər, kitab evləri fəaliyyət göstərirmi?
- Hələ tələbəlik
illərindən “Knyaz
Kitab klubu”na üz tutardıq. 2005-2009-cu illərdən danışıram. Sevindirici
haldır ki,
o mağaza hələ
də işləyir. Bir də ötən
il “Kitab
evi”nin açılışına
yaman sevinmişdik. O da bu ilin
əvvəlində bağlandı.
“Book-kafe”lər isə ağacdan sonrakı göbələk
kimi bir də görürsən Cavadxan küçəsində
açıldı, reklam-falan.
Sevincək gedirsən, deyirlər
iki gündü bağlanıb. Ya da Atatürk
prospektində açılır,
gedib görürsən
ki, yerində yeməkxanadı. Hələ bilmirəm
ki, Gəncədə,
gerçəkdən “Book-kafe”
var, ya yox?
Ən yaxşısı GDU-nun və
ADAU-nun kitabxanalarıdı. Çox zəngin olan bu kitabxanalarda tələbələr istənilən
mövzuda kitab əldə edə bilirlər.
- Niyə kitab təqdimatlarında yazarın çevrəsində
ancaq tanışları,
şair və yazıçı həmkarları,
bir də üç-beş oxucudan başqa heç kim olmur.
Sizcə yazıçı
və şair əhlini kim
dolandırmalıdır?
- Bilirsiniz, biz indi oturub dolanışığımıza günahkar axtarırıq, amma etiraf etmirik ki, iki kitabdan sonar özümüzü “dahi” sayırıq. Bizdə nəşriyyatlar və naşirlər hələ o səviyyədə deyil ki, Demi Murun baş rolda oynadığı “Toran” filmindəki kimi 4 milyonluq müqaviləni bir povest üçün imzalayaq. Mənə elə gəlir ki, “peşəkar ədəbiyyat” anlamı da ancaq bizdədir. Bu nə sözdür? Bu nə deməkdir? Bir şair, bir yazıçı necə peşəkar ola bilər ki, kimdənsə yazdığına görə pul tələb etsin? Peşəkar daşyonan usta ola bilər, dülgər ola bilər, dərzi ola bilər. Yaradıcı insan peşəkar ola bilməz. Şair peşəkar olanda “belə” sözünün qafiyəsini avtomatik olaraq tapır: “elə”. Bu, yaradıcılıqdırmı? Poeziyadırmı? Əsla! Yaradıcılıq elə bir prosesdir ki, onun düzgün izahı yoxdur. Və yaradıcı insanların hər biri öz çörəyini qazanmağı bacarmalıdır. 2013-cü ildə “Gənc ədiblər məktəbi”ndə İlqar Fəhmi belə bir cümlə işlətmişdi:-Əvvəlcə ailənizi dolandırmağı düşünün, sonra şeiri. O, şeir yazma demirdi, o, şeirlə yaşamağın namümkünlüyünü izah edirdi. Qaldı, təqdimat məsələsinə. Bu gün təqdimatlar sanki, borc məsələsidir. “Mən getmişəm, o da gəlsin”, yaxud “o gəlib, gərək mən də gedim”. Məncə, problem müəllifin özündə yox, onun çevrəsindədir. Bu çevrə, təqdimata gələndə hər bir sözüylə, ədasıyla müəllifin boynuna “bax, yaxşı bax, mənəm ey, gəlmişəm ey” minnətini qoyur. Beləcə, o cür düşünməyəni də düşünməyə vadar edirlər. Mərd qovulur, namərd olur… Yenə problem dönüb-dolanıb naşir arqumentində mərkəzlənir. Amma, neynək ki, bizdə naşir məsələsi yox səviyyəsindədir…
- Ədəbiyyat
saytlarının bugünkü durumu sizi qane
edirmi? Saytlar
arasında rəqabət qabiliyyəti necədir?
- Kənan Aydın sağ olsun, mənim yazılarımı özümdən xəbərsiz də olsa, pulsuz çap edir. Amma, elə sayt var ki, iki şeiri çap etmək üçün ödəniş tələb edir. Belə “pullu” saytların içində biz də düşmüşük ki, nə var, nə var, şeir yazmaqla məşğuluq, dolana bilmirik. Başqa ölkələrdə müəllifin bir cümləsini çap edəndə ona qonorar ödəyirlər, bizdə müəllifdən pul tələb edirlər. Rəqabət qabiliyyəti isə ancaq və ancaq xəbər saytları arasında mövcuddur. Ədəbiyyat saytlarının adminləri ancaq öz tanıdıqlarını, bayaqkı söz olmasın, öz çevrələrini çap etməklə məşğuldur. Burda hansı yüksək inkişafdan söhbət gedə bilər ki, hələ rəqabət qabiliyyəti də dəyərləndirilsin...
Tural
Həftə içi.- 2017.- 3 may.-
S.4.