"Avropada rus yazıçılarından Turgenev

qədər çox oxunan ikinci bir yazıçı yox idi"

 

22 avqust - Rusiyanın dahi yazıçısı İ.S.Turgenevin xatirə günü, 24 avqust - görkəmli şairi və mütəfəkkiri A.K.Tolstoyun 200 illik yubileyi münasibətilə

 

“Biz cavan və güclü xalqıq. Elə bir xalq ki, o, öz gələcəyinə inanır və inanmağa da haqqı vardır".

 

İ.S.Turgenev

 

“Mən nifrət etdiyim təzahürlərlə və adamlarla yanaşı yaşaya bilmir, nəfəs ala bilmirdim...Təhkimçilik hüququ mənim düşmənim idi. Axıradək mübarizə aparmağı qət etdiyim, heç bir zaman barışmayacağıma and içdiyim hər şeyi "təhkimçilik hüququ" anlayışında cəmləşdirmişdim"

 

İvan Sergeyeviç Turgenev

 

 “Mən bizdə sənət sənət üçündür bayrağını daşıyan iki və ya üç yazıçıdan biriyəm, çünki mənim əqidəm bundan ibarətdir ki, şairin təyinatı - insanlara hansısa bilavasitə mənfəət və ya fayda vermək deyil, gözəlliyə sevgi təlqin etməklə, onların mənəvi səviyyəsini yüksəltməkdir...".

 

Aleksey Konstantinoviç Tolstoy

 

“Turgenevin Avropadakı və daha geniş desək, bütün dünyadakı şöhrəti onillər ərzində qazanılmışdır. Onun əsərlərinin dünyada yayılması tarixində müəyyən fasilələr də olmuşdur. Bütün əsərləri ona xaricdə, eləcə də öz Vətənində qeyd-şərtsiz şöhrət gətirməmişdir. Lakin elə xalqlar var ki, onların ədəbiyyatının bütöv bir dövrü Turgenevin adı ilə bağlıdır".

 

Mixail Pavloviç Alekseyev

 

Nəyə gərəkdir ürək - eşq məhv oldusa!

İndi mənim itirməyə daha qalmır heç nəyim - Ölümü və cəhənnəmi çağırıram döyüşə!

 

(Aleksey Konstantinoviç Tolstoyun “Don Juan" əsərindən)

 

Bu, bir həqiqətdir ki, dünyanın heç bir mədəni xalqı XIX əsr ədəbiyyat tarixində Rusiyada olduğu qədər görkəmli ədəbi simalar, parlaq zəka və istedadlı qələm sahibləri yetişdirməmişdir. Puşkin, Lermontov, Qoqol kimi bəşəri dühaların mübariz və prinsipial ənənələrini davam və inkişaf etdirərək rus tənqidi realizminin, bədii nəsrinin, ictimai-siyasi fikrinin inkişafında böyük rol oynayan görkəmli şəxsiyyətlərdən, dərin düşüncə sahiblərindən biri də İvan Sergeyeviç Turgenevdir. Həmin Turgenev ki, böyük Belinski onunla tanış olduqdan sonra əqidə dostlarından birinə yazırdı: "Bu adam qeyri-adi ağıla malikdir". Azərbaycan xalqının da çox sevdiyi və rəğbət bəslədiyi qeyri-adi ağıl sahibi - İvan Sergeyeviç Turgenevin həyat tarixçəsində mühüm iz qoyan günlərdən biri yaxınlaşmaqdadır. Avqustun 22-si dahi yazıçının, şairin, dramaturqun, tərcüməçinin xatirə günüdür və bu tarix özünün 134-cü ilini yola salacaq. Gələn il isə dünyanın mütərəqqi ədəbi ictimaiyyəti bu görkəmli mədəniyyət xadiminin 200 illik yubileyini təntənə ilə, sevgi ilə qeyd edəcəkdir.

Avqustun 24-də qüdrətli Rusiya özünün daha bir dahisinin - dünya ədəbiyyatında yüksək nüfuz qazanan üç Tolstoy soyadlı məşhur ədiblərindən birinin, təvəllüd baxımından birincisinin, Turgenevin müasiri - Aleksey Konstantinoviç Tolstoyun 200 illik doğum tarixini bayram etməyə hazırlaşır.

Turgenev Tolstoya dərin hörmət və ehtiramla yanaşır, onun ədəbi fəaliyyətinə, şair-yazıçı kimi zəngin yaradıcılığına yüksək dəyər verirdi. Odur ki, Turgenevə aid topladığım sənədlərin içərisində biri diqqətimi daha çox cəlb etdi. Bu, A.K.Tolstoy dünyasını dəyişən vaxt - 1875-ci ilin noyabrında Turgenevin yazdığı məktub-müraciətdir. Sənədi qiymətli irs kimi görkəmli yubilyar ədibin həyat və yaradıcılığına dair məlumatla önə çəkməyi qərara aldım. Qoy bu ədəbi xatirə 22 avqust- Turgenevin anım, 24 avqust - Tolstoyun iki əsrlik doğum günündə hər iki dahinin ruhlarını şad etsin, bu ruhları sevgi ilə bir-birinə qovuşdursun.

Rus ədəbiyyatının görkəmli klassiki, tanınmış dramaturqu, tərcüməçisi, şair-satiriki, məhəbbət lirikasının gözəl yaradıcısı olan Aleksey Konstantinoviç Tolstoy 1817-ci ildə Peterburqda qraf ailəsində anadan olmuşdur .Uşaqlıq illərini Çerniqov quberniyasında əmisi A.Petrovskinin "Krasnı Roq" malikanəsində keçirmişdir.

Tolstoyun ana tərəfdən doğma ulu babası görkəmli rus əyanı, qraf, Rusiya Elmlər Akademiyasının çoxillik prezidenti və Ukraynanın sonuncu getmanı Kiril Qriqoryeviç Razumovski idi, deməli, imperatriça Yelizaveta Petrovnanın gizli əri Aleksey Kirilloviç Razumovski onun ulu babasının qardaşı idi. Gələcək şairin babası, qraf və varlı bir adam olan Aleksey Kirilloviç Razumovski II Yekaterina zamanında senator və I Aleksandr zamanında xalq maarif naziri vəzifəsində işləmişdi.

Aleksey gənc yaşlarında xaricdə olarkən Almaniya ərazisinə daxil olan Veymar şəhərində alman mütəfəkkiri, dahisi qoca Höte ilə görüşmüş, İtaliyada incəsənət abidələri ilə tanış olmuşdu.

Tolstoy 1834-cü ildən xarici işlər nazirliyinin Moskva arxivində işləmiş, sonralar bir çox yüksək vəzifələrdə çalışmış və 1861-ci ildə istefaya çıxmışdı.

Ev şəraitində gözəl təhsil alan Aleksey Konstantinoviç gənc yaşlarından poeziya ilə dərindən maraqlanaraq, şeirlər yazmağa başlamışdı. 1841-ci ildə onun "Xortdan" fantastik povesti çapdan çıxmışdı. Rusiyanın görkəmli ədəbi tənqidçisi V.Belinski həmin povestə yüksək qiymət verərək demişdi ki, hələ çox gənc olan bu gözəl istedad gələcək üçün ümid verir.

1851-ci ildə A.Tolstoyun A. Jemçujnikov ilə birlikdə yazdığı, çar mütləqiyyətinin eybəcərliklərini ifşa edən "Fantaziya" komediyası Peterburqda tamaşaya qoyulur.İlk tamaşadan sonra komediyanın göstərilməsi I Nikolay tərəfindən qadağan edilir. Bundan sonra gənc yazıçı Jemçujnikov qardaşları ilə ( əmisi oğlanlarıdır) birlikdə məzəli şeirlər silsiləsi yaradır.Həmin şeirlər 1854-cü ildə "Sovremennik" jurnalında dərc edilir. Sonralar A.Tolstoy satirik janrlara daha çox meyl edir.Bu sahədə onun 1878-ci ildə dərc edilmiş "Popovun yuxusu" adlı satirik şeiri daha səciyyəvidir.Şeirdə mənfur çar bürokratiyası, jandarm və liberal boşboğazlar şiddətli tənqid atəşinə tutularaq ifşa olunmuşdur.

İllər keçdikcə çar mütləqiyyətinin eybəcərliklərinə yaxından bələd olan Tolstoy tənqid hədəfini daha da genişləndirir. Şair-yazıçının "Rusiya dövlətinin Qostomısldan Timoşevə qədər tarixi" şeiri oxucular tərəfindən böyük maraqla qarşılanır.

Ümumiyyətlə, AlekseyTolstoyun yaradıcılığı ziddiyyətli olmuşdur.O, çar mütləqiyyətini ifşa edən şeirlər yazmaqla bərabər, demokratik hərəkata da qarşı çıxmışdır.

A.K.Tolstoy tarixi mövzuda da bir sıra əsərlər yazmışdır. "Knyaz Serebryanı" romanında o, slavyanofil ruhunda feodal Rusiyasını və boyarlığı ideallaşdıraraq, İvan Qroznı və I Pyotr tərəfindən aparılan islahatlara qarşı çıxmışdır. Onun dramatik trilogiyasında - "İohann Qroznının ölümü", "Çar Fyodor İohannoviç, "Çar Boris" adlı pyeslərində də eyni fikir əks olunmuşdur.

Tolstoyun lirik şeirləri XIX əsr rus poeziyasının parlaq və qiymətli inciləridir. "Qaraçı nəğmələri", "Mən saf məhəbbətə inanıram", "Şair", "Teleskop", "Bağışla", "Özgə qəmi" və digər çoxsaylı şeirləri bu gün də ədəbiyyatsevərlərin böyük həvəslə oxuduqları əsərlərdir. Məşhur rus bəstəkarlarından Çaykovski, Rimski- Korsakov, Küi, Rubinşteyn, Borodin Tolstoyun şeirlərinə musiqi bəstələyərək rus vokal musiqisini bir çox romans və mahnılarla zənginləşdirmişlər.

A.K.Tolstoyun zəngin və müxtəlif janrlı yaradıcılığı XIX əsr rus ədəbiyyatında dərin izlər qoymuşdur. Onun Viktor Hüqo, Henrix Heyne, İohann Höte, Andre-Mari Şenye, Corc Bayronun yaradıcılığından rus dilinə etdiyi tərcümələr də klassikin rus ədəbiyyatına verdiyi böyük töhfələrdir. Görkəmli mədəniyyət xadimi 1873-cü ildə Petrburq Elmlər Akademiyası rus dili və sözçülüyü bölməsinin müxbir üzvü seçilmişdir. Tolstoy 1875-ci ildə vəfat etmişdir.

Dahilər haqlı deyib ki, ölüm - yaradılmışın Yaradana qovuşmasıdır...

Ədibin vəfatı ilə bağlı Turgenevin tarixi məktubu haqq dünyasına qovuşan böyük insanın ədəbi nekroloqu kimi bu gün də yaddaşlarda yaşayır.

Redaktora qraf A.K.Tolstoyun ölümü ilə bağlı məktub (Turgenev)

(Sankt-Peterburqda çıxan liberal yönlü "Vestnik Evropı" dərgisinin redaktoru Mixail Matveyeviç Stasyuleviç nəzərdə tutulur)

Çox lütfkar Mixail Matveyeviç, üçüncü gün axşamüstu mən sizin teleqramı aldım; bu xəbər qəlbimi kədərli bir hüznlə doldurdu. Əvvəldən də bilirdim ki, Tolstoya yer üzündə uzun bir ömür yaşamaq nəsib olmayacaq: hardasa bir üç ay olar Karlsbadda onun həkimi mənə demişdi ki, bizim yazıq dostumuz bir il də çəkməz; lakin hətta gözlədiyin itki ilə, özəlliklə də Tolstoy kimi bir adamı itirməklə o saat barışmaq özü də çətindir. Mən elə bu saat onun tam qiymətini təqdim etmək, müasir rus ədəbiyyatında onun yerini və önəmini müəyyənləşdirmək niyyətindən uzağam: bu - onun gələcək bioqraflarının işidir; mən əbədi dünyasına köçmüş şairin hüsn-rəğbət oyadan şəxsiyyəti barədə xatirələrimin təlqin etdiyi yalnızca bir neçə fikrimi söyləmək istərdim.

Mən şair söylədim. Bəli, o, heç şübhəsiz, tamamilə, bütün varlığı ilə şair idi; o, şair doğulmuşdu, bu isə bizim zəmanədə hər yerdə - ən çox da Rusiyada - olduqca nadir haldır. Təkcə bu sözlə onun mənsub olduğu nəsil müəyyənləşir (bəllidir ki, bizim indiki zəmanədə gənc şairlər yoxdur), eləcə də onun əqidəsi, onun qəlb meyilləri, onun bütün təmənnasız və səmimi arzu-istəkləri müəyyən olunur. Tolstoyun cəmiyyətdəki mövqeyi, onun əlaqələri adamların əksəriyyətinin böyük qiymət verdiyi hər şeyə doğru ona geniş yol açırdı, lakin o özünün istedadına və həvəsinə - poeziyaya, ədəbiyyata sadiq qaldı; o, təbiətin yaratmış olduğundan başqa bir şey ola bilməzdi; o, bu sözün ən yaxşı mənasında ədib olan kəsə xas olan bütün keyfiyyətlərə, özəlliklərə, əda və xasiyyətlərə malik idi. Ona birinci dərəcəli istedada xas yaradıcılıq qüvvəsi, fantaziya zənginliyi vergisi verilmiş olmasa da, Tolstoy bədii əsərlərə həyat və məna verən şeylərə, məhz özümlü, orijinal və eyni zamanda olduqca rəngarəng fizionomiyaya xeyli dərəcədə malik idi; təkəmseyrək hallarda virtuozluq - doğrudur, çox vaxt uğurlu alınan arxaik ifadələr işlətməklə özünü göstərmək, başqa bir yerdə siyasi məzmunlu bütün hər şey kimi mahiyyət etibarilə onun ağlına və qəlbinə yad olan ani mülahizələr həvəsinə düşsə də, doğma dildən sərbəstcə, ustalıqla istifadə edirdi. O, öz həmvətənlərinə miras olaraq dramların, romanların, lirik şeirlərin gözəl örnəklərini qoyub, onları - uzun illər ərzində - bilməmək hər hansı təhsilli, oxumuş rus üçün ayıb sayılacaq; o, bizdə yeni ədəbi növün - tarixi balladaların, əfsanələrin yaradıcısı idi; bu zəmində onun rəqibi yoxdur - və onlardan "Vestnik Evropı"nın oktyabr sayında (onun ölüm xəbərinin gəldiyi gündə!) yer alan sonuncusunda demək olar Dante obrazlılığına və qüvvəsinə yetişir. Nəhayət - ona verilmiş ilahi verginin çoxtərəfliliyi haqqında yuxarıda söylənən fikrin bir növ təsdiqi olaraq - kim bilmir ki, onun ciddi ideal və boy-buxunlu təbiətində təbii yumor bulağı qaynayırdı - "İvan Qroznının ölümü" və "Knyaz Serebryanı" müəllifi olan qraf A.K.Tolstoy eyni zamanda hamının yaddaşında özünə yer eləmiş "Kuzma Prutkov"un yaradıcılarından biri idi?

Bax belə bir şairdən məhrum olduq və ağılların indiki istiqamətində çətin ki, bu tezlikdə əvəzi tapılsın. Qoy bu sətirlərə gözləri sataşan gənclər çiyinlərini çəkməsin və düşünməsinlər ki, bu itki mənim tərəfimdən şişirdilib; onları inandırmaq cəsarətində bulunuram ki, yalnız bu itkini anlayan və etiraf edən kəs zaman keçdikcə özünə yol açacaq və özündən sonra iz buraxa biləcəkdir...

Mən Tolstoyun bir şair olaraq fizionomiyasının bəzi cizgilərini qeyd etməyə çalışdım; onun bir insan olaraq haqqında nə demək olar?

Onu tanıyan hər kəsə onun necə bir ürək sahibi olduğu yaxşı bəllidir, dürüst, namuslu, həqiqətsevər, hər hansı xeyirxah hisslərə açıq, fədakarlığa hazır, zəriflik, şəfqət həddinə qədər sədaqətli, dönmədən sadiq və sözü üzə açıq deyən. "Cəngavər təbiəti" - bu ifadənin Tolstoy haqqında düşünəndə demək olar hər kəsin dilinə gəldiyi qaçılmazdır; mən başqa bir - bizim zəmanədə bir qədər şübhə doğuran, ancaq gözəl və bu halda ən yerində olan - epiteti işlətməyi özümə rəva görərdim. Humanist, dərindən humanist təbiət! - bax Tolstoy bu idi və yaşadığı həyatın dönmədən onun yaradıcılığına axıb dolduğu hər hansı şairdə olduğu kimi Tolstoyun bu humanist təbiəti onun yazdığı hər şeydən keçib gedir və onlarla nəfəs alır.

Mən bu məktubu şəxsiyyətimə dair nə iləsə bitirmək istəməzdim; lakin hələ təzə olan bu məzarın önündə minnətdarlıq duyğusu bütün digər məsələlər barədə susmağa məcbur edir: qraf A.K.Tolstoy mənim əllinci illərin lap əvvəllərində məhkum edildiyim qovulmanın dayandırılmasına rəvac vermiş başlıca şəxslərdən biri idi.

Ruhun behiştlik olsun, unudulmaz rus insanı və rus şairi!.. Bilirəm ki, bizim ümumi dərdimizə dərindən şərik olursan və dərdimizə şərik olman səbəbincə əllərini bərk-bərk və dostcasına sıxıram.

Sizə sadiq İv.Turgenev

1875

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist - politoloq

 

Həftə içi.- 2017.- 9 avqust.- S.4.