"Avropada rus yazıçılarından Turgenev

qədər çox oxunan ikinci bir yazıçı yox idi"

 

22 avqust - Rusiyanın dahi yazıçısı İ.S.Turgenevin xatirə günü münasibəti ilə

 

(Əvvəli ötən sayımızda)

 

“Avropada rus yazıçılarından Turgenev qədər çox oxunan ikinci bir yazıçı yox idi. Onu təkcə rus yazıçısı yox, həm də beynəlxalq yazıçı hesab etmək daha doğru olardı".

 

Qeorq Brandes,

Danimarka ədəbiyyatşünası, yazıçı, tənqidçi və publisisti

 

“Mən hələ də sizin bütünlüklə həyatdan götürüb çap etdirdiyiniz geniş portretlər qalereyasının təsiri altındayam. Bunlar sənətkar fırçasından çıxmış necə də canlı lövhələrdir.Bu, tamam yeni bir aləmdir ki, siz lütfkarlıqla bizim onunla tanış olmağımıza imkan yaratdınız. Heç bir tarixi abidə Rusiyanı bizə bu qədər geniş şəkildə aça bilməzdi...Siz hər şeyi görə bilmək qabiliyyətinə malik olan realistsiniz, həm də sərəncamında çoxlu rənglər olan şairsiniz, hamıya rəhm edən və hamını başa düşən böyük ürək sahibisiniz".

 

Jorj Sand

Fransız yazıçısı

 

“Sən Puşkindən sonra rus yazıçılarının hamısından daha çox şairsən.Sən təzə yazıçılar içərisində formaya xüsusi diqqət yetirənlərdənsən.Başqaları oxucuya çiy material verdiyi halda, sən oradan poeziya əxz etməyi bacarırsan".

 

Nikolay Alekseyeviç Nekrasov,

Rus ədəbiyyatının klassiki, görkəmli şair, yazıçı və publisisti

 

Rusiyanın tanınmış ədəbiyyat xadimləri, istedadlı qələm sahibləri İvan Sergeyeviç Turgenev, Afanasi Afanasyeviç Fet, Leonid Nikolayeviç Andreyev, Nikolay Semyonoviç Leskov, İvan Alekseyeviç Bunin rus ədəbiyyatına Oryol yazıçıları dəstəsi kimi daxil olmuşlar. Turgenevin özünün qeyd etdiyi kimi, onlar Rusiyanın lap içərilərində doğulub formalaşmış, milli söz mədəniyyətini elə bir səviyyəyə qaldıra bilmişlər ki, onların şan-şöhrəti Rusiyanın hüdudlarından çox-çox kənara yayılmışdır.

Ailənin ikinci övladı olan İvan Sergeyeviç Turgenev 1818-ci il oktyabrın 28-də Orle şəhərində anadan olub. Atası Sergey Nikolayeviç Turgenev hələ 16-cı əsrdən Rusiyada tanınmış dvoryan nəslinə mənsub idi. Bu nəsl əvvəllər çox zəngun olsa da, sonralar maddi cəhətdən zəifləmişdi. Sergey Nikolayeviç hərbidə polkovnik rütbəsinə qədər yüksəlmişdi.

Yazıçının anası Varvara Petrovna Lütovina uşaq yaşlarından atasını itirmiş, atalığının sərt rəftarına dözə bilməyib 16 yaşında dayısı varlı mülkədar olan İvan İvanoviç Lütovinova pənah gətirmişdi. Dayısının övladı olmadığından Varvaranı özünün varisi hesab etmiş və gənc qızı mülkədar təsərrüfatının idarəçiliyini öyrənməyə istiqamətləndirmişdi.

Varvaranın gəncliyi Spasski kəndində, dayısının malikanəsində keçmişdi. O, savadlı xanımlardan biri idi, dvoryan qızları kimi mükəmməl ev tərbiyəsi almış, fransız dilini öyrənmiş, rus və fransız ədəbiyyatı ilə yaxından tanış olmuşdu.

Dayısı vəfat etdikdən sonra Varvaraya bir neçə mülk, xeyli torpaq və 1000 təhkimli kəndli qalmışdı.Beləliklə, o, Rusiyanın ən varlı mülkədar qadınlarından biri sayılırdı.

Varvaranın çox zəngin bir ev kitabxanası vardı.Burada Avropanın ən məşhur yazıçı və filosoflarının əsərləri toplanmışdı.

Turgenev 4 yaşında olanda Varvara əri və uşaqları ilə bərabər xarici ölkələrə səyahətə çıxır.Onlar Almaniyanı, İsveçrəni,Fransanı gəzirlər, altı ay Parisdə qalırlar, sonra Kiyev yolu ilə Spasskiyə qayıdırlar.

Turgenev 17 yaşında ikən atası dünyasını dəyişir. Anası isə sərt və özündənrazı xudpəsənd xarakteri ilə təhkimli kəndlilərlə amansız rəftarına davam edirdi. Anasının məzlum insanlarla kobud rəftarından Turgenev çox narazı idi.Sonralar yazdığı "Mumu" hekayəsində mülkədar qadın Lyubov Lyubimovna, "İlk məhəbbət" povestində Mariya Nikolayevna, "Dvoryan ocağı" romanında Lavretskinin nənəsi Qlafira Pyotrovna surətlərində anasını təsvir etmişdir.

1827-ci ildə ailə Moskvaya köçür. İvan qardaşı Nikolayla birlikdə əvvəlcə xüsusi pansionda, sonra Lazarevski pansionunda təhsil alır. Qardaşlar hər iki pansionda alman, fransız, ingilis dillərini, rus ədəbiyyatını öyrənir, tarix və təbiət elmlərindən ümumi məlumat alırlar. Bununla belə, orta təhsili kamil başa çatdırmaq üçün qardaşlara evdə xüsusi müəllimlər də dərs keçirlər.

Turgenev 15 yaşı tamam olmamış zəmanətlə Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. İkinci kursa keçəndə ailə Peterburqa köçür.

1834-cü ildə Turgenev Peterburq Universitetinin fəlsəfə fakültəsinin tarix-filoloji şöbəsində təhsilini davam etdirir.

Peterburq Universitetində Turgenevə orta əsrlər tarixindən rus ədəbiyyatının görkəmli klassiklrindən biri, tanınmış şair, yazıçı, dramaturq, tənqidçi Nikolay Vasilyeviç Qoqol dərs deyir. Turgenev sevimli müəllimi ilə Horatsi, Tatsit, Homer, Sofokl və dünyanın başqa klassiklərinin əsərlərini birlikdə oxuyub müzakirə edir. Peterburqda Turgenev çox sevdiyi Puşkini görür, Jukovski və Koltsovla tanış olur.Ədib özünün ilk bədii əsəri olan "Steno" dramatik poemasını, "Bizim əsrimiz", "Veneraya", "Gecə" şeirlərini və Muravyovun "Müqəddəs yerlərə səyahət" əsərinə resenziya yazır. Puşkinin ölümünə həsr etdiyi "Gecə" şeiri yeni nəsillərə gəlib çatmır. Hələ tələbə ikən Turgenev Şekspirin "Otello", "Kral Lir", Bayronun "Manfred" əsərlərinin tərcüməsi üzərində işləyir, lakin nədənsə bu tərcümələr də mühafizə olunmur.

Turgenev 18 yaşında Peterburq Universitetini bitirir.İstər elm və mədəniyyət, istərdə də siyasi dünyagörüşü baxımından xeyli inkişaf edən Turgenev Rusiyada təhkimçilik quruluşunun ləğv edilməsini və respublika üsul-idarəsinin yaradılmasını arzulayır.

1841-ci ildə 23 yaşlı Turgenev Spasskiyə qayıdır. Varvara bundan sevinsə də, çox çəkmir ki, ana və oğul arasında narazılıq baş verir. Anasının təhkimli kəndlilərlə qəddarcasına rəftarına İvan Sergeyeviç dözə bilmir. O, anasını məzəmmət edir, töhmətləndirirdi.

Ailədə baş verən bir hadisə ana və oğul arasında münasibəti daha da mürəkkəbləşdirir. Turgenevlə Moskvadan Spasskiyə gətirilmiş yoxsul ailədən olan qulluqçu qız Avdotiya Yermolayevna bir-birini sevirlər. Lakin adət-ənənəyə görə, dvoryan ailə əxlaqı bu sevginin aşkara çıxarılmasına imkan vermir. Varvara bu gizli sevgidən xəbər tutanda Avdotiyanı dərhal Spasskidən uzaqlaşdırmağı əmr edir. Lakin Moskvaya göndərilən xidmətçi qız yola düşən zaman hamilə idi.

1842-ci ildə Turgenevin Avdotiyadan bir qızı dünyaya gəlir. Körpənin adını Pelagegya qoyurlar. Varvara uşağı anasından ayırıb Spasskiyə gətirir. Bir qədər sonra Avdotiya başqa birisinə ərə gedir.

Turgenev Avdotiyaya ömürlük təqaüd təyin edir və özü də bu hadisədən sonra ömrünün axırına qədər evlənmir.

Turgenevin təhkimçiliyə qarşı nifrəti getdikcə güclənirdi. Lakin o, Rusiyada despot üsuli-idarəsi şəraitində mübarizəni mümkün hesab etmir, yenidən xaricə getməyi qərara alaraq yazırdı: "Mənə düşmənimdən uzaqlaşmaq, sonra da uzaqdan ona daha qüvvətlə hücum etmək vacib idi. Mənim nəzərimdə bu düşmənin müəyyən obrazı vardı və məşhur ad daşıyırdı: bu düşmən təhkimçilik hüququ idi".

1847-ci ildə Turgenev Almaniyaya gedir. Almaniya sərhəddinin lap yaxınlıgındakı Zalsburq şəhərində (hazırda bu şəhərin mərkəzi tarixi hissəsi YUNESCO-nun ümumdünya irsi siyahısına daxildir - R.Mirzəzadə) müalicə alan Belinski ilə görüşür. Belinskinin Qoqola yazdığı məşhur məktubla tanış olur. Sonra Fransaya gəlib üç il Parisdə yaşayır.

Həmin illərdə Parisdə xeyli rus ziyalıları yaşayırdı və Turgenev onlarla tez-tez görüşürdü. Ədib xaricdə yazdığı əsərlərini Rusiyaya göndərir, onları "Sovremennik" jurnalında dərc etdirirdi.

1850-ci ildə 33 yaşı tamam olmamış və saçlarının çoxu ağarmış Turgenev Rusiyaya qayıdır. Səkkiz yaşlı qızı ilə görüşür. Varvara nəvəsini paltaryuyan xidmətçi bir qadına tapşırmış, uşağın tərbiyəsi ilə məşğul olmamışdı. Bu, Turgenevə ağır təsir bağışlayır. O, anasından küsüb, atasından qalan Turgenevo kəndinə gedir. Qızını isə Parisə, Polina Viardonun yanına göndərir ki, Polina öz uşaqları ilə birlikdə Pelageyanın da tərbiyəsi ilə məşğul olsun.

Turgenevi çox sevən, onun ağlına, istedadına heyran qalan Polina məmnuniyyətlə qızın tərbiyəsini öhdəsinə götürür.

Bəs Turgenevin həyatında müstəsna rol oynayan bu xanım Polina Viaordo kim idi? Bu suala cavab vermək üçün tarixin bir qədər əvvəlki səhifələrinə qayıtmalı oluram.

1843-cü ilin payızında italyan operası Rusiyaya qastrol səfərinə gəlir. Peterburqun İtalyan Operasının tamaşalarındakı baş rollarında gözəl, ecazkar səsi, təkrarolunmaz istedadı ilə Avropanın bütün görkəmli bəstəkarlarının diqqətini cəlb etmiş 22 yaşlı gənc müğənni Polina Viardo çıxış edir. Tamaşaların birində Turgenev müğənninin ifasında dünya şöhrətli italyan bəstəkarı Coakkino Antonio Rossininin "Seviliya bərbəri"ndəki Rozina partiyasını dinləyir. Gənc xanımın ifası onu məftun edir.

Məşhur mədəniyyət xadimlərindən alman bəstəkarı və dirijoru Rixard Vaqner, fransız bəstəkarı və incəsənət xadimi Şarl Fransua Quno, macar bəstəkarı, dirijoru, pedaqoq və pianoçusu Ferents List, rus bəstəkarı, dirijoru, pedaqoqu və pianoçusu Anton Qriqoryeviç Rubinşteyn, rus bəstəkarı Mixail İvanoviç Qlinka da Polinanın ifaçılıq sənətinə heyran idilər.

Turgenev Polina ilə tanış olur, bu tanışlıq güclü bir sevgiyə, dərin bir məhəbbətə çevrilir. Artıq o, 1845-ci ildə avtobioqrafik "Memorial"ında yazır: "Moskvada Polinanın konsertləri. Birlikdə qayıdış. Yad ölkələrə yola çıxma".

Müğənninin qabiliyyəti yalnız musiqi istedadı ilə bitmirdi. Deyilənə görə, o, dörd dildə - fransız, ispan, italyan və ingilis dillərində sərbəst danışırdı. Polina ərli olsa da, İvan Sergeyeviç ondan ömrünün sonuna qədər, düz 40 il ayrıla bilməmişdi. Polina onun əsərlərinin ilk oxucusuna çevrilmişdi.

Tam adı Polina Mişel Ferdinand Qarsia Viardo olan ispan-fransız müğənnisi, bəstəkarı, vokal pedaqoqu Polinanın ailəsinin demək olar bütün üzvləri mədəniyyət və incəsənətlə bağlı insanlar olublar.Atası Manuel Qarsian ispan müğənnisi və pedaqoqu idi. Bacısı Mariya Malibran dünya opera sənətinin əfsanəsi sayılırdı. Qardaşı Manuel Patrisio Rodriqes Qarsia müğənni və vokal müəllimi idi.Əri Lui Viardo fransız yazıçısı, sənətşünası, incəsənət tənqidçisi və teatr xadimi kimi tanınırdı. Lui Viardo Polinadan 20 yaş böyük idi.

Polinanın qızı Luiza Eritt-Viardo da musiqiçi, müğənni, bəstəkar kimi tanınırdı. Oğlu Pol Viardo gözəl skripka ifaçısı, eyni zamanda dirijor və bəstəkar idi.

Polina Viardoya sevgisi - özü də bütün ömrü boyu qəlbində yaşatdığı böyük sevgi 25 yaşlı Turgenevi həyatının bir çox illərini xaricdə, əsasən də Fransada keçirməyə məcbur etdi. Qadın da ona qarşı laqeyd deyildi. Bu iki yaradıcı insanın arasında bir-birinə doğma münasibət yaranmışdı. Qəlbindəkiləri bir-biri ilə asanlıqla bölüşürdülər.

İvan Sergeyeviçin şəxsi həyatının olmasını isə həyat özü tələb edirdi, evlənmək niyyətinə yazıçı dəfələrlə cəhd etsə də, nəticə uğursuz olmuşdu. Yazıçının ürəyindəki sevgi möhürü artıq əbədiyyət qazanmışdı, Polina onun taleyinin əvəzsiz varlığına çevrilmişdi.

Turgenev məktublarının birində Polinaya yazırdı: "...İcazə verin, sizin ayaqlarınızı ehtirasla öpüm. Hansı ki, o ayaqlar mənim bütün ruhumda dolaşır...Sizi bütün qəlbimlə öpürəm və həmişəlik dostunuza çevrilirəm...".

Başqa bir məktubunda isə yazıçı kədərlə yazırdı: "Bir gün əlimdə olan hər şey məhv olub gedəcəksə, yeganə dostum, mənim böyük əzabla sevdiyim qadın, sən həmişə mənimlə birlikdə yaşayacaqsan! Ancaq səndən bir xahişim var: ölsəm, qəbrimin üstünə gəlmə...Orada sənin edəcəyin heç bir şey yoxdur..."

Viardoya yazılmış bu məktub, yazıçının son nəfəsində qadına çatmışdı...

Fransada yaşayarkən Turgenevin Qustav Flober, Alfons Dode, Emil Zolya, Edmon de Qonkur kimi böyük yazıçı, mədəniyyət adamları ilə sıx əlaqələri yaranır və onlar bu son dərəcə ağıllı və istedadlı rus yazıçısı ilə birlikdə ədəbi birlik yaratmağa nail olurlar. Bu birlik ədəbiyyat tarixinə "beşlər dərnəyi" adı ilə daxil edilir. Özünü Turgenevin şagirdi hesab edən Gi de Mopassan da tezliklə onlara qoşulur.Qərbin bir çox mədəni adamları ilə yaxından tanış olan Turgenev, rus yazıçıları içərisində ilk dəfə olaraq "Böyük romançı" adını qazanır.

1843-cü ildə "Turgenev- Litovinov" imzası ilə yazıçının "Paraşa" adlı mənzum hekayəsi çapdan çıxır. Əsər böyük bir sevinclə qarşılanır. Belinski bu barədə yazır: "Cənab T.L-nın hekayəsində təmiz rus həyatından alınmış dərin və həqiqi fikir, əsərin ən kiçik təfərrüatlarında belə yüksək sənətkarlıq vardır".

"Paraşa"dan sonra Turgenev bütün həyatını bədii yaradıcılığa həsr edir. 1843-1847-ci illər arasında "Mülkədar", "Andrey" poemalarını, "Ehtiyatsızlıq", "Nazik yerdən üzülər" komediyalarını, "Üç portret", "Yəhudi" adlı hekayə və povestlərini, "Ovçunun xatirələri" silsiləsindən olan "Xor və Kaliniç" hekayəsini yazır.

Turgenev yaradıcılığa şair kimi başlamışdı. Onun sözlərinə yazılmış "Dumanlı səhər, ağaran səhər..." romansı indiyədək məşhurdur. Onun ilk nəsr əsəri olan "Andrey Kolosov" "Oteçestvennıe zapiski" jurnalında çap olunmuşdu. 1846-cı ildən 1850-ci ilə qədər Turgenev dramaturji təcrübələrə üstünlük verdi: "Pulsuzluq", "Dvoryanlığın nümayəndəsinin yanında qəlyanaltı", "Subay", "Özgə çörəyi" pyeslərini həmin vaxtlar yazdı. Bu pyeslərdən bəziləri indiyədək ən müxtəlif səhnələrdə oynanılır.

1848-ci ilin yanvarında Turgenev yenidən Berlinə, oradan da Parisə gedir. O, Fransada 1848-ci il fevral inqilabının şahidi olur, mühacir kimi Parisə gəlib Avropanın böyük siyasi hadisələr mühitində yaşayan məşhur rus inqilabçı-demokratı, eyni zamanda yazıçı, publisist, pedaqoq və filosofu Aleksandr İvanoviç Gertsenlə yaxınlaşır.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist – politoloq

 

Həftə içi.- 2017.- 10 avqust.- S.4.