"Avropada rus
yazıçılarından Turgenev
qədər çox oxunan ikinci bir
yazıçı yox idi"
22 avqust - Rusiyanın dahi
yazıçısı İ.S.Turgenevin xatirə günü
münasibəti ilə
(Əvvəli
ötən saylarımızda)
Vətənpərvər yazıçı Qərbi Avropa həyatını yaxından müşahidə edib öyrənir, Gertsenlə birlikdə qabaqcıl Rusiyanın, rus xalqının həqiqi övladı kimi öz xalqına xidmət edirdi.
Turgenev öz vətəninin sərhədləri xaricində rus ədəbiyyat və incəsənətinin təbliğatçısı kimi müstəsna rol oynamışdı. Rus mədəniyyətinin yaradıcılıq məhsullarının, Turgenevin özünün dediyi kimi, "bütün sivil dünyanın sərvətinə çevrilməsindən" ötrü bu qədər vaxt, əmək sərf edən, bu qədər qayğı göstərən ikinci bir rus yazıçısı yox idi.
Mütərəqqi rus ədəbiyyatını yayır, Puşkinin, Qoqolun, Saltıkov-Şedrinin əsərlərinin tərcüməsini təşkil edir, onların dünya ədəbiyyatı xəzinəsinə daxil olmalarına böyük səylə çalışırdı. Şekspir, Höte sənətini Rusiyada təbliğ etməklə yanaşı, "Xəyallar", "Bahar suları" əsərlərində Qərbin burjua meşşan həyatını, ikiüzlü siyasətçiləri satira atəşinə tuturdu.
Turgenev inqilabçı demokrat deyildi.Lakin o, təhkimçilk quruluşuna bütün varlığı ilə nifət edirdi. Onun əsərləri vətəninə, xalqına alovlu məhəbbət hissi ilə dolu idi. O, öz əsərlərində dvoryan-mülkədar cəmiyyətinin çürüklüyünü və bu cəmiyyətin məhv olacağının labüdlüyünü açıb göstərirdi. Turgenevin vətənpərvərliyi o vaxtkı hakim dairələrin, Rusiyanın mürtəce bürokratlarının "vətənpərvərliyindən" olduqca seçilirdi. O, deyirdi: "Mən Rusiyanı, indi onu əllərində tutan cənablardan fərqli olaraq, tamamilə başqa cür sevirəm!".
XIX əsrin rus klassiklərinin hamısı kimi Turgenev də rus kəndlilərinin insani ləyaqətini alçaldan, varlığını tapdayan, onun həyatını zəhərə döndərən təhkimçiçlik zülmünün dəhşətlərini gözləri ilə görmüşdü. Hələ uşaq ikən mülkədar anasının kəndlilərlə qəddar rəftarını görən və bu məzlum bədbəxtlərin başına gətirilən fəlakətlərin bilavasitə şahidi olan Turgenev sonralar yazırdı: "Mən elə bir şəraitdə doğulub böyümüşəm ki, orada daim şillə, yumruq, kötək, şallaq, hökm sürürdü. Elə o vaxtdan da məndə təhkimçilyə qarşı dərin nifrət baş qaldırdı". Turgenev haqqında zəngin tədqiqatın müəllifləri V. Afanasyev və P. Boqolopov "Turgenevə yol" əsərində yazıçının təhkimli rus kəndlisinin həyatı, Rusiya təbiəti ilə yaxınlığından bəhs edərək yazırlar: "Ov zamanı yolüstü təsadüfi mağaralarda gecələyən, başı üstündə mavi səmadan başqa daldanacaq olmayan yazııçı, kəndlilərlə ağa kimi yox, sərkərdan ovçu kimi görüşürdü. Kəndlilər onun xeyirxahlığını, onların həyatına dərin diqqət yetirdiyini görür və onunla həvəslə söhbət edirdilər. "Ovçunun xatirələri"nin vətəndaşlıq və antitəhkimçi pafosu belə yetişmişdir.Bu meşələrdə gələcək yazıçının təhsili heç də universitetlərdən pis getmirdi;o, demokratizm, xalq dili və Rusiyaya inam öyrənirdi".
Müasirləri Turgenevin bir yazıçı kimi böyüklüyünü onda görürdülər ki, ədib yalnız öz qaynar zəmanəsində baş verən mühüm hadisələri görməklə kifayətlənmir, bunları eyni zamanda təkraredilməz bədii bir qüvvəti ilə göstərirdi.Vətəni haqqında, xalqı haqqında yazıçı elə ustalıqla, elə səmimiyyətlə yazırdı ki, bu, yalnız tək-tək sənətkarlara qismət ola bilərdi.Təsadüfi deyil ki, onun əsərləri hətta Rusiyada heç vaxt yaşamayan, onun təbiətini görməyən, rus kəndlisinin, şəhər ziyalılarının mənəvi aləmi ilə tanış olmayan adamlara da güclü təsir göstərirdi.
Turgenev hələ sağlığında dünya şöhrəti qazanmış ilk rus yazıçısı idi. Əcnəbi oxucular üçün əsl bir kəşf olan "Ovçunun xatirələrindəndən" başlamış, Turgenevin demək olar hər bir yeni əsəri dərhal bir çox dillərə tərcümə olunur və dünya mədəniyyətinin görkəmli nümayəndələrində geniş əks-səda doğururdu.
Avropanın böyük yazıçılarından biri Qustav Flober Turgenevə yazdığı məktubların birində ədibin əsərlərindən bəhs edərək deyirdi: "Siz xüsusini təsvir etməklə bütövü, ümumini yaradırsınız, mən yaşadığım, duyduğum bir çox hissləri yenidən sizin əsərlərinizdə tapdım... Bütün əsərlərinizdə!"
Fransanın məşhur xanım yazıçısı Jorj Sand isə Floberə ünvanladığı məktubda Turgenevdən söz açıb bildirirdi: "Nə qədər gözəl istedaddır! Nə qədər özünəməxsus və qüdrətlidir! Mən görürəm ki, xaricdə bizdən də yaxşı yazırlar". Xanım Sand Turgenev əsərlərinin parlaq xüsusiyyətlərini, yazıçının həyat eşqi ilə zəngin nikbinliyini, ürəkləri hərarətləndirən humanizmini, dərin fikri və geniş təfəkkürünü olduğu kimi səciyyələndirərərək demişdir: "Siz hər şeyi görən realist, hər şeyi gözəlləşdirən şair, hamıya rəhmi gələn və hər şeyi anlayan böyük bir ürək sahibisiniz".
Turgenev istedadının parlaqlığı müxtəlif sahələrdə özünü göstərmişdir: şeir, poema, oda, dram, komediya, hekayə, povest, roman, məqalələr, memuar, mənsur şeirlər, tərcümələr və s. Şair Turgenevin hələ 1837-ci ildə qələmə aldığı "Axşam" və "Xovrinaya" şeirlərinin neçə dilə çevrildiyini bilmirəm. Onu bilirəm ki, hər iki şeir rus poeziyasının zərif inciləri kimi bu gün də sevilməkdədir:
Yenə çılpaq sahildə mürgüləyir dalğalar,
Günün vida şəfəqi tutqun göydə görünür.
Dumanlar arxasında dənizdə bir qayıq var;
Ürəyimdə qüssələr, düşüncələr, qayğılar -
Sahildəyəm, dörd yanım qaranlığa bürünür.
Qıvrım telli bir palıd- meşələr hökmdarı
Mürgü
vuran sulara salır öz kölgəsini;
Çatır
artıq dincliyin, sükunətin anları,
Gecənin
boyaları - zülmət qəhrəmanları -
Bürüyür nəhayətsiz səmanın qübbəsini.
Sakitlik... ətrafımda nə səs var, nə hərəkət.
Hər yer yuxuya gedib - tutqun göy, qara torpaq.
Çayın
dalğın suları səslənir hərdən fəqət,
Hərdən
də xəzəl düşür görkəmində bir həsrət;
Təkcə mənim ürəyim sakit deyildir ancaq.
Bəli,
duydum, anladım, bu müqəddəs zamanda
Bir əsrarlı dərs deyir ana təbiət bizə.
Bu səs
mənim ruhuma, varlığıma dolanda,
Bu səs
mənim qəlbimin hökmüdarı olanda,
Dayandım, taleyimlə - gələcəklə üz -
üzə.
Düşündüm
ki, sakitdir hər tərəf məzar kimi,
Elə bil canlıların əlindən gedib canı.
Sükutdur
indi ancaq təbiətin hakimi...
Qəribə
düşüncələr çulğaladı qəlbimi -
Bu sükut sanki mənə şərh elədi
dünyanı.
Bəlkə taleyimizdir bu sükut, qərib yuxu?
Bəlkə də gələcəkdən bizə gətirir
xəbər?
Burda -
zülmət və işıq, orda - sevinc və qorxu;
Məhv
olmaq, unudulmaq, neçə söz, neçə sorğu...
Ah, nə
qədər ağırdır bu suallar, şübhələr?!
Qəlbimdən
baş qaldırır bir tükənməz həyəcan;
Nahaq sorğu - suala çəkdim təbiəti mən.
O
dayanıb lal kim, o danışmır
bayaqdan.
Həyatın
sirlərini, məncə, heç vaxt, heç zaman-
Təbiət açmayıbdır bir kimsəyə əzəldən.
(“Axşam"
şeiri)
Səni
sevmədiyimi
Deyirəm səhər- axşam.
Sən də
mənə soyuqsan
Mən bunu da duymuşam.
Axtardığım nədir bəs?
Səni sevirmi bir kəs?
Bəs
niyə yuxularda
Səni görürəm təkcə?
Ürəyim
aram olmur
Səsini dinlədikcə?
Yaxınıma
gələndə
Artır qüssə-kədərim.
Görməkdən
də qorxuram
Səni,
zərif dilbərim!
Yanıram
səhər- axşam
Yoxsa aşiq olmuşam?!
Şairin
mənsur şeirləri içində "Rus dili" nin xüsusi yeri vardır. Rus dili
bəşəriyyətin sevdiyi, hörmət elədiyi dillərdən
biridir.Turgenevin dili rus dilinin inkişafında böyük bir mərhələni
təşkil edir.Yazıçı dilin təbiiliyinə, bədiiliyinə
xüsusi fikir vermişdir. Odur ki, onun nəsr
əsərlərini oxuyanda belə, şeiriyyət duyursan,
lazımsız təmtərağa rast gəlmirsən.
1882-ci
ilin iyununda Turgenev doğma xalqının müqəddəs
ana dili olan rus dilini vəsf edərək yazırdı:
"Şübhə əzabları ilə dolu günlərdə,
vətənimin taleyi haqqında ağır düşüncələrə
daldığım günlərdə yalnız sən mənim
üçün dayaq və arxa olursan, böyük, qüdrətli,
doğrucul və azad rus dili! Sən olmasaydın,
evimizdə baş verən bütün bu müsibətləri
gördükcə biz ümidimizi necə itirməzdik?
Lakin inanmaq olmaz ki, böyük xalqa belə bir dil verilməyə
bilərdi!".
Turgenevin fikirləri xalqımızın çoxsaylı
şair və yazıçılarının, digər təfəkkür
sahiblərinin dil haqqında düşüncələri ilə
üst-üstə düşür. Azərbaycan
xalqının sevimli şairlərindən biri Osman Sarıvəlli
"Min sirri var hər xalqın öz dilinin" -deyərək,
ana dilini öyrənməyi, qorumağı insanlar
üçün vətəndaşlıq borcu hesab edirdi.
Şair deyirdi ki, başqa dilləri öyrənmək, bilmək
yaxşı cəhətdir, lakin heç bir dil ana dilini əvəz
edə bilməz, ona görə də heç bir dili ana
dilinin hesabına öyrənmək, ana dilini unutmaq olmaz:
Deyin,
şirin nə var ana dilindən?
Dil dostluq, qardaşlıq xəzinəsidir.
Xoşbəxtdir öyrənib çoxlu dil bilən.
Qara
torpağa da layiq deyildir
Öz ana
dilini bilməyib ölən...
Unudulmaz şairimiz Rəsul Rza deyirdi ki, dil xalqın
malıdır.
Hər xalqın dili özü üçün
əzizdir.Ona görə də ana dilini sevməklə
yanaşı, başqa xalqların dilinə də hörmət
etmək vacibdir. Biz bu gün
uşaqlarımıza yalnız Azərbaycan dilini deyil,
başqa qardaş xalqların dillərini, birinci növbədə
böyük rus xalqının dilini də öyrədirik.
Böyük
şairimiz Səməd Vurğun 1939-cu ildə yazırdı:
"...Rus dili sayəsində, bizi ruscaya tərcümə edən
böyük qələm qardaşlarımız rus şairləri
və yazıçılarının böyük əməyi
sayəsində əsərlərimiz xarici ölkələrdəki
oxucu dostlarımız arasında da yayılmışdır.
Mənim P. Antakolski tərəfindən tərcümə
edilmiş "Xanlar" pyesim bu yaxınlarda
Çexoslavakiyanın (hazırda ölkə iki müstəqil
dövlətə ayrılıb-R.Mirzəzadə) paytaxtı
Praqada tamaşaya qoyulmuşdur. Bunun üçün
mən bütün dünya xalqları arasında mədəni
əlaqələrin möhkəmləndirilməsində
qüdrətli bir vasitə olan böyük rus dilinə minnətdaram".
"Vaqif"
pyesinin rus dilində səhnəyə qoyulması münasibətilə
rus dram teatrı kollekktivinə yazdığı məktubda
S.Vurğun qeyd edirdi: "Xoşbəxtəm ki, mənim
"Vaqif" pyesim rus teatrının səhnəsində,
böyük rus qardaşımın dilində, Vaqifdən sonra
yaradıcılıqda ikinci müəllimim olmuş
A.S.Puşkinin dilində səsləndi".
Şair
rus dilini eyni zamanda dünya söz xəzinəsi
qapılarının açarı hesab edir və
yazırdı ki, biz hamımız, Qafqaz adamları
böyük rus dili vasitəsilə dünya ədəbiyyatı
ilə tanış olmuşuq.Biz rus dili vasitəsilə Avropa
mədəniyyətinin gözəl cəhətlərini mənimsəmiş,
bu dil vasitəsilə yeni, proqressiv mədəni xəzinə
sahibi olmuşuq...
Azərbaycanın bütün mütərəqqi
şair və yazıçıları rus dilinə olan
ehtiramıını öz əsərlərində, şeir və
çıxışlarında tərənnüm etmişlər.
Turgenevin
"Sevginin yolu" adlı digər mənsur şeiri əslində
insanların bir-birinə rəğbətlə,
qarşılıqlı inam hissi ilə yanaşmasına,
münasibətlərində həssas və diqqətcil
olmalarına bir müdrik ziyalı
çağırışıdir:
"Bütün
hisslər sevgiyə, ehtirasa gətirib çıxara bilər,
bütün hisslər: kin, təəssüf, laqeydlik, ehtiram,
dostluq, qorxu - hətta nifrət hissi də. Bəli,
bütün hisslər ... yalnız birindən - minnətdarlıqdan
başqa.
Minnətdarlıq - borcdur, vəzifədir; hər kəs
öz borcunu verir... lakin sevgi pul deyildir".
O, qələmini
müxtəlif sahələrdə sınasa da, rus ədəbiyyatına,
eləcə də dünya ədəbiyyatına qüdrətli
bir nasir kimi daxil olmuşdur. Rus
sözünün təkraredilməz memarı, böyük sənətkar
Turgenevin ədəbi irsinin əbədi dəyəri onun
gözəllik romantikasında, realizmində, daxili insanpərvərliyində,
bədii əzəmətində, sözçülüyə
və əzbərçiliyə zidd olan müdrik sadəliyindədir.
Turgenev
insanpərvər, humanist, dərin mənəviyyatlı adam idi. Belə saf məfkurəli ziyalılar
xalqın böyük mənəvi sərvəti, ən
qüdrətli kapitalı, dara düşən ölkənin
uzaqgörən həqiqi yolgöstərənidir.Bütün
bunlarla bərabər, İvan Sergeyeviç əyilməz,
qorxmaz, cəsur bir dost, yoldaş, həmkar idi.
1852-ci ildə Qoqolun vəfatı sadə xalq və
mütərəqqi ziyalılar üçün kədər
dolu hadisə və ağır itki olur. Qoqolu
özünün ən böyük müəllimlərindən
biri hesab edən Turgenev, Puşkin və Lermontovdan sonra Qoqolun
ölümünün Rusiya üçün çox
böyük itki olduğu kədərini xalqla
bölüşmək istəyir. Senzura məqalənin
çap olunmasına icazə vermir.I Nikolayın əmrinə
görə Qoqolun adı rus mətbuatında böyük
yazıçı kimi çəkilməməli,
ölümü sükutla qarşılanmalı idi. Lakin
Turgenev I Nikolayın əmrinin ziddinə gedərək, Qoqolun
ölümünə həsr etdiyi "Peterburqdan məktub"
məqaləsini dostlarının köməyi ilə inadla
"Moskovski vedomosti"də dərc etdirir. Məqalədə
deyilir:
"Qoqol vəfat etmişdir! Hansı bir rus qəlbini bu söz
sarsıtmaya bilər?O,
ölmüşdür. Bu itki, bu ölüm o qədər
gözlənilməzdir ki, biz hələ də onun həqiqət
olduğuna inana bilmirik...Bəli, o, ölmüşdür.Bu
ölüm, bu acı həqiqət bizə tam hüquq verir
ki, onu böyük yazıçı, böyük insan
adlandırıb, xatirəsini əzizləyək, elə bir
insan ki, öz sənəti ilə ədəbiyyatımız
tarixində dövr yaratmışdır, elə bir insan ki, biz
onunla, onun böyük şöhrəti ilə fəxr
edirik...".
Məqalə dərc olunandan sonra Turgenev həbs olunur,
bir qədər həbsxanada saxlandıqdan sonra Spasskiyə
sürgün edilir, burada da nəzarət altında
saxlanılır.
Bu təhqirin əvəzində həssas
yazıçı özünün bəla və əzablarla
dolu olan əsərini - "Mumu" hekayəsini yazır.
Tanınmış rus şairi, yazıçısı, ədəbiyyat, teatr tənqidçisi və ictimai xadimi Sergey Timofeyeviç Aksakov 1852-ci ildə Turgenyevə yazırdı: "Mumu üçün sağ olun, mən bu əsəri məcmuədə mütləq çap edəcəyəm... Sizin qəhrəmanınızın uydurmamı, yoxsa həqiqətmi olmasının, dalandar Gerasimin doğrudan da mövcud olub-olmamasının mənim üçün fərqi yoxdur. İş burasındadır ki, dalandar Gerasim surətində başqa şeylər təzahür edir.Bu, rus xalqının, onun nəhəng qüvvəsinin təcəssümüdür. O, bir zaman şübhəsiz, dilə gələcəkdir, lakin indi əlbəttə, lal, kar görünə bilər...Bu hekayə fövqəladə canlıdır, onda usandırıcı uzunçuluq, mübaliğə yoxdur, hər şey ölçülüb-biçilmişdir".
(Ardı gələn
sayımızda)
Reyhan Mirzəzadə,
publisist - politoloq
Həftə içi.- 2017.- 11
avqust.- S.4.