"Avropada rus
yazıçılarından Turgenev qədər
çox oxunan ikinci
bir yazıçı yox idi"
22 avqust -
Rusiyanın dahi yazıçısı İ.S.Turgenevin xatirə
günü münasibəti ilə
(Əvvəli
ötən saylarımızda)
“Rudinin bədbəxtliyi
ondadır ki, o, Rusiyanı tanımır. Bu, böyük bədbəxtlikdir.
Bizim hər birimiz olmadan Rusiya keçinə bilər, lakin
bizim heç birimiz Rusiyasız keçinə bilmərik".
(Turgenevin
"Rudin" romanındakı obrazlardan biri olan Lejnevin
əsərin baş qəhrəmanı
Rudin haqqında söylədiyi fikirlərdən).
Əslində Turgenyevin "Mumu"su "Moskovski
sbornik"in ikinci nömrəsində çap olunmalı idi,
lakin məcmuənin buraxılışı hakim dairələr
tərəfindən qadağan edildiyi üçün əsər
ancaq 1854-cü ildə "Sovremennik" məcmuəsində
çap olunur.
Turgenev hekayələr və oçerklər silsiləsi
kimi qələmə aldığı "Ovçunun xatirələri"
kitabı sonralar Rusiyada və xaricdə ona böyük
şöhrət gətirdi. Bu kitabda
yazıçı o zamankı rus həyatında mülkədarlarla
kəndlilər arasındakı kəskin ziddiyətləri təsvir
etmişdir. "Ovçunun xatirələri"ndəki
25 hekayənin hamısı həm məzmun, həm də bədii
forma cəhətindən biri-birindən qüvvətlidir.
Mülkədarların həddindən artıq
harınlığı, qudurğanlığı,eyş-işrətçiliyi,
zülmkarlığının nəticəsi olaraq onların
məişətinin sürətlə çürüməyə
doğru getməsi "Ovçunun xatirələri"ndə
geniş əksini tapmışdır.
Hekayələrin əksəriyyətində rus kəndlisinin
müsbət mənəvi keyfiyyətlərindən bəhs
edilir. "Lqov" hekayəsində Kuzma Suçkov
ağasının evində həm aşpaz, həm faytonçu,
həm paltaryuyan, həm də aktyordur. Sahibkar
ona hətta evlnəməyə belə icazə vermir.
Bununla belə, sadəlövh Kuzma ağasının hər
bir əmrini qul kimi yerinə yetirməyə hər an hazırdır.
"İki mülkədar" hekayəsində mülkədarların
əmri ilə günahsız olduğu halda ölümcül
vəziyyətə düşənə qədər
döyülmüş kəndli Vasilidən soruşurlar ki,
agan səni niyə döydürüb? Cavab verir ki,
ağam yaxşı adamdır.
"Moruqlu bulaq" hekayəsində artıq qocalıb əldən
düşmüş iki kəndli- Stepan və Mixail həyatlarından
şikayət edirlər. Bədbəxt qocaların evi-eşiyi
yoxdur, çöldə-bayırda qalırlar. Cavan, qüvvətli olanda ağaları onları o ki
var işlədir, əvəzində heç olmasa yemək,
paltar, yatmağa yer verirdi. Qocalandan sonra
ağaları onları çölə atmışdır.
Turgenev harınlamış kübar cəmiyyətinin rus
kəndlisinə atdığı çirkin böhtanları qətiyyətlə
təkzib edərək, təhkimli kəndlilərin öz
ağalarından bacarıqlı, fərasətli, zəhmətkeş,
incəsənəti duyan və zövqlü insanlar
olduqlarını bir real həqiqət kimi açıb
göstərmişdi. Belə ləyaqətli adamları nahaqdan
və insafsızcasına cəzalandıran köhnə
haramzadələri "İki mülkədar" əsərində,
"yeni, müasir" azğınları isə
"Burmistr"də qəzəb və nifrət hədəfinə
çevirmişdi. Yazıçı "Torpaqyeyən"
adlı bir hekayə yazmaq istəmişdi ki, bu
yazılmamış hekayənin məzmunu barədə onun qeydləri
də diqqətdən yayınmır: "Bu hekayədə mən
bizdə baş verən belə bir faktı göstərirəm
ki, kəndlilər, hər il onların
torpağının müəyyən hissəsini kəsib alan
və buna görə də "torpaqyeyən" ləqəbi
qazanan öz mülkədarlarını necə yeddi funt qara
torpaq yeməyə məcbur etmiş və sonra da
öldürmüşlər".
"Canlı cəsəd" hekayəsində Turgenev
başqa ad altında öz anasının malikanə xidmətçiləri
ilə kəskin rəftarını və bu rəftarın
olduqca dəhşətli, ürəkparçalayan nəticələrini
yada salır.
İncə ruhlu, şair təbiətli sadə kəndli
qızı Lukeriya Spasskidə birinci gözəl
sayılırdı.Onun ecazkar səslə çalıb
oxuması, oynaq rəqsləri ilə bərabər
işgüzarlığı hamını heyran qoyurdu. Bütün
qızlar kimi, Lukerkiya da aşiq idi. Ev
byfetçisi Vasili ilə bir-birini sevirdilər. Bir dəfə Vasili bağçadan onu
çağıranda, Lukeriya tez özünü Vasiliyə
çatdırmaq istəyərkən tələsib
özünü itirir, ikinci mərtəbənin pilləkənlərindən
yıxılır, ayağı sınır,
qol-qabırğası əzilir. Heç
bir dəva-dərman ona kömək etmir. O, yerindən tərpənə,
bir addım belə ata bilmir. Malikanə sahibi onu
lazımsız bir əşya kimi kəndə göndərir.
İndi yeddi ildir ki, Lukeriya yatağa məhkumdur. Uzun sürən
xəstəlikdən əriyib çöpə
dönmüşdür. Sevgilisi Vasili əlbəttə
ki, çoxdan evlənib oğul - uşaq sahibi olmuşdur.
Ancaq Lukeriya tənhadır, heç kəsi
yoxdur. Bununla belə, qızın insana, təbiətə
olan sevgisi hələ də sönməmişdir. Yeddi il əvvəl gözəl səslə
oxuduğu el nəğmələrini hələ də
unutmamışdır.Xalqın milli-mənəvi sərvəti
olan mahnıları unudulmasın deyə, Lukerkiya onları kəndli
qızlarına öyrədir...
"Ovçunun
xatirələri"nin çapına icazə
verdiyinə görə isə senzor V.B.Lvov cəzalandırılır
və vəzifəsindən azad olunur.
Yazıçı 1854-cü ildən 1860-cı ilə qədər
Nekrasovun "Sovremennik"i ilə tənqidçi,
resenziyaçı, yazıçı olaraq fəal əməkdaşlıq
edir.
"Hamlet və Don Kixot" məqaləsi, "Qonaq evi",
"Artıq adamın gündəliyi" (yeri gəlmişkən,
məhz bu əsəri rus tənqid terminologiyasına
"artıq adam"
anlayışını gətirmişdir), "Şiqrov qəzasının
Hamleti", "Yakov Pasınkov" kimi hekayə və povestləri
burada işıq üzü görür. "Faust",
"Asya" povestlərini də həmin vaxtlar yazır.
1860-cı ildə "Russki vestnik" jurnalında
çap olunan "Ərəfə" romanında
yazıçı cəmiyyət üçün son dərəcə
böyük əhəmiyyət kəsb edən bir məsələni
önə çəkir. Turgenev vətəninin səadəti
uğrunda mübarizə aparan bolqar Dimitri İnsarovu və məzlum
xalqın azadlığı uğrunda mübarizə
aparmağa can atan rus qızı Yelena Staxanovanı göstərir.
İnsarov həqiqi mənada qəhrəmandır. Yazıçının
müasirləri İnsarovu Rusiyanın məhz gözlədiyi
bir inqilabçı surəti hesab edirdilər.Bu roman münasibətilə
"Əsl gün nə vaxt gələcəkdir?"adlı
böyük tənqidi məqalə ilə
çıxış edən Dobrolyubov, Turgenevin "Ərəfə"
romanının geniş təhlilini verir və Rusiyada artıq
insarovların, inqilabçı gənclərin yetişdiyini
söyləyir.
1866-1869-cu
illərdə "Briqadir", "Bədbəxt",
"Bozqır kral Liri", 1870-1883-cü illərdə
"Bunin və Baburin", "Ölümdən sonra-Klara
Miliç", "Qalib məhəbbətin
mahnıısı", "Yuxu", "Ata Alekseyin
nağılı", "Köhnə portretlər"və
s. ərsəyə gəlir.
Turgenev
altı roman yazmışdır: "Atalar və
oğullar", "Dvoryan ocağı", "Ərəfə",
"Tüstü", "Rudin" və "Xam torpaq".
Qeyd etmək istərdim ki, XIX əsrin əvvəllərində
Rusiyanın sağlam qüvvələri dvoryan ailə
münasibətləri və ailə tərbiyəsindən
çox narazı idilər. Bu mühüm həyat məsələsinə
digər rus yazıçıları kimi,Turgenev
də öz yaradıcılığında müdaxilə
edirdi. Onun "Dvoryan ocağı"
romanında bu problemə geniş yer verilmişdir.
Yazıçı
"Dvoryan ocağı" romanının qəhrəmanı
Lavretskinin dili ilə gənc nəslə müraciət edərək
deyir:
"Gənc
qüvvələr, oynayın, şənlik edin,
böyüyün... Sizin həyatınız irəlidədir,
siz bizdən rahat yaşayacaqsınız, siz bizim kimi zülmət
içərisində özünüzə yol
axtarmayacaqsınız... Biz sağ-salamat qalmağımız
üçün çalışırdıq, - lakin bizdən
gör nə qədər məhv oldu! - amma siz iş görməlisiniz,
çalışmalısınız, biz qocaların da xeyir-
duası sizin üstünüzdə olacaqdır".
Bayaq qeyd etdiyim kimi, dvoryan ailə münasibətləri
və ailə tərbiyəsi Turgenev üçün əsas
mövzulardan biri olmuşdur. Yazıçının
ispan həyatından bəhs edən
"Ehtiyatsızlıq" adlı ilk komediyasının tənqid
hədəfi də mühafizəkar dvoryan əxlaqıdır.
27 yaşlı Donya Dolerisin taleyi gətirməyib. Axmaq əri
Don Baltazar onu "quşu qəfəsdə saxlayan kimi qoruyur,
yemləyir", lakin gün işığına həsrət
qoyur, evdən kənara addım atmağa qoymur. Baltazarın əmri ilə xidmətçi qadın
Marqaritanın vəzifəsi Donyanı güdmək, hətta
onun fikrindən, xəyalından keçənləri belə
öyrənib ərinə xəbər verməkdir.
Özünü Baltazara yaxın dost kimi göstərən səfehlərdən
biri Don Pablo Sanqre Donyaya gizli məhəbbət bəsləyir,
lakin gənc qadının ona etinasız və laqeyd
olduğunu, hətta nifrət etdiyini gördükdə, bu
"gizli məhəbbət" intiqam hissinə
çevrilir.O, Donyanı ləkələmək
üçün fürsət axtarır. Belə
bir fürsət "yaranır". Gənc Don Rafael
Donyanı özünə cəlb edə bilir: "Axı nə
qədər dörd divar arasında oturub, yaxın bir həmdəmə
həsrət qalmaq olar?.. Bu
qorxulu, səksəkəli, eyni zamanda şirin ehtiras
Donyanın bütün varlığına hakim kəsilir.
Donya "ehtiyatsızlıq" edib, Rafaeli
otağına dəvət edir. Onları güdən
Pablo çirkin məqsədinə nail olur, Baltazarı
qızışdırıb qısqandırır. Ər arvadını öldürür.Əsərin
sonu ölümlə bitsə də, Donyanın taleyi faciəli
olsa da, bütün qalan tiplər satira və yumor hədəfidir.
Turgenyevin əsərləri içərisində ən
çox mübahisəyə, fikir müxtəlifliyinə səbəb
olanı "Atalar və oğullar romanıdır. Yazıçının
müasirləri qeyd etmişlər ki, bu vaxta qədər
heç bir roman bu qədər səs-küy
yaratmamışdı. Tanınmış rus ədəbi
tənqidçisi, publisist və filosofu Maksim Alekseyeviç
Antonoviç bir məqaləsində romanı "müasir gəncliyə
böhtan", "gənc nəsil üçün
amansız və öldrücü tənqid"
adlandırmışdı. Görkəmli rus
publisist, yazıçı və ədəbi tənqidçiləri
Çernışevski və Dobrolyubovdan sonra
üçüncü nüfuzlu inqilabçı demokrat
sayılan Dmitri İvanoviç Pisarev isə əsəri
yüksək qiymətləndirmiş, "Bazarov" adlı
məqaləsində romanın qəhrəmanı Bazarova
xüsusi rəğbət bəslədiyini və onun fəal,
qabaqcıl gəncliyi təmsil etdiyini bildirmişdi.
Turgenevin son romanı olan "Xam torpaq" ictimai, siyasi və
psixoloji romandır. Turgenev bu romanında Rusiyada davam edən
xalqçılıq hərəkatına, bu hərəkatın
nəzəriyyəsinə, "narodnaya volya" qəhrəmanlarına,
raznoçin inqilabçılarına öz münasibətini
göstərmişdir.
Turgenev bəşəri ideyalar carçısı olan sənətkarlar
haqqında böyük məhəbbətlə
danışır, yazılarında onlardan ədalətlə
bəhs edirdi.
Onun rus ədəbiyyatının namusu, şöhrəti və
fəxri adlandırılan İvan Andreyeviç Krılovun
yaradıcılığı, ömür yolu, əsərlərinin
poetik təsir gücü, qüdrətli sənətkarlığı
haqqındakı fikirləri bu gün də öz dəyərli
qiymətini saxlamaqdadır.
Krılov istedadlı sənətkar, sözün həqiqi
mənasında əsl təmsilçi idi. Elə buna görə də
Belinski demişdi ki, düşüncə poeziyası olan təmsil
müqəddəs Rusiyada nail olduğu həqiqi təntənə
üçün Krılova borcludur. Elə isə,
görkəmli təmsilçinin gözəl bir təmsilini
yada salmaq yerinə düşərdi.
Pişik
və bülbül
Bir
gün pişik hardasa bir bülbülü ovladı,
Pəncəsində
oxşayıb bu sayaq miyovladı:
"Ay
canım - gözüm bülbül, eşitmişəm ki, səni
Hamı sevir, bəyənir xoş səsini, nəğməni.
Tülkü
lələm deyir ki, olub səsinə heyran,
Zövq
alır cəh - cəhindən bağda gül, dağda
çoban...
Nə
olar, oxu, mən də bir eşidim səsini!
Nə var, niyə qorxursan, çəkmirsən nəfəsini?
Qorxma, səni
yemərəm, nəğmənlə et məni
şad,
Mən də buraxım səni, get, uç çəməndə
azad.
Musiqi
aşiqiyəm, bil ki, əzizim, mən də
Zümzümə
eləyirəm daim yuxum gələndə..."
Pişiyin pəncəsində yazıq tir - tir əsirdi.
Necə nəğmə söyləsin? Özü - qəlbi
əsirdi.
Pişik
yenə dilləndi:
"Hə, niyə susdun yenə?
Nə
olar ki, a dostum, bircə ağız desənə!.."
Bizim yazıq nəğməkar zarıdı - civildədi.
Pişik
bunu eşitcək istehza ilə dedi:
"Bunamı heyran olub göy meşə, yaşıl
çəmən?
Balamdan bu
səsləri çox - çox eşitmişəm mən"
Səsindəki o qüdrət, o məlahət bəs
hanı?
Sənin
ki, nəğmələrin olub dillər dastanı!
Gördüm
artıq sənətdə sənin məharətini,
İndi də
dadım görüm, ətinin ləzzətini!.."
Belə
deyib o yazıq bülbülü parçaladı,
Yedi, sonra
da qanlı pəncəsini yaladı...
(Ardı gələn sayımızda)
Reyhan Mirzəzadə,
publisist - politoloq
Həftə içi.- 2017.- 12-14
avqust.- S.4.