Avropada rus yazıçılarından Turgenev qədər

çox oxunan ikinci bir yazıçı yox idi”

 

22 avqust – Rusiyanın dahi yazıçısı İ.S.Turgenevin xatirə günü münasibəti ilə

 

(Əvvəli ötən saylarımızda)

 

 Siz yaxşı vətənpərvər olmasaydınız, indi sizi gözləyən ölkədə bu qədər məşhur ola bilməzdiniz. Sizin qəlbiniz bütün bəşəriyyətə məxsusdur. Lakin ruhən bağlılığınız baxımından Rusiya əlbəttə, birinci yeri tutur”.

 

(Turgenevin tabutu Fransadan Rusiyaya gətirilərkən matəm yığıncağında natiqlərdən birinin çıxışından)

 

Turgenevin yaradıcılıq metodu Balzaka, Dostoyevskiyə bənzəməz.Bunlar tələsiyir və əsərini məcmuələrə, ya mətbəəyə yetirməyə can atırlar.Turgenev isə Tolstoy kimi sakit, səbrli, mövzu və tipləri ətraflı düşünən və əsər üzərində diqqətlə işləyən bir yazıçıdır. Turgenev hər bir əsəri üçün plan düzür, tiplərin adını və familini, doğulduqları ili, əsərdəki yaşlarını qeyd edir.Hər bir tipin üzərində dayanır, onların tərcümeyi-halını və danışdıqları sözlərin qısaca məzmununu verir. Əvvəlcə əsərin sonluğunu aydınlaşdırır, konspektini düzəldir, sonra ayrı-ayrı fəsillərə ayırır.

Bunlar bitdikdən sonra əsəri yazmağa başlayır.Əsər qurtarır, lakin məsələ bununla bitmir. Turgenev əsərinin üzünü iki-üç dəfə köçürür və hər dəfə də düzəldir, artırır, əskildir. Əsər çapdan çıxdıqda müəllif oxucuların rəyini dinləyir və kitabın ikinci təbində bəzi yeni dəyişikliklər törədir”.

 

Yusif Vəzir Çəmənzəminli

(Müəllifin “İ.S.Turgenevin yazı üsulu haqqında” məqaləsindən)

 

Turgenev Krılovla ilk dəfə Peterburqda ədəbiyyat həvəskarı olan bir məmurun evində görüşdüyünü yazır və qeyd edirdi ki, Krılov pəncərənin yanında üç saat sakitcə oturub söhbətlərə qulaq asdı.Onun əzəmətli şəxsiyyəti, bulud kimi saçı, insanı valeh edən səbriqüruru vardı.Gözlərindən məlum olurdu ki, çıxış etmək, nəyi isə demək istəyirdi.Deməli, Krılov ədəbiyyatı qəlbən sevir, bədii əsərin keyfiyyət və qüsurlarını deməkdən çəkinmirdi. Həyat hadisələrini real və canlı təsvir edən, bədii şəkildə ümumiləşdirən sənət əsərləri İvan Andreyeviçə gözəl təsir bağışlayırdı…

Turgenev 1871-ci ildə çap etdirdiyi “Krılov və onun təmsilləri” adlı məqaləsində Krılov təmsillərinin bədii keyfiyyətlərindən, dil və ifadə xüsusiyyətlərindən danışır, onların başqa dillərə tərcümə etməyin çətinliyindən söhbət açır. O, göstərir ki, Krılovun təmsillərini başqa dilə çevirmək mütərcimdən böyük bacarıq və istedad tələb edir.

Hələ 1868-ci ildə Turgenev Krılovun təmsillərini ustalıqla ingilis dilinə tərcümə etmiş görkəmli ingilis tərcüməçisi V. Ralstona məktub yazmış, onun mahir mütərcim olmasını göstərmiş, gözəl tərcümələr etdiyinə görə onu qəlbən salamlamışdı. Turgenev Ralstona yazırdı ki, bizim orijinal sənətkarlardan İ.A. Krılovun təmsillərini ingilis dilinə çevirməklə , siz böyük faydalı görmüşsünüz.

Doğrudan da Ralston dahi rus təmsilçisi Krılovun təmsillərini elə bir mahir sənətkarlıqla ingilis dilinə tərcümə etmişdi ki, Turgenev ona valeh olmuşdu.

Ömrünün sonlarında Turgenev iki dəfə - 1879-cu və 1880-ci illərdə vətəndə olmuşdu. Hər dəfə də Rusiya onu hərarətlə, məhəbbətlə, sürəkli alqışlarla qarşılamışdı. Turgenevin Moskvada Puşkinin abidəsinin açılışı mərasimində söylədiyi nitq (Dostoyevskinin məşhur “Puşkin nitqi” ilə yanaşı) ən parlaq hadisələrdən biri idi. Həmin çıxışdan bəzi məqamlar:

“Puşkinə abidə ucaldılmasında bütün mədəni Rusiya iştirak edib, bu işə mənəvi dəstək vermişdirbu hadisənin bayram edilməsinə bizim bu qədər çox sayda ən yaxşı adamlarımız, vilayətlərin, hökumətin, elmin, bədii sözün və incəsənətin təmsilçiləri cəm olmuşdur - bu abidə bizə görə cəmiyyətin onun ən layiqli üzvlərindən birinə minnətdarlıqla dolu sevgisinin ifadəsidir. Bu sevginin mənasının və önəminin bəzi cizgilərini müəyyənləşdirməyə çalışaq.

Puşkin rusların ilk bədii söz üstası, şairidir. Bədii söz – poeziyanı da öz geniş məna dairəsinə alan ifadədir. Xalqın həyatının təməlində dayanan, onun mənəvi və əxlaqi fizionomiyasını müəyyənləşdirən idealların inikası, təcəssümü olaraq bədii söz – insanın ən köklü özəlliklərindən birini təşkil edir. Hələ təbiətin özündən duyulan və göstərişi oradan gələn bədii söz – incəsənət – özü də həqiqətən təqliddir, lakin hələ xalqın varlığının erkən çağlarından bəri ilhamlı, haradasa, nədəsə bir insanı digərindəən fərqləndirən təqliddir.

...Puşkin, təkrar edirik, bizim birinci bədii söz ustamız, şairimizdir. Şairdə xalqın mahiyyətinin dilmancı olaraq, onun iki başlıca cəhəti: qavrama qabiliyyəti və özfəaliyyət çulğalaşır, buna cəsarət edib qadın və kişi başlanğıcı da deyə bilərdik. Bizdə, Avropa ailəsi dairəsinə digərlərindən gec daxil olmuş ruslarda, bu iki başlanğıc özəl bir çalar kəsb edir; qavrama qabiliyyəti bizdə: həm öz həyatımızda, həm də digər qərb xalqlarının həyatında onun bütün zənginlikləri – və çox vaxt bizim üçün acı meyvələri ilə ikilidir; bizim özfəaliyyət isə eynilə hansısa özəl, qeyri-müntəzəm, kəskin, amma bəzən dahiyanə qüvvə kəsb edir: ona həm təbiətinə yad olan çətinliklər ilə, həm də öz ziddiyyətləri ilə mücadilə etməsi lazım gəlir.

...Puşkinin yaratdığı dildə biz yaşarılığın bütün şərtlərini tapırıq: rus yaradıcılığı və rusun qavrama qabiliyyəti bu möhtəşəm dildə nizamlı bir şəkildə çulğalaşıb və Puşkin özü möhtəşəm rus bədii söz ustası idi.

Məhz rus! Onun poeziyasının mahiyyətinin özü, bütün özəllikləri bizim xalqın özəllikləri, mahiyyəti ilə üst-üstə düşür. Onun dilinin mərdanə gözəlliyini, gücünü və aydınlığını bir kənara qoyaq, bu safürəkli həqiqətdir, onda saxtalıq və bəlağət yoxdur, bu sadə və anlaşıqlı bir dildir, bu duyğuların açıqlığı və düzlüyüdür – yaxşı rus adamlarının bütün bu yaxşı cizgiləri Puşkinin əsərlərində təkcə bizi, onun həmvətənlərini deyil, onun əsərləri ilə tanış olan əcnəbiləri də heyran qoyur. Bu kimi əcnəbilərin mühakimələri son dərəcə qiymətli olur; vətənpərvəranə ruh onların qarşısını kəsmir. Sizin poeziya, - deyə tanınmış fransız yazıçısı və Puşkinin pərəstişkarı, az qala Viktor Hüqonun özünün hüzurunda tərəddüd etmədən onu öz əsrinin çox böyük şairi adlandırmış olan Merime bir dəfə necə oldusa bizə söylədi, - öncə həqiqəti arayıb-axtarır, gözəllik isə sonrasında öz-özünə gəlir; bizim şairlər, bunun əksinə, tamamilə əks yolla gedirlər: onlar ilk öncə effektin, sözün sərrast deyilişinin, parıltının qayğısına qalır və əgər bütün bunlardan əlavə onara həqiqətə bənzərliyi təhqir etməmək imkanı düşərsə, onlar bunu da təbii ki, əlavə olaraq götürərlər... ” “Puşkində, - o sözünə əlavə etdi, - poeziya möcüzəli bir şəkildə ayıq nəsrin özündən öz-özünə çiçəkləyir”.

...Necə olurca olsun, Puşkinin Rusiya qarşısında xidmətləri böyükdür və xalqın minnətdarlıq duyğularına layiqdir. O, bizim dilimizdə son cilalanmanı apardı, indi bu dil öz zənginliyinə, mənəvi qüvvəsinə, məntiqinə və gözəlliyinə görə hətta xarici filoloqlar tərəfindən qədim yunan dilindən sonra az qala birinci dil sayılır; o, bu dildə rus həyatının bütün tərəflərinin tipik obrazlarını, ölümsüz səslərini əks etdirmişdir.

...Poeziyadaxilasedici, yəni ucaldıcı, mənəvi qüvvə vardır. Eləcə də ümidvarıq ki, bizdən çox uzaq olmayan gələcək zamanda hətta indi bizim şairi oxumayan sadə xalqın oğullarına da bu adın – Puşkin adının! – nə anlam daşıdığı aydın olacaq. Və onlar artıq bizim bu yaxınlarda qeyri-şüuri olaraq dillənən ağızlardan eşitdiyimiz: “Bu – müəllimin abidəsidir!” sözünü şüurlu olaraq təkrar edəcəklər”.

Turgenev 1882-ci ilin əvvəlində xəstələnir. May ayında xəstə yazıçı həmkarı, tanınmış rus şairi və ədəbiyyatşünası Yakov Petroviç Polonskiyə yazır: “Siz Spasskda olduğunuz vaxt evə, bağa, mənim cavan palıdıma salam yetirin. Yəqin heç vaxt üzlərini görməyəcəyim qohumlarıma salam yetirin”.

Bu dövrdə Turgenevin rusdünya ədəbiyyatının daha bir nəhəngi Lev Nikolayeviç Tolstoyla ilk görüşü olur, Tolstoy isə şəxsən tanış olmazdan hələ xeyli əvvəl “Meşə qırımı”nı məhz Turgenevə həsr etmişdi.

1861-ci ildə, TurgenevTolstoy arasında az qala duellə başa çatası bir mübahisə yaranır, lakin rus ədəbiyyatının bəxtindən bu duel baş tutmur. Lev Tolstoy isə Turgenev üçün qüdrətli bir sənətkar kimi qalmaqda davam edir.

Turgenev ölümündən düz bir ay, 11 gün əvvəl Tolstoya məktub yazır.

L.N.Tolstoya məktub, 11 iyul 1883-cü il. (Turgenev)

Mehriban və əziz Lev Nikolayeviç, xeyli müddət sizə heç nə yazmadım, çünki, açıq deyirəm, ölüm yatağında idim, indio haldayam. Sağala bilməyəcəyəm, bu barədə heç düşünməyə dəyməz. Sizə isə məxsusən - sizin müasiriniz olduğuma nə qədər fərəh hissi keçirdiyimi deməkdən və sizə mənim sonuncu ricamı dilə gətirməkdən ötrü yazdım. Mənim dostum, ədəbi fəaliyyətə dönün! Axı bu istedad sizə digər hər şeylərin gəldiyi yerdən verilib. Mənim bu ricamın sizə əsər etdiyini düşünə bilsəydim, ah, nə qədər bəxtiyar olardım. Mənim isə işim bitmişdir, doktorlar hətta bilmirlər bunaad qoysunlar: “Nevralgie stomachale gouteuse”. Yerimək yox, yemək yox, yatmaq yox... halım bu! Hətta bunları təkrarlamağın özü usandırıcıdır. Mənim dostum, rus torpağının böyük yazıçısı, - mənim sözümə bax... Əgər bu kağızı almış olsanız, mənə xəbər verin və icazə verin sizi, zövcənizi, bütün ailə fərdlərinizi bir daha bağrıma basım. Qələm tutmağa daha gücüm qalmayıb. Yoruldum!!!

İ.S.Turgenev 1883-cü il avqustun 22-də (köhnə tarixlə sentyabrın 3-də) gündüz saat 14.00-da Parisin yaxınlığındakı Bujival şəhərində Polina Viardonun yanında vəfat edir.Vəsiyətinə görə, cənazəsi Rusiyaya gətirilib, Peterburqda Belinskinin yanında dəfn edilir.

Ölümündən bir neçə gün əvvəl Gi de Mopassan xəstəyə baş çəkmək üçün onun yanına gəlir. Ağrılar və əzablar içində olan Turgenev özünün vurmaq üçün ondan tapança xahiş edir. Maraqlıdır ki, dünya şöhrətli yazıçının son əsəri də avqustun əvvəllərində Polinaya bir neçə dildə diqtə etdiyiSon” hekayəsi olur.

Turgenevin ölümü bütün dünyanın mədəni insanlarını kədərləndirmişdi. Peterburqda buraxılan vərəqələrin birində yazılmışdı: “...Gəncliyin ən qabaqcıl hissəsi Turgenevi ona görə ehtirasla sevir ki, Turgenev onların məfkurəsinin tərənnümçüsü, daxili mübarizə və iztirablarının ifadəçisi olmuşdur”.

Azərbaycanın ədəbiyyatşünas alimi Firidun bəy Köçərli məqalələrinin birində Azərbaycanda XX əsrin əvvəlindəki vəziyyəti TurgenevinAtalaroğullar” romanında təsvir olunan həyata bənzətmişdi.Firidun bəy “Tərəqqi” qəzetində yazırdı:Bu halı rus ədiblərindən məşhur TurgenevAtalaroğullar” sərlövhəsi ilə yazdığı bir romanda artıq məharətlə kəşf və bəyan edibdir. Heyif ki, bizim əhli-qələmimiz belə mühüm mətləblərdən qafildir”.

Turgenev rus həyatının təzadlı reallıqlarını məharətlə və bütün çalarları ilə əks etdirən istedadlı yazıçı idi. Ona əbədi şöhrət gətirən yaradıcılığındakı milli ruh, xəlqilik, hüquqları tapdanmış köməksiz insanların, məzlumların taleyinə biganə qalmaması, onu həm vətəndaş ürəyi ilə, həm də xalqına sədaqətlə bağlı olan yazıçı kimi qələmə alması idi.

Azərbaycanın görkəmli sənətkarları M.F.Axundov, H.Zərdabi, Q. Zakir və başqaları rus yazıçılarının, o cümlədən Turgenevin yaradıcılığına dərin ehtiram bəsləmiş və yüksək qiymətləndirmişlər.

Turgenevin yaradıcı irsi ilk əvvəllər Azərbaycanda görkəmli ictimai xadimlər, yazıçılar və alimlərin müntəzəm çıxış etdiyiKaspi” qəzetində (bu qəzet XIX əsrdə Azərbaycan ziyalılarının ən kütləvi və ən görkəmli mətbuat orqanı idi) rus dilində yayılmışdır.Rusiyada baş verən ədəbi, mədəni hadisələrə operativ yanaşanKaspi” qəzeti Turgenevin ilk dəfə “Vestnik Evropı” da dərc olunmuş mənsur şeirlərini bir neçə ay sonra öz səhifələrində dərc etmişdi. 1883-cü ilin sentyabr-oktyabr aylarında “Kaspi”qəzeti Turgenevin xatirəsinə bütöv bir seriya məqalə və məktublar həsr etmişdi. Qəzetin oktyabr ayında çıxmış iki nömrəsində Peterburq müxbirininTurgenevin dəfni” başlığı altında böyük yazıları dərc olunmuşdu. Növbəti nömrədə “Kaspi” qəzeti Xruşşov-Sokolnikovunİ.S.Turgenevin ölümünə” (“Əks-səda”) şeiri çap edilmişdi.

Azərbaycan oxucusu Turgenevin adı ilə ilk dəfə “Kəşkül” jurnalının səhifələrində tanış olmuşdur. Jurnalın 1891-ci il 123-cü nömrəsində mənsur şeirlər silsiləsindən TurgenevinBarelyef” və “Onu asın!” adlı iki lirik miniatür hekayələrinin tərcüməsi təqdim olunmuşdu.

1911-ci ildə Ceyhun bəy Hacıbəyovun tərcümə etdiyiPulsuzluq” komediyası Bakıda tamaşaya qoyulmuş, pyes Azərbaycanın digər şəhərlərində - Şuşada, Zaqatalada, Salyanda, Gəncədə, Balakəndə, Lənkəranda və Ordubadda da oynanılmışdı.

1935-ci ildə “Ədəbiyyat”qəzetində Yusif Vəzir Çəmənzəminlinin “Turgenevin yazı üsulu” adlı məqaləsi dərc olunmuşdur. “Klassiklərin yazı üsulunu öyrənmək yalnız yeniyetmələr üçün deyil, oturuşmuş yazıçılarımız üçün də maraqlıdır. Çünki böyük ədiblərin yazı texnikasını öyrənmək ədəbi irsi qavramağa yol açır” - deyə müəllif məqalənin əvvəlində yazır. Lakin eyni zamanda Çəmənzəminli təəssüflə qeyd edir ki, yazıçıların əlyazmalarının, arxivlərinin olmaması üzündən onların yaradıcılığını öyrənmək də mümkün deyil. Əksər halda yazıçılar özləri hər hansı əsəri yazdıqdan sonra planları, konspektləri, qeydlərini öz əsərlərinə əlavə etmişlər. Görkəmli ədib yazırdı: “Ədəbi üsulundan bəhs edəcəyimiz Turgenevin arxivi dünya klassiklərinin arxivləri arasında diqqətəlayiq yer tuta bilər”.

Sonralar Azərbaycanın neçə-neçə yazıçı və ədəbiyyatşünas alimləri Turgenevin çoxsaylı əsərlərini sevə-sevə ana dilimizə tərcümə etmişlər.

Gələn il – 2018-ci ildə 200 yaşını qeyd edəcəyimiz Turgenev qüdrəti, onun bütün əsərləri haqqında bir məqalədə bəhs etmək çətindir. Lakin unudulmaz Mixail Yevqrafoviç Saltıkov-Şedrinin bu sözləri Turgenev irsini sevən bir oxucu kimi ürəyimdən xəbər verir:

“...Ümumiyyətlə, Turgenevin bütün əsərləri haqqında nə demək olar? Onları oxuyandan sonra rahat nəfəs alırsan, hər şeyə asanlıqla inanırsan, canına xoş bir istilik yayılır. Mənən yüksəldiyini aydın duyursan, müəllifə xəyalən xeyir-dua verirsən və onu sevirsən...Gözəgörünməz tellərdən toxunmuş kimi şəffaf olan bu surətlər, hər sətirdə çeşmə kimi qaynayan bu sevgi və işıq aləmi adamda məhz belə bir təəssürat oyadır”.

 

Reyhan Mirzəzadə,

Publisist-politoloq

 

Həftə içi.- 2017.- 15 avqust.- S.4.