“Möcüzəli Naftalan”dan
möcüzəli görüntülər
Yerli və xarici
turistlərin Naftalanda fəaliyyət göstərən
sanatoriya, istirahət mərkəzlərinə marağı hələ
sovet dövründən olub. Bu, sözügedən şəhərin
tarixən sanatoriya-kurort şəhəri kimi məşhurlaşması
ilə bağlıdır.Neft erası bitər-bitməz,
gözlərin qeyri-neft sektorunun inkişafına, xüsusən
də Naftalandakı müalicəvi istirahət və
sağlamlıq mərkəzlərinə dikildiyi bir vaxtda
oradan gələn xəbərlər bu sahədə uğur
qazanacağımızı sual altında qoyur.
Qiymətlərin
baha olması bir yana, həm də xidmətdən şikayətlənənlər
var.Redaksiyamıza müraciət edən Rəna
Əliyeva (ad şərtidir) “Möcüzəli Naftalan”
müalicvəvi sanatoriyasından şikayətçidir. Müəllim kimi
putyovka ilə sözügedən sanatoriyaya yollanan şikayətçi
başına gələnlər barədə bizə
danışdı.
“Ondan başlayım ki, mərkəzə çatar-çatmaz gördüyüm qələbəlik məni təəccübləndirməyə bilməzdi. Çünki “Möcüzəli Naftalan” bölgədəki əvvəl yaranan, digərlərinə nisbətən kiçik sanatoriyalardan sayılır. Buna baxmayaraq, mərkəzdə gələnə yox deyilmirdi. Hətta zirzəmidə də çarpayı qoyub müştəri qəbul edirlər. Orada öyrəndim ki, sanatoriya 94 yerlikdir, amma yeməkxanada 60-dan yuxarı masa qoyulmuşdu və birində 4-6 nəfər otururdu. Bu isə 200-300 nəfər deməkdir. Yeməkxanada nəinki oturmağa, durmağa belə yer olmur. Zirzəmi və xəstələr üçün nəzərdə tutulmayan bütün yerlərdə çarpayı qoyulub. Məlumatsız adamları şəraitsiz yerlərdə qəbul edir, putyovka ilə gələnlər səs-küy saldıqda isə bir-iki gündən sonra yuxarı otaqlara yerləşdirirlər”.
Sanatoriyada verilən yeməklərin şəklini təqdim edən şikayətçi deyir ki, ət yeməkləri alaçiy, keyfiyyətsiz olurdu: “Təsəvvür edin ki, bir yeməkxana masasında əyləşən 4 nəfər üçün cəmi bir xiyar və bir pomidor qoyurlar. Otaqların şəraiti barədə isə danışmağa dəyməz. Yataq dəstləri sanki illərdir dəyişilmir. Hər gün dəyişilməli dəsmalları, yataq dəsti, prosedur üçün verilən pastellər deyəndən 10 gün sonra dəyişdirildi. Yəni deməyənə qədər dəyişmirlər. Adam o qədər çoxdur ki, prosedurlar arasında hamı qaçaqaçdadı ki, dəqiqəsi keçməsin. Dincəlmək mümkün deyil”.
R.Əliyeva sanatoriyada müalicəvi-diaqnostik aparaturaların da köhnə olduğunu deyir və bu azmış kimi ümumi ödənişdən əlavə hər xidmətə görə ayrılıqda pul tətləb olunduğunu bildirir: “İki həftəlik müalicə kursu 700 manatdır, amma göstərilən xidmətlər üçün əlavə pul verməyəndə heç kəsə baxmırlar. Ya da bütün prosedurları yarımçıq edirlər, gah da deyirlər aparat xarab olub”.
Qeyd edək ki, “Möcüzəli Naftalan” sanatoriyası on il əvvəl - 2007-ci ildə tikilib istifadəyə verilib. Bura 94 çarpayılıq korpus, yeməkxana, müalicə və idman zalı, neft vannaları otaqlarından ibarətdir. Mərkəzdə qiymətlər otaqların kateqoriyasından asılı olaraq dəyişir. 14 günlük müalicə kursunun qiyməti 500-750 manat arasındadır. Məbləğə vətəndaşların burda qalması, 3 dəfə qidalanması, müayinə və müalicə daxildir.
Vətəndaşlar bura həm həmkarlar təşkilatları ilə bağlanan müqavilələr əsasında qəbul olunur. Amma edilən şikayətlərdən məlum olur ki, başqa yollarla da qəbul mümkündür. Belə olmasaydı, rəsmi sənədlərdə 94 çarpayılıq olduğu bildirilən mərkəzdə qeyri-qanuni olaraq 200-300 nəfər qəbul olunmazdı.
Şikayəti və mövsümlə bağlı sanatoriyadakı vəziyyəti öyrənmək məqsədi ilə “Möcüzəli Naftalan” sanatoriyasının direktoru Elşən Əmiraslanovla əlaqə saxladıq. Əvvəl özünün də istirahətdə olduğunu deyərək açıqlama vermək istəməyən direktor bunları söylədi: “Biz Əmək və Əhalinin Sosial Müdafiəsi ilə müqavilə əsasında işləyirik. Aya 200 nəfər göndərirlər onlara xidmət edirik”.
Çarpayı sayına gəlincə, E.Əmiraslanov bunun 180 olduğunu deyərək digər suallara cavab vermək istəmədi. Sanatoriyadan olunan şikayəti isə gözlədiyimiz kimi tamamilə cəfəngiyyat adlandırdı.
Redaksiyaya ünvanlanan şikayət və şəkillərdən orada vəziyyətn həqiqətən də ürəkaçan olmadığı qənayətinə gəldiyimiz üçün mövzunu diqqətdə saxlayacağıq.
1. Müalicə-istirahət mərkəzlərinə lisenziyanı hansı qurum verir və nəyə əsasən;
2. Lisenziya verən qurum sonradan həmin mərkəzlərdə monitorinq aparırmı;
3. Sanatoriya və müalicə-istirahət mərkəzlərinə göndərişlə (putyovka) gedəndə hansı güzəştlər olunur? Qiymətlər necə hesablanır – neçə faiz həmkarlar tərəfindən ödənilir?
4. İstirahətdən narazı qaldığı təqdirdə vətəndaşlar hansı addımlar atmalıdır? Şikayət əsasında mərkəzin lisenziyası geri alına bilərmi;
Bu və digər suallara növbəti sayımızda aydınlıq gətirməyə çalışacağıq.
(Ardı var)
Naibə Qurbanova
Həftə içi.- 2017.- 19-21
avqust.- S.3.