"10 ay ərzində BƏƏ-dən Azərbaycana

100 min turist gəlib"

 

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Milli Gün təntənəli bayram kimi qeyd olunub. Bu münasibətlə BƏƏ-nin ölkəmizdəki səfirliyi dövlət və hökumət təmsilçiləri, millət vəkilləri, diplomatik korpus nümayəndələri, ictimaiyyət nümayəndələri və jurnalistlərin iştirakı ilə rəsmi qəbul təşkil edib. İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra, çıxış edən BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əhməd Hamil əl-Qubaisi ölkəsinin yaranma tarixindən söz açıb.

Səfir ölkəsində baş verən son kabinet dəyişikliyi barədə danışaraq bildirib ki, bu gənclərə, elm və millətin proqressiv gələcəyinə verilən dəyərin nümunəsidir. "Son on il ərzində elan edilmiş və həyata keçirilmiş müxtəlif plan və strategiyalar öz bəhrəsini verir. BƏƏ çox yüksək insan inkişafı, təhlükəsiz və sabitlik üzrə ən yaxşı ölkələr sırsına daxildir", - deyən səfir əlavə edib ki, ölkəsi həm də dünyanın müxtəlif bölgələrinə və xalqlarına humanitar yardım edir.

"BƏƏ ilə Azərbaycan arasında dərin tarixi olan dostluq əlaqələri mövcuddur. Səfir deyib ki, son 10 ay ərzində BƏƏ-dən Azərbaycana 100 min turist gəlib. "BƏƏ-nin Azərbaycandakı səfirliyi BƏƏ-Azərbaycan Ticarət Məclisi yaradıb. Bu il ərzində ölkələrimiz arasında ticarət indeksinin artmasına maraq göstərən, təxminən, 40 ticarət tərəfdaşı və şirkətin iştirakı ilə iki iclas keçirdik", - deyən səfir əlavə edib ki, bu məclis iki ölkədəki istehsalçılara qarşılıqlı distribüterləri tapmağa imkan verir.

Azərbaycan tərəfindən çıxış dən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycanla BƏƏ sıx siyasi və iqtisadi əlaqələrə malikdir. O deyib ki, BƏƏ hər zaman Azərbaycana bütün səviyyələrdə dəstək verib. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini müdafiə edib.

Bir az da bu gözəl ölkəyə qiyabi səyahət edək.

Yeddi əmirliyin (əbu-Dabi, Dubay, Şərca,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Acman və Əl-Füceyrə) birləşərək yaratdığı bu dövlət cənubda və qərbdə Səudiyyə Ərəbistanı, şimalda Qətər, cənub-qərbdə Omanla həmsərhəddir. Ümumi ərazisi 83,6 min kvadratkilometr, əhalisinin sayı 8 milyon nəfərdir. Paytaxtı əbu-Dabi şəhəridir.

Əmirliklərin ərazisi iqlim xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qərb və Şərq bölgələrinə ayrılır. Qərb bölgəsində şərti olaraq, qış adlandırılan mövsümdə 20-23 dərəcəyə çatan mülayim, yayda isə 40-43 dərəcəyə çatan isti iqlim hakimdir. Şərq bölgəsi isə tropik qurşaqda yerləşdiyindən, burada ilboyu tropik hava kütlələri hakim olur. Ona görə, bu bölgə quraqlığı və tozlu hava axınının üstünlüyü ilə seçilir. Ölkənin qərbinə il ərzində 100 (daxili rayonlara 50), şərqinə isə 200–300 mm yağış yağır.

BƏƏ-də çay, göl və digər yerüstü su mənbələri yoxdur. Yeraltı sular yeganə həyat mənbəyidir. Hələ qədimdə burada yaşayan tayfalar quyu qazıb, yeraltı sulardan istifadə ediblər. Quyular ətrafında da vahələr yaranıb ki, bunlardan ən böyükləri Liva və Büreymdir. Vahələrdə salınan yaşayış məntəqələri böyüyərək, indki şəhərlərə çevrilib. Əbu-Dabi, Dubay və Şərca belə vahələrdə yaranan şəhərlərdir. Qətərdə olduğu kimi, yeraltı sular ölkənin bəzi yerlərində o qədər çoxdur ki, qum və daşlar arasında bataqlaşmış sahələr əmələ gətirib. Ölkədə yeraltı suların bol olmasına baxmayaraq, suya tələbatı ödəmək üçün dəniz suyunu təmizləyən qurğular tikilib.

BƏƏ-də meşə massivləri yoxdur, əksər yolların kənarlarında ağaclar əkilib.

Mütəxəssislərin fikrincə, eramızdan 6 min il əvvəl BƏƏ ərazisində yaşayış məskənləri olub. Hindistan və Afrika, İran və Mesopotamiya arasında mühüm ticarət mətnəqəsi funksiyasını yerinə yetirən bu ərazilər orta əsrlərdə Portuqaliya, İran, Oman, İngiltərə tərəfindən idarə olunub. 1971-ci ildə əmirliklər Böyük Britaniyadan siyasi müstəqillik əldə edir.

BƏƏ dövlət quruluşuna görə federativ monarxiyadır. Dövlət başçısı ayrı-ayrı əmirliklərin rəhbərləri tərəfindən 5 il müddətinə seçilən prezidentdir (İndiki prezident əbu-Dabi hakimi Xəlifə bin Zaid ən-Nəhayyandır). Ali qanunverici orqan prezident yanında 40 nəfərdən ibarət Məsləhətverici Milli Şuradır. Ali icraedici orqan Dubay əmrinin rəhbərlik etdiyi Nazirlər kabinetidir (Baş nazir Dubay hakimi Məhəmməd bin Rəşid əl-Məktumdur). BƏƏ-də yaşayanların əksəriyyəti yerli və gəlmə ərəblərdir. Neft sənayesinin güclü inkişafı ilə əlaqədar əhalinin sayı xaricilər hesabına xeyli artıb.

Orta ömür müddəti kişilər üçün 70, qadınlar üçün 74 ildir. Əmirliklərdə urbanizasiya prosesi sürətlə gedir. Ölkə əhalisinin 80 faizi şəhərlərdə yaşayır. əbu-Dabi, Dubay, Şərca ən böyük şəhərlərdir.

BƏƏ-də əhalinin əksəriyyəti müsəlmanlardır ki, onların da 90 faizi sünni məzhəbinin ardıcıllarıdır. Dövlətin rəsmi dili ərəb dilidir.

Özünəməxsus mətbəxləri var. BƏƏ-də dünya mətbəxlərində bişirilən hər cür yeməklərə rast gəlinir. Ümumi prizmadan yanaşanda türk mətbəxinə yaxınlığı hiss olunsa da, ədviyyatları, yağları və fərqli yemək bişirmə tərzləri, yeməklərinin dadları türk yeməklərindən fərqlənir.

50-ci illərdə BƏƏ-də neft yataqları kəşf olunanadək iqtisadiyyatın əsasını balıqçılıq və mirvari hasilatı təşkil edirdi. Amma 1962-ci ildən əbu-Dabi neft ixrac etməyə başlayanda ölkə iqtisadiyyatı tanınmayacaq dərəcədə dəyişdi. BƏƏ yaradıldığı gündən onun prezidenti, əbu-Dabinin mərhum hakimi şeyx Zahid neftin ixracından gələn gəliri səhiyyəyə, təhsilə və milli infrastrukturun qurulmasına yatıraraq, bütün əmirliklərin inkişafını təmin etdi.

Biznes və turizmin inkişafı əmirlikdə tikinti prosesini sürətləndirib. Milyardlarla dollara başa gələn layihələrin nəticəsi kimi, əbu-Dabi və kosmopolit Dubaydakı möhtəşəm otel və göydələnlər bu gün dünyada məşhurdur.

BƏƏ-də qiymətli faydalı qazıntılardan neft, təbii qaz, dəmir filizi, daşduz, uran, xromit, nikel, mis, platin, boksit, maqnezit, asbest və sair aşkar edilib. Neft və təbii qaz yataqları daha tez mənimsənilib, digərləri isə hələ də tədqiq edilməkdədir. Məsələn, dağlıq bölgədə yerləşmiş Ras-əl-Xeymə əmirliyinin faydalı qazıntılarla zəngin olduğu məlumdur. Əmirliklərin ən mühüm sərvəti dünyəvi əhəmiyyətə malik neft və təbii qazdır. Ölkə ərazisində və ona məxsus körfəz sularında neft-qaz hövzəsinə aid iki areal (Qətər-Hörmüz və Murban) yerləşir. Qətər – Hörmüz arealında Umm-Şeyf, Əl-İdd-Əş-Şarqi, Murban arealında isə Bu-Qəza, Abu Cidu, Murban ən böyük neft-qaz yataqlarıdır. Murban, Bu – Qəza və Adu Cidu yataqlarının hər birinin neft ehtiyatı təqribən 500 milyon tondur. Ölkə üzrə neft ehtiyatı isə 12 milyard tondan çoxdur. Bu göstəriciyə görə Yaxın və Orta Şərq regionunda Səudiyyə Ərəbistanı, İran, İraq və Küveytdən sonra 5-ci yeri tutur. Təbii qaz ehtiyatı isə 6 trilyon kubmetrdir.

İllik ümumdaxili məhsul istehsalı 600 milyard dollar (dünyada 33-cü), adambaşına düşən milli gəliri isə 65 min dollardır (dünyada 13-cü). Milli pul vahidi BƏƏ dirhəmidir. BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il sentyabrın 1-də qurulub. Azərbaycanın BƏƏ-də səfirliyi 11 aprel 1997-ci ildə təsis edilsə də, Əbu Dabidəki iqamətgahında rəsmən fəaliyyətə 2001-ci il iyunun 16-da başlayı. Eyni zamanda, 2012-ci il martın 14-dən Dubayda Azərbaycanın Baş Konsulluq açılıb. Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov, BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil əl-Qubaisidir.

Bu gün Milli Məclisdə Azərbaycan-BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2016-cı il martın 4-dən qrupun rəhbəri Cavanşir Paşazadədir.

İki ölkə arasında iqtisadi əlaqələr də inkişaf etməkdədir. Azərbaycanın Asiya ölkələri ilə ticarətində idxalın 6, ixracın isə 4 faizi BƏƏ-nin payına düşür. Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir, qarşılığında isə ora kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.

İki dövlətin hökumətləri arasında 23 sənəd imzalanıb.

 

Vüsal Tağıbəyli

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq, BƏƏ-nin ölkəmizdəki səfirliyinin başda səfir Məhəmməd Əhməd Hamil əl-Qubaisi olmaqla bütün diplomatlarını təbdik edirik.

 

Həftə içi.- 2017.- 5 dekabr.- S.4.