Sofiyada gənc rəssamlar
mükafatlandırılıb
Sofiyada
“Nağıl dünyası” rəsm atelyesinin müxtəlif
ölkələrdəki müsabiqələrdə qalib gəlmiş
gənc rəssamlarının mükafatlandırılması
mərasimi keçirilib.
Mərasim çərçivəsində
qaliblərin əsərlərindən ibarət sərgi nümayiş
olunub. Sərgidə 5-16 yaş arası uşaqların 70-ə
yaxın əsəri təqdim edilib.
Atelyenin
gənc rəssamları Azərbaycan, Yaponiya, Rumıniya,
Çexiya, həmçinin Bolqarıstanda keçirilmiş
beynəlxalq müsabiqələrdə iştirak edərək
müxtəlif mükafatlara layiq görülüblər.
Mükafatlandırma mərasimində Bolqarıstanın məşhur sənətşünası Dimitr Qrozdanov və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış ediblər.
Diplomat Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri Uşaq Yaradıcılıq Mərkəzi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə 2016-cı ildən etibarən keçirilən “Dostluğun sehri” Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qaliblərini təbrik edərək, Bolqarıstandan uşaqların artıq ikinci ildir sözügedən yarışmada iştirakından məmnunluğunu bildirib. Səfir ötənilki beynəlxalq yarışmada 11 ölkədən uşaqların iştirak etdiyinə və onların dünyaya dostluq mesajı çatdırdığına diqqət çəkərək, müsabiqəyə təqdim olunan əsərlərin Azərbaycanın nüfuzlu rəssamları tərəfindən dəyərləndirildiyini vurğulayıb. N.Qurbanova tədbir iştirakçılarına cari ilin aprelində Bolqarıstan Milli İncəsənət Qalereyasında müasir Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Azərbaycan – Sehrli rənglərin kainatı” adlı sərginin təşkil olunması və bir ay davam edən sərginin bolqar sənətsevərlərin böyük marağına səbəb olması barədə məlumat verib. Səfir bu kimi tədbirlərin davam etdirilməsinin xalqlarımız arasında mədəni sahədə münasibətlərin daha da genişlənməsinə təkan verəcəyini bildirib.
Sonda diplomat “Dostluğun sehri” I Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qaliblərinə diplom və medalları təqdim edib.
Qeyd edək ki, sözügedən müsabiqədə Bolqarıstandan 2 nəfər birinci, 1 nəfər ikinci, 7 nəfər üçüncü yerə layiq görülüb və 1 nəfər həvəsləndirici diplomla təltif edilib.
Həftə içi.- 2017.- 13
dekabr.- S.8.