“Şubanı dünya geyim

mədəniyyətinə Azərbaycan verib

 

Yaşamaq üçün əri ilə birlikdə Moskvadan Bakıya köçən Aleksandra Loskova Azərbaycanın paytaxtı barədə təəssüratlarını gazeta.ru portalının oxucuları ilə bölüşüb. Moskvalı qızın qeydlərində Bakı barədə müsbət təəssüratlar üstünlük təşkil edir. Lakin Aleksandranı Bakı yollarındakı vəziyyət, avtomobil sürücülərinin xaotik hərəkətləri şoka salıb, eyni zamanda o, “rayonlulardan” və çoxmərtəbəli yaşayış binalarının mərkəzi istilik sisteminin olmamasından da narazıdır:

“Bəli, Bakı hələ Moskva kimi inkişaf etmiş meqapolis deyil, ancaq buranın da öz üstünlükləri var. Əminəm ki, adaptasiya dövrünün sonuna qədər bütün çətinliklər yaddan çıxacaq. Ən başlıcası, Bakıda xeyli istidir, hətta qışda da müsbət temperatur olur. Praktiki olaraq həmişə günəşli, quru hava var. Ayaqqabını havaya görə seçmək lazım gəlmir, hansısa zamş botfort alsan bəs edər”.

Loskova azərbaycanlı xanımların xəz-dəri (şuba) sevgisinə də xüsusi eyham vurub. O, Bakıda şubanın zərurətdən yox, daha çox status üçün geyinildiyini deyib.

Çoxları razılaşar ki, hər il mövsüm gəlincə, sosial şəbəkələrdə, məclislərdə ən çox müzakirə olunan mövzulardan biri məhz qadınların şuba sevgisi ilə bağlı olur. Heyvansevərlər iddia edir ki, qadınların bu istəyi olmasa, ildə milyonlarla canlı öldürülərək dərisindən şuba tikilməz.

Hələlik, məsələnin ekoloji tərəfini bir kənara qoyub, xəz-dərinin geyim mədəniyyətinə verdiyi nəsnələrdən danışacağıq.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, milli geyimlərimiz üzrə tədqiqatçı-alim Sabirə Dünyamalıyeva deyir ki, rusiyalı Aleksandra Loskovanın dediklərində həqiqət var, doğrudan da, çox vaxt şubanı status üçün geyinirik: “Məsələyə sırf geyim tərzi baxımından yanaşsaq, rusiyalı xanımın dediklərində həqiqət var. Şuba və ümumiyyətlə, xəz-dəri geyimləri bizdə daha çox təmtəraqlı görünmək üçündür. Bu, mentalitetdən irəli gələn məsələdir. Şuba xanımlar arasında prestij üçün istifadə olunan geyimidr. İqlimə görə, həqiqətən, şuba bizim ekologiya üçün vacib deyil. Adi bir mənzərə ilə bunu açıq-aydın görmək olar. Təəssüf ki, bir məclisdə şuba geyinənlə, geyinməyənə münasibət hamı tərəfindən eyni olmur”.

Şubanın tarixi barədə danışan müsahibimiz deyir ki, bu geyimi dünyaya Azərbaycan bəxş edib: “Şuba tarixən milli geyimimiz olub. Onu dünya geyim mədəniyyətinə Azərbaycan verib. Geyim tarixinə nəzər salsaq, bunu görərik. Hələ XIII əsrdə bizdə xəz dəridən hazırlanan cübbə deyilən geyim olub. Bu barədə “Kitabi-Dədə Qorqud” dastanında da var və həmin geyim təsvir olunmaqla adı çəkilir.

Cübbə - dünya geyim mədəniyyətində “djuba-şubakimi, bəzi xalqlarda isə yanlış anlaşılaraq, xalat kimi özünə möhkəm yer tutur. Florensiyada cübbə sözünü təhrif edərək cuba, sonra isə şuba deyərək, dünya geyim mədəniyyətinə daxil ediblər”.

Sabirə Dünyamalıyeva deyir ki, heyvansevərlərin qadınların şuba sevgisini hədəfə alması başadüşüləndir: “Onlar birmənalı olaraq haqlıdır. Biz şuba geyinməsək, istehsalçılar heyvanları kütləvi şəkildə öldürməzlər”.

Statistikaya görə, dünyada ildə 75 milyon, yəni saniyədə bir heyvan öldürülür. Bu rəsmi rəqəmlərə etiraz edən beynəlxalq heyvan hüquqlarının müdafiə təşkilatlarının açıqlamasına görə, əslində, göstərici 100 milyondan çoxdur. Yalnız Kanadada bir il ərzində kürk üçün öldürülən suitilərin sayı, təxminən, 350 mindir.

Dünyada kürk istehsalının 85 faizi Çinin payına düşür. Bu kürkün 30 faizi çöl həyatından ovlama və tələqurma yolu ilə, qalanı isə ferma istehsalından əldə edilir. Çində ildə, təxminən, 2 milyona yaxın itpişik paltar, çanta, oyuncaq, papaq, şal kimi geyimlərin bəzənməsində istifadə olunur. Dünyada, təxminən, 500 milyon insan bu kürklərlə bəzənmiş məhsulları tələb edib alır.

Bir xəzdərili kürk üçün nə qədər heyvanın öldürülməsi isə daha dəhşətli rəqəmləri ortaya çıxarır. Əslində, əksər insanlar düşünür ki, bir xəzdərili kürk üçün bir heyvanın öldürülməsi kifayətdir. Təəssüf ki, bu, belə deyil. Ölçüsündən asılı olaraq bir xəzdərili kürkün hazırlanması üçün 25-45 qoyun-quzu, 20-30 ev pişiyi, 12-15 yabanı pişik, 15-20 it, 30-300 siçan, 0-30 tülkü, 60-350 sincab, 20-30 kenquru, 50-250 dələ, 30-40 dovşan, 40-170 şınşıla, 8-27 yenot, 3-30 qurd, 10-30 su samuru, 8-15 vaşaq, 60-70 skuns, 6-10 suiti, 6-8 puma öldürülür.

Heyvanların hansı formada öldürülməsi isə bir ayrı mövzudur. Boyunları burularaq ölənə kimi saxlanılır və bu yolla dəriləri soyulur. Belə olan halda kürk daha dirisağlam qalır. Ac-susuz saxlanılmaqla, iynə vurmaqla, dəriləri zədələnməsinin müxtəlif cür işgəncə verməklə öldürüldüyü bildirilir.

Heyvanların bu formada vəhşiliklə öldürülməsi çox vaxt cəmiyyətdən gizli saxlanılır. Xəz bazarına böyük zərbə olacağını düşünən istehsalçılar yayılan video və şəkillərin qarşısını almağa çalışırlar.

Aparılan təbliğat nəticəsində, cəmiyyətdə kürkləri geyinmək həvəskarı olan qadınlar kimi, kürklərdən imtina edən xanımlar da az deyil. Bir neçə ölkədə isə xəz geyimlərin satışına rəsmi şəkildə qadağa qoyulub. İlk belə ölkə İsrail olub. Böyük Britaniya, Hollandiya, Avstriyada da xəz geyimlərin istehsalı və satışında məhdudiyyətlər mövcuddur.

 

Naibə Qurbanova

 

Həftə içi.- 2017.- 29 dekabr.- S.7.