"...Şeiriylə dolaşdı Yer
kürəsini,
Puşkin -
Rusiyanın şair balası..."
10 fevral - dahi rus şairi Aleksandr
Sergeyeviç Puşkinin əbədiyyətə
qovuşmasının 180 illiyi münasibətilə
“Biz
Puşkinin şəxsində böyük bir dünya
şairini görürük; başqaları onun şəxsində
yalnız böyük bir rus şairini görürlər və
(beləliklə də Rusiyanın dünya əhəmiyyətini
inkar edirlər), bəziləri isə onun şəxsində
yalnız əla nazim görürlər. Kim haqlı, kim müqəssirdir?
Kimi edam, kimi əfv etmək lazımdır?.. Heç kəsi,
hörmətli cənablar! Fikrin azad səltənətində
edamlar və əfvlər olmamalıdır! Qoy hər kəs
öz əqidəsini azad söyləsin, əgər bu əqidə
azaddırsa, yəni şəxsiyyətlə əlaqədar
deyilsə və xüsusi mənafe hissinə yaddırsa, qoy
onu azad da söyləsin. Puşkin haqqında
danışır və mübahisə edirlər: təkcə
bunun özü göstərir ki, bu, vacib söhbətdir.
Puşkin haqqındakı yalan fikirlər və yanlış
anlayışlar gələcək nəsillərdə ona zərər
gətirməyəcək, bəlkə onun haqqındakı məsələnin
tez həll olunmasına kömək edəcəkdir. Puşkin,
onun haqqında deyilənlərdən nə artmayacaq, nə də
əskilməyəcəkdir, o, həqiqətən necə
varsa, gələcək nəsillər də onu elə
tanıyacaqlar. Onun haqqında deyilmiş müxtəlif və
bir-birinə zidd fikirlərdən isə yalnız biri - həqiqət
olan təsdiq ediləcəkdir".
Vissarion Qriqoryeviç Belinski
Görkəmli rus ədəbi tənqidçisi
“Puşkinin rus ədəbiyyatındakı
rolunu və yerini müəyyənləşdirmək
üçün ölçü vahidi yoxdur. Ona görə
ki, rus ədəbiyyatı və ictimai fikrinin yaranma və
inkişafında Puşkinin rolu ölçüyəgəlməzdir.
Çünki o yalnız yaratmayıb, həm də yaratdıqlarını
ömründən sonra davam etdirib. O, həm əsl milli rus ədəbiyyatının
banisi, həm də onun davamçısıdır. Puşkin
bu gün də öz davamçılarının
yaradıcılığında yaşayır və bu ədəbiyyatı
yüksəldir. Bunun üçün də biz ona şairlər
şairi deməkdə haqlıyıq".
Bəxtiyar Vahabzadə,
Azərbaycanın Xalq şairi
Azərbaycan-rus ədəbi əlaqələri çox qədimdən tarixdə öz parlaq izlərini qoyub. Xalqımızın və bəşəriyyətin dahi şairi Nizami Gəncəvinin hələ doqquz əsr bundan əvvəl "Yeddi gözəl" dastanında ilhamla təsvir etdiyi yeddi gözəldən biri - Qırmızı qəsrdə yaşayan şahzadə rus qızının - kitab oxumağı sevən, mədəniyyəti ilə zövq oxşayan slavyan gözəlinin obrazı, yəqin ki, çoxlarının yadındadır.
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri bütün xalqların ədəbiyyat və mədəniyyətinə, o cümlədən Rusiyanın böyük sənətkarlarına həmişə hörmət və ehtiram bəsləmişlər.
Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi, dramaturq və Lermontov şeirlərinin tərcüməsinə böyük əmək sərf etmiş Məmməd Rahim rus şairinə həsr etdiyi "Mən səni sevmişəm" şeirində deyir:
Mən səni sevmişəm öz canım kimi,
Füzulim, Nəsimim, Xaqanım kimi.
Azərbaycanın ilk qadın Xalq şairi, Əməkdar mədəniyyət işçisi Mirvarid Dilbazi "Rus təbiəti" adlı şeirində ruslara xas olan nəcib keyfiyyətləri onların sadəlik və səmimiyyətində, əməksevərliyində, bütün millətlərə və xalqlara hörmət bəsləməsində, düzlük və mərdliyində görür:
Safdır və sadədir rus təbiəti,
Yaxşı tanımaqçın bu şən milləti
Onunla yoldaşlıq edəsən gərək,
Onunla bir
yolda gedəsən gərək,
Görəsən
dostluqda sədaqətini,
Onda tanıyarsan rus millətini.
XIX əsrin
20-30-cu illərində görkəmli şair,
yazıçı, tarixçi-filosof və mütəfəkkirimiz
Abasqulu ağa Bakıxanovun görkəmli rus şairləri
Aleksandr Sergeyeviç Qriboyedov və Aleksandr Sergeyeviç
Puşkinlə, Qafqaza sürgün edilmiş dekabrist şairlərdən
Vilhelm Karloviç Küxelbeker, Aleksandr Aleksandroviç
Bestujev-Marlinski, Aleksandr İvanoviç Odoyevski ilə
yaxın dost olduğunu, Varşavada olarkən Puşkinin
bacısının evində, Peterburqda Puşkinlər ailəsində
səmimiyyətlə qarşılandığını bilənlər
yəqinki az deyil.
Rusiya Elmlər
Akademiyasının ilk azərbaycanlı üzvü, məşhur
şərqşünas, ədəbiyyatşünas,
tarixçi alim Mirzə Kazım bəyin 40 ildən artıq
Rusiyanın ali məktəblərində dərs dediyi də
hamıya məlumdur (son iki abzasda qeyd etdiyim məsələlərə
bir qədər sonra yenidən toxunacağam).
Bir
neçə gündən sonra, Rusiya və beynəlxalq ədəbi
aləm nəinki Rusiyanın, eləcə də
dünyanın böyük və sevilən sənətkarı
Aleksandr Sergeyeviç Puşkinin əbədiyyətə
qovuşmasının 180 illiyini həzin və unudulmaz xatirə
kimi qeyd edəcək.
Puşkinin adı bizim xalqımız və ölkəmizin
vətəndaşları üçün də çox əzizdir. Dahi şairin
yaradıcılığı iki əsrə yaxındır ki,
yurdumuzda ehtiramla qarşılanır. Onun əsərlərini
bir-birini əvəz edən nəsillər sevə-sevə
oxuyur, nakam şairin xatirəsini daim əziz tuturlar.
A.S.
Puşkin 1799-cu il iyun ayının 6-da Moskvada, ədəbiyyatçı
və tarixçi Nikolay Mixayloviç Karamzin, şair və
alim İvan İvanoviç Dmitriyev, şair və tənqidçi
Vasili Andreyeviç Jukovski, şair Konstantin Nikolayeviç
Batyuşkovun və həmin dövrün digər görkəmli
rus ədiblərinin tez-tez qonaq gəldikləri çox da
varlı olmayan bir zadəgan ailəsində anadan olmuşdu. Gələcək şairin atası, əmisi Sergey və
Vasili Lvoviçlər də zəmanəsinin
tanınmış adamlarından idi. Anası
Nadejda Osipovna Böyük Pyotrun zəncisi kimi məşhur
olan İbrahimin nəvəsi kimi tanınırdı. Sergey Lvoviç arabir şeirlər yazırdı,
onun zəngin kitabxanası vardı. Puşkin XVIII-XIX əsrlər
rus və Avropa klassiklərinin əsərləri ilə məhz
atasının kitabxanasında tanış
olmuşdu.
Puşkinin
tərcümeyi-halında bəzi məqamlar vardır ki, bu,
bütün dünya oxucularının da marağına səbə
olmuşdu. Şair bu barədə yazırdı: "Ana tərəfdən
nəslimizin tarixini maraqlı hesab edirəm. Anamın
tərəfindən onu bilirəm ki, onun həbəş
babası varlı bir knyazın oğlu olubdur. Konstantinopolda (İstanbulda) rus elçisi onu sarayda əmanət
kimi saxlanan uşaqların içindən tapıb və iki
digər ərəb balası ilə birlikdə I Pyotra göndərmişdir.
Hökmdar 1707-ci ildə Polşa kralı Avqustun
arvadı ilə birlikdə Vilnoda (Vilnüs şəhərinin
keçmiş adı - R.Mirzəzadə) balaca İbrahimi
xaç suyuna salıb, ona Hannibal familiyasını
vermişdir. Mərasim zamanı isə onu
Pyotr adlandırmışdır. Hannibal
ağlayıb, yeni adı qəbul etmək istəməyibdir.
O, ölənə qədər Abram adlanıbdır. Hannibalın böyük qardaşı sonralar
Peterburqa gəlib, Pyotra pul verib, Hannibalı azad etdirmək istəyibdir.
Lakin Pyotr onu geri qaytarmayıb və həmişəlik
yanında saxlayıbdır...".
Əlbəttə, bu o demək deyildi ki, Abram
Petroviç Hannibal (İbrahim) taleyində uduzmuşdu. Bəlkə də
Tanrı öz mərhəmətini ona bu istiqamətdə bəxş
etmişdi ki, Abram sonralar Rusiyada ən yüksək vəzifələrə
ucalıb, böyük sərvət sahibi olmuşdu.
Rusiyada Yelizaveta Petrovnanın hakimiyyətdə olduğu
dövrdə, yəni 1741-ci ildə Hannibal ordu generalı vəzifəsinədək
yüksəldi. O, geniş və sanballı tikinti-quruculuq işləri
ilə məşğul olurdu. İmperiyanın
inşaat işlərində - kanallar, evlər, qalalar
tikintisində əsas mütəxəssislərdən biri idi.
1756-cı ildə general-mühəndis, yəni bütün
ölkənin baş hərbi mühəndisi təyin olunan
Abram Petroviç Hannibal, III Pyotrun dövründə istefaya
çıxaraq, özünün Peterburq
yaxınlığındakı malikanəsinə çəkildi.
1780-ci ilin əvvəlində 82 yaşlı Hannibal vəsiyyətnaməsini
hazırlayıb, öz kapitalını 7 övladı
arasında böləndə və bir il sonra dünyadan
köçəndə, ağlına da gəlməzdi ki,18 ildən
sonra elə Rusiyanın özündə onun nəslini,
ulularını, dostlarını əbədiyyətə
qovuşduran bir oğlan uşağı dünyaya gələcəkdir.
Əslində, 1780-ci ildə Hannibal, sanki İlahinin diqtəsi
ilə Puşkin üçün də müəyyən
şeylər "hazırlamışdı". Qoca ərəb
özünün çoxlu malikanələrindən yalnız
Mixaylovski və Petrovski kəndlərini saxlaya bilmişdi.
Sonralar, yəni 1824-cü ilin sentyabrında Puşkinin
Mixaylovski kəndində şair dostu Nikolay Mixayloviç
Yazıkova yazdığı şeir- məktubun
misralarını yada salmaq, zənn edirəm ki, maraqlı
olardı:
Səni
gözləyirəm mən o kənddə ki,
O yerdə
Pyotrun əzizi olan
Şahın,
şahzadənin sevimli qulu-
Mənim
ulu babam - ərəb bir zaman,
Gizlənib
özünə salmışdı məskən,
O yer də
çıxmışdı xatirəsindən.
Babamın,
hökmdar Yelizaveta
Təntənəli
vədlər, bəzəkili saray
Cökə
xiyabanı kölgələrində
Sərin
göründükcə ona isti yay
Uzaq
Afrikanı o eyləyib yad
Xəyalən
o yerdə çalarmış qanad
Gözləyirəm səni, bax, o kənddə mən.
İki-üç
ildən sonra Puşkin "Böyük Pyotrun ərəbi"
povestində və daha sonra "Mənim nəslim"
şeirində ulu babasını və əcdadlarını
hörmətlə yad edirdi...
...Puşkinlər
ailəsində uşaqların tərbiyəsi ilə
xüsusi mürəbbilər məşğul olurdu. Gələcəyin
böyük şairinin mənəvi inkişafında iki şəxsin
xüsusi xidməti vardı: şairin ana nənəsi M. A.
Hannibal (o, 1801-ci ildən sonra Puşkinlər ailəsində
yaşamışdı) və Puşkinin sevimli dayəsi Arina
Radionovna.
Erkən yaşlarında Aleksandr Sergeyeviç tosqun,
biçimsiz və ləng bir uşaq idi. Şairin bacısı onun
uşaqlıq çağlarını belə
xatırlayır: "O öz köklüyü, ləngliyi və
qaradinməzliyi ilə anamı çərlətmişdi.
Anam, az qala, zor gücünə onu hər
gün gəzməyə aparır, hətta qaçmağa məcbur
edirdi. Buna görə o, nənəsi Mariya Alekseyevnanın
yanında qalmağı xoşlayırdı: onun zənbilinə
girib oturur, nənəsinin necə tikib-toxuduğuna tamaşa
eləyirdi. Lakin yeddi yaşına
çatar-çatmaz o, şux və dəcəl bir uşaq
oldu.
1811-ci ildə Aleksandr əmisinin köməkliyi ilə
çar kəndində zadəgan uşaqları
üçün yenicə təşkil edilmiş məktəbə
(litseyə) daxil olur və 1817-ci ilin yayına qədər
burada təhsil alır. Litseydə oxuyarkən o, yüksək
savadı ilə bir çox yoldaşlarından kəskin fərqlənsə
də, öz üstünlüyünü heç vaxt
qabartmırdı. Hətta imtahan zamanı
dövrün tanınmış şairi və dövlət
xadimi Qavril Romanoviç Derjavini "Çar kəndi
haqqında xatirələr" şeiri ilə əməlli-başlı
heyrətə gətirmişdi. Gənc
Puşkin bu şeirində rus xalqının qəhrəmanlığından
vətəndaşlıq duyğusu ilə bəhs edirdi. Onu da deyim ki, Puşkinin ilk şeiri 1814-cü ilin 15
iyulunda "Vestnik Evropı" jurnalının 13-cü
nömrəsində çap olunmuşdur. "Şair
dostuma" adlanan bu şeirini Aleksandr Sergeyeviç şair
dostu Vilhelm Küxelbekerə həsr etmişdir.
Litseyçilərin təlim-tərbiyəsi ilə
dövrün mütərəqqi fikirli professor və müəllimləri
məşğul olurdu. Məktəbə çoxlu siyasi ədəbiyyat
gətirilirdi. Odur ki, bu təhsil
ocağı siyasi-demokratik fikirlərin mərkəzinə
çevrilmişdi. Puşkin və onun
dostları haqlı olaraq məktəbi "Litsey
respublikası" adlandırırdılar.
Şair
1815-ci ildə yazdığı "Litsiniyə"
şeirində "Sinəmdə azadlıq hissi coşur,
böyük bir xalqın ruhu qəlbimdə baş
qaldırmışdır", - deyə bütün
varlığı ilə mənsub olduğu xalqa bağlı
olduğunu etiraf edirdi. V. Jukovski şair, alim, ədəbi tənqidçi
və tarixçi Pyotr Andreyeviç Vyazemskiyə
yazırdı: "Puşkin bizim söz sənətimizin gələcəyidir...".
Litseyi
bitirib, kollec katibi rütbəsində Xarici İşlər
Kollegiyasına təyinat alan Puşkin,
poeziya aləminə də "Litsey şeirləri" ilə
gəldi. Mənzum məktub, romans, sonet, elegiya,
oda, satira və epiqramlardan ibarət olan ilk şeirlərində
o, novator sənətkar kimi öz sözünü deyə
bildi, müasir rus həyatının ən mühüm
problemlərini cəsarətlə həll etməyə müvəffəq
oldu. Bu əsərlərin bir çoxu onun
ideya və yaradıcılıq dostları olan Puşşin,
Delanq, Küxelbeker, Çaadayev, Turgenev, Qaliç, Yudin kimi
siyasi düşüncəli gənclərə həsr
edilmişdir. Dekabristlərin rəhbərlik
etdiyi "Yaşıl çıraq" ədəbi teatr cəmiyyətinin
üzvü olan gənc şairin şeirlərinin
hamısında zadəgan həyatına, zadəgan ənənələrinə
qarşı güclü etiraz duyğuları əsas yer
tuturdu.
Azadlıq ideyaları onu xüsusilə özünə
cəlb etmişdi. Gənc şair ətrafa nəzər
salır, hər yerdə eyni ağır vəziyyəti,
zülmü və zəncirləri görürdü.
"Azadlıq" adlı məşhur odasında şair
yazırdı:
Əfsus
ki, hər yana eyləsəm nəzər -
Bir zəncir
görürəm, bir də ki, qamçı;
Hər
yanda məhv edən o sarsıdıcı
Qanunlar, əsarət, göz yaşı gəzər.
Şair
gördüyü, duyduğu, acı mənzərələrlə
razılaşmır, qəlbində güclü
narazılıq və üsyan baş qaldırır,
hökmdara müraciət edərək, həqiqəti cəsarətlə
onun üzünə deyir, xalqın böyük
gücünü, ədaləti ona xatırladırdı:
Ey
zalım hökmdar, qəddar hökmran,
Yox səni,
tacını heç görən gözüm...
Lənətin
möhrünü görüb üzündən
Oxuyur
tayfalar baxaraq sənə,
Allaha tənəsən,
kainatda sən,
Dəhşətsən,
ləkəsən bu yer üzünə...
İbrət
götürünüz, ey çarlar, ibrət,
Nə
ağır cəzalar, nə ərməğanlar,
Nə
mehrablar, nə də soyuq zindanlar
Sadiq hasar
deyil şahlara əlbət...
Şairin
"Çaadayevə" şerindəki güclü məntiqə
diqqət yetirək:
Nə qədər
ki, yanar, alovlanaraq
Azadlıq
eşqi ilə coşqun qəlbimiz,
Nə qədər
şərəflə, namusla ancaq,
Yaşayıb
dünyada bir gedirik biz,
Ey mənim
əzizim, müqəddəs, gözəl
Arzusunu bu
gün könlümüzün gəl,
Həsr
edək Vətənə, əziz Vətənə,
Yoldaş,
inan buna, deyirəm sənə
Bir
gün səadətin cazib ulduzu
Doğacaq,
Rusiya ayılacaqdır,
Onda
mütləqiyyət xərabəsinin
Üstündə adımız yazılacaqdır.
Puşkin orijinal milli şair kimi yetişərkən, sənətin
və poeziyanın böyük xalq işi olduğunu dərk
edir və öz yaradıcılığında bu cəhətə
xüsusi olaraq diqqət edirdi. Qorki yazırdı: "Puşkin ilk
olaraq hiss etmişdir ki, ədəbiyyat birinci dərəcəli
əhəmiyyətə malik olan ümummilli bir işdir. O, birinci
olaraq ədəbiyyatçının adını və şərəfini
o zamana qədər mümkün olmayan bir yüksəkliyə
qaldırmışdır: onun nəzərində
şair-xalqın bütün arzu və istəklərinin ifadəçisidir,
həyatın bütün hadisələrini anlayıb əks
etdirmək şairin vəzifəsidir".
Puşkin irihəcmli əsərlər yazmağa hələ
liseydə təhsil alarkən başlamışdı. "Ruslan və
Lyüdmila" poeması liseydə yaranmışdı.
Puşkin yeni romantik poeması ilə saxta və
yalançı klassisizmə ağır zərbə vurdu,
Poema xalq ədəbiyyatı motivləri əsasında, həm
də qüvvətli bədii üslubda
yazılmışdır. V. Jukovski poemanı oxuduqdan
sonra öz şəklini Puşkinə göndərmiş və
şəklin arxasında bu sözləri yazmışdı:
"Məğlub olmuş şairdən, qalib gəlmiş
şagirdə".
"Qalib
gəlmiş şagird" isə düşmənləri
getdikcə daha güclü misralarla nişan
alırdı:
Nədir, nasir dostum, hey əlləşirsən?
İstədiyin
fikri gəl, mənə ver sən!
Mən
onun ucunu kəskinləşdirim,
Ona qafiyədən bir qanad verim.
Çəkim,
gərginləşsin əlimdə kaman,
Atım,
qoy başlasın fəryada düşman!
Öz dövründə Puşkinin ən düzgün
qiymətini verən Belinski olmuşdur. Demokratik fikrin
ən görkəmli nümayəndəsi olan Belinski hələ
şairin sağlığından başlayaraq, onun
yaradıcılığına dair bir çox məqalə həsr
etmişdi. Puşkini birinci olaraq dahi rus
şairi adlandıran Belinski idi. Halbuki,
Puşkindən əvvəl Rusiyada Lomonosov, Derjavin, Jukovski kimi
qüvvətli şairlər var idi. Belinskiyə
görə, Puşkinin böyüklüyü onda idi ki, o bir
dəniz kimi özündən əvvəlki ədəbiyyatın
bütün xırda və böyük çaylarını
öz qoynuna almışdı. O, realist bir sənətkar
kimi rus ədəbiyyatının gələcək inkişaf
yolunu təyin etmiş və bu inkişafın sağlam
bünövrəsini qoymuşdur.
Lakin Belinskinin obyektiv elmi qiymətinə gəlib
çıxana qədər Puşkin ilk şeirlərindən
başlayaraq, uzun zaman kəskin hücumlara, haqsız təqiblərə
məruz qalmışdı. Hər şeydən əvvəl
onu deyək ki, çar və onun hakimiyyət dairəsi
üçün Puşkin çox qorxulu bir qüvvə idi.
Onun mövcud quruluşa qarşı müxalifətçi
mövqe tutan şəxsiyyətini, azadlığı təbliğ
edən, sadə xalq adamlarına rəğbət bəsləyən
üsyankar şeirlərini çar və onun çinovnikləri
həzm edə bilmirdilər.
Hələ 1790-cı ildə Puşkin anadan
olmamışdan, inqilabçı, yazıçı
Radişşev "Peterburqdan Moskvaya səyahət"
adlı əsərində rus ədəbiyyatında ilk dəfə
təhkimçilik rejiminə, çar mütləqiyyətinə
ağır bir zərbə endirmişdi. Puşkin
özünün azadlıq uğrunda mübarizəsini
Radişşev işinin davamı hesab edirdi. Tərəqqipərvər dvoryanlar, xüsusən gənc
nəsil dünyada baş verən ictimai - siyasi hadisələrə
çox həssaslıqla yanaşırdılar. Fransada, İtaliyada, İspaniyada, Yunanıstanda və
başqa ölkələrdəki üsyanlar, inqilabi
çıxışlar onları xalqın taleyi haqqında
ciddi düşünməyə vadar edirdi.
Puşkinin artıq başı üzərində qara
buludlar gəzirdi. Çar Birinci Aleksandr litseyin direktoru Yeqor Antonoviç
Engelqarta demişdi: "Sənin keçmiş tələbən
Puşkin özünün dəhşətli şeirləri ilə
bütün Rusiyanı ayağa qaldırmışdır. Gənclər onun şeirlərini əzbər bilir.
Puşkini Sibirə göndərmək vaxtı
çatmışdır".
M.
Karamzinin və V. Jukovskinin səyi nəticəsində Sibir
sürgünü cənub sürgünündə hərbi
xidmətlə əvəz edildi.
(ardı gələn
sayımızda)
Reyhan Mirzəzadə,
publisist-politoloq
Həftə içi.- 2017.- 1
fevral.- S.4.