"...Şeiriylə dolaşdı Yer
kürəsini,
Puşkin - Rusiyanın şair
balası..."
10 fevral - dahi rus
şairi Aleksandr Sergeyeviç Puşkinin əbədiyyətə
qovuşmasının 180 illiyi münasibətilə
(Əvvəli
ötən sayımızda)
1820-1824-cü illərdə cənub sürgünü Puşkin romantizminin zirvəsi oldu. Bessarabiyadakı xidməti, Vətən müharibəsinin qəhrəman döyüşçüsü, sərkərdəsi, general Nikolay Nikolayeviç Rayevskinin ailəsi ilə Şimali Qafqaza və Krıma səfərə çıxmasının şairin yaradıcılığında böyük əhəmiyyəti oldu. Burada xüsusi qeyd etmək istərdim ki, Rayevskinin ailə üzvləri ilə Puşkin arasında olduqca səmimi və mehriban münasibət vardı. Bu səmimiyyət duyğularına daha bir incə, munis hisslər də əlavə olunmuşdu. Şair, generalın böyük qızı Mariyaya aşiq olub, onu saf bir məhəbbətlə sevsə də, Rayevski çar qəzəbinə hədəf olmuş şairə qızını vermək istəmir, bu evliliyi uyğunsuz hesab edir.
Bir müddət Yekatironoslavlda, Qafqaz mədən sularında, Kişinyovda, Odessada yaşamağa və işləməyə məcbur olan şair, Peterburqdan uzaq düşsə də, çox yerlər gəzir, çox adamlar görür, yeni-yeni təəssüratlarla yazıb-yaradır. Xüsusən Qafqazın təbiəti, cəsur adamları, Qafqaz xalqlarının adət və ənənələri Puşkin üçün maraqlı mövzular idi. Puşkin dövrünün bu "sürgünü"nə yeni gözəl əsərlərilə cavab verdi. Məhz həmin yerlərdə şairin "Qafqaz əsiri", "Baxçasaray fantanı", "Qaraçılar" dan ibarət romantik poemalar trilogiyası yarandı.Rus ədəbiyyatını zənginləşdirən bu trilogiya sonralar Şərq mövzusuna müraciət edən neçə-neçə şair və yazıçıların çoxsaylı əsərlərinin yaranmasına geniş imkanlar yaratdı. "Qalib gəlmiş şagird"in "Qafqaz əsiri" poemasında xalqın azadlıq mübarizəsi rənglərin bütün dolğunluğu, parlaqlığı ilə təsvir edilmişdir. Poemada ictimai - siyasi motivlər daha qüvvətlidir. "Qanriliada", "Qaçaq qardaşlar", "Baxçasaray fantanı" kimi poemalarda da başlıca motiv yenə azadlıqdır. "Baxçasaray fantanı" istər məzmun və istərsə də ifadə gözəlliyi, poetik dolğunluğuna görə rus poeziyasında yeni bədii hadisə idi. Belinski deyirdi: "Baxçasaray fantanı"nda forma cəhətdən irəliyə doğru böyük addım atıldığını görürük. Şeiriyyəti daha yaxşıdır. Poeziyası bəzəkli və təravətlidir. Bu poemanın əsasında ancaq tamamilə inkişaf etmiş və püxtələşmiş istedadın qüvvəsi çatacaq qədər böyük bir fikir qoyulmuşdur".
"Qaraçılar" poemasında şairin şəxsi iztirabları, cəmiyyətdən şikayəti daha aydın və realist boyalarla verilmişdir. "Qafqaz əsiri"nin qəhrəmanı kimi Aleko da öz sinfi mahiyyətinə, kübar cəmiyyətinə nifrət edir, zümrəsindən üz döndərir, azadlığı, qaraçıların sərbəst həyatını üstün tutur.Görkəmli rus şairi Aleksandr Prokofyev "Heykələ dönüb" şeirində Puşkinin bir neçə əsərini təbii boyalarla vəsf edirdi: ( Şeiri şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllibov tərcümə etmişdir)
O elə şimşəkdi, elə atəşdi,
Yardı zülmətləri şöhrəti, adı.
O elə günəşdi, elə günəşdi,
Rusiya göylərində doğdu, parladı.
Əsrin yaratdığı canlı şeirdi,
O da qartal
kimi qanadlı oldu.
“Qafqaz əsiri"nə
azadlıq verdi
Sənət meydanında “Tunc atlı" oldu.
Sədd
çəkə bilmədi əzəldən bəri,
Nə bir millət ona, nə bir din ona.
Əlləriylə
düzdü şöhrət gülləri,
“Tatyana", “Yevgeni Onegin" ona.
Ona doğma
oldu dekabristlər,
Öz ürəyi kimi, öz canı kimi.
Böyük
arzularla hər axşam, səhər,
Coşdu "Baxçasaray fantanı" kimi.
Şeiri
məlhəm oldu kədərə, dərdə,
Əzmi yenilmədi çətində, darda.
Zülmət
gecələrdə, lal gecələrdə,
Ona həmdəm oldu “Qaraçılar" da.
Ellərin
səsinə qatdı səsini,
Dedi:
“Dağılmazdır şeirin qalası".
Şeiriylə
dolaşdı Yer kürəsini,
Puşkin
- Rusiyanın şair balası…
Lakin cənub sürgününü də Puşkinə
çox görürdülər.Bessarabiya vilayətinin
canişini qraf M.C.Vorontsovla münaqişəsi və polislərin
təqibi şairin 1824-1826-cı illərdə şimal
sürgünündə, Mixaylovski kəndində
yaşaması ilə nəticələndi.Cənub
sürgünündə Puşkin
dost-tanışlarının arasında olsa da, Mixaylovskidəki
tənhalığı şair üçün ağır
idi.Buna baxmayaraq, şairin şimaldakı sürgünü
daha məhsuldar olur. Cənubda başladığı
"Yevgeni Onegin" mənzum romanının üzərində
işləyir. "Boris Qodunov" faciəsini və
"Kitabsatanın şairlə söhbəti", "Andrey
Şenye", "Peyğəmbər", "Qurana təqlid"
və başqa şeirlərini yazır. Həmin illər istər
Puşkinin həyatında, istərsə də Rusiyanın
tarixində dönüş anına çevrilən 1825-ci il 14 dekabr üsyanının ərəfəsi
idi. Çar I Nikolay Puşkini Moskvaya
çağırıb, "günahını
bağışlayır". Lakin bu
azadlıq zahiri azadlıq olur.Çar onun şəxsi senzoru
kimi, qələmindən çıxan hər bir əsəri
birinci özü oxuyurdu. Puşkin
ömrünün sonuna qədər çar təqibinin
ağırlığını duydu.
Rusiyadakı azadlıq hərəkatı tarixində
A.S.Puşkinin xüsusi mövqeyi vardı. Şairin ilk
rus inqilabçıları nəsli olan dekabristlərlə əlaqəsi,
onun həyatı və sənətində ən mühüm
cəhətlərindən biri sayılır.
Vətən müharibəsində rus xalqı
işğalçı Napaleon ordusuna qələbə
çalıb, sevimli Moskvanı göz bəbəyi kimi
qorumuşdu. Bu, rus xalqının şöhrətini son dərəcə
yüksəkliklərə qaldıran bir qələbə idi.
Möhtəşəm qələbə Qərbi
Avropanı və bir çox Qərb yazıçılarını
ümidsizliyə, bədbinliyə saldığı halda, rus
torpağında, rus ədəbiyyatında vətənpərvərlik,
milli iftixar və mübarizə hisslərini çox qüvvətləndirmişdi.
Puşkinin dostlarından biri olan Borf yazırdı:"Borodino
döyüşü və Moskvanın alınması
zamanı tökdüyümüz qızğın göz
yaşlarını xatırlamaya bilmirəm. Fransızlar
Moskvadan çəkildikdə isə göz
yaşlarımızı ümumu bir sevinc və şənlik əvəz
etdi".
Puşkin hələ 1815-ci ildə yazdığı
"Çar kəndində xatirələr" adlı
şeirində gözəl Moskvanın müharibə
zamanı keçirdiyi faciəni, rus xalqının
düşməndən amansız intiqam alıb
çahanşümül zəfər qazanmasını
böyük fəxrlə qeyd edirdi. Şairin yaradıcılıq və
dünyagörüşünün inkişafı hər
şeydən əvvəl 1812-ci ilin Vətən müharibəsi , o zamanki rus varlığı,
qabaqcıl rus ictimai fikri ilə əlaqədar idi. Dekabrist
Murovyov - Anostol çox gözəl yazmışdı:
"Biz hamımız 1812-ci ilin övladları idik".
Şairin litsey yoldaşları arasında gələcək
dekabristlərdən Puşşin, Küxelbeker və
başqaları da vardı. Çaadayev siyasi və
fəlsəfi cəhətdən çox hazırlıqlı,
mədəni gənclərdən idi. Puşkin onunla səmimi
dost olmuşdur.
1821- ci ilin aprelində Puşkin dekabristlərin cənub
cəmiyyətinin ən fəal üzvlərindən biri olan
Pestel ilə dostluğu haqqında yazırdı: "Biz onunla
siyasi, metafizik və əxlaqi mövzularda söhbətlər
etdik. Bu, mənim tanıdığım ən
orijinal ağıl sahiblərindən biridir...Yalnız Pestel
kimi inqilabi düşüncə sahibi Rusiyanı bir
yazıçının rus dilini sevdiyi qədər sevə
bilər".
Puşkinin şəxsində çar öz böyük
düşmənini görürdü. Təşvişə
düşmüş hökmdar (I Aleksandr və ondan sonra I
Nikolay) gənc şairi susdurmaq və ya onun ilhamını zəhərləmək
üçün nə qədər hiyləgər tədbirlərə
əl atsa da, çirkin məqsədinə çata bilmirdi.
Vətən və xalq səadəti yolunda
mübarizə meydanına atılmış şairi heç
bir qüvvə bu meydandan çıxara bilməzdi; onu
sürgünlərlə, təqib və təhdidlərlə
qorxutmaq mümkün deyildi.
Puşkinin siyasi lirikasındakı mübarizə
çağırışı hamıdan çox dekabristlərə
xoş gəlirdi. Ürəkləri vətən məhəbbəti
və çar istibdadına nifrət hissləri ilə
dalğalanan dekabristlər üçün Puşkin şeiri
son dərəcə qüvvətli, mübariz ilham mənbəyi
idi. Onlar Puşkinə Rusiyanın, böyük rus
xalqının səadəti yolunda
çarpışanların pənahı kimi baxırdılar.
1825 - ci ildə Peterburqdakı Senat
meydanında dekabristlər üsyanına bir ay qalmış,
dekabrist üsyanı başçılarından məşhur
şair K. Rıleyev öz dostu Puşkinə yazırdı:
"Rusiya gözlərini sənə dikmişdir: hamı səni
sevir, sənə inanır, səni təqlid edir. Şair və
vətəndaş ol!". Bu,
yalnız Rıleyevin deyil, rus xalqının ən qabaqcıl
adamlarının arzu və etimadı idi. Dahi
şair və vətəndaş Puşkin öz ölməz əsərləri,
şərəfli həyatı ilə bu etimadı
doğrultdu.
Dekabrist üsyanı cəllad çar tərəfindən
vəhşicəsinə yatırıldı. Üsyançılardan beş nəfəri dar ağacından
asıldı, bunların sırasında Rıleyev də var
idi. 120 nəfər Sibirə və cənuba
sürgün edildi. İstintaq zamanı
aydın oldu ki, Puşkin dekabristlərin mənəvi
başçısı və ilhamçısı imiş.
Onların demək olar ki, hamısının
kağızlarının içərisindən Puşkinin
şeirləri çıxırdı. Məslək
dostlarının bu uğursuz taleyi Puşkinə son dərəcə
ağır və ibrətamiz təsir
bağışlayır. Bundan sonra
yazdığı bir çox əsərləri və məktublarında
şair öz dekabrist məsləkdaşlarını -
uşaqlıq dostlarını həsrətlə
xatırlayır, onlarla həmfikir olduğuna işarə edir
və dekabrizmin məğlubiyyəti nəticəsində
çəkdiyi iztirabı dilə gətirirdi. Məktublarından
birində oxuyuruq: "Asılanlar asıldılar. Lakin 120 dostun, qardaşın, yoldaşın katorqaya
(həbsxanada və sürgün yerlərində cəza
çəkən dustaqlar üçün çox
ağır icbari işlər - R.Mirzəzadə)
salınması - dəhşətdir". Bu cümlələrdəki
"dost, qardaş, yoldaş" sözləri şairin
dekasbristlərlə münasibətini aydınlaşdıran ən
mənalı, parlaq dəlilllərdəndir. Başqa bir məktubunda
o, dekabristlərlə dostluğuna açıq işarə edərək
yazırdı: "Mən, demək olar ki, hamı ilə rabitə
saxlayır və qiyamçıların çoxu ilə məktublaşırdım".
"Arion" şeirində də Puşkin bu
dostluğu etiraf edir. Simvolik bir üslubda
yazılmış bu şeirində o, dekabristlərə divan
tutulmasını gəmi fəlakətinə bənzədərək,
həmin tufandan yalnız özünün nicat
tapdığını söyləyir:
Sükançı
məhv oldu, gəmi də batdı!
Təkcə
mən sehirli nəğməkar kimi
Tufanla
sahilə atıldım ancaq...
Deməli, Puşkin özünü dekabristlərin nəğməkarı
sayır və bununla fəxr edirdi. "Sibirə məktub"
şeirində o, dekabrist dostlarına qürur və yenə
qürur aşılayırdı:
Sibir mədənləri
dərinliyində
Məğrur səbrinizi hifz eləyin siz.
Çəkdiyiniz
əmək heç itməyəcək,
Ölməyəcək böyük əməlləriniz.
Fəlakətə
sadiq bir bacı olan,
Ümid o
qaranlıq yerlərdə, inan,
Oyadacaq
sizdə sevinc, şəcarət,
Arzu
etdiyiniz gün gələr əlbət
Zülmətli
əngəli hey yara-yara,
Çatacaq
sizlərə dostluq və sevgi,
Mənim
azad səsim çatır necə ki,
Uzaq katorqada o qazmalara.
O zaman
buxovlar parçalanacaq,
Zindanlar çökəcək, o zaman ancaq.
Azadlıq
güləcək şən üzünüzə,
Və qılınc verəcək qardaşlar sizə.
Şairin tərcümeyi - halındakı maraqlı səhifələrdən
biri də üsyandan sonra çar I Nikolay ilə
görüşü və ona verdiyi cavabıdır. Hökmdarla
söhbət etdiyi zaman Puşkin onun - "Əgər siz
dekabr ayında Peterburqda olsaydınız, nə edərdiniz?
- sualına şair mərdliklə cavab
verib demişdi: "Əgər mən Peterburqda olsaydım,
dostlarımla birlikdə Senat meydanında olacaqdım".
Puşkin bütün həyatı boyu öz
"dostlarını, qardaşlarını,
yoldaşlarını" unutmadı; kədərlənsə
də, ümidsiz olmadı. Dillərdə gəzən
"Sibirə məktub" isə doğrudan da parlaq gələcəyə
inamla yazılmışdı.
Xalqa bütün varlığı ilə
bağlılığına görə Belinski rus sənətkarları
içərisində əsl xəlqi sənətkar olmaq
üstünlüyünü ancaq Puşkinə verirdi. Onun fikrincə,
Puşkin başdan ayağa xəlqi idi. Tənqidçi
yazırdı: "Ədiblər arasında istedad cəhətində
olduğu kimi, xəlqilik cəhətində də fərq
vardır. Puşkin də xəlqi bir şairdir,
Koltsov da, lakin bu iki şair arasında o qədər
böyük məsafə var ki, ikisinin adını yan-yana
çəkmək bir növ qəribə görünür.
Onların arasındakı bu fərq yalnız istedad cəhətindən
deyil, xəlqiliyin özü cəhətindən də
böyükdür, hər iki cəhətdən Koltsovun
Puşkinə olan nisbəti qayadan qaynayıb çıxan
duru, sərin bir bulağın, Rusiyanın yarısından
çox hissəsindən axıb keçən və
milyonlarca insanlara su verən Volqaya olan nisbəti kimidir".
Puşkin əsl xəlqiliyi xalq düşüncə və
hisslərinin inikasında görürdü. Xalqın
tarixi, milli quruluşu, xalq həyatının, xalq ruhunun ifadəsi
məsələləri Puşkinə görə xəlqiliyin
başlıca səciyyəvi cəhətləri idi.
Puşkinin xəlqiliyinin bir xüsusiyyəti də
şairin şifahi rus ədəbiyyatı xəzinəsindən
tükənməz bir mənbə kimi istifadə etməsidir. Puşkin hələ
gənc yaşlarından xalq ədəbiyyatının
füsunkarlığına, onun zəngin xəyali məzmununa
məftun olmuşdu. Hələ məşhur
rus şairi Jukovskinin təsiri altında yazdığı bəzi
şeirlərində və xüsusilə şairin "Ruslan
və Lyüdmila" əsərində rus şifahi ədəbiyyatının
böyük təsiri duyulurdu. Aleksandr Sergeyeviç
yazırdı:"Qədim mahnı və nağılları
öyrənmək-rus dilini mükəmməl öyrənmək
üçün lazımdır". Daha sonra böyük
şair cavan yazıçılara müraciətlə deyirdi : "Rus dilinin xüsusiyyətlərini
görmək üçün sadə xalq
nağıllarını oxuyun".
Puşkinin böyük xidmətlərindən biri də
rus ədəbi dilini təkmilləşdirməsi, bu dili xalq
dili, xalq ifadələri hesabına zənginləşdirməsidir. Belinski
Puşkinin rus ədəbi dili sahəsindəki xidmətinə
çox böyük qiymət verir və deyirdi ki, şair bu
dilə ecazkar bir qüvvə vermişdir.
(Ardı gələn sayımızda)
Reyhan Mirzəzadə,
publisist-politoloq
Həftə içi.- 2016.- 2
fevral.- S.4.