“Horadizdə xalça filialının açılması

həm də düşmənə mesajdır”

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirilib ki, Azərbaycanda həyata keçirilən siyasətin məqsədi ölkəni gücləndirmək, müstəqilliyi möhkəmləndirmək və dayanıqlı inkişafa nail olmaqdır. Konfransda ötən il bu istiqamətdə bütün əsas vəzifələrin icra olunduğu, görülən işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumlarının yüksək qiymət verdiyi vurğulanıb. O cümlədən qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atıldığı, ölkədə turizmin, xalçaçılığın, şərabçılığın inkişaf hədəfləri müzakirə olunub.

 

Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının sayının bu il 10-a çatdırılacağını deyib, bu sahənin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Hafta.az-ın suallarını ölkədə xalçaçılığın inkişafı üçün illərdir əmək sərf etmiş “Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov cavablandırıb.

- Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının sayının bu il 10-a çatdırılacağını deyib. Bildiyimiz kimi ilk filial Füzulidə açılıb, növbəti filiallar hansı bölgələri əhatə edəcək?

- Əvvəla ondan başlayım ki, cənab prezidentin bu ilin martında “Azərxalça” ASC-nin yaradılması ilə bağlı verdiyi sərəncam Azərbaycanda xalçaçılığı inkişaf etdirmək, bizim tarixi mirasımızı qorumaq, eyni zamanda, ölkəmizdə güclü xalçaçılıq sənayesi yaratmağa hesablanıb. Bəli, bu istiqamətdə ilk addım Horadizdə atıldı. Ötən ilin noyabrın 12-də Horadiz xalça filialının açılışı oldu. Bilirsiz ki, Horadiz Azərbaycanın ən həssas nöqtələrindən biridir. İşə məhz buradan başlamağımız bizi sevindirdi. Əvvəla ona görə ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağı təmsil edir. İkinci bir tərəfdən, Horadiz düşmənlə qarşı-qarşıyadır və burada xalça filialının açılması həm də düşmənə bir mesajdır. Yəni, biz işğal etdiyiniz torpaqlarımızı geri də alacağıq, orada, iqtisadiyyatımızı da, sənayemizi də inkişaf etdirəcəyik və bu işə artıq başlamışıq mesajıdır. Qaldı bu işin başqa bölgələrdə inkişafına, bəli, növbəti xalça filialı martın sonlarına yaxın Şəmkirdə açılacaq. Burada da Horadizdəki kimi 150 toxucu, 10 texniki işçi olmaqla, 160 nəfər işlə təmin olunacaq. Ardınca Allahın köməkliyi ilə Qubada, Xaçmazda, İsmayıllıda, Qəbələdə, Ağdamda, Tovuzda, AğstafaQazax rayonlarında da xalça filialları açacağıq.

- İşçi qüvvəsi hansı qaydada cəlb olunacaq və ümumiyyətlə, bu sahə üzrə yetəri qədər mütəxəssis varmı?

- Əslində mütəxəssis məsələsi problemdir. Bilirsiz ki, zəngin xalçaçılıq ənənəsi olan Azərbaycanda bir müddət, xüsusilə 1980-1990-cı illərdə xalçaçılıq sahəsində də böhran yaşandı. Hamı işin ən asanına qaçdı. Qonşu dövlətlərdən gətirilən ucuz, sintetik xalçaları, sağlamlığa nə qədər ziyan vurmağına baxmayaraq alıb evlərinə sərdilər. Heç kim canına əziyyət verib xalça toxumaq istəmədi. Nəticədə yaşlı xalça ustaları da bu işi heç kimə öyrətmədən dünyadan köçüb getdilər. İndi az-az bölgələrdə barmaqla sayılacaq qədər peşəkar xalça toxuyan tapmaq olar. Ona görə bu gün bizim üzərimizə çətin bir düşüb. Biz xalça filialları açmaqla yanaşı, həm də toxucu hazırlamalıyıq. Azərbaycanın ayrı-ayrı rayonlarında xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili “Azərxalça”nın fəaliyyətinin perspektivli istiqamətlərindəndir. İlkin mərhələdə Füzuli (Horadiz), Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Ağdam (Quzanlı), Tovuz, QazaxAğstafa rayonlarında tədris-hazırlıq kursları təşkil olunub. Bu kurslarda ustad xalçaçılar tərəfindən müxtəlif yaş kateqoriyalarına aid olan qadınlara xalçaçılıq sənəti tədris edilir, onların bacarıq və istedadı təcrübədə sınaqdan keçirilir. Dərnəklərimiz hər şeylə təmin olunub - hanalarla, müvafiq alətlərlə, həmçinin xammalla. Yəni, öyrənmək üçün toxuculara mükəmməl şərait yaradılıb. Hətta dərslik və ədəbiyyatlarla da təchiz etmişik. Özüm vaxtaşırı bölgələrdə oluram və tədris-hazırlıq kurslarının toxucuları ilə görüşürəm. Məsələn, əgər sizə maraqlıdırsa, deyə bilərəm ki, bu gün Tovuz rayonundan 90, Qazax rayonundan 118, Ağstafa rayonundan 141 toxucu tədris hazırlıq kurslarına cəlb edilib. Başqa rayonlarla da bağlı oxşar statistikamız var.

- Filiallar yerləşdiyi məkanın xalçaçılıq qrupunu təmsil edəcək, yoxsa necə?

- Xeyr. Bu gün Horadizdə Qarabağ xalçası başda olmaqla İrəvan, Naxçıvan, Bakı, Təbriz, Şirvan, Gəncə, Qazax-Borçalı qrupunun ən gözəl nümunələri toxunur. Bu tendensiya bütün bölgələrin xalça filiallarında da davam etdiriləcək. Əsas məsələ, keyfiyyətli, gözəl Azərbaycan xalçası toxumaqdır.

- “Azərxalça” ASC-nin əsas məqsədi xalçaxalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. Məqsədlərə nail ola bilirsinizmi?

- İnşallah. Cənab prezidentin də Horadizdə xalça filialının açılışında dediyi kimi, bizim başlıca məqsədimiz Azərbaycanın çox gözəl ixrac məhsulu olan xalçasını dünya bazarına çıxarmaqdır. Bu həm ölkəmizin təbliğatına xidmət edəcək, həm də bütün dünyaya göstərəcək ki, Azərbaycan xalqı çox istedadlı xalqdır. Daha vacib tərəfi isə bu işdən götürdüyümüz qazanc olacaq. Biz hələ işin lap başlanğıcındayıq. Amma bilirsiz ki, artıq yanvar ayında Almaniyanın Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgində iştirak etmişik. Sərgi iştirakçılarının Azərbaycan xalçasına çox böyük marağını müşahidə etdik. İnşallah növbəti il bu kimi beynəlxalq sərgilərə biz daha çeşidli, daha çox sayda xalçalarımızla qatılacağıq.

- Qeyri-neft sektorunun inkişafının qarşıya məqsəd kimi qoyulduğu bir dönəmdə xalçaçılığın da bu sahəyə verəcəyi gözləntilər böyükdür. Sizcə, gözləntilər özünü doğruldacaqmı?

- Doğrultmasa, heç bu işə başlamazdıq ki! Azərbaycan xalçası həmişə dünyada sayılıb-seçilən xalçalardan olub. Hələ orta əsrlərdən Azərbaycan dünyaya xalçaxalça məmulatları ixrac edib. Bunu babalarımız, nənələrimiz bacarıbsa, biz də bacaracağıq. Dünya böyükdür, xalçaya isə həmişə tələbat var. İnşallah, uğurlarımız qarşıdadır!

 

Naibə Qurbanova.

 

Həftə içi. - 2017.- 2 fevral.- S.3.