"...Şeiriylə dolaşdı Yer
kürəsini,
Puşkin- Rusiyanın şair
balası..."
10 fevral - dahi rus
şairi Aleksandr Sergeyeviç Puşkinin əbədiyyətə
qovuşmasının 180 illiyi münasibəti ilə
(Əvvəli ötən saylarımızda)
Qoqol isə bu fikirdə idi ki, Puşkində rus dilinin bütün sərvəti, elastikliyi, qüdrəti toplanmışdır. Bu da şairin fikir və ifadə dəqiqliyindən, realizmindən, həyat həqiqətinə sadiq qalmasından, öz xalqı ilə möhkəm bağlı olmasından irəli gəlirdi. Puşkinin böyük vətəndaşlıq ehtirasının nəzəri kökləri onun ədəbi tənqid və publisistika irsində daha aydın görünür. O vaxt fransız dili tərəfindən sıxışdırılan rus dili haqqında böyük şairin ürək ağrısı ilə dolu sətirləri bu gün də bizi həyəcanlandırır və düşündürür: "Təkcə şeirlə məşğul olan adamlar çıxılmaqla, yerdə qalan heç kim üçün rus dili kifayət qədər cazibədar deyil. Bizdə hələ nə dilçilik, nə də kitab var, bütün biliyimizi, bütün anlayışımızı biz uşaqlıq illərindən, xarici kitablardan götürmüşük; biz yad dildə düşünməyə vərdiş eləmişik...". Yad dillərin ağır məngənəsini qırmaq yolunda ən böyük addımlardan birini elə Puşkin özü atmışdı.
Öz xalqını sevən, rus xalqının səadətini düşünən, bu xalqın bəşər tarixində oynayacağı misilsiz, müntəzəm rolu dərk edən hər bir rus vətənpərvəri Puşkini sevir, onun sənətini yüksək qiymətləndirirdi. Qoqol, Belinski, Çernışevski, Dobrolyubov, Gertsen, Qonçarov, Ostrovski, Turgenev, Tolstoy, Plexanov, Lunaçarski, Qorki kimi böyük şəxsiyyətlər Puşkinin adını həmişə hörmətlə çəkmiş, onun ölməz əsərlərini rus ədəbiyyatının ən yaxşı nümunələri kimi, bəşəriyyətin mədəniyyət tarixində qabaqcıl rol oynayan qiymətli ədəbi irs kimi qiymətləndirmişlər. Çernışevski yazırdı ki, Puşkin bizdə ədəbiyyatı milli iş səviyyəsinə qaldırdı. Ostrovskinin fikrincə, bir şəxsiyyətin simasında rus ədəbiyyatı bir əsr qabağa atıldı. Hamı Puşkinlə fəxr edir. Ədəbiyyatımız öz zehni inkişafı üçün ona minnətdardır. Turgenev, Tolstoy və Qorki Puşkini özlərinə müəllim hesab edirdilər. Tolstoy deyirdi ki, Puşkin bizim müəllimimizdir. Yazıçılar bu xəzinəni arasıkəsilmədən tədqiq etməlidirlər.
Rus pedaqojisi tarixini öyrənənlər indiyədək A.S.Puşkinin əli ilə yazılmış maraqlı bir sənədə lazımi diqqət verməmişlər. Bu, dahi şairin "Xalq tərbiyəsi haqqında" çar I Nikolaya yazdığı təhriri məruzəsidir. Həmin məruzədə Puşkin Rusiya xalq maarifinin vəziyyətinə dair bir sıra qiymətli fikirlərini ifadə etmişdir.
Bəs necə olmuşdu ki, yırtıcı Nikolay bir tərəfdən cəhalətpərəst admiral Şişkovu yeni amansız hərbi nizamnamə yazmağa cəlb etdiyi halda, o biri tərəfdən dekabristlərlə yaxın olduğunu gizlətməyən Puşkinə belə bir islahatın layihəsini tapşırmışdı?
Puşkin öz təhriri məruzəsini belə bir tezislə başlayır ki, dekabristlər üsyanına səbəb müntəzəm milli tərbiyənin (maarifin) olmaması və "yadelli ideologizmin" təsiridir. Şair maarifə qəti düşmən olan Nikolayda xalq maarifinə az-çox rəğbət hissi oyatmaq üçün yazırdı: "Yeni ictimai fəlakətlərin qarşısını yalnız maarif ala bilər". Lakin maarifin inkişafını "rütbələrə görə böyümək" sistemi ləngidirdi. Gənclərin mənsəb və rütbə arxasınca tez qaça bilmələri üçün təlim kursu 16 yaşında başa çatdırılırdı. Ona görə Puşkin hesab edirdi ki, rütbələri ləğv etmək vaxtı gəlib çatmışdır və gənclər gurultulu, dəbdəbəli kazarmalarda deyil, sakit məktəblərdə kamala çatmalıdırlar.
Dvoryan "ev tərbiyəsini" Puşkin ən böyük bəla hesab edirdi. "Tərəddüd etmək lazım deyildir - nəyin bahaslna olursa-olsun, xüsusi tərbiyə aradan qaldırılmalıdır" - deyirdi. Zadəgan "ev tərbiyəsi" rütbə hüququ almaq üçün varlıların imtahanlara evdə hazırlaşmalarına imkan verirdi. Puşkin bunu nəzərə alaraq, "rütbə üçün imtahanları" ləğv etməyi lazım görürdü. Dahinin fikrinə görə, yalnız ictimai məktəblərin verdiyi təhsil və tərbiyə dövlət qulluğuna getmək üçün yol açmalı idi. Puşkin gənclərin əcnəbi darülfünunlarında təhsil almaları məsələsinə incə bir siyasətlə toxunurdu.
Hərbi məktəblərdən danışarkən Puşkin dekabristlərin Lankastr sisteminə münasibətini bəyənir və belə hesab edirdi ki, kadet korpusları (orta hərbi məktəblər - R.Mirzəzadə) əsasən tərbiyə sahəsində islahatlar tələb edirlər, yəni bu hərbi məktəblərdə bədən cəzası ləğv olunmalı, namus tərbiyəsinə xüsusi diqqət verilməlidir.
Puşkin yazırdı: "Həddindən artıq amansız tərbiyə onlardan rəis deyil, cəllad hazırlayır". Rəsmi təhriri məruzədə bu sözləri yazması şairin nə qədər cəsarətli çıxış etdiyini göstərir. Qəsdlə amansız rəftar, zülmkarlıq tərbiyə edən Nikolayı bu sözlər olduqca qəzəbləndirə bilərdi.
Gimnaziyalar, litseylər və pansionlara gəldikdə, Puşkin əsasən bunların təhsil müddətini artırmağı tələb edirdi.
Şair ruhani seminariyalarının yenidən qurulmasına xüsusilə böyük əhəmiyyət verirdi. O ruhani seminariyalarında yunan və latın dillərinin öyrədilməsini lazım görür ki, bu özü də o zaman böyük mütərəqqi əhəmiyyəti olan bir tələb idi.
Puşkin orta məktəblərin yuxarı siniflərində ictimai - humanitar elmlərə - hüquq elmlərinə, siyasi - iqtisadi, tarix və fəlsəfəyə böyük diqqət verməyi tələb edir, ilk növbədə Rusiyanın tarixini və iqtisadiyyatını öyrənməyi zəruri sayırdı.
"Rusiya ruslar üçün olduqca naməlumdur. Onun tarixindən
və statistikasından başqa, qanunvericiliyi də xüsusi
kafedra tələb edir". Rusiyada dövlət
fəaliyyətinə hazırlaşan adamlar hər şeydən
əvvəl Rusiyanı öyrənməli və onu sevməlidirlər.
Bütün bunlardan göründüyü kimi,
Puşkin dekabristlər üsyanının yeni
yatırıldığına baxmayaraq, I Nikoalaya
yazdığı rəsmi sənəddə öz siyasi görüşlərini
çox da pərdələməmiş və son dərəcə
cəsarətli bir layihə ilə çıxış
etmişdi. Puşkinin bu layihədə irəli
sürdüyü ideyalar dekabristlərin xalq maarifi
islahatına aid fikirlərinə demək olar ki, tamamilə
uyğun gəlirdi.
O ictimai tərbiyənin
zadəgan - ev tərbiyəsindən
üstün olması və rus pedaqogikasının
özünəməxsus yol ilə inkişaf etməsi
ideyasını açıq və aydın şəkildə
irəli sürürdü.
Puşkin tələb edirdi ki, rus
qulluqçu-ziyalılar tarixi, iqtisadi elmləri dərindən
öyrənmək əsasında siyasi tərbiyə məktəbi
keçsinlər, vətənpərvərlik ruhunda tərbiyə
olunsunlar. Lankastr təhsil sistemi haqqında dekabristlərin rəyi
ilə razılaşan Puşkin, ilk növbədə vətəndaş
tərbiyə etmək ideyası əsasında hərbi və
ruhani tərbiyənin kökündən dəyişməsini
tələb edirdi. Dekabristlərin xalq
maarifi haqqında mütərəqqi ideyaları qabaqcıl
ruslar arasında hələ XIX əsrin 20-ci illərində
yayılmışdı. Puşkin dekabrist
Pestelin maarif haqqındakı fikirlərinə yüksək
qiymət verirdi. Dövlət tərbiyəsi
prinsipinini Puşkin də yüksək dəyərləndirirdi.
Elmi təbliğ etmək, geniş yaymaq məsələsində
Puşkin dostu Pestellə bir cəbhədə dururdu.
Onlar bütün varlıqları ilə inanırdılar ki, mədəniyyət
geniş kütlələrin malı olsa və
ondan ölkənin məhsuldar qüvvələrini artırmaq
üçün istifadə edilsə, Rusiya qabaqcıl elm
ölkəsi olacaqdır. Tarix milli ədəbi irsdən xəbərsiz
olan və ona etinasızlıq göstərən bir çox bədii
istedadların sönüb getdiyinin şahidi olduğu kimi, məhdud
milli çərçivəyə qapılıb qalan, onu ancaq
təbliğ etməklə kifayətlənib dünya ədəbi
prosesindən, onun bədii nailiyyətlərindən xəbərsiz
olan istedadların da sönüb getdiyinin, unudulduğunun
şahidi olmuşdur. Nizami Firdovsidən, Nəvai Nizamidən xəbərsiz
olsaydı, bizə gəlib çatan Nizami və Nəvai
yetişməzdi.
Bizim Mirzə Fətəli Axundovun Azərbaycanın və
ümumiyyətlə, Yaxın Şərqin ilk dramaturqu, ilk ədəbiyyat
tənqidçisi və ilk materialist filosofu səviyyəsinə
yüksələ bilməsi bir tərəfdən də rus və
Avropa ədəbiyyatı və elmi ilə
tanışlığının nəticəsi idi. Bu
tanışlığın nəticəsi idi ki, Axundov Şərq
ədəbiyyatı, ictimai və fəlsəfi fikrinə də
o vaxta qədər görünməmiş yeni bir nəzərlə
baxa bilmiş. Şərq ədəbiyyatı
və fəlsəfəsinin mütərəqqi cəhətlərini
də yüksək qiymətləndirə bilmişdir.
Puşkin Homerdən başlamış Şekspirə,
Şekspirdən Volter, Russo, Şiller, Höte, Bayrona qədər
Qərb yazıçılarının əsərlərini
diqqətlə öyrənsə də, onlardan da heç
birini təkrar etməmişdi. Onun realizmi də,
romantizmi də romantikası da özünə görə
orijinal bədii-estetik və məfkurəvi xüsusiyyətləri
olan rus realizmi, rus romantizmi, rus romantikası dekabrizm
romantikası idi. Bu orijinallığına
görə idi ki, yeni rus ədəbiyyatını mədəni
dünyaya tanıtdıran, rus bədii təfəkkürünə
diqqəti xüsusilə cəlb edən Puşkin oldu. Təsadüfi deyil ki, bizdə də rus ədəbiyyatı
ilə ilk əsaslı tanışlıq Puşkin
yaradıcılığı ilə tanışlıqla
başlamışdır.
Böyük Puşkini yeni rus realist ədəbiyyatının
banisi səviyyəsinə çatdıran sənədlərdən
üçüncüsü onun alimliyi, zəmanəsinin elmləri
ilə tanışlığı, əsrinin fəlsəfi
yüksəkliyinə qalxa bilməsidir. Çernışevski:
"Puşkin rus şeiri tarixində necə böyük yer
tutursa, rus elmi tarixində belə bir yer tutur" - demişdir.
Belə də olmalı idi. Əks
təqdirdə Füzuli demişkən, elmsiz şeir əsası
yox divar olur və əsassız divar qayətdə bietibar olur.
Rusiyanın Puşkindən sonra gələn
bütün böyük söz ustaları yaradıcılıqlarının
ən kamil dövründə belə, yenə də Puşkini
özlərinin müəllimi, ustadı sayırdılar.
Puşkindən sonra Rusiyanın ikinci qüdrətli
şairi Lermontov Puşkinin davamçısı kimi
şöhrət tapdı. Qoqol Puşkinin
ona verdiyi mövzuları işləyib "Müfəttiş"
və "Ölü canlar" əsərlərini
yaratdı. Dostoyevskinin ilk qələm təcrübələrindən
biri Puşkinin təsiri ilə yazdığı ikinci
"Boris Qodunov" əsəri idi. Belinski
Dostoyevskinin "Zavallı insanlar" romanında Puşkinin
"Stansiya gözətçisi" hekayəsindəki
ideyanın davamını görürdü. Nekrasovun
"Dekabrist qadınlar", Lev Tolstoyun "Dekabristlər"
əsərlərində Puşkinin dekabristlərə
münasibətinin davamı çox aydın hiss olunurdu. 1873- cü ildə "Anna Karenina" romanı
üzərində işləyərkən Tolstoy N. N. Straxova məktubunda
yazırdı: "Anna Karenina" romanının bədii qayəsi
üçün o, "İlahi Puşkinə" minnətdardır.
Puşkini xalqlara sevdirən, şöhrətləndirən, əbədiləşdirən
də onun xalq səadəti, insan səadəti
üçün alışıb-yanan ürəyi idi!..
Azərbaycanın
Xalq şairi Rəsul Rzanın yazdıqlarını yada salaq:
“Hələ cocuqluq illərində Puşkinin mənzum
nağıllarını dinləyib, onun əfsanəvi hadisələrlə
dolu dünyasını səyahətə
çıxırdım, hər şeyi unudub bu
nağılların havası ilə yaşayırdım. Cavanlıq illərində Puşkinin romantik
poeziyası məni könüllər aləmində gəzdirir,
insan taleyinin müxtəlif çalarlı, əlvan rəngli
aləminə valeh edirdi. Tatyananın məktubundan sonra mən
Puşkinin "Poltava" əsərini, "Qraf Nulin"i , "Qırx qızlar"ı tərcümə
etdim. Bu yaradıcılıq işi prosesində
Puşkinin mürəkkəb və yüksək sadəliyi,
onun sənət sirləri, onun söz ustalığı, insan
qəlbinə nə qədər dərindən bələd
olduğu gözlərimin qarşısında varaq - varaq
açıldı. Puşkin mənə
daha yaxın, daha əziz, daha doğma oldu.
Zaman keçdi, ahıllıq illərində Puşkinin əsərlərini
yenidən təkrar-təkrar oxudum. Onun müdrik
poeziyası yeni bir təravətlə qarşımda
açılıb, məni heyranlıq hissilə
bürüdü. Bu əsərləri
oxuduqca mənə elə gəlirdi ki, onların müəllifi
bu şeirləri, bu poemaları, povestləri və
romanları bir oturuma, bir nəfəsə yazmışdır.
Bu əsərlərdəki fikrin
aydınlığı, sözlərin kəsəri, ahəng
o qədər təbii və təsirlidir ki, insan coşub -
daşan bu ilhamın qüdrətinə heyran qalırdı.
Lakin Puşkin poeziyasının, Puşkin
yaradıcılığının ilk əlyazmalarını
gözdən keçirdikdə, yeni bir həqiqət
bütün amansızlığı ilə ortaya
çıxır. Görür və
inanırsan ki, sənətkar hər sözün üstündə
necə zərgər işi aparmışdır. Hər cümlənin düzümünə nə qədər
əmək sərf etmiş, pozub və yenidən
yazmış və nəhayət, ağır yaradıcılıq
zəhməti nəticəsində axtardığını
tapmış, sözlər yerinə düşmüş,
cümlələrin ahəngi, fikrinin məntiqi
düzümü, poetik ifadənin orjinallığı
yaranmışdır. Puşkinlə
yaxın tanışlıq həqiqətən onun
poeziyasının, onun yaradıcılığının
dövrünün geniş müdrik ensiklopediyası
olduğunu aydın - aşkar göstərir. Bu gün də nəsil-nəsil insan Puşkinin
poeziyasından cəsarət, həqiqət, məhəbbət
və nifrət dərsi almağa qadirdir". Bu fikirlərini
Rəsul Rza elə özünün "Böyük sənətkar"
şeirində də ifadə edir:
...Sənin
hər sözündə, hər bir sətirində,
Böyük rus qəlbi var, rus ruhu vardı.
O nəcib
könlünün saf tellərində
Qardaşlıq nəğməsi dalğalanardı.
Öldürdü
canına qəsd edənləri
Böyük sənət adlı yarağın sənin.
Azad
insanların qəlbində vardır
Məhəbbətin sənin, sorağın sənin.
Bəxtiyar
Bahabzadə isə Puşkini həm şair, həm bəstəkar,
həm də rəssam adlandırırdı: "Puşkin həm
şairdir, həm rəssam, həm də bəstəkar. O, son
dərəcə adi və sadə sözlərlə həm rəsm
çəkir, həm də bu rəsmin nəğməsini
yaradır. Onun məşhur "Qış gecəsi
"şeirindən ikicə bəndi misal gətirmək istəyirəm:
Yağan
qarı bura- bura
Boran səslənər əsəbi.
Uşaq
kimi gah ağlayar,
Gah ulayar bir qurd kimi.
Yel
küləşi səsləndirib
Çardaqlarda gah inləyər.
Gah
gecikmiş yolçu kimi
Pəncərəni tıq - tıq döyər.
Boranın yağan qarı burması, onun gah uşaq kimi
ağlaması, gah da qurd kimi ulaması həm poetik
tapıntı, həm tipik rus qışının səslərlə
ifadəsi, həm də şairanə mənzərəsidir. Damları
küləşlə örtülən rus komalarının
çardağında küləyin əsəbi halda səslənməsinin
gecənin vahiməli zülmətində pəncərənin
gecikmiş yolçu tərəfindən
taqqıldadılmasına bənzədilməsi yenə də
həm nəğmə, həm də nəğmənin poetik
mənzərəsidir. Çünki
Puşkin yazarkən yazdığını həm
görür, həm də eşidirdi. Özü
bir şair kimi gördüyü və eşitdiyinə görə,
oxucunu da görməyə və eşitməyə vadar edir.
Bax, budur dahiliyin ən böyük sirlərindən biri! Mən Puşkinin dahiliyini bir də insan qəlbinin ən
dərin guşələrinə işıq salıb, ən
gizli və ən incə hissləri üzə çıxara
bilməsində görürəm. O, obrazlarını
müxtəlif şəraitdə təsvir edir və onun
düşdüyü vəziyyətə uyğun
yaşadığı duyğuları elə böyük
ustalıqla üzə çıxarır ki, oxucu bu
duyğuların dərinliyinə və doğruluğuna heyrətlənir.
Ən adi əsərlərindən biri olan "
Atəş" hekayəsində qrafı iki vəziyyətdə
təsvir edir. Birində özündən
razı, lovğa qraf, ikincidə isə düşdüyü
şəraitdən asılı olaraq
alçaldılmış, rəzil qraf. Yazıçının
ustalığı orasındadır ki, o, bizi qrafın hər
iki vəziyyətinə inandırır, həm də təəssüfləndirir.
Ən maraqlı burasıdır ki, hər ikisində
qraf dueldə eyni adamla atışdığı şəraitdə
təsvir olunmasına baxmayaraq, o, hər dəfə başqa
adamdır. Bəs qrafı dəyişdirib
başqalaşdıran nədir? Vaxt və
bu vaxt ərzində psixologiyanın dəyişməsi. Hələ evlənməmiş, həyatın mənasını
əyləncələrdə görən, özündən
razı gənc qraf ölümdən qorxmur. Dueldə ona tuşlanan tapançanın vahiməsi
tüklərini belə ürpətmir. Ölüm
qarşısında yediyi gilasın çərdəklərini
düşməninin üzünə tüpürür.
Onun ölümdən qorxmadığını görən düşməni Silvio, həyatın onun üçün heç bir məna kəsb etmədiyini başa düşüb, bu ölümün onun qisası üçün kiçik olduğunu dərk edir, gülləsini atmır, dueli qeyri - müəyyən bir vaxta keçirir. Elə bir vaxta keçirir ki, ölüm onun üçün qorxulu olsun. Bu nöqtədə Silvio öz intiqamında böyüyür. Daha doğrusu, o, düşməni üçün həyatı qiymətləndirib, yalnız bundan sonra onun üçün məhz qiymətli olan həyatı onun əlindən almaq istəyir.
(Ardı gələn
sayımızda)
Reyhan Mirzəzadə,
publisist-politoloq
Həftə içi.- 2017.- 3
fevral.- S.4.