"...Şeiriylə dolaşdı Yer
kürəsini,
Puşkin- Rusiyanın şair
balası..."
10 fevral - dahi rus
şairi Aleksandr Sergeyeviç Puşkinin əbədiyyətə
qovuşmasının 180 illiyi münasibətilə
(Əvvəli
ötən saylarımızda)
Birinci dueldən alti il keçir. Qraf yaşa dolur, həyatın qiymətini dərk edir. Yalnız bundan sonra Silvionun gec- tez bir gün gələcəyini düşünüb, hər gün ölüb -dirilir. Çünk o, yaxşı bilir ki, Silvio ondan nə istəyir və gec-tez bir gün o, gələcək, onu duelə çağıracaq və vaxı ilə vurduğu sillənin heyfini alacaq. Altı il müddətində bir tərəfdən evlənməsi, ailə məsuliyyəti, ikinci tərəfdən ölüm qorxusu altında yaşaması qrafı tamamilə dəyişdirir. Daha doğrusu, ölümün vahiməsi ona həyatı sevdirir. Düşməni Silvio isə bir zaman peyda olur, vaxtı ilə atmadığı gülləni indi atacağını bildirir. Silvionun qarşısında qraf sarsılır, əlləri əsir, rəngi saralır. Silvioya da məhz bu lazım idi. O, düşmənini qorxan vəziyyətdə görür. Bu isə qraf üçün ölumdən betərdir.
Hekayədə obrazların şəraitə münasib psixoloji vəziyyətləri o qədər böyük ustalıqla təsvir olunmuşdur ki, oxucu ustad qələminin qüdrətinə heyrətlənməyə bilmir. Böyük bir romana sığışa biləcək hadisələri, dəyişkənliyi, psixoloji vəziyyətləri 5-6 səhifəlik balaca bir hekayəyə sığışdıran sənətin və sənətkarın qarşısında biz susur, bu dahiyanə sənətin önündə başımızı əyməklə, ona öz məhəbbət və minnətdarlığımızı bildiririk".
30-cu illər ərəfəsində və xüsusən 30-cu illərdən etibarən rus tənqidi xüsusi bir ton və dillə danışmağa başlamış, Puşkin və onun məktəbinə qarşı dəhşətli bir üsyan qaldırmışdı.Həmin dövrdə Puşkinin rəğbət bəslədiyi dekabristlər hərəkatı artıq qan selləri içərisində boğulmuş, çar I Nikolayın dözülməz irtica illəri başlanmışdı. 1825-ci ildə nəşrə başlayan "Severnaya pçela" qəzeti çar dövlətinin mənafeyini hər şeydən üstün tuturdu.Bu qəzeti nəşr edən xəfiyyə başçısı Aleksandr Xristoroviç Bengendorfun casusları olan Faddey Venediktoviç Bulqarin və Nikolay İvanoviç Qreç idi. Bulqarin və Qreç bir qədər sonra onlarla həmfikir olan "Biblioteka dlya çteniya" məcmuəsinin ( Rusiyada ilk çoxtirajlı məcmuə) naşiri Osip İvanoviç Senkovski ilə birlikdə xalq arasında çox şöhrət qazanmış Puşkinə, həmçinin onun məsləkdaşları Lermontova və Qoqola qarşı qızğın hücuma başlamışdılar.
Uzun zaman doğma vətənindən ayrı düşümüş şair Rusiyaya qayıdarkən Vladiqafqazda əlinə keçən bir sıra məcmuələri oxuyur. "Ərzuruma səyahət"də Puşkin yazırdı: "...Bu məcmuələrdə hərtərəfli olaraq, məni və şeirlərimi söyürdülər". Şair həmin əsərini bu sözlərlə tamamlayır: "Sevimli Vətənimdə məni qarşılayan ilk təbrik belə idi".
Qafqaza ikinci dəfə sürgün edilməmişdən əvvəl, 1827-ci ildə Puşkinin təşəbbüsü ilə "Moskovskiy vestnik" məcmuəsi nəşr edilməyə başlanır. Lakin şair Qafqaza getdikdən sonra məcmuə istiqamətini dəyişir və müvəffəqiyyətsizliyə uğrayır. Məcmuənin bağlanması şairi ruhdan salmır.O, 1830-cu ildə dostu Anton Antonoviç Delviqin nəşr etdirdiyi "Literaturnaya qazeta"da fəal iştirak etməyə başlayır. Qəzet üçün bütün materialların hazırlanması, Delviq Moskvada olmadığı zaman qəzetin redaktorluğu da Puşkinin üzərinə düşürdü.
"Severnaya pçela" və "Moskovskiy teleqraf" məcmuələri şairin diqqətindən yayınmırdı. Çünki çar üsul-idarəsinin ağır zülmünü pərdələyən, qabaqcıl ziyalılara, şair və yazıçılara qarşı ədalətsiz hücumlar edən bu mürtəce nəşrlərin başında öz milli heysiyyətini itirmiş adamlar dururdu.
Puşkin bacarıqlı ədəbi tənqidçi və mühərrir kimi "Literaturnaya qazeta" və "Teleskop"un səhifələrində dərc etdirdiyi yazılarla humanistliyə zidd olan hər şeyə qarşı üsyan edirdi.1831-ci ildə "Literaturnaya qazeta"nın nəşri qadağan edildikdən sonra Puşkin 1835-ci ildə özünün "Sovremennik" məcmuəsini nəşr etməyə başladı. Jurnalda görkəmli ədiblərin əsərləri çap olunurdu.
Puşkinə Azərbaycan torpağını görmək nəsib olmasa da, o, azərbaycanlıları çox sevirdi. Azərbaycan və azərbaycanlılar haqqında şairin hələ litseydə oxuduğu zaman az da olsa, təsəvvürü vardı. 1821-ci ildə Qafqaza gələrkən bu təsəvvür xeyli genişlənmişdi.
"Andrey Şenye" şeirinə görə dəfələrlə istintaqa cəlb olunan Puşkinə, Qafqaz yenidən qucaq açır.1829-cu ildə bu füsunkar diyarda ikinci dəfə olarkən şair bilavasitə Azərbaycan mühitinə düşür. Azərbaycanlıların səmimi münasibətini, mehribanlığını, qonaqpərvərliyini görür. Azərbaycan musiqisinin gözəlliyini, Azərbaycan dilinin şirinliyini duyur. Puşkin Qafqazda ikən gördüklərini, eşitdiklərini, təbiətin füsunkar mənzərələrini, bu diyarda yaşayan xalqların məişətini, həyat tərzini "Ərzuruma səyahət" adlı əsərində maraqlı lövhələrlə əks etdirmişdi. Bu əsərində şair Ərzurumda, rus ordusunda xidmət edən azərbaycanlılarla görüşündən, onların fədakarlığından da danışmış, qarabağlı gənc Fərhad bəyə ayrıca şeir həsr etmişdi.
Səyahət zamanı Puşkinin ən çox yadında qalan Qriboyedovun faciəli ölümü barədə rus dövlətinə izahat vermək üçün Peterburqa gedən İran nümayəndələri arasında olan azərbaycanlı şair Fazil xan Şeyda ilə görüşü olmuşdur. Fazil xan zəngin dünyagörüşlü şair idi və Puşkinin yaradıcılığına yaxşı bələd idi. Söhbət zamanı məlum olur ki, o, Peterburqda olarkən Puşkin ilə görüşmək arzusunda imiş.Yolustü görüşün qısa olması onda təəssüf doğurur. Fazil xan mərifəti, mədəni və nəzakətli davranışı ilə böyük rus şairində xoş təəssüratlar yaradır və bu təəssürat Puşkinin elə həmin vaxtlar qələmə aldığı "Sənin yeni şücaətin var olsun!" adlı şeirində öz bədii əksini tapır.
Puşkin Peterburqa qayıdandan sonra azərbaycanlı dostlarından Fərəculla bəy və Fərhad bəyin portretini Yelizaveta Uşakovanın ev albomuna çəkmişdi. Beş il sonra Peterburqda Puşkin daha bir azərbaycanlı ilə, Abbasqulu ağa Bakıxanovla tanış olur. Bakıxanov ora Varşavadan gəlmişdi. Yazının əvvəlində qeyd etdiyim kimi, o zaman Puşkinin bacısı Olqa Sergeyevna ailəsi ilə birlikdə Varşavada yaşayırdı. O, Bakıxanovdan Peterburqda yaşayan valideynlərinə məktub çatdırmağı xahiş etmişdi.Puşkinlər ailəsi azərbaycanlı qonağı səmimi qarşıladı. Sergey Lvoviç bu görüş barədə qızına yazırdı: "Bu günlər Aleksandr bizi Abbas ağa ilə tanış etdi.Varşavadan qayıtmış Abbas ağa ilk əvvəl Aleksandrla görüşüb, onu valeh etmişdir. Bu şərq övladı doğrudan da çox maraqlı şəxsiyyətdir". Bu barədə Nadejda Osipovna da qızına göndərdiyi məktubda bəhs edirdi: "O, necə də gözəl söhbətlər edir...O, mənim çox xoşuma gəldi...".
Sergey Lvoviçin məktubundakı bu qeydlərdən hiss olunur ki, ata, qonağın yanında oğlunun təmkinli, nikbin olmasını arzulayır : "...Abbas ağanın yanında o, Peterburq kübar cəmiyyətini qızğınlılqa söyürdü. Mən onu məzəmmət etdim. O isə daha da əsəbləşib, dedi: "Daha yaxşı, nə fərqi var - rusmu, əcnəbimi yaxşı bilsin ki, bu cəmiyyət alçaq intriqalar, paxıllar, qeybətçilər və dürlü yaramazlar yığıncağıdır!"
Azərbaycan mövzusu Puşkinin istər lirik və epik şeirlərində, istər yol qeydlərində, istər rəsmlərində və istərsə də ayrı-ayrı tarixi qeydlərində məhəbbətlə öz əksini tapmışdır. Şairin "Qızıl xoruz" nağılında əsas obrazlardan biri Şamaxı şahzadəsidir. Şamaxı mühiti, Şamaxı ipəyi onun tez - tez müraciət etdiyi epitetlərdəndir.
Puşkin ömrünün sonuna yaxın "Pyotrun tarixi" əsərini yazarkən xeyli miqdarda arxiv sənədləri ilə işləmiş, 1721-1722-ci illərdə Pyotrun Şərq siyasətinə dair qeydlərindən, Bakı, Şamaxı, Dərbənd xanlıqlarının tarixindən , coğrafiyasından, xanlarından geniş məlumat vermişdir.(Təəssüf ki,hələlik bizim ədəbiyyatşünaslığımızda bu mövzu tam genişliyi və əhatəliyi ilə işıqlandırılmamışdır).
Göründüyü kimi, Puşkinin Qafqaza hər iki səfəri xalqımız və onun ziyalıları üçün böyük tarixi əhəmiyyət kəsb etmişdir. Bu mövzuya şair və yazıçılarımız, ədəbiyyatşünas alimlərimiz dönə - dönə toxunmuşlar. Şair, nasir və jurnalist Gəray Fəzlinin "İki səfər" şeirindəki kimi yazılan bütün əsərlərdə Puşkinə olan məhəbbət dolu qəlblərin çırpıntıları duyulurdu:
Şair, çox sevdiyin gözəl Qafqaza,
Bilirəm, ilk dəfə qübarla gəldin.
Qarlı dağlarına söz yaza-yaza
Sürgünə gəlsən də, vüqarla gəldin.
Sən "qonaq" gələndə bizim ellərə,
Kükrədi Terekin mavi suları.
Sənin rübabınla düşdü dillərə
Dağlar gözəlinin xoş arzuları...
Şair və dramaturq Əliağa Kürçaylının "Sənətkarın xatirəsinə" ithaf etdiyi eyniadlı şeirdən:
Cənubdan, sürgündən seyr elədin sən,
Böyük Rusiyanı, Ana yurdunu.
Ağır yaralıtək inlədin qəlbən
Zülmün pəncəsində gördükcə onu.
Səni düşündürdü Sibir çölləri,
Qanunsuz, təqsirsiz ölən məhbuslar.
Bağlı ayaqları, bağlı dilləri
Gördükcə, könlünü yedi qəm, qübar.
“Məğrur
səbrinizi hifz eləyin siz!"
Deyib,
ürək verdin sən məhbuslara.
Onlar əsarətə
çökmədilər diz
Dedilər:
"Çatarıq bir gün bahara".
Rusiya, o
böyük doğma Vətənin,
Artıq
çiçəklənmiş bir bahar kimi.
Yurdun
gündən-günə boy atır sənin,
Qəlbinə
sığmayan arzular kimi...
Xalq
şairi Qabilin "Dostlar" poemasında Puşkinin qəlbindən
keçən, onu duyğulandıran fikirlər ustad sənətkar
qələmi ilə əksini tapmışdır:
Qafqaz! O əsrarlı,
sevimli diyar,
Öz Vətənim
kimi mənə yad deyil.
O gözəl
yerlərin mən neçə bahar,
Qonağı
olmuşam, bilin, neçə il!...
Gözəl
təbiəti, abu, havası,
Zirvəsi
çalmalı uca dağları.
Yaşıl
çəmənləri, zövqü səfası
Qorxunc
uçqunları, gur bulaqları.
İlhama
gətirmiş mənim qəlbimi,
Sevirəm
oranı mən sizin kimi.
Qafqaz ellərində
yaşayanların
Süfrəsi
açıqdır, ürəyi gendir,
Qonağın,
yoldaşın, vəfalı yarın,
Yolunda mərdliklə
candan keçəndir.
Puşkinin
sayəsində Qafqaz o zamandan bəri rus ədibləri
üçün yalnız geniş, zəngin azadlıq məkanı
olmaq etibarı ilə deyil, həmçinin tükənməz
poeziya, qaynar həyat və əsrarəngiz xəyal yurdu kimi
müqəddəs oldu.
Tarixin səhifələrində
başqa məkanları ziyarət edərkən Puşkinin digər
azərbaycanlılarla da görüşünün izləri
qalıb. Məsələn, 1835-ci ildə elə Rusiyanın
özünü səyahət edərkən şair Kazana gəlib
çıxır. O vaxt şəhər dəhşətli faciədən
yenicə qurtarmışdı - vəba xəstəliyindən
çox adam ölmüşdü. Dahi şair əvvəlcə
"rus elmini vəbadan xilas etmiş" gökəmli alim,
Kazan Universitetinin rektoru (riyaziyyatçı alim 40 il bu
universitetdə dərs deyib, onun 19 ilini universitetə rəhbəlik
edib) Nikolay İvanoviç Lobaçevskinin yanına gedir.
Rektor rus dilçilik elminin Kazan cəmiyyətinin üzvlərini
- professorlardan Mirzə Kazım bəyi, Suroitseni, Karl Fuksu,
P.P.Pertsovu, şair M.C.Rıbuşkini və
başqalarını Aleksandr Sergeyeviçlə tanış
edir.
Məlumdur
ki, Puşkin Kazan təəssüratları və Kazan faciəsi
əsasında özünün "Vəba zamanı
qonaqlıq" pyesini yazmışdır. Şübhə
yoxdur ki, Puşkinlə görüş görkəmli Azərbaycan
aliminə dərin təsir göstərmişdir. M. Kazım bəy
məhz bundan sonra Puşkinin "Baxçasaray fantanı"
poemasını Azərbaycan dilinə tərcümə etməyə
başlamışdır.
Kazan
Universitetinin arxivində həmin əsərin tərcüməsi
tapılmışdır. M. Kazım bəy öz tərcüməsini
"Göz yaşı çeşməsi"
adlandırmışdır. Arxivdə tərcümənin
yalnız 263 misrası qalmışdır ki, bu da əsərin
təqribən yarısıdır. Əlyazması
variantından məlum olur ki, tərcümə
yarımçıq qalıb, bitməmişdir. M. Kazım bəy
tərcümə işində orijinala yaxın olmağa
çalışmış və buna nail olmuşdur. Bəzi
misralarda müəllif "Tavrida" sözünü
"Krım"la, "Məkkə" sözünü
"Kəbə"ilə əvəz etmişdir.
Böyük
rus oğlunun yaradıcılığı yalnız Rusiya
torpağında qalmadı, bütün dünyaya
yayıldığı, onun dahiyanə, gözəl əsərlərindən
bütün xalqlar istifadə etdiyi üçün şair
özü də bəşəriyyətə aid oldu. Milli rus
şairi olan Puşkin və onun dühası rus
xalqının zəngin tarixi keçmişindən, tükənməz
mənəvi xəzinəsindən ruh və qida almaqla bərabər,
rus xalqının qüdrətini, idrakını, böyük
arzularını yüksək sənətkarlıqla ifadə
etdiyi üçün yaratdığı əsərlər
dünya ədəbiyyatına misilsiz töhfə kimi daxil
oldu.
Rus ədəbiyyatında
realizmi yüksək kamillik dərəcəsinə
çatdırmaq Puşkinə müəssər oldu. O,
poeziyada "Yevgeni Onegin" kimi rus həyat və mənşəyini,
müasir ictimai fikrini əvəzolunmaz realist bir qüvvətlə
təsvir edən mənzum roman yaratdı.
"Yevgeni
Onegin" Puşkinin ən sevimli əsəridir. Burada
şairin bütün həyatı, gözəl hissləri,
fikir və idealı ifadə olunmuşdur. "Yevgeni
Onegin" Puşkinin uzun illərdən bəri
apardığı zəngin poetik axtarışlarının nəticəsi,
yekunu idi. Puşkin ədəbi fəaliyyətinin yarı hissəsini
bu möhtəşəm sənət əsərinə həsr
etmişdir. Puşkin roman üzərində 7 il, 4 ay, 17
gün işləmiş, "Rus həyatının
ensiklopediyası"nı zamanın qarşıya qoyduğu tələblər
əsasında daha da təkmilləşdirmişdir. Onegin
obrazı böyük ümumiləşdirici qüvvəyə
malikdir. Oneginin xarakterində Puşkin zəmanəsinin zadəgan-mülkədar
gənclərinin keçdiyi yolu böyük sənətkarlıqla
göstərə bilmişdir. Tatyana obrazı dərin və mənalıdır.O,
öz zövqü, əxlaqi görüşlərində
möhkəmdir, yenilməzdir. Lakin bu mühit sağlam ruhlu gəncləri
mənən şikəst edir, onları həyatın qaranlıq
guşələrinə atır. Tatyana müstəqilliyə
can atsa da, mənsub olduğu zümrənin kobud qanunları ilə
üz-üzə gəlməli olur. Bu mühit gənc nəsil
üçün qaranlıq bir zindan idi.
Xalq
şairi Səməd Vurğun Puşkinə, xüsusən
onun "Yevgeni Onegin" romanına böyük maraq bəsləyirdi.
Romanda rus həyatının, dvoryan gənclərinin,
ayrı-ayrı insan xarakterlərinin canlı təsviri, Tatyana
Larinanın simasında rus xalqına mənsub nəcib sifətlərin
cazibədar ifadəsi S.Vurğunun xüsusi diqqətində
idi. Bu barədə şair yazırdı: "Mən
"Yevgeni Onegin"i ona görə tərcümə etdim ki,
bu əsər mənə nəinki bir oxucu, həmçinin
bir şair kimi də cəlb etdi. Mənim tərcümə
üzərindəki işim çətin və mürəkkəb
idi. Etiraf edirəm ki, mən öz orijinal əsərlərimdən
heç birinə "Onegin"in tərcüməsi üzərində
işlədiyim vaxtdakı qədər zəhmət və
enerji, o qədər yuxusuz gecələr sərf etməmişəm.
Nəhayət, 1936-cı ildə tərcüməni
tamamlayıb. son nöqtəni qoyarkən, mənə elə gəldi
ki, bir dağı yerindən dəbərtmişəm... Əsər
özü yaxın bir dost kimi məni mənən
ruhlandırır və bütün çətinlikləri
aradan qaldırmağa kömək edirdi".
Məmməd
Rahimin xatirələrində S.Vurğunla əsərin tərcüməsi
barədəki söhbətini xatırlayıram. Orada belə
bir məqamlar var: "Rahim, sən bilirsən ki,
"Oneginskaya strofa" dünyada məşhurdur.
Bütün poemanı bu şəkildə yalnız dahi sənətkar
Puşkin başa vura bilərdi. Mən həmin formanı
saxlamaq istəyirəm. Güman edirəm ki, tərcümənin
məziyyətlərindən biri də bu ola bilər. Əlbəttə,
bu, dəhşətli bir zəhmət istəyir. Həm
Puşkin şeriyyətinin məna dərinliyini, həm də
ona xas olan yazı tərzini, formanı saxlamaq böyük
hünər və səbr istəyir. Mən bu yolla gedəcəyəm.
Görək, nə olar".
Bir
neçə gün sonra o mənə öz tərcüməsinin
bir hissəsini oxudu:
Belə
düşünürdü o gənc sərsəri,
Poçta
yollarını süzüb keçərək.
Zeves
öz hökmünü verəndən bəri
Bütün
qohumların varisiydi tək.
Ruslan,
Lyüdmilanın dostlarına mən
Üzümü
döndərib deyirəm qəlbən:
Bizim qəhrəmanla
müqəddəməsiz
Bu saat
buyurun tanış olun siz.
Onegin, o mənim
sevimli dostum,
Doğulmuş
Nevanın sahillərində.
Bəlkə
o yerlərdə, günün birində
Sən də
parlamısan, əziz oxucum.
Mən də
o yerləri seyr etdim, əvət,
Şimal
zərərlidir mənimçün fəqət.
Görək,
Xalq şairimiz Hüseyn Arif nə yazır: "...Mənə
elə gəlirdi ki, Puşkin bu misraları Azərbaycan dilində
yazıb. Valeh olmuşdum...S.Vurğunun tərcümə etdiyi
"Yevgeni Onegin" poemasını dönə-dönə
oxumağa başladım. Bəzi fəsilləri hətta əzbərlədim.
Misralar indi də hafizəmdən silinməmişdir. Rus xilqəti,
rus təbiəti, rus torpağının rəngarəngliyi,
gözəllikləri, bu xalqın tarixi adət və ənənələri
Puşkin poeziyasında öz təbii tərənnümünü
tapmış, onun şöhrətini çox-çox uzaqlara
yaymışdır...Aylar, illər dolanır, dünyanın
bütün qabaqcıl, mütərəqqi adamları kimi,
xalqımızın da Puşkin poeziyasına həvəs və
marağı gündən-günə çoxalır.Ölməz
şair nəsil-nəsil gəncləşir, boy atır.O,
hamımız üçün doğulmuşdu, hamımız
üçün də əzizdir".
H. Arifin
bu gözəl fikirlərini onun "Puşkin o
Puşkindir!" adlı poemasındakı misralar sərrast məntiqlə
tamamlayır:
Necə
var, eləcə yazdı ürəkdən,
O ilk
müəllimim, əzəl ustadım.
Şairim,
nə qədər xoşbəxtəm ki, mən,
Çün
sənin tələbən çağrılır adım.
Nə
dağlar çəkilib dağ sənətkara,
Gör
kimin qəsdinə kimlər giribdir!
Sənin
sənətinə xor baxanlara
Lermontov nə
yaman cavab veribdir.
Içimdə
bir yara qövr edir hələ,
Nə
sehirli sınaq, nə sirli andı.
Şimalda
Puşkinə atıldı güllə,
Cənubda
Səbuhi qana boyandı.
Eşidən
nə deyir, görən nə deyir,
Buna
cavabdehdir bu gün də tarix.
Qaldırıb
başını baxa bilməyir,
Vicdan məhkəməsi
önündə tarix…
Puşkinin-
bu bəşəri dühanın həyatında tarixin və
taleyin vicdan məhkəməsi qarşısında doğrudan
da böyük günahı var.Bu günahın "qüdrətli
sahibləri" şairin- rus poeziyasının günəşini
söndürmək istəyərkən, özləri
zamanın qaranlıq zindanlarına nifrətlə məhkum
olundular.
Aleksandrın
şəxsi həyatında səadət günəşi
parlamağa başlayırdı.1929-cu ildə məşhur
gözəl, kübar ailənin qızı Natallya Nikolayevna
Qonçarovaya evlilik təklif edən şair, 1931-ci ildə
onunla ailə qurur. Nigah Moskvanın məşhur kilsələrinin
birində kəsilir. Mərasim zamanı Puşkinin nişan
üzüyü barmağından düşür, bir qədər
sonra nigah şamı sönür.
Puşkinin
4 övladl dünyaya gəlir.İki qızı- Maşa və
Natalya, iki oğlu - Aleksandr və Qriqori.
(Ardı gələn sayımızda)
Reyhan Mirzəzadə,
publisist-politoloq
Həftə içi.- 2017.- 4-6
fevral.- S.4.