"...Şeiriylə dolaşdı Yer kürəsini,

Puşkin- Rusiyanın şair balası..."

 

10 fevral - dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin əbədiyyətə qovuşmasının 180 illiyi münasibətilə

 

(Əvvəli ötən saylarımızda)

 

Şairin həyatı daimi sarsıntılar içində keçirdi: kübar cəmiyyəti ilə münaqişələr, sürgünlər, donoslar, həbslər, dostlarının edamı, çar senzurası, pulsuzluq, ailə söz-söhbətləri, kamer-yunker geyimi və s. Müxtəlif vaxtlarda şairin tənqid hədəfinə tuş gəlmiş nazirlər, generallar, diplomatlar Puşkinə qarşı fitnə-fəsadlıq aparır, ondan intiqam almağa çalışırdılar. Onu sıxışdırır, təqib edir, alçaltmağa cəhd göstərirdilər. Şair belə bir dözülməz şəraitdə yaşayıb - yaradırdı... 1830-cu ilin payızında Nijnı Novqorod yaxınlığındakı Boldino kəndinə gələn Puşkin, burada 50-yə yaxın əsər yazır. 1831-ci ildə Peterburqa köçən şair, iki il sonra yenidən Boldinoya qayıdır. Üçüncü "Boldino payızı"ndan "Qızıl xoruz nağılı" və "Kapitan qızı" yadigar qalır.

Uzun illərdən sonra da şair litsey qayda-qanunu ilə yaşamaqda davam edirdi. Amma o da var ki, təbi gələndə, "ilham pərisini hürkütməmək üçün yatağından qalxmadan, uzandığı yerdə işləyirdi: "Səhər saat altıda qalxıram, qəhvə içirəm və saat üçə kimi uzanıram. Xeyli şey yazmışam, - deyə o, 1833-cü ildə Boldinodan arvadı Natalya Nikolayevnaya yazırdı, -saat üçdə at belinə qalxıram, beşdə çimirəm və sonra kartofla qarabaşaq sıyığı yeyirəm. Saat doqquza qədər mütaliə edirəm".

1835-ci ilin payızında Mixaylovskidən göndərdiyi məktubda isə yazırdı: "...Mən çox gəzirəm, çox at sürürəm. Yediyim - közdə bişirilmiş kartof, bir də çiy yumurtadır. Bu mənim naharımdır. Saat 9-da yatağa uzanıram, səhər saat 7-də dururam...".

Mixaylovskidə yaşayarkən o, yay aylarında hər gün Soroti çayında çimir, qışda isə səhər yeməyindən əvvəl buz vannası qəbul edirdi. Vanna içi su ilə doldurulurmuş çəlləkdən ibarət idi. Aleksandr Sergeyeviçin faytonçusu xatırlayır: "Səhər tezdən durur, hamama gedir, yumruğu ilə çəlləkdəki buzu sındırıb içinə girir, yayxalanır və tez də çıxırdı. Sonra atı minib çəmənlikdə çapırdı...".

Puşkin sərrast güllə atır, rapira ilə məharətlə döyüşürdü. Kişinyovda Puşkinlə dostluq etmiş gənc zabit F. N. Luçinin gündəliyində yazırdı: "...Puşkinlə rapirada döyüşdüm və sinəmdən güclü bir zərbə aldım". Bir neçə gündən sonra yeni qeyd: "...Yenə Puşkinlə döyüşdüm, o məndən yaxşı vuruşur və aydın məsələdir, qalib gəlir...".

“Belkinin hekayələri" əsərinə daxil olmuş hekayələr içərisində öz mənasının dərinliyi, təsir gücü və bədii keyfiyyəti ilə "Stansiya gözətçisi" povesti ən mühüm yer tutur. Boldinoda yazılmış əsr N.P. Belkin imzası ilə nəşr edilmişdir. Burada çar Rusiyasının təzyiq və əsarəti altında inləyən, insanlıq hüququndan və ləyaqətindən məhrum edilən kiçik bir məmurun acınacaqlı vəziyyəti təsvir olunub. Yazıçı ürək ağrısı ilə yoxsulların, gücsüzlərin halına yanır, onların insanlıq hüququnun müdafiəsinə qalxır.

Əsər stansiya gözətçisi Semyonun faciəsi üzərində qurulmuşdur. Onun canından əziz tutduğu sevimli qızı gözəl Dunyanı həyasız bir zabit Minski zorla onun əlindən alıb, qoca, zavallı, aciz və arxasız atanı gözüyaşlı qoymuş, ölümə məhkum etmişdir. Qızın əvəzində zabitin ataya verdiyi pul onu aldada bilmir, əksinə, qocanı daha da təhqir edir, alçaldır, dərdinin üstünə dərd gətirir. O, pulu əllərində yumurlayaraq yerə atır və ayaqları altında tapdalayır. Öz qəlbinin, məhəbbətinin, heysiyyətinin, vicdanının pula heç zaman satılmadığını deyir. Yazıçı öz qəhrəmanı Vırini yüksək, nəcib, saf insani hisslərin mücəssəməsi kimi göstərərək, yoxsulların, məzlumların, gücsüzlərin tərəfində durduğunu bildirir, onları insanlıq və vətəndaşlıq hüququndan məhrum edən ictimai quruluşa lənətlər və nifrətlər yağdırır.

Sadə adamların, kiçik məmurların müsbət və baş qəhrəman obrazı ilə birinci dəfə olaraq Puşkin tərəfindən ədəbiyyata gətirilməsi o zamanın ədəbi mühit üçün mühüm bir hadisə idi. Bu hadisə ədəbiyyatın xəlqiləşməsi, demokratlaşması, onda realist və ictimai ənənələrin kök salması istiqamətində həlledici rol oynamışdır.

Puşkin şəxsiyyəti olduqca mürəkkəb, çoxcəhətli idi. Lakin onun xarakterinin əsas cəhətləri - müstəqilliyə, özünütəsdiqə sonsuz meyl, öz şəxsi ləyaqətinə dərin inam, öz namusunu qələm və silahla qorumağa həmişə hazır olmaqdan ibarət idi. "Namus" sözünün altında o, təkcə öz şəxsi ləyaqətini və arvadının etibarını deyil, öz əcdadlarının ad-sanını, müəllimlərinin, rus dili və rus ədəbiyyatının nüfuzunu başa düşürdü. "Kapitan qızı"nın epiqrafını yada salaq: "Cavanlığından qoru namusunu".

A.S. Puşkinin bədii nəsr janrı sahəsindəki məharəti və ustadlığı onun ən məşhur, ən ciddi, ideya-bədii nöqteyi-nəzərindən ən qiymətli əsəri hesab edilən "Kapitan qızı" romanında özünü göstərmişdir. Rusiyada alovlanmaqda olan sinfi mübarizənin ən canlı, ən həyəcanlı, ən maraqlı səhnələrindən biri - Puqaçov üsyanı əks etdirilmişdir.

Yemelyan İvanoviç Puqaçov 1773-1775-ci illərdə Rusiyada kəndli müharibəsinin,feodal-təhkimçilik zülmü əleyhinə kəndli üsyanının bacarıqlı və cəsur sərkərdəsi idi.Üsyana ruslarla bərabər, başqa xalqların nümayəndələri də qoşulmuşdu.Puqaçov təhkimçiliyin ləvği, torpağın pulsuz olaraq kəndlilərə verilməsi və dvoryanlara divan tutulması barədə manifest verdi. Manifestdən sonra üsyan olduqca genişlənsə də, həm Puqaçovun taktiki səhvi, həm də hərəkatın kortəbiiliyi, aydın mübarizə planının olmaması ucbatından üsyan məğlubiyyətə uğradı.Puqaçov üsyanının fərqi həm də onda idi ki, onlar mülkədarlara qarşı vuruşsalar da, "yaxşı çar" uğrunda çıxış edirdilər.Hər halda bu şərt də zülmə düçar olmuş kəndlilərin xeyrinə idi.Üsyan təhkimçilik quruluşuna zərbə vurub, sistemin süqutunu yaxınlaşdırdı.

Real tarixi faktlar və hadisələr əsasında yaradılmış bu əsəri Belinski "Mənsur Yevgeni Onegin" adlandırmışdır. Doğrudan da, öz bədii-ictimai əhəmiyyətinə görə bu əsəri ancaq "Yevgeni Onegin"lə müqayisə etmək olar.

Əsərin müsbət qəhrəmanları Puqaçov, Mironov və Saveliç rus xalqının nümayəndələri kimi təqdim olunmuşdur. Onlar humanizm, nəcabət, qəhrəmanlıq simvoludurlar. Puqaçov surətində bu xüsusiyyətlər böyük ümumiləşdirmə planında verilmişdir. O, xalqın həqiqi oğludur, xalqın iradəsilə hərəkət edir, onun dəyərlərinə xidmət edir, ondan qüvvət alır. Onun mübarizəsi - xalq iradəsinin hökmüdür. Onun mübarizə şüarını Qrinyov aşağıdakı sözlərlə ifadə edir: "Tac-taxtı devirmək və dvoryanların nəslini kəsmək". Onda dosta sədaqət, düşmənə qarşı amansız nifrət duyğusu vardır. O, kimsəsizlərin, yoxsulların, zəiflərin pənahıdır. Buna görə də xalq onu sevir, müdafiə edir.

Saveliç də nəcib keyfiyyətlərlə, yüksək mənəviyyata malik alicənab bir surət kimi əks edilmişdir. Bütün ömrünü asılılıqda, təhkimçilik təzyiqi altında keçirməsinə baxmayaraq o, mənəvi saflığını mühafizə etmiş, xeyirxah, vicdanlı, namuslu bir vətəndaş olaraq qalmışdır.

“Kapitan qızı" əsərində Puşkin, Puqaçov hərəkatını bütün genişliyi ilə təsvir etmək prinsipini izləməyi vacib bilməmişdir.O, ancaq konkret bir hadisə fonunda Puqaçov hərəkatının ümumxalq hərəkatı, xalqın inqilabi əhval-ruhiyyəsinin ifadəsi olduğunu açıb göstərmiş, bu hərəkatın ictimai səbəblərini izah etmişdir.

"Kapitan qızı" əsərində Puşkin realizmi yüksək inkişaf mərhələsinə qalxmışdır. O, tarixi həqiqəti, rus xalqının qəhrəmanlıq və fədakarlıqla dolu şanlı keçmişini, onun həyatını, milli ənənələrini, folklorunu dərindən öyrənmək sayəsində öz mövzusunu böyük bir qüvvə və misilsiz sənətkarlıqda əks etdirməyə müvəffəq olmuşdur. Elə buna görə də "Kapitan qızı" dünya ədəbiyyatının qiymətli əsərlərindən birinə çevrilmişdir

A.S.Puşkin qərinələrcə bundan əvvəl yazdığı bir şeirində özündən sonra gələcək gənc nəslə müraciət edir, azadlıq və həqiqəti tərənnüm edən sənət adından bu gəncliyi salamlayır, ona yüksək əməllər arzu edirdi:

Salam, ey gələcək, cavan nəsillər,

Üz-üzə, göz-gözə baxmasaq da biz;

Bilirəm ötəcək illər, fəsillər,

O vaxt birləşəcək əməllərimiz.

Puşkin gələcək nəsli Rusiyanın ümidi və istinadgahı adlandırmışdı. Şair ondan çox uzaqda olan bugünkü aləmin xoşbəxt nəslini - öz sevimli nəvələrini görməsə də, yeni xoşbəxt nəsli özünə doğma hesab edir, özünün bu gələcəkdən ayrı olmadığını söyləyirdi:

Düzdür, görməyəcəm mən sizi əlbət,

Sizə yar olacaq başqa zamanlar

Azad qəlbinizdə sevgi, məhəbbət,

Yaşa dolacaqsız ötdükcə anlar

Nə mən görəcəyəm, nə tanışlarım

Dostlar məclisindən dönəndə sizi,

Ancaq eşidəcək sevimli nəvəm

Şirin sözünüzü, şən səsinizi,

Ötüb yanınızdan keçəcək bəlkə,

O sakit gecənin qaranlığında,

Fikirlər içində, yollar uzunu

Məni düşünəcək xoş xəyalında.

Puşkin arzulayırdı ki, gəncliyin həyatı həmişə şən və xoşbəxt olsun. Şair gənc nəslin gələcəyinə və xoşbəxt həyatına üz çevirərək, inamla deyirdi:

Qoy mənim qəbrimin dörd bir yanında

Gəncliyin həyatı coşsun, qaynasın.

Insana ruh verən xoş təbiətin

Ziyası üstümdə daim oynasın.

Belinski rus xalqının taleyinə, tarixi keçmişinə, gələcəyinə bağlı olan, onun gözəl milli sifətlərini tərənnüm edən Puşkini gəncliyin tərbiyə edilməsində başqa rus şairlərindən fərqləndirərək demişdir: "Rus şairlərindən heç biri Puşkin qədər gəncliyə mürəbbe ola bilməz, gənc duyğu tərbiyə edən ola bilməz".

Gənclik, sədaqətli gənclik, nəsillərin gəncliyi isə ölməz Puşkini heç bir zaman unutmayıb və unutmayacaqdır. Hələ gənc yaşlarımdan dinlədiyim və çox sevdiyim bir nəğmə mənim daxili aləmimdə Puşkin varlığının mənəvi himninə çevrilmişdir. Bu, N.Cəfərovun "Böyük sənətkara" şeirinin sözlərinə D.Uteşevanın bəstələdiyi mahnı-nəğmədir. Həmin şeir-mahnıdan:

Rus xalqının mərd oğlusan,

gəzir dillərdə söhbətin,

Ürəklərdə, könüllərdə artır eşqin,

məhəbbətin.

Alqış deyir sənə bu gün qoca tarix,

yeni dövran

Dahi Puşkin bizimləsən,

bizimləsən hər bir zaman.

 

Yayılmışdır böyük adın dünyanın

hər tərəfinə,

Nəğmə qoşur, dastan yazır

ellər sənin şərəfinə.

Böyük ustad, əziz şair!

Ölməyəcək əməllərin

Sən fəxrisən həm bugünün,

həm gələcək nəsillərin.

Puşkin evləndikdən, ailəsi böyüdükdən sonra maddi vəziyyəti çətinləşmişdi. Şair bacısı və iki baldızını da yanında saxlayırdı. Digər tərəfdən də arvadı təmtaraqlı həyatı sevirdi, pal-paltara, bəzək-düzəyə, ziyafətlərə çox xərci çıxırdı. Çar Puşkinin ağır vəziyyətindən istifadə edərək, ona maddi köməklik təklif edir və bu yolla onu özünə tabe etmək istəyirdi. Hətta 1834-cü ildə "iltifat" edib şairi saray kamer-yunkeri (kiçik saray rütbəsi) təyin etmişdi. Bu vəzifə Puşkin üçün təhqirdən başqa bir şey deyildi, həm də Puşkin çarın çirkin məqsədini hiss etmişdi: o, Puşkini saraya yaxınlaşdırmaq, arvadının ayağını saraya, orada təşkil olunan ziyafətlərə açmaq istəyirdi. Bu barədə Puşkin gündəliyində yazırdı: "Çar mənim kamer-yunker təyin olunmağım münasibətilə ona təşəkkür etməməyimdən razı qalmamışdır. Amma mən itaət edə bilmərəm... Hökumətimizin bu cür əxlaqsız adətlərinə nə deyəsən?!".

Puşkinin həyatı getdikcə daha çox zəhərlənirdi: senzura maneələri, ailə sıxıntıları onu bezdirmişdi. Bir gün o, jandarma şefi Bengendorfa demişdi: "Rus yazıçılarından heç biri mənim qədər təzyiq görməmişdir".

Son zamanlarda əmələ gələn vəziyyətdən Puşkin başa düşmüşdü ki, tez-gec yüksək cəmiyyətlə onun arasında bir partlayış baş verməlidir. Artıq onun düşmənləri çarın iştirakı ilə ailə işlərinə qarışır, ər-arvad arasındakı məktubları açıb oxuyur, ona gizli imza ilə təhqiramiz məktublar yazırdılar. Bu çirkin öcətmələr onunla nəticələndi ki, Fransa inqilabından qaçıb Rusiyaya gəlmiş mühacir, fransız monarxisti, Fransanın senatoru olmuş (senat - Fransada qanunverici baş palata, senator-senat üzvü-R.Mirzəzadə) Jorj Şarl Dantesin (Hollandiya səfiri baron Hekkernin oğulluğu) şairin baldızı Yekaterina Qonçarova ilə evil olmasına baxmayaraq, onun arvadına da açıq-aşkar diqqət edib, münasibət yaratmaq istəyərək,Sergey Aleksadroviçi təhqir etmişdi. Puşkin də bu təhqirə cavab olaraq, Dantesi duelə çağırdı.

A.Jukovski yazırdı:"Onun sakitliyi təəccüb doğururdu; atışmaya getməyə düz bir saat qalana kimi o öz "Sovremenniki" ilə məşğul oldu, sonra İşimova məktub yazdı".

O vaxtlar Parisdən yenicə qayıtmış Turgenev xatırlayırdı ki, Danteslə duel ərəfəsində şairi tez- tez, özü də yaxşı əhval-ruhiyyədə görürmüş: "Puşkin mənim qonşumdur. Tez-tez görüşüb uzun-uzadı söhbət edirik. Bəziləri onun son vaxtlar dəyişildiyini, fikirli olduğunu, söhbətlərə əvvəlki kimi maraq göstərmədiyini deyirlər. Onlarla razılaşa bilmərəm. Bizim söhbətimiz yaxşı tutur...".

Duel ərəfəsində də onlar beləcə, qaranlıq düşənə qədər söhbət etmişdilər. Və Turgenev şairin ovqat və davranışında heç bir dəyişiklik duya bilməmişdi. Bundan sonra Puşkin özü üçün sekundant (duel şahidi - R.Mirzəzadə) axtarmağa yollanmışdı.

Duelin şərtlərini sekundatlar hazırlamışdı:

1. Rəqiblər bir-birilərindən 25 addım, səddən isə beş addım aralıda dayanırlar. Səddlər arasında məsafə on addımdır.

2. Tapança ilə silahlanmış rəqiblər işarə verilən kimi bir-birilərinə tərəf gəlməyə başlayır və səddi keçməmək şərti ilə atəş açırlar.

3. Bundan əlavə, ilk atəşdən sonra rəqiblər yerlərində qalmalıdırlar ki, birinci olaraq güllə atan şəxs də eyni bir məsafədən rəqibinin atəşinə məruz qalsın.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist-politoloq

 

Həftə içi.- 2017.- 7 fevral.- S.4.