“İstərdim ki, oğlumun
yanında dəfn olunum”
Onunla müsahibə alanda
insan dincəlir. Yorulanda bir lətifə
danışır və verilən sualın cavabına
qaldığı yerdən başlayır. Bir ara 19 qadın onun anası olduğunu iddia
etmişdi. Film çəkilişi zamanı
traktordan yıxılıb qolunu əzmişdi. Dediyinə
görə, son günlər Özbəkistandan film çəkilişinə
dəvət də alıb. Nəysə, sizləri çox
intizarda saxlamayım, hafta.az-ın budəfəki
qonağı, gülüş ustası, Xalq artisti, Prezident təqaüdçüsü
Arif Quliyevdir.Onunla yumorun dünənindən və bu
günündən danışdıq. Çəkiliş
vaxtı 20 butulka su içirən rejissoru xatırladıq... Məncə, maraqlı alınıb. Son qərar
sizindir, əziz oxucular:
- Arif müəllim, sizinlə
müsahibənin vaxtını dəqiqləşdirəndə
telefonda dediniz ki, çəkilişiniz var, mümkünsə
tez gəlin. Deyəsən, son vaxtlar rejissorlar sizi tez-tez
çəkiliş setinə dəvət edirlər?..
- Tez-tez dəvət
edirlər deyəndə ki, etməyinə edirlər. Özüm də təqaüddəyəm,
boş-bekar dayana bilmirəm. İndi bir
çox çəkilişlər özəldir. Faiq müəllim adında bir rejissor var. O, yeni bir
film üzərində işləmək istəyir. Sınaq çəkilişlərinə məni də
dəvət edib. Film komediya janrındadır, adı
“Axtarışda olan adam”dır. İki seriyadan ibarətdir.
- Nədən bəhs edir
“Axtarışına çıxdığınız adam”?
-
Bilirsiniz, əvvəlcədən film haqqında
danışmaq istəmirəm. Onu deyə bilərəm
ki, hüquq-mühafizə orqanları, polis bir nəfər
cinayət törətmiş şəxsi axtarır. Amma özləri də bilmirlər ki, kimi
axtarırlar. Fakt odur ki, cinayət baş
verib, amma hadisənin baş vermə səbəbi, motivi nədir,
bilmirlər. Burada söhbət bir
naşı adamın müstəntiqlik fəaliyyətindən
bəhs olunur. Şair Qabilin bir sözü
var, “xaric səslənirik biz, səhv düşəndə
yerimiz”. Həmin müstəntiq də nə
etdiyini bilmir. Elə təsəvvür edir
ki, hər şeyi düz edir. Komediya
filminin ssenarisi də məhz bu müstəntiqin üzərində
qurulub. Daha çox danışmağa icazə vermirlər
(gülür), hələ ki, təzə
başlayırıq...
- Bəs son illərdə kənardan,
ölkə xaricindən film təklifləri
alırsınızmı?
- Bu
günlərdə Özbəkistandan filmə çəkilməklə
bağlı təklif almışam. “Özbəkfilm”in
sifarişidir. Rejissor və aktyor heyəti
də əsasən özbəklərdən təşkil
olunub. Mən orada müəllim
obrazını canlandıracağam. Baş
rol deyil, ikinci dərəcəli bir və yarıkomik bir
obrazdır. Filmin adı "Təşəbbüsə
cəhd"dir. Əslində, heç vaxt təklif olunan rolun
birinci və ya ikinci dərəcəli olmasına baxmıram. Təki canlandıracağın obraz ürəyincə
olsun. Lap mininci dərəcəli bir obrazdır, əsas
odur ki, öhdəsindən gələ biləcəksən, ya
yox. Baş rol tələb edən aktyorlardan
deyiləm. Əsl peşəkar aktyorun vəzifəsi
rejissorun həvalə etdiyi rolu dolğun, mənalı, istəkli
və hər kəsin başa düşəcəyi şəkildə
tamaşaçıya çatdırmaqdır. Yoxsa, durum deyim ki, mən “Hamlet”i oynamaq istəyirəm.
Oynaya bilmərəm axı, mən yumor
aktyoruyam. Bəlkə də oynaya bilərəm.
Məsələ orasındadır ki, onu oynamaq üçün
”Hamlet”i öz içində hiss etməliyəm. Aktyor gərək düşünsün ki, israrla
oynamaq istədiyi rolu oynamaq üçün onun daxili
potensialı çatır, yoxsa yox.
- “Nazlı” filminin çəkilişləri
necə keçdi? Mediada filmin
çəkilişləri zamanı traktor qəzası
keçirməyinizlə bağlı xəbərlər
yayılmışdı. Qəzadan xəsarətsiz
sovuşdunuz, yoxsa?..
- Çəkilişlər
artıq bitib. “Nazlı” Şamaxıda çəkilib.
Qəza da belə oldu; çayın
qırağında traktor sürməyi məşq edirdim.
Birdən təkər sürüşdü,
traktor aşdı, mən də traktordan yıxıldım.
Qolum burxuldu, Dəmirçilər kəndinə
apardılar. Yaşlı bir nənə
vardı, Zəngulə nənə, kənd yumurtası ilə
xəmiri yoğurub qoluma bağladı, sağaldım.
Bir də eşitdik ki, internetdə xəbərlər
yayılıb: “Arif Quliyev avtomobil qəzası keçirib”. Traktor nə vaxtdan avtomobil olub? Sabahısı
gün səhvlərini düzəltdilər. Yazdılar ki, traktordan yıxılıb.
- Arif müəllim, niyə bizim ən
çox qəşş edib güldüyümüz lətifələrimiz,
yumorlarımızın içərisi söyüşlərlə
bitir?
- Əslində, bu vəziyyət yumorda təzə
başlayıb. Özü də əsasən komediyalara
sirayət edib. Guya yeni bir formadır.
O vaxtlar senzura vardı, açığını deyim ki,
üzr istəyirəm, “əclaf”, “axmaq” kimi sözləri
işlədə bilmirdim. Heç indi də
yumorları tamaşaçıya təqdim edərkən o ifadələri
işlətmirəm. Heraklid deyib ki, hər
şey dəyişir, inkişaf edir. Bəlkə
indiki yumorlarda söyüşlərdən çox istifadə
olunması elə həmin inkişafla bağlıdır?!
Bizimkilər Rusiya, Türkiyə kanallarına çox
baxırlar. Onlar, yəni həmin ölkələr
də yumorlarda söyüşlərdən çox istifadə
edirlər. Təzəlikcə yumora təzə ad qoyublar
– “stand up”. Adını dəyişiblər, elə
həmin şeydir, yumordur. Yəni, biri
çıxır səhnəyə əhvalatı
danışır və göstərir. Mən də elə
edirəm, sən də, o birisi də... Məsələn,
bir nəfərə deyirlər ki, qardaş səni təbrik
edirik, evin plana düşüb. Bundan sonra sənin evinin
yerindən qatar keçəcək. Qardaş
da qayıdır ki, nə keçir keçsin, amma qatar keçməsin. Soruşurlar
niyə, deyir ki, hər gün səhər yuxudan durub qatara
qapı açası deyiləm. Kimsə
buna “stand up” deyə bilər, amma bizdə bunun adı yumordur.
Amma bizimkilərin bütün işlərini təqdir
edirəm, alqışlayıram.
- Bəziləri son illərdə Azərbaycanda
yumorun əvvəlki səviyyədə
olmadığını deyirlər. Problem
istedadsız aktyordadır, yoxsa zəif ssenarilərdə?
-
Televiziyalarda yumoristik verilişlər yoxdur. Amma
Musiqili Komediya Teatrına gedib tamaşalara baxmaq
lazımdır. Heç də zəif
yumurlar deyil. Yumor artistləri televiziyalara
çıxmadığı üçün yəqin bəziləri
elə fikirləşir. Ola bilsin ki,
baxdıqları yumorun ssenariləri zəifdir. Ssenari müəlliflərinin yumor adamı
olub-olmamasının da hazırlanan tamaşaya, səhnəciyə
təsiri böyükdür. Əslində,
son vaxtlar yumor bizdə inkişaf edib. Fərda,
Müşfiq, Elməddin, Rəfael və Coşğun. Heç birinin yumor tərzi, hazırladıqları
səhnəciklər bir-birinə bənzəmir. Rəngarənglik
var. Məsələn, öz savadlı yumorları ilə “KVN”nin uşaqları Cabir və Tahir
İmanovların yumorlarına camaat qəhqəhə çəkir.
Onu da deyim ki, hərənin öz
tamaşaçısı var. Beş barmağın beşi də
bir deyil axı. Hamı Arif Quliyevi də bəyənə
bilməz. Gənclərimizi də bəyənən
çoxdur. İstedadlarını
görüb, sabahına inandığım gənclərin
hamısını dəstəkləmişəm.
- Bir çox filmlərə çəkilmisiniz.
Çəkilişlər zamanı ən çox
yadınızda qalan hadisə, yaxud hansı rejissor eyni səhnəni
bir neçə dəfə təkrarlamaqla sizə zülm
edib?
- “Bəxt üzüyü” çəkilirdi. Mən də
polis işçisi rolunda idim. "Moşu"gili
tutub aparanda su içmə səhnəsi var. Mən isti
olduğundan su içməliyəm. Rejissor
da Ramiz Əzizbəyli idi. 17 dəfə həmin
su içmə səhnəsini çəkdi. 6-7 butulka
içmişdim, deyirdi ki, saxla, bir də, bir də... Həmin səhnənin çəkilişləri
zamanı 20-yə yaxın butulka su içmişdim. Neynim, mən də öz peşəmin fəhləsiyəm.
Məni o vaxt bir az onda incitmişdilər. Ramiz müəllim çox gözəl rejissor və
aktyordur.
- Son vaxtlar Ramiz Əzizbəylinin səhhətində
problemlər yaranıb. Heç
itirib-axtarmısınızmı?
- Biz onu
itirmirik, həmişə axtarırıq. Srağagün
ziyarət etmişəm. Dünən də
zəng etmişəm. Əzizimiz,
dostumuzdur.
- Kitab oxumağa vaxtınız olur? Sonuncu dəfə hansı əsəri oxumusunuz?
- Həmişə
oxumaq lazımdır, oxumağı dayandırsan, özün də
dayanacaqsan. Son vaxtlar Ordubadinin əsərlərini
oxumuşam. Şeirləri də mütaliə
edirəm.
- Bir dəfə telekanallardan birinə
bir yaşlı xanım gələrək Arif Quliyevin anası
olduğunu demişdi. Necə oldu, tapdınızmı
ananızı?
- Biri yox,
19-u gəlmişdi. Hamısını
yoxladılar, DNT testindən keçdik. Heç
biri ilə qanımız uyğun gəlmədi. Ona görə də indi qanım azalıb. Onlara görə nə qədər qanımı
aldılar.
- Bəs içərisində
qanınızın qaynadığı oldumu o analardan?
- Hamısına
qanım qaynadı. Onların hər biri
anadır. Analara həmişə qan
qaynayır. Allah bütün anaların
ürəyində övlad sevincini bərqərar etsin. 19 anamın 19-unun da evinə gedib ziyarət etmişəm.
- Hansı aktyor
yoldaşınızın vaxtsız ölümü sizi daha
çox üzüb?
- Vaxtsız
ölüm yoxdur, çünki aktyorun yaşı olmur, ən
əziz insanı itirirsən. Yaradıcı
insan həmişə diqqət mərkəzində olur. Tamaşaçı gözü istedadlı sənətkarı
həmişə axtarır, onun itkisini qəbul edə bilmir.
Həsən Turabov, Eldəniz Zeynalov, Yaşar Nuri... Çoxlarını sadalaya bilərəm. Allah hamısına rəhmət etsin. Hamısının ölümü mənə pis təsir
edib.
- Arif müəllim, necə bir
qonşusunuz?
-
Qonşularla münasibətim lap əladır. Gülyanaqla
Gülyaz Məmmədovalar da bizim
qonşularımızdır. Xanəndə
Arif Babayev də əvvəl burada yaşayırdı,
qonşumuz olub. Sonradan evini dəyişdi.
Arif Babayevlə qonşu olanda tez-tez bizim evə ət,
toyuq, yumurta göndərirdilər. Evdən
soruşurmuşlar ki, Arif müəllim burada olur? Bizimkilər də deyirmiş hə. Bir dəfə də 1 qoyun, 10 toyuq, 50 yumurta göndərmişdilər.
Onu gördüm ki, Arif Babayevdən zəng gəldi.
Dedi ki, bizim toyuqları sizə veriblər. Sən
demə, ona gələnlər bizə gəlirmiş. O,
da əlimizdən qaçıb getdi. Arif müəllim
burada olanda yenə evə nəsə alıb gəlirdi, indi
heç nə gətirən yoxdur (gülür).
- Ölümə
münasibətiniz?
- Ölüm haqdır. Gələnlə-gedənin qarşısını kəsmək qeyri-mümkündür. Allah dünyaya gətirir, Allah da aparır. Ölümün gözünə dik baxmaq lazımdır.
- Arif müəllim,
öləndə harada və kimin yanında dəfn
olunmağınızı istərdiniz? Vəsiyyət
etmisinizmi?
- Harada qismətdirsə, harada yer varsa orada da dəfn edəcəklər. Oğlum Fəridi hacı Zeynalabdin Tağıyev adına qəsəbədə basdırmışıq. Orada qohumlarımız var deyə oğlumu orada dəfn etdik. Onun yanında iki-üç qəbirlik yer var. İstəyərəm ki, oğlum yanında dəfn olunum.
Tural
Həftə içi.- 2017.- 7
fevral.- S.3.