Elektron dərsliklərə maraq xeyli artıb

 

Bu sistemdən təkcə yanvar ayı ərzində 63 mindən çox istifadəçi onlayn olaraq istifadə edib

 

Elektron dərslik portalının onlayn istifadəçilərinin yanvar ayı üzrə müqayisəli statistikası açıqlanıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, statistikada son 3 ildə yanvar ayları üzrə onlayn istifadəçilərin sayı əks olunub. Belə ki, 2017-ci ilin yanvar ayı ərzində www.e-derslik.edu.az portalından 63.442 istifadəçi onlayn olaraq istifadə edib. Bu rəqəm 2015-ci ilin yanvar ayı ilə müqayisədə (10.612) 6 dəfə, 2016-ci ilin yanvar ayı ilə müqayisədə isə (31.776) 2 dəfə çoxdur. Qeyd edək ki, bir neçə il öncə Təhsil Nazirliyi tərəfindən www.e-derslik.edu.az elektron dərslik portal istifadəyə verilib.

Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi təmin edir. Artıq təhsil sistemində olan elekton dərsliklərin sayı 188-ə çatdırılıb.

Məlumat üçün bildirək ki, gələcəkdə də təhsilin müasir səviyyədə qurulması əsas istiqamətlərdən biri kimi daim diqqət mərkəzində olacaq. Bu məqsədlə 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul edilib.

Eyni zamanda, Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası da ölkədə keyfiyyət və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Strategiyanın əsas istiqamətlərindən biri təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.

Növbəti mərhələdə təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması nəzərdə tutulub.

Strategiya təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunmasını, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılmasını nəzərdə tutur.

Bundan başqa ötən ilin sonlarında ölkə prezidentinin təsdiqlədiyi "Azəbaycan Respublikasında telekommunikasiyainformasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə də rəqəmsal təhsilin inkişaf etdirilməsi əsas hədəf kimi göstərilib. Belə ki, sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlars.) əsasında təkmilləşdirilməsi nəzərdən keçiriləcək. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif rəqəmsal avadanlıqlara əlçatanlığı təmin olunacaq. Bu məqsədlər üçün digər məsul dövlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanacaq.

Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılacaq, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənəcək və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil ediləcək.

Həmçinin tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri (məsələn, imtahanlar, müsabiqə xarakterli tədqiqatlarda iştiraks.) müəyyən ediləcək və qiymətləndirmə nəticələri inkişaf fəaliyyətlərinin planlaşdırılmasında əsas amil kimi nəzərə alınacaq.

Təhsil fəaliyyətində istifadə olunan informasiya sistemləri zəruri məlumatların əldə edilməsi imkanlarını təmin etməklə, düzgün qiymətləndirmələrin aparılması və ədalətli qərarların qəbul olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, təhsil sistemi ilə bağlı məlumatlara dair mövcud resurslar dövlət siyasətinə və istifadəçilərin real informasiya ehtiyaclarına uyğun olaraq daha da inkişaf etdiriləcək, təhsil sistemində məlumat bazalarından məqsədəuyğun istifadə üçün imkanlar təmin ediləcək.

Bu prioritetin həyata keçirilməsi ilə tədris proqramları yüksəkkeyfiyyətli rəqəmsal materialmüvafiq metodlar əsasında təkmilləşdiriləcək, fərdi rəqabət qabiliyyəti və sosial rifahın yüksəldilməsi üçün informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, məşğulluqda İKT mütəxəssislərinin payının artırılması təmin olunacaq.

Mövzu ilə bağlı fikirlərini bildirən əməkdar müəllim Almaz Həsrət hesab edir ki, elektron resusrların sayəsində təhsil alanların informasiya əldə etmələri daha sürətli olur: “Artıq bəşəriyyət rəqəmsal aləmlə təmasdadır. İnternetin həyatımıza daxil olması təhsildə yeni bir təhsil mühitinin, məktəblərdə tədrisin tamamilə yeni üsullarının yaradılmasına səbəb olur. İnternetin mövcudluğu, yeni texnologiyalar dərslərin keçirilməsinə də təbii təsir edir. Müasir təhsil alanların əksəriyyəti məlumatları, informasiyaları artıq kağız üzərindən deyil, internetdən tapırlar. Təhsil alanların internetdə informasiya axtarışında olduqları zaman bilməyərəkdən aidiyyəti saytlara, linklərə daxil olmaqla hədəflərindən uzaqlaşmalarına səbəb olur. Məhz elə hədəfdən uzaq olmasınlar deyə, şagirdlərin internetdə axtarışı zamanı məktəbdə verilən tapşırığı, mövzularına uyğun lazımı materialları tez əldə edib oxumaq üçün milli elektron resusrların olması köməyimizə gəlir. Yaradılmış və sonradan davamlı olaraq əlavələri ilə zənginləşən milli elektron resusrlarımızın sayəsində təhsilalanların informasiya əldə etmələri daha sürətli olur. Həmçinin də lazımı materiallar artıq tam dolğun olaraq düzgün mənbədən və əsaslandırılmış mənbədən olduğu halda təhlükəsizlik baxımından da çox etibarlıdır. Çünki elə hallar olur ki, internetdə əsaslandırılmamış mövzulara da rast gəlirik. İndiki təhsilalanlar artıq əllərində ən son müasir kompüter avadanlıqları ilə daha çox çalışırlar. Ona görə də elektron resursların yaradılmasının bu yöndə də çox böyük əhəmiyyəti olduğunu xüsusi vurğulamaq lazımdır”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzhesab edir ki, Azərbaycan dilində elektron dərs vəsaitlərinin hazırlanması faydalıdır: “Elə bir dövr yetişib ki, uşaqlar biliyi ancaq informasiya texnologiyalarından – kompüterdən, planşetdən, mobil telefondan almağa üstünlük verirlər. Yəni, klassik qaydada, keçmişdəki kimi lövhə, təbaşirlə biliyin çatdırılması şagirdi qane etmir. Deməli, elə forma metod lazımdır ki, biliyin uşağa çatdırılma prosesində texnologiyalardan istifadə olunsun. Dünya praktikası da göstərir ki, bu ən yaxşı metodlardan biridir. Azərbaycanda da bu istiqamətdə addımlar atılır, onlardan birielektron dərsliklərdir. Məktəblərdə kompüter, internet varsa, onlardan faydalı istifadə etmək lazımdır. Eyni zamanda, elektron dərsliklərin üstünlüklərin biri əlçatan olmasıdır. Harada internet varsa, orada elektron dərsliklər də var. Təhsil Nazirliyinin uğurlarından birielektron dərsliklərin əlçatanlığının təmin olunmasıdır”.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2017.- 8 fevral.- S.3.