"...Şeiriylə dolaşdı Yer kürəsini,

Puşkin- Rusiyanın şair balası..."

 

10 fevral - dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin əbədiyyətə qovuşmasının 180 illiyi münasibətilə

 

(Əvvəli ötən saylarımızda)

 

4. Əgər hər iki tərəf atəş açdıqdan sonra da bir nəticə hasil olmazsa, döyüş eyni bir qayda əsasında yenidən başlanır.

Bu şərtlər o demək idi ki, ikisindən biri mütləq ölməlidir. Məsafə hədsiz yaxın, Puşkin və Dantes mahir atıcı idi. Lenaj sistemli, böyük kalibrli tapançanın zərbə qüvvəsi isə rəqiblərdən birinin məhvinə "ikiqat zəmanət" idi. Duel Peterburqun kənarında, Komendant Bağının arxasında kiçik pöhrəlikdə baş verdi: buranı yad gözlərdən və soyuq küləkdən gizlənmək üçün seçmişdilər. Çoxlu qar yağmışdı. Sekundantlar cığır açmalı oldular: qalın qar örtüyü məsafəni iri, geniş addımlarla ölçməyə imkan vermədi və nəticədə duelin iştirakçıları üçün təhlükə bir az da artmış oldu. Şinellərlə səddi müəyyən etdilər.

Ayı kürkünə bürünmüş Aleksandr Sergeyeviç qar topasının üstündə oturmuşdu və sakitcə tamaşa edirdi. Qısa qış gününün son işıqlı dəqiqələri ötməkdə idi. Rəqiblər ilkin mövqedə dayandılar və sekundant Konstantin Danzasın (Puşkinin litsey yoldaşı olub) işarəsilə yaxınlaşmağa başladılar. Puşkin iti addımlarla səddə çatdı və tapançasını qaldırıb rəqibini nişan aldı.Lakin Dantes onu qabaqladı - səddə çatmamış atəş açdı.Puşkin üzü üstə qarın içinə yıxıldı.

Açılan güllənin əks-sədası hələ havada titrəməkdə ikən və Dantes işin bitdiyini zənn edib kənara çəkilmək istəyən məqamda yaralı şair son gücünü toplayaraq azacıq dikəldi və əli ilə işarə etdi ki, Dantes yerində qalsın, o cavab atəşi açmalıdır, onun buna haqqı var. Puşkin, əli titrəmədən nişan alıb, tətiyi basdı. Üzü üstə yıxılan Dantesi görcək qışqırdı: "Bravo!" və huşunu itirdi. O, hələ bilmirdi ki, rəqibi sinəsini əli ilə örtüb özü də qolundan yaralanıb. Puşkinin huşu özünə gələndə, Dantes ayaq üstə idi. Puşkinin yarasından bolluca qan axmışdı, altındakı şinel qandan islanmışdı.

Yolda Aleksandr Sergeyeviç bərk əziyyət çəksə də, gileylənmirdi. Yalnız tez-tez huşunu itirirdi. O, ombasından yaralandığını zənn etmişdi, amma karetada başa düşdü ki, güllə qarnından dəyib. Qarnından ölümcül yara almış tanış zabitin çoxdankı dueli yadına düşdüyündən Danzasa dedi: "Qorxuram ki, mən də Şerbaçyov kimi yaralanmış olum".

Puşkinin evinə yığışmış təbiblərdən ən nüfuzlusu - saray həkimi N.F. Arendt idi. Spasskinin yazdıqlarından: "Qarnındakı ağrı dözülməz idi. Bu, əsl işgəncəydi. Puşkinin sifəti tanınmaz dərəcədə dəyişmişdi, gözlərindən divanəlik yağırdı, elə bil indicə partlayıb həlqəsindən çıxacaqdı: alnını soyuq tər basmışdı, əlləri buz kimi soyuq idi, nəbzi demək olar, vurmurdu. Xəstə dəhşətli əzablar işində qovrulurdu. Amma yenə iradə qüvvəsini itirməmişdi. Astadan inildəyirdi, dediyi kimi, istəmirdi ki, arvadı onun iniltisini eşidib qorxuya düşsün". Puşkinşünas ədəbiyyatçı alim Pavel Eliseyeviç Şyoqolevun "Puşkinin dueli və ölümü"ndən qeydlər: "Ölümcül yaralanmış şairi müalicə edən həkimlərdən heç biri onun xəstəliyinin tarixini qeydə almayıb. Puşkinin sağlığında, onun yaralanması barədə yalnız bircə sənəd yazılıb ki, bu da polis idarəsinin baş həkimi İodeliçin məlumatı idi: "Polisə məlum olmuşdur ki, dünən axşamüstü, saat 5-də, şəhər kənarında, Komendant Bağının arxasında kamer - yunker (inqilabdan əvvəl Rusiyada saray rütbəsi - R.Mirzəzadə) Aleksandr Puşkin və əlahəzrət Kavalerqrad alayının poruçiki (çar ordusunda zabit rütbəsi - R.Mirzəzadə) baron (zadəgan rütbəsi - R.Mirzəzadə) Hekkeren arasında duel olmuş və nəticədə onlardan birincisi qarnının aşağı hissəsindən güllə yarası almışdır. Əlahəzrətin saray həkimi cənab Arendtin göstərdiyi yardıma baxmayaraq, cənab Puşkinin həyatı təhlükə altındadır...".

Bundan başqa bir neçə qısa bülleten də V. A. Jukovski tərəfindən yazılmış və şairin Moykadakı evinin dəhlizində asılmışdı. Cəmi beş sözdən ibarət axırıncı bülleten şairin ölümündən bir neçə saat əvvəl yazılmışdı: "Xəstə son dərəcə ağır vəziyyətdədir".

Puşkinin ölümqabağı 46 saatlıq cismani və ruhi əzabları haqqındakı məlumatımız, bu faciəni öz gözləriylə görmüş şahidlərin xatirələrinə əsaslanır. Onların arasında həkimlər də vardı: V.V.Şolts, V.Dal və N.Spasski. Puşkinin dueli və ölümü ilə bağlı faciələrdən bəhs edən bəzi bədii əsərlərdə, şairin müalicəsiylə məşğul olmuş həkimlərin səriştəsi və vicdanı şübhə altına alınır. Bu mövzuda yazılmış ən əhəmiyyətli əsərlərin birində - Mixail Bulqakovun "Son günlər" pyesində, Natalya Nikoloyevna (Puşkinin həyat yoldaşı) doktor V.Dala deyir: "Siz həkim deyilsiniz, siz nağılçısınız, siz nağıl yazırsınız...". Əsərin başqa bir yerində Üçüncü şöbənin gizli casusu Dubelqaya məlumat verərək deyir: "...İki nəfər qışqırdı ki, əcnəbi təbiblər cənab Puşkini qəsdən öldürdülər".

“Axşam saat altıda Danzas və Puşkini gətirən kareta (hər tərəfi örtülü, dördtəkərli minik arabası - R.Mirzəzadə) knyaz Volkonskinin Moykadakı binasına yan aldı - Puşkin burada yaşayırdı. Küçə qapısında, Puşkin Danzasdan xahiş elədi ki, qabağa keçsin, adamları çağırsın, onu karetadan çıxarsınlar, bir də əgər arvadı evdədirsə, ona desin ki, yarası təhlükəli deyil.

Adamlar qaçıb gəldilər, ağanı karetadan çıxartdılar. Kamerdiner (otaq xidmətçisi - R.Mirzəzadə) onu qucağına aldı.

- Məni aparmaq sənin üçün kədərlidir? - deyə Puşkin ondan soruşdu.

Onu kabinetinə gətirdilər: dedi ki, təmiz alt paltarı versinlər, soyundu və divana uzandı. Puşkin artıq öz ölüm yatağında idi...".

N. Arendtin təyin etdiyi tiryək öz təsirini göstərdi, Puşkin yavaş-yavaş sakitləşdi.O, başa düşürdü ki, ikinci belə ağrıya dözə bilməyəcək, buna görə arvadı və uşaqlarını yanına çağırtdırdı.

Körpələr yatmışdı, onları yuxulu-yuxulu odeyala bürüyüb atalarının yatağı önünə gətirdilər. O, dinməzcə, bircə əlinin hərəkətiylə övladlarına xeyir-dua verdi və işarə ilə bildirdi ki, uşaqları aparsınlar.

Günorta saat ikini vurdu. Puşkinin bir saatdan az ömrü qalmışdı. Dostları xəstənin yatağına yanaşdılar. Elə bu vaxt Puşkin gözlərini açdı və böyürtkən mürəbbəsi istədi. Kimsə mürəbbəni gətirməyə getdi. Puşkin səbisizliklə gözləyirdi, bir neçə dəfə xəbər aldı ki, mürəbbəni tezmi gətirəcəklər?

Natalya Nikalayevna xəstəyə bir neçə qaşıq mürəbbə yedirtdi. Şairin çöhrəsi sakit idi və arvadı xəstəni ümid içində tərk etdi. Aleksandr Sergeyeviç xahiş etdi ki, başının altını azca dikəltsinlər.

Dal onu asanlıqıa qaldırıb, başının altını düzəltdi. Daha bir neçə dəqiqə ötdü. Gücdən düşmüş, son dərəcə zəifləmiş şair sonuncu dəfə yarıqaranlıq otaqdakı kitablarını seyr elədi və sonra gözlərini açıb, dedi:

- Bitdi həyat !!! Nəfəsim darıxır, elə bil əzirlər!..

Bu, onun son sözləri idi...

1837-ci il, yanvarın 29-u, (yeni təqvimlə fevralın 10-u) günorta saat iki qırx beş dəqiqəydi...

B. Şubin "Aleksandr Puşkinin xəstəlik tarixi və ya "ələm kağızı" məqaləsində yazırdı ki, deyilənə görə, insanın yaşamaq müddəti müəyyən mənada onun genlərində proqramlaşdırılıb. Əgər bu fərziyyə doğrudursa, Aleksandr Sergeyeviç çox yaşamalıymış, onun məşhur ulu babası Abram Petroviç Hannibal 82 yaşında vəfat etmişdir. Ana və ata tərəfdən hər iki babası, ata tərəfdən nənəsi 60 ildən çox həyat sürmüşdür. Ana tərəfdən nənəsi Mariya Alekseyevna Hannibal və atası Sergey Lvoviç 73 il yaşamışdır. Bacısı Olqa da 60 yaşı adlaya bilmişdir. Yalnız kiçik qardaşı Lev nisbətən tez, 48 yaşında vəfat etmişdir.

Aleksandr Sergeyeviçin övladları da uzun ömür sürmüşlər: böyük qızı Mariya 87, zahiri görkəmcə ən çox atasına oxşayan böyük oğlu Aleksandr Aleksandroviç 81 il yaşamışdır. Kiçik qızı Natalya 73 yaşında vəfat etmişdir.

Deməli, belə qənaətə gəlmək olar ki, Dantesin gülləsi şairi ömrünün tən yarısında haqlamışdı...

Şairin mənzilinə hər tərəfdən adamlar axışıb gəlirdi.Gənclər və tələbələr daha çox idi. İzdiham nəyin bahasına olursa-olsun, şairi görməyə can atırdı. Puşkinin vəfatından mütəəssir olanlar ürək yanğısı ilə deyirdilər: "Rus şeirinin günəşi batdı, milli şərəf və iftixarımız, Rusiyanın böyük şairi və mütəfəkkiri Puşkin, həyatının çiçəkləndiyi və fəaliyyətinin qızğın meydan aldığı bir dövrdə həlak oldu".

Şairin faciəli ölümü xalqı qəzəbləndirir, Rusiyanın bütün mütərəqqi adamları bu hadisəni milli faciə adlandırırdılar. Küxelbeker "Puşkinin kölgəsi", Poleşayev "Puşkinin tabutu üzərində çələng", Lermontov "Şairin ölümü" şeirlərini yazdılar. 25 yaşlı Mirzə Fətəli Axundov "Puşkinin ölümünə Şərq poeması" ilə dahi şairə yas saxladı. Poema "Moskovskiy nablyudatel" jurnalında dərc olundu. Axundov bu poemada böyük rus oğluna-Rusiyanın şair balasına hədsiz məhəbbət və ehtiramını zəngin poetik bir dillə tərənnüm etmişdi.

Axundov "Şairlər ordusunun başçısı" kimi qiymətləndirdiyi və fars dilində yazdığı bu əsərini görkəmli dekabrist-şair Bestijev Marlinski ilə birlikdə rus dilinə çevirib çap etdirmişdi. Böyük rus şairi Nikolay Semyonoviç Tixonov "Fikirlər dəryasına qərq olmuş ürək" adlı məqaləsində bu münasibətlə yazırdı: "Onların hər ikisi həlak olmuş şairə pərəstiş edirdilər.Onlar şairin ölümünə ağlayırdılar. Axundov öz şeiri ilə ağsaçlı qoca Qafqazın naləsini yaratmışdır.Həmin şeir gələcək nəsillərə bir xatirə qalacaqdır.Müxtəlif yaşlı və müxtəlif taleli iki şairin yanaşı oturub poemanı sətir-sətir ruscaya tərcümə etdiklərini təsəvvür etmək olar.Onlar Puşkinin şeirlərini oxuyarkən coşub təlatümə gəlirdilər.Puşkindən elə odlu-alovlu danışırdılar ki, sanki kağız ələm çəkib deyərdi: "Kaş üzümdən onun qələmi yol salaydı".

Şairin dəfni məsələsinə gəldikdə, mənbələrin demək olar, əksəriyyəti çarın bu ciddi məsələyə laqeyd yanaşmasını qeyd edir. Məhz I Nikolayın Puşkinə qarşı sərt mövqeyi ucbatından, onun cənazəsi gecə ikən gizli yolla kənar ünvana, Svyatıqorsk monastrına aparılıb, tələsik dəfn olunması göstərilir.Lakin araşdırmalarda çarın bu "günahı"nın digər bir təhlili də ortaya çıxır. Belə ki, Rusiyada duellər hələ 1702-ci ildə I Pyotr tərəfindən qadağan edilmişdi. Döyüşün bütün iştirakçıları,sekundant və həkimlər də daxil olmaqla, ağır cəza alırdılar. Puşkin-Dantes duelindən sonra hərbi məhkəmənin son sərt qərarını "yumşaldaraq" sənədin üzərində çar belə bir dərkənar qoyur: "...Sıravi Hekkerendən zabit patenti (şəhadətnaməsi) alınsın və qeyri-rus təbəəsi kimi, jandarm nəzarəti altında xaricə göndərilsin!". Ölümün yaxınlaşdığı vaxtda xəstə şair zəngin mənəvi keyfiyyətlərinin nümunəsini bir daha nümayiş etdirib, çara müraciət edərək qanunu pozduğuna görə onu bağışlamasını istəyir. I Nikolay cavab məktubunda onu bağışlayaraq, övladlarından nigaran olmamağı tövsiyə edir. Şairin təmtaraqlı dəfninə (Puşkinin məzarı Pskov vilayətinin doğma Mixaylovski kəndi yaxınlığındakı Svyatıye Qorıdadır-indiki Puşkinskiye Qorı) imkan verməsə də, ailəsini və uşaqlarını dövlətin himayəsinə keçirir. Şairin borcları dövlət tərəfindən ödənilir. Övladları müəyyən yaş həddinə qədər maddi vəsaitlə təmin olunur. Qürurverici faktdır ki, doğma Naxçıvanımız və onun qədirbilən övladları belə bir humanist birinciliklə tarixin səhifələrində nümunəvi iz qoymuşlar. Belə ki, 1861-ci ildə Azərbaycanın ən ucqar guşəsi-Naxçıvanın Ordubad şəhərində 24 nəfər müəllim, o cümlədən: Əliməmməd Əmirxanov, Paşabəy Cahangirov, Səməd Sultanov, Şükürallah Abdulla oğlu, Ağası Nəzərbəyov, Nəcəfbəy Budaqov, Mirzə Məmməd Ağasıyev, Mehdi Ağarza oğlu Ağasıyev və başqaları, A.S.Puşkinin Moskvada heykəlinin qoyulması məsələsini ilk dəfə olaraq irəli sürmüş və bu münasibətlə pul toplayıb Qafqaz Maarif popeçitelinə (idarə başçısı) göndərmişdilər. Bu onu göstərir ki , Azərbaycan xalqı, çoxdan bəri əsərləri bəşəriyyətin ictimai fikir xəzinəsinə, adı və xatirəsi isə tarixin ən şərəfli bədii olimpinə daxil olan A.S. Puşkinə böyük məhəbbət bəsləyir. 1880-ci ildə Moskvada Puşkinə heykəl qoyulanda Rusiyanın məşhur yazıçıları Turgenev və Dostoyevski bu hadisə ilə bağlı tədbirdə yaxından iştirak edəndə, Azərbaycanın görkəmli maarifçi şairi Seyid Əzim Şirvani də özünün məşhur "Puşkinin heykəlinə" adlı şeirini yazdı. Şeir qısa bir zamanda dillər əzbəri oldu.Uzun illərdən sonra "heykəlin ünvanında" yaşayan tələbə Nəbi Xəzri (Xalq şairimiz) bu möhtəşəm abidəyə ehtiramını elə möhtəşəm misraları ilə paylaşırdı:

Hər səhər erkən,

Dərsə gedirkən

Yolumun üstündə dayanıb durur

Puşkinin heykəli sevimli, məğrur

Baxıram bir anlıq, büsat, nə büsat!

Yenə dörd tərəfdə qaynayır həyat.

Gecəli-gündüzlü yatmayan şəhər

Qəlbində yeni güc, yeni bir hünər

Başlayıb təzədən qızğın bir işə

Salamlar deyərək doğan günəşə.

Osa düşüncəyə qapılmış yenə

Qoyub sağ əlini köksü üstünə.

Onu düçündürür doğma Vətəni,

Bu coşan, qaynayan əmək səhəri

Canlanan təbiət, gələn ilk bahar

Bir də kama çatan şirin arzular.

Həsrətin çəkdiyi böyük azadlıq

Onu düşündürü hər şeydən artıq.

Qaşaları çatılmış, dalğındır gözü,

Sanki var ürəkdə deyəcək sözü

Coşacaq ilhamı indi elə bil

İncilər səpəcək o, açaraq dil.

Şeir söyləyəcək bu günlərə

Böyük azadlığa, toy-düyünlərə...

Azərbaycanda Puşkini və onun yaradıcılığını yüksək qiymətləndirən jurnallardan biri olan "Haqq yolu" hələ 1912-ci ildə böyük şairə həsr etdiyi "Rus şairi və mühərriri Puşkinə" adlı məqalədə yazırdı: "Bizim boynumuzda Puşkinin çox-çox haqqı vardır, çünki rus məktəblərində təlim, elm və əxz-tərbiyə etmiş adamlarımız üçün Puşkinlər, Lermontovlar və s. rus şüərası böyük rol oynamışdır...

Cavanlarımız bu şairlərə mədyundurlar və bunları öz milli şairləri qədər sevirlər. Çünki onların şeirləri ilə, ali fikirləri ilə pərvərdə olub, insaniyyət, məhəbbət, gözəllik və hürriyyət nə olduğunu duymuşlar.

...Bu şeirlə ülfəti yaxınlıq və dostluğu yalnız rusca oxumuşlara müəssər etməyib, ümummüsəlmanlara təşmil, müəssər və hissədar etmək lazımdır. Bu da müqtədir yazıçılarımızın səmimiyyət və qeyrətinə vabəstədir. Puşkinlər, Lermontovlar türk lisanına (Azərbaycan dilinə) tərcümə edilib müsəlmanlar arasında rəğbət taparlarsa, milli ədəbiyyatımız böyük mənfəət qazanmış olur".

Cəfər Cabbarlı "Puşkin-dramaturq" məqaləsində haqlı olaraq qeyd edir ki, Puşkin o dövrün zərərli ədəbi cərəyanlarına qarşı çıxmış, xüsusilə Fransız dramaturgiyası və onun Rusiyada məskən salması əleyhinə getmişdir. Çünki həmin dramaturgiya xalqdan ayrı düşmüş və yüksək təbəqənin, "xüsusi insanların" mənafeyinə xidmət edirdi. C. Cabbarlıya görə, Puşkinin "saray tragediyası"ndan "aristokratiya dramından" uzaqlaşaraq, əsl xalq dramına yiyələnməsində Şekspirin çox müsbət təsiri olmuşdur. Onun dərin ehtirasla yazılmış faciələri yüzlərlə sənətkara mənəvi qida verdiyi kimi, Puşkin üçün də əsl sənət nümunəsi olmuşdur. Cabbarlı yazır:"Puşkin dramaturgiya sənətinin mərkəzində "insan və xalq" problemini qoyur. Insan xarakterinin hərtərəfli canlı təsirini irəli sürür, sənətin bədii qüvvətinə xalq pafosu və ictimai-psixoloji keyfiyyət kimi bir zəmin verərək, qəti sürətdə klassizm məhdudluğuna, statikliyinə qarşı durur. Hadisələrin və vəziyyətlərin həqiqətə uyğunluğunu, tipik olmalarını tələb edərək, dramaturgiyanı realist relslər üzərinə çıxarır". Görkəmli alim Firidun bəy Köçərli Puşkini Sədi, Hafiz, Şekspir, Bayron, Russo,Hüqo, Höte, Şiller, Tolstoy və Dostoyevski ilə eyni mövqedə bəşəriyyətin müəllimi və mürəbbisi hesab edirdi.Onun fikrincə, dünyanın ən məşhur sənətkarları kimi Puşkin də xalqların "təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər" göstərmişdir. Köçərliyə görə, Puşkin ona görə qiymətlidir ki, o, əlinə məşəl alıb, rus məişətinin bütün qaranlıq qatlarını işıqlandırmış, "millətin yaralarını, ruhani və cismani küdurətlərini" göstərmişdir.

Azərbaycanın xalq ədəbiyyatında da Puşkin haqqında aşıq şeirləri az deyildi. Azərbaycan aşıqları Puşkinə xeyli sayda şeirlər həsr etmiş, el şənliklərində və şeir məclislərində Puşkindən danışır və bu böyük şairi xalqa daha yaxından tanıtmağa çalışırdılar. Aşıq Ələsgərin qardaşı oğlu şair Nəcəf deyirdi:

Sərraf tapıb cəvahirin dadını,

Həvəslə oxudun mən kitabını.

Dilimdən salmaram əsla adını

Söz nurun aləmə saldıran Puşkin.

 

Sən sahib olubsan yüksək bir ada,

Əsərin inan ki, yetdi murada.

Sən də bizlə yaşayırsan dünyada,

Şeirinlə Nəcəfi güldürdün Puşkin.

Tovuzlu aşıq Mirzə də Puşkinin böyüklüyündən danışır, onun daim təqib olunduğunu, bütün ömrünü zülm altında keçirdiyini belə göstərirdi:

Zülm altında təng olurdu nəfəsi,

Hey deyirdi, gələr həqiqət səsi.

Yazdıqca yayıldı gövhər kəlməsi

Bütün dünya bundan baxəbər oldu.

Yeri gəlmişkən demək lazımdır ki, Puşkin əsərlərinin Azərbaycan dilinə tərcüməsi üzərində xalqımızın ən görkəmli və istedadlı şair, ədib və mütərcimləri çalışmışlar. Bunlardan M.S.Ordubadi, S.Vurğun, A.Şaiq, M.Rahim, R.Rza, M.Arif və b. göstərmək olar. Tərcümə işləri bu gün də davam etməkdə, Puşkin irsinə maraq isə bütün dünyada olduğu kimi, Azərbaycanda da genişlənməkdədir. Xalqımızın dünya şöhrətli rus şairinə olan ehtiramının təzahürüdür ki, sevimli paytaxtımız Bakı şəhərinin mərkəzində A.S.Puşkinin gözəl abidəsi ucaldılmışdır.

Hər il şairin doğum günü- 6 iyun tarixi dost Rusiyada Puşkin günü və Rus dili günü, 10 fevral isə şairin xatirə günü kimi qeyd olunur. Bu iki əziz günlərdə Bakıda xüsusi olaraq şairin abidəsi önünə təzə, tər çiçəklər və əklillər qoyulur, şair böyük sevgi ilə yad olunur.

Vaxtilə Puşkinin məzarı üstündə keçirilən poeziya bayramında unudulmaz Xalq şairimiz Cabir Novruz iştirak edirmiş.Mərasimdən sonra şairin yaradıcılığında "Puşkinin məzarı üstündə düşüncələr" parlamağa başlayır. Şairin şeiri qəlbimdən gələn sevdaları rövnəqləndirdiyi üçün yazımı elə Cabir misraları ilə bitirmək istəyirəm:

...Orda gördük əbədiyyət nə deməkdir,

Əsil şair, əsil sənət nə deməkdir,

Orda gördük torpaq altdan səsi gəlmək,

Yer altında ola-ola

Yer üstündə zinət olmaq nə deməkdir,

Orda duyduq Torpaq üstdə

ömr eləmək çox asanmış,

Torpaq altda diri qalmaq nə deməkdir!..

 

Reyhan Mirzəzadə,

publisist-politoloq

 

Həftə içi.- 2017.- 8 fevral.- S.4.