Ceyran sürü ilə,
quş dəstə ilə -
Qarabağın yeganə
parkından reportaj
Odur bax, görünür. Necə
gözəldir, kaş toxuna bilsəydik. Deyəsən
yaxınlaşır. Yox, yaxına gəlməz, ürkəkdi,
adi tərpənişdən qorxub qaçır. Burada
olduğumuzdan xəbəri yoxdur, yoxsa indi orada
dayanardımı? Uzadqa dayanıb deyə, bizi görmür. Amma biz onu görürük. Uzaqdan görünən
ağappaq sinəsini, ürkək-ürkək
başını tərpətməsini və aradabir əyilib
su içməsini. Qaçmaq üçün
sanki əmr gözləyir.
Ağ göldən qalxan bir dəstə quş təbiət
gözəlini hürküdür və bizi görüncə
yerindən götürülərək gözdən itir. Şəninə
şeirlər yazılan, əfsanələr qoşulan
ceyranı izləyirik. Sanki “Animal Planet”dən
filmə baxırıq.
Bu zövqü yaşamaq üçünsə nə
Ceremi Ueyd, nə Nikolay Drozdov, nə də Qara Mustafayev olmaq
lazım deyil.
Sadəcə, təbiəti, onun
yaratdıqlarını sevmək və ona adını çəkdiyimiz
təbiət vurğunlarının gözü ilə baxmaq
kifayətdir.
Yaxşı əmələ, xeyirxah addıma tamarzı
qaldığımız bir vaxtda xoş xəbərin
addımına düşüb, Ağ göl Milli Parkına
üz tuturuq.
Buna səbəb bir neçə gün əvvəl
eşitdiyimiz xəbər olur – bir nəfər öz həyətində
saxlayıb artırdığı 8 baş ceyranı təbiətə
bağışlayıb.
Məlum, təbiətin elə olduğu kimi təbiətə
peşkəş etmək hər ürəyin verə biləcəyi
qərar deyil.
Hələ ola onun üçün əziyyət
çəkəsən, böyüdəsən, çoxaldasan
və təmənnasız bu addımı atasan.
Səkkiz
baş ceyranı təbiətə hədiyyə edən Mərdəkan
sakini Hüseynov Təvəkkül bu addımı ilə
Ağ göldəki ceyranların sayının 62-yə
çatdırılmasına nail olub.
Davamı barədə Ağ göl Milli Parkının
direktoru Loğman Mehdiyev danışacaq.
Loğman da təbiətdədir, dərman
da...
Direktor deyir ki, ceyranlar əvvəlcə Şirvan Milli
Parkına göndərilib və parkda onlar bir neçə
gün volyerdə saxlanılaraq adaptasiya dövrü
keçib, həkim müayinəsinə cəlb olunub. Ceyranlar bu
prosedurlardan sonra vəhşi təbiətə
buraxılıb.
Ceyranı
təbiətə qaytaran Təvəkkül Hüseynov isə
2007-ci ildə ona hədiyyə olunmuş 2 baş
üçaylıq ceyran balalarına həyətyanı sahədə
qulluq edərək, 10 il ərzində təbii
yolla çoxalmasına nail olub.
İndi isə Şirvan Milli Parkında adaptasiya keçən
ceyranlar tarixən yaşadığı areallardan olan Ağ
göl Milli Parkının ərazisindədir.
Loğman Mehdiyevlə söhbəti elə parkda davam
etdiririk, gözümüz isə ceyran
axtarışındadır. Bir həftə əvvəl
qar yağdığı üçün əraziyə
çətinliklə gedib-çıxırıq, amma hava
günəşlidir və ceyranları görmək
şansımız çoxdur. Rəngi
qurumuş otlardan seçilməyən ceyranları görmək
elə də asan deyil, amma uzaqdan ağaran sinəsi onları ələ
verir.
Əvvəlcə cəmi bir ceyran gözə dəyir. Loğman
Mehdiyev parkın mərkəzinə doğru irəlilədikcə,
ceyran sürülərinə də rast gələcəyimizi
deyir. Az keçməmiş, kolluqlar
arasında bir dəstə ceyranın görünməyi ilə
gözdən itməyi bir olur.
“Ceyranlar daha çox cütlük və 4-5 başlıq
sürü formasında gəzirlər. Gecələr
dişi ceyranlar yatır, erkəklər keşik çəkir.
Gündüz olanda günün birinci
yarısınadək erkəklər yatır, dişilər isə
yem dalınca gedir. Sonra yenidən
sürü şəklində gəzirlər”, - deyə
parkın direktoru ceyranların yaşamaq uğrunda mübarizəsindən
danışır.
Yolboyu adam görüncə kolluğa doğru
qaçan tülkü, çaqqal ceyran mövzusundan fikrimizi
yayındırıb, buradakı yırtıcı heyvanlara
marağımızı artırır. Loğman Mehdiyev
vurğulayır ki, parkda vəhşi heyvanların olması
ceyran və digərlərinin sağlamlığı
üçün vacibdir: “Bunu təbiət özü
nizamlayır. Yəni xəstə heyvanları
yırtıcılar yeməklə xəstəliyin digərlərinə
keçməsinin qarşısını alır”.
Özü bir sərvət, ərazisində
yaşayanlar daha bir sərvət
Milli
Parkın yaranma tarixi barədə məlumat verən Loğman
Mehdiyev deyir ki, ərazi yalnız bataqlıq deyil, həmçinin
tipik çöl və yarımsəhra landşaftlarından
ibarətdir: “Bura 2003-cü ildə Ağ göl Milli
Parkının əsasnaməsi ilə yaradılıb və həmin
əsasnaməyə uyğun fəaliyyət göstərir.
Burada 30 növ məməli, 21 növ balıq, 4 növ
suda-quruda yaşayan, 18 növ sürünən, 300-dən
çox quş növü, 100-ə qədər bitki
növü var. Azərbaycanın Qırmızı Kitabına
düşmüş 72 quş növündən 32-si Ağ
göl Milli Parkında qeydə alınıb”.
Müsahibimiz deyir ki, parkın yaradılmasının əsas
məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin
əraziyə xas olan yarımsəhra landşaftını,
göldə və onun ətrafında məskunlaşmış
nəsli kəsilmək təhlükəsi altında olan fauna
növlərini qorumaqdır.
Parkın adı ərazidəki gölün adı ilə
bağlıdır – Ağ göl. Ağ gölün dərinliyi 0,5-2,5 metr arasında dəyişir. Göl əsasən qamışlıqlarla əhatə
olunub.
Loğman Mehdiyev deyir ki, Ağ gölün suyunun səviyyəsi
yayda azalaraq ən aşağı həddə çatır. Ərazidə
yayı quraq keçən yarımsəhra və quru
mülayim-isti iqlim tipi hakim olduğu üçün
quşlar və məməlilərin məskunlaşması
üçün əlverişli şərait var.
Mərmər
cürə, turac, bəzgək, qaraleylək, böyük və
kiçik qarabattaqlar, harayçı, fısıldayan qu
quşları, Misir vağı, çobanaldadan, böyük
su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk
qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc,
adi qızılqaz, yaşılbaş ördək, qazlar...
Park boyunca hər addımda bu quş növlərinə
rast gəlmək olur. Daha çox onları gölün üzərində
dəstə ilə uçan görmək olur. Məməli heyvan növlərindən canavar,
çaqqal, çöl donuzu, tülkü, dovşan və
müxtəlif yarasalara rast gəlinir.
Əraziyə 5 postdan nəzarət
olunur
Parkın ərazisi çox geniş olmaqla yanaşı,
iki rayonun - Ağcabədi və Beyləqanın inzibati ərazisində
yerləşir. Gölün qorunmasında ilk addım
1964-cü ildə 9173 hektar sahədə Ağ göl Dövlət
Təbiət Yasaqlığı yaradılarkən
atılıb. 2003-cü ildə isə
qoruğun sahəsi 17 924 hektara qədər artırılaraq
Milli Park elan edilir.
Bu
geniş ərazinin mühafizəsinin elə də asan
olmadığını düşünüb, necə
qorunduğunu soruşuruq: “Mühafizə işini parkın
mühafizə əməkdaşları həyata keçirir. Ərazidə 24 saat fəaliyyət göstərən
5 post qurulub ki, onlar müxtəlif yerlərdən parka nəzarəti
həyata keçirir”, – deyə Loğman Mehdiyev cavab verir.
Direktorun
sözlərinə görə, əsasən İraq və
Suriyadan olan xarici vətəndaşların Milli Park ərazisində
ova təşəbbüs etməsi qeydə alınıb və
mühafizəçilər tərəfindən
qarşısı alınıb: “Ötən il Ağ göl
Milli Parkında 16 min 5 yüz manat cərimə tətbiq edilməklə,
545 manat isə təbiətə dəymiş ziyan hesablanmaqla
vəsaitin ödənilməsi təmin ediliib. İraq
və Suriya vətəndaşlarına gəlincə,
onların hər birinə 2 min manat cərimə tətbiq
olunmaqla 18 min manat cərimələniblər”.
“Ağ göl hamımızındır”
Və sonda yenidən qayıdırıq ceyran
mövzusuna. Hansı ki, parka gəlmə səbəblərindən
biridir. Loğman Mehdiyev 2010-cu ildən başlayaraq
müxtəlif dövrlərdə Ağ göl Milli Parkı ərazisinə
cəmi 21 baş ceyran buraxıldğını, aparılan
mühafizə işləri nəticəsində onların
sayının 51 başa çatdığını deyir: “Bu
günlərdə isə nazirlik tərəfindən parka 3
baş ceyran göndərildi, bir həftə əvvəl isə
bir nəfər Laçın rayon sakini öz həyətyanı
sahəsində saxlayıb artırdığı 8 baş
ceyranı könüllü olaraq təbiətə
buraxmağa qərar verib və hazırda onlar da Ağ göl
Milli Parkındadır. Burada ceyranların
çoxalması üçün münbit şərait var,
bu inkişaf tempi ilə davam edərsə, 5 ildən sonra
200-300 baş ceyran sürüsünü görə biləcəyik”.
Loğman
Mehdiyev son günlər bəzi kütləvi informasiya vasitələrində
Milli Parkda brokonyerlik hallarının olması barədə məlumatların
yer aldığından narahatlığını dilə gətirdi:
“Mən bu barədə yazanların hər birini parka dəvət
edirəm, gəlsinlər hər şeyi öz gözləri
ilə görsünlər. Son illər burada
faunanın qorunması ilə bağlı ciddi işlər
görülür, hansı ki, bunun müqabilində qeyri-qanuni
halların baş verməsi mümkün deyil. Gördüyünüz kimi, hətta heyvanların
sayına qədər hər şey dəqiqliklə
hesablanır. Ceyran ovu, brokonyerliklə
bağlı yayılan məlumatların heç bir əsası
yoxdur”.
Parkdakı vəziyyətlə tanışlıqdan sonra
burada mühafizə rejiminin zəif olması, brakonyerliyə
şərait yaradılması barədə bəzi saytlarda gedən
məlumatların fakta deyil, reket jurnalistin əməyinə əsaslanaraq
yayıldığı aydın olur.
Direktor hər
kəsi təbiəti və təbiətin
yaratdığını qorumağa səsləyir: “Ağ gol
Qarabağ bölgəsinin yeganə Milli Parkıdır və
buranı canlı sərvəti ilə birlikdə qorumaq
borcumuzdur. Burada canlı təbiətin necə
mühafizə olunduğunu, o heyvanların qorunması
üçün gecə-gündüz ayıq-sayıq
olduğumuzu görmək üçün hər kəsi bu sərvəti
görməyə dəvət edirəm. Ağ
göl hamımızındır”.
Naibə Qurbanova
Bakı-Ağcabədi-Bakı
Həftə içi.-
2017.- 9 fevral.- S.4.