Ali təhsildə yeni standartlar

 

Bu istiqamətdə pilot layihənin icrasına start verilib

 

Azərbaycan ali təhsil sistemində keyfiyyət təminatı üzrə yeni standart və təlimatlar təsdiqlənib. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yeni akkreditasiya qaydaları “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” Tvinninq layihəsi çərçivəsində hazırlanıb. Yeni akkreditasiya qaydalarının tətbiqi ilə əlaqədar UNEC pilot universitetlərdən biri seçilib. Bu məqsədlə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsininnin akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov, layihəni həyata keçirən Finlandiyanın və Estoniyanın təhsil ekspertləri UNEC-də olublar.

“Hədəfimiz dünya səviyyəli ali məktəblər sırasında olmaqdır”, - deyən UNEC rektoru, professor Ədalət Muradov ekspertlərlə görüşü zamanı universitet haqqında, tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən yeniliklər və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, UNEC-in keyfiyyət təminatı üzrə yeni standart və təlimatların tətbiqində pilot universitet kimi seçilməsi təhsilin keyfiyyətinin daha da artmasına xidmət edəcək. Ə.Muradov qeyd edib ki, ekspertlər layihənin tətbiqi ilə əlaqədar qiymətləndirilmənin aparılması üçün UNEC-in bütün imkanlarından yararlana bilər.

Sonra İşçi qrupunun hazırladığı özünütəhlil hesabatı ekspertlərə təqdim olunub. Qeyd edilib ki, özünütəhlil ümumi qiymətləndirmə prosesinin önəmli hissələrindəndir və hesabat qiymətləndirmə sahələrinin strukturuna uyğunlaşdırılıb. Eyni zamanda, təhliledici istiqamətdə hazırlanaraq, təkmilləşdirilməli sahələr müəyyənləşdirilib.

Bundan başqa görüşdə qeyd olunub ki, layihənin qiymətləndirilməsi dörd mərhələ üzrə aparılacaq: beynəlxalq qiymətləndirmə qrupunun təyin edilməsi və təlimləndirilməsi, ali təhsil müəssisəsi tərəfindən özünütəhlilin aparılması, ali təhsil müəssisəsinə səfər və hesabatın dərc olunması. Qiymətləndirmə beynəlxalq və yerli ekspertlərdən ibarət qrup tərəfindən həyata keçiriləcək.

Layihə çərçivəsində ekspertlərin UNEC-ə səfərləri təşkil olunacaq. Onlar özünütəhlil hesabatını nəzərdən keçirəcək və keyfiyyətli təminatın qiymətləndirilməsi prosesini müşahidə edəcəklər.

Yeri gəlmişkən, bir müddət əvvəl təhsil naziri Mikayıl Cabbarov “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib ki, Azərbaycanın ali təhsil sahəsi üzrə yeni akkreditasiya qaydaları hazırlanıb və bu, Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) sənədinə əsaslanır. O, atılan addımın önəmini vurğulayaraq bildirib ki, hazırda akkreditasiyanın vacib olmasının bir neçə mühüm səbəbi var: "Ən əsas səbəb ölkə təhsilinin dünya təhsil məkanına inteqrasiya etdiyi bir dövrdə ölkənin təhsil siyasətinin əsas istiqamətlərindən biri də liberallaşmanın davam etdirilməsidir. Bununla da ali və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılması təmin olunacaq".

M.Cabbarov xatırladıb ki, Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına 2004-cü ildən başlanıb: "Hökumətin qərarı ilə 2015-ci ilin noyabrın 28-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb. Yeni akkreditasiya qaydaları Avropa standartlar və təlimatlara uyğunlaşdırılıb. Xarici ekspertlərlə birgə hazırlanan qaydalara əsasən, təhsil müəssisəsinin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq. Bunlara missiya, vəzifə və strategiya, idarəetmə, insan resursları, təhsil proqramları, təhsil alanlar, elmi-tədqiqat fəaliyyəti və təlim resursları, tələbələrə dəstək xidmətləri daxildir".

Nazir həmçinin deyib ki, xarici ekspertlərlə birgə hazırlanan qaydalara əsasən, təhsil müəssisəsinin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq. Bunlara missiya, vəzifə, strategiya, idarəetmə, insan resursları, təhsil proqramları, təhsil alanlar, elmi-tədqiqat fəaliyyəti, təlim resursları, tələbələrə dəstək xidmətlərinin daxil olduğunu deyən nazir vurğulayıb ki, hazırda akkreditasiyanın vacib olmasının bir neçə mühüm səbəbi var: “Ən əsas səbəb odur ki, ölkə təhsilinin dünya təhsil məkanına inteqrasiya etdiyi bir dövrdə ölkənin təhsil siyasətinin əsas istiqamətlərindən biri liberallaşmanın davam etdirilməsidir. Bununla da ali təhsil və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılmasıdır. Keyfiyyətin təminatı mexanizmləri getdikcə daha mühüm rol oynamağa başlayır. Burada yalnız xarici və yaxud kənar akkreditasiyadan deyil, həmçinin, daxili akkreditasiya alətlərinin inkişaf etdirilməsində maraqlıyıq”.

Nazirin sözlərinə görə, biznes mühitinin daima yaxşılaşdırılması istiqamətində atılan addımlar nəticəsində bu gün ölkədə lisenziyalaşdırılan fəaliyyət növləri, istiqamətləri üzrə hansısa yeni bir işə başlamaq, o cümlədən təhsil müəssisəsi qurmaq çox sadə bir prosesə çevrilib. Sahibkar nöqteyi-nəzərdən çox düzgün və vaxtında atılmış bir addımdır”.

Xatırladaq ki, akkreditasiya təhsil müəssisəsinin statusunun (tipinin və növünün) və onun təhsil haqqında dövlət nümunəli sənəd vermək hüququ olan təhsil proqramları siyahısının müəyyənləşdirilməsi prosedurudur. Mövcud qaydalara əsasən, akkreditasiya komissiyası təqdim olunmuş sənədlər toplusuna bir həftə ərzində baxaraq müvafiq qərar qəbul edir. Həmin qərarın əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisəsinin akkreditasiyası haqqında əmr verir. Təhsil müəssisəsinin akkreditə olunması barədə məlumatlar mətbu orqanlarda dərc edilir. Təhsil müəssisəsinin mövcud statusu (tipi və növü) həmin statuslu təhsil müəssisələri üçün müəyyən olunmuş müvafiq normalara uyğun gəlmədikdə, onun akkreditasiyası haqqında mənfi qərar verilə bilər. Bu halda təhsil müəssisəsi yalnız akkreditasiya komissiyasının müəyyən etdiyi statusla fəaliyyət göstərə bilər. Təhsil müəssisələri bir qayda olaraq 4 il müddətinə akkreditasiya olunur. Təhsil müəssisəsinin akkreditasiyası haqqında əmr öz isə təhsil müəssisəsinin akkreditasiya müddəti başa çatdıqda, təhsil müəssisəsinin müvafiq müraciəti olduqda, təhsil müəssisəsinin lisenziyası ləğv edildikdə, təhsil müəssisəsi yenidən təşkil olunduqda qüvvəsini itirir.

Məlumat üçün onu da bildirək ki, Azərbaycan 2005-ci ildən Bolonya prosesinə qoşulduqdan sonra təhsil sahəsində islahatlar sürətlənib. Nəticədə ölkəmiz Avropa ali təhsil məkanının bir sıra vəzifələrinin yerinə yetirilməsində ciddi nailiyyətlər əldə edib. Bu nailiyyətlərin davamı olaraq Avropa İttifaqının dəstəyi ilə Tvinninq layihəsi hazırlanıb. Layihənin ümumi məqsədi Avropa ali təhsil məkanına inteqrasiya olunmaqla Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir. Burada Azərbaycan Respublikasının islahat proqramına uyğun olaraq Bolonya prosesinin prinsipləri çərçivəsində ali təhsil sektorunda islahatların aparılması, ali təhsil müəssisələrində keyfiyyətin artırılması və akkreditasiya sisteminin təkmilləşdirilməsi, təhsil, təlim və gənclər sahəsi üzrə Avropa İttifaqı və Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq, mobillik və mübadilə proqramlarının artırılması nəzərdə tutulub.

Yeri gəlmişkən, TVİNNİNQ layihəsini Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentlik və Azərbaycan Respublikası Təhsil Nazirliyi həyata keçirir. Layihənin müddəti iki il olmaqla 2017-ci il avqust ayının sonunda tamamlanacaq.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2017.- 23 fevral.- S.3.