"Böyük
şairlər xalqın vicdanıdır"
15 iyul - dahi rus
şairi Mixail Yuryeviç Lermontovun əbədiyyətə
qovuşduğu gündür.
Həmin gündən 176 il ötür
“Təzəlik,
ətirlilik, zəriflik, formanın əlvanlığı və
yüksək bədii bəzəyi, obrazların poetik gözəlliyi və əsl sadəliyi,
səmimiliyi, enerji, dilin
qüvvəti, şeirlərin almaz qədər
möhkəmliyi, hiss zənginliyi, qəlb
genişliyi, ideyaların dərinliyi, dolğunluğu və müxtəlifliyi, nəhayət, məzmunun
ucsuz-bucaqsızlığı - bütün
bunlar Lermontov
poeziyasının doğma xarakterik
əlamətləri və onun gələcək
möhtəşəm inkişafının rəhnidir".
V.Belinski
“Heyf
ki, o, tez
öldü, o nə qədər
də qüdrətli idi, o,
nələr yarada bilərdi..." “Əgər
Lermontov sağ
qalsaydı, nə mən, nə də Dostoyevski
lazım deyildik".
Lev Nikolayeviç Tolstoy
“Azərbaycanda-şairlər
ölkəsində şeir kimi əziz və sevimli,
könülləri oxşayan şey nə ola bilər? Şeir bu xalqın
qanına, iliyinə işləmişdir. Buna
görə də onlar Lermontovun
şeirlərinin tərcüməsinə və tədrisinə
xüsusi fikir
vermişdilər".
Nikolay Tixonov
“Rus
milli mədəniyyətində Lermontovun yeri Puşkinlə
yanaşıdır. Şəxsən mənə Puşkinə
olan böyük məhəbbətimə
baxmayaraq, Lermontovun
yaradıcılığı daha
yaxındır. Lermontov ədəbi irsinin müasir cəmiyyət üçün
əhəmiyyəti başqa cəhətləri
ilə bərabər, bir də bundadır
ki, o, mənsub olduğu cəmiyyətin keçmiş,
indiki və gələcək günlərini
həqiqi bir sənətkar kimi oxumağı bacarırdı".
Rəsul Rza
“Lermontov
və Qoqol isbat edirlər
ki, Rusiyada
ağılla iş görmək vaxtı
gəlib çatmışdır".
Nikolay Qavriloviç
Çernışevski
“Poeziya həyatın ifadəsi, daha yaxşı deyilsə, həyatın özüdür. Hələ bu azdır. Poeziyada həyat, həyatın özündə olduğundan daha həyatidir.
Poeziya- bu, bir körpənin günahsız, saf təbəssümü, onun aydın, büllur baxışları, şaqraq, cingiltili gülüşü, canlı sevincidir.
...Poeziya- bu, bir gəncin odlu baxışları, qüvvət və iradəsi, onun mərdliyi və cəsarəti, ondakı gənclik hərarəti, həyat badəsini son damlasına qədər birdən-birə nuş etmək həvəsi, arzusu, ondakı sonsuz həyat sevgisidir...
Poeziya - bu, dünyəvi həyatın döyünən nəbzi, onun qanı, hərarəti, onun işığı və günəşidir.
Şair hiss və ehtirasların arfası, ruhun əsl qan damarı, dünyəvi həyatın orqanıdır. O hələ uşaqkən başqalarından daha çox özünün təbiətlə olan yaxınlığını, birliyini başa düşür. İlk gənclik yaşlarında şair artıq lal, dilsiz varlığın gizli, dərin mənasını aydın bir dillə tərcümə edir.
...Yerin, göyün, təbiət və bəşər ruhunun sirrlərini hər kəsdən əvvəl görə bilmək yalnız şairə məxsusdur.
...Lermontov belə aztapılan şairlərdəndir...
...Lermontovun şeirlərinə ümumi bir nəzər saldıqda, biz onlarda həyat və poeziyanı təşkil edən bütün elementləri, qüvvəti aydın görmüş oluruq.Bu dərin təbiilikdə, bu qüvvətli ruhda hər şey canlıdır, hər şey yaşayır. Ona hər şey mümkün, hər şey aydındır. O, hər şeyə cavab verib, cavab ala bilmir. O, həyat hadisələri padşahlığında qadir bir hökmrandır. O, həyat hadisələrini həqiqi bir sənətkar kimi yenidən canlandırır. O, bütün ruhu ilə rus şairidir.Onda keçmiş və hazırki rus həyatı yaşayıb düşünür. Onun yaradıcılıq sahəsi hələ yenicə genişlənməyə başlamışdır.Buna baxmayaraq, çox iş görmüş və sənət xəzinəsinin tükənməz zənginliklərini əldə emişdir".
Bu qeydlər rus xalqının böyük oğlu, dahi ədəbiyyat tənqidçisi, publisist - demokrat V.Belinskinin "Lermontovun şeirləri" adlı məqaləsində əksini tapıb. Rus şairlərinin çoxuna, o cümlədən Lermontov yaradıcılığına da ilk dəfə düzgün qiymət verən məhz Belinski olub. Buna görə də böyük tənqidçinin adı Lermontovun adı ilə həmişə qoşa çəkilib.
Mixail Yuryeviç Lermontov 1814-cü il oktyabr ayının 15-də Moskvada anadan olub. Şairin atası yoxsullaşmış mülkədar ailəsinə mənsub olan Yuri Petroviç Lermontov ordu kapitanı rütbəsində istefaya çıxmışdı. Mixail Yuryeviçin anası Mariya Mixaylovna zəngin iltizamçı-mülkədar Aleksey Yemelyanoviç Stolıpinin nəslindən idi. Mariyanın anası böyük sərvətə malik olan təhkimçi mülkədar qadın Yelizaveta Alekseyevna Arsenyeva Penza quberniyası Çembar qəzasının Tarxan kəndindəki malikənasında yaşayırdı. Mariya onun yeganə qızı idi.
Mariya və Yuri bir-birilərini sevib evlənsələr də, qoca Yelizaveta ilk gündən bu sevdadan narazı idi. Ana öz qızını özü kimi varlı bir ailəyə ərə vermək istəyirdi.Bu arzusu baş tutmadığına görə o, çox qəzəbli olub, kasıb kapitanla qohum olmağı özünə təhqir hesab edirdi. Qayınananın öz kürəkəninə münasibəti soyuq və sərt idi. Ailə ziddiyəti və anasının bu cür rəftarı onsuz da səhhəti zəif olan gənc Mariyaya ağır təsir edirdi.
Mariya Mixaili dünyaya gətirər-gətirməz ağır xəstəliyə düçar olmuşdu.Yelizaveta qızını südəmər körpəsi ilə birlikdə öz evinə, Tarxana aparmışdı.
Mixail 3 yaşında ikən Mariya vərəm xəstəliyindən dünyasını dəyişir. Ölümündən bir az əvvəl isə anasına deyir: "Anacan, bir ər öz qadınını necə sevə bilərsə, o da məni eləcə sevir, indi sən onun bu məhəbbətinin qarşısında məni əvəz et, mən hiss edirəm ki, ölürəm".
Yelizaveta nəvəsini öz yanında saxlayıb, böyüdüb tərbiyə, gələcəkdə bütün var-dövlətini ona vəsiyyət etməyi qərara alır. Uşağın atası Yuri Petroviç istər-istəməz qadınla razılaşmalı olur və özü Tula quberniyasındakı kəndinə qayıdır.
Yelizaveta qızının vəsiyyətinə əməl etmir. O, Yuri Petroviçə qarşı daha da amansız olur. Mixail 16 yaşına qədər ata üzü görmür.
Anasını çox erkən itirməsi ilə bərabər, üstəlik ata nəvazişinə də həsrət qalması ömrü boyu ürəyini qubar edən və ona əzab verən duyğular olur. Dərin məhəbbətlə sevdiyi atası 44 yaşında vəfat edərkən ona həsr etdiyi şeirində sədaqətli oğulun çəkdiyi iztirabları görməmək mümkün deyil:
Nə müdhişdir taleyi atanın, həm oğulun-
Ayrı yaşayıb, ölmək biri-birindən uzaq
Vətənində vətəndaş adlanıb, fəqət onun
Yad taleli, qovulmuş, qərib övladı olmaq!
Lakin sən qəhrəmanlıq göstərdin, əymədin baş,
Çatdın arzu etdiyin ölümə mənim atam.
Bütün əzablarının bu səbəbkarı da kaş,
Allah etsin, sənin tək versin ömrünə xitam!..
...Sonsuz əzab qurbanı olsaq da hər ikimiz,
Düşmənçilik tapmadıq ürəklərimizdə
biz.
Yelizaveta Alekseyevna kürəkəninə
qarşı qəddar
olsa da, qızının yeganə
yadigarı olan nəvəsini çox sevir, uşağın yaxşı təlim-tərbiyə
almasına, sağlamlığının
qayğısına qalırdı. Məktəb
yaşına çatmamış
Mixailin ətrafında
onun üçün xüsusi müəllimlər
və mürəbbilər
fəaliyyət göstərirdi.Uşağın
səhhətində problemlər
meydana çıxanda
nənəsi onu
1818-ci, 1820-ci və 1825-ci illərdə
üç dəfə
Qafqaza, sonralar "Pyatiqorsk" adlanan müalicə ocağına
aparmışdı.
Lermontov fiziki cəhətdən
zəif bir uşaq idi. Qızılcadan sonra ayaqları tutulmuş, yeriyə bilməmişdi.Buna görə
də həkimlərin
məsləhəti ilə
nənəsi onu
1818-ci ildə Qafqaza şəfa qaynaqlarına aparmışdı. Mixail ikinci
dəfə Qafqazda olarkən kükürdlü
su vannasında müalicə edilməsi sayəsində ayaqları
açılmışdı. 1825-ci ildə Qafqaza
üçüncü gəlişində
sevimli müəllimi Kape, həkim Xristiana Remer və başqaları da onunla birlikdə gəlmişdi.
Lermontov Qafqazın cazibədar
görkəminə, füsunkar
təbiətinə məftun
olmuşdu, Terekin hayqırtısından həyəcana
gəlmiş, könlü
quş kimi qanadlanaraq Kazbekin zirvələrinə uçub
qonmuşdu. Bu barədə özü yazırdı:
"Ey Qafqazın mavi dağları, sizi təbrik edirəm! Siz mənim uşaqlığımı
öz qoynunuzda bəsləyib oxşamısınız.Siz
məni öz vəhşiləşmiş dağlarınızda
gəzdirmisiniz, buludlarla
məni geyindirmisiniz, siz məni buludlara
öyrətmişsiniz, mən
də o zamandan bəri sizinlə, göyün xəyalı ilə yaşamışam...".
Çox hazırlıqlı olduğuna
görə, Lermontov 1828-ci ildə
Moskvada Universitet pansionunun birbaşa dördüncü sinfinə
qəbul edilir. Bu pansion dövrün ən yaxşı təlim-tərbiyə və
təhsil ocaqlarından
biri idi. Görkəmli rus yazıçılarından
Fonvizin, Jukovski, Turgenyev, Qriboyedov, Odoyevski və digəriləri bu pansionda təhsil almışdılar. Burada oxuduğu
zaman Mixail dekabrist şairlərin və Puşkinin qadağan edilən şeirlərini, Qriboyedovun
"Ağıldan bəla"
əsərini böyük
maraqla mütaliə etmişdi.
İstedadlı gənc yaradıcılığa
da elə pansionda oxuyarkən başlamışdı. İlk əvvəl Şillerin bir neçə şeirini tərcümə
edən Lermontov, sonralar
"Çərkəzlər", "Dəniz qulduru", "Qafqaz əsiri", "Cani", "Demon"un
ilk variantını və
"Napoleon", "Romans", "Türkün
şikayəti", "Monoloq",
"İki tərlan",
"Rus melodiyası",
"Tütək", "Gürcü qızı",
"Çərkəz qızı"
və digər lirik şeirlərini yazmışdı.
1830-cu ildə Mixail
Moskva Universitetinin əxlaqi-siyasi şöbəsinə
daxil olur. Lakin bir
qədər sonra ədəbiyyat şöbəsinə
keçir. Lermontovla bərabər
bu universitetdə Belinski, Gertsen, Stankeviç, Oqoryov, Satin,
Sazonov, Qonçarov və başqaları kimi fəal, azadfikirli tələbələr
də təhsil almışdır.
Rus ədəbiyyatı
ilə bərabər,
fransız, ingilis, alman ədəbiyyatına
dərindən bələd
olan Lermontov, müxtəlif
kitablar oxumaqla öz biliyini daha da artırır.
(Ardı gələn sayımızda)
Reyhan Mirzəzadə,
publisist - politoloq
Həftə içi.- 2017.- 8-10
iyul.- S.4.