"Böyük şairlər xalqın
vicdanıdır"
15 iyul - dahi rus
şairi Mixail Yuryeviç Lermontovun əbədiyyətə
qovuşduğu gündür. Həmin gündən 176 il
ötür
(Əvvəli ötən sayımızda)
1831-ci ildə yazdığı bir məktubdan aydın olur ki, Lermontov, dahi ingilis şairi Şekspirin yaradıcılığına, xüsusən onun ölməz "Hamlet" əsərinə yüksək qiymət vermişdir. O, öz dövründə Şekspirin əsərlərini tərcümə və təbdil edərkən onları "şikəst" edən tərcüməçiləri amansız tənqid atəşinə tutaraq yazırdı: "Mən Şekspiri müdafiə edirəm.Əgər o, böyükdürsə, bu böyüklük ən çox "Hamlet" də görünür.Əgər o, həqiqətən Şekspirdirsə, əgər o, insanların ürəyinə,taleyin qanunlarına nüfuz etməyi bacaran, yüksək zirvələrdə dayanan bir dahidirsə, əgər o, təqlid edilməsi mümkün olmayan Şekspirdirsə, onun bütün bu cəhətləri "Hamlet"də əks olunur. Siz, Şekspirin əsərlərinin tərcüməsini oynamırsınız, sizin oynadığınız Dyubissinin şikəst etdiyi pyeslərin tərcüməsidir...Bu tərcümələr təəssüf ki, bizim teatrlarda oynanılır...".
Lermontov universitetdə oxuyan zaman "İspanlar", "İnsanlar və ehtiraslar", "Qəribə adam" kimi üç dram əsərini, "Bastunçı aulu", "Qanlı", "Azadlığın son övladı", "İki məhbus" poemalarını və "Xəbərdarlıq", "Novqorod", "Qafqaz", "Sovqat", "Ulduz", "Qafqazda", "Qafqazda səhər", "Vəsiyyət", "30 iyul", "Andre Şenyedən" və s. kimi siyasi-lirik şeirlərini yazır.
Qabaqcıl fikirlərinə görə universitetdən xaric olunan Lermontov, təhsilini davam etdirmək üçün nənəsi ilə birlikdə Moskvadan Peterburqa köçür. Qohumu A.Stolıpinin məsləhəti ilə şair hərbi məktəbə - qvardiya kiçik zabitləri və süvari yunkerlər məktəbinə daxil olur və 1834-cü ildə buranı bitirib zabit rütbəsi ilə hərbi xidmətə başlayır.
1835-ci ildə onun "Hacı Abrek" poeması özünün xəbəri olmadan "Biblioteka dlya çteniya" jurnalının XI nömrəsində çap olunur. 1834-1837-ci illər arasında Mixail Yuryeviç "Boyarin Orşa", "Monqo" poemalarını, "Maskarad", "İki qardaş" pyeslərini, "Knyaginya Liqovskaya" povestini və bir çox şeirlərini yazır.
Lermontovun əsərlərinə aktuallıq, mübarizlik, vətənpərvərlik coşqusu gətirən yüksək ideyalar heç də onun şair təxəyyülünün yaratdığı anlayışlar deyildi.Onların cəmiyyətdə və xalqın həyatında ictimai və siyasi kökləri vardı.Şair anlayırdı ki, azad və rahat gələcəyə gedən yol qanlı və amansız mübarizələr yoludur.Ona görə də "Yelkən" şeirində "fırtına axtaran üsyankar qayıq" obrazı digər əsərlərində olduğu tək, azadlıq mübarizəsinə çağırış kimi səslənirdi.
Lermontovun yaradıcılığında vətəni Rusiyanın istiqlaliyyəti uğrunda rus xalqının yadelli işğalçılara qarşı apardığı qəhrəmanlıq mübarizəsi öz geniş əksini tapmışdır. "Borodino" şeirində əsərin qəhrəmanı sadə rus saldatıdır. Yeri gəlmişkən qeyd edim ki, "Borodino" şairin çap olunan ilk əsəridir. Əsər 1837-ci ildə "Sovremennik" jurnalında nəşr olunmuşdur. Lermontovun haqlı düşüncəsinə görə, 1812-ci il Vətən müharibəsinin əsas qüvvəsi xalqın içindən çıxan və onun bütün gözəl keyfiyyətlərini özündə cəmləşdirən məhz vətənpərvər rus saldatı olmuşdur. "İki nəhəng" adlı balladası və digər əsərlərində də şair rus xalqının qəhrəman keçmişini, onun igid saldatlarının şücaətini məhəbbət və qürurla canlandırmışdır. "Borodino" da şair gənc bir saldatı təqdim edib onun dili ilə qoca saldatdan soruşur:
Bir
söylə, əmican, bir söylə görək,
Yanan
Moskvanı o zaman gərək
Asanca almamış heç fransızlar.
Şanlı
vuruşmalar olmuş o zaman,
Deyirlər
sel kimi axmış onda qan!..
Bu əbəs
deyil ki, Rusiya bütün
Hələ
Borodino gününü anır!
Bundan
sonra əsərin əsas ideyasını əks etdirən qoca
saldatın cavabı başlanır:
- Bəli,
bizim vaxtda adamlar vardı,
İndiki
nəsil tək deyildi onlar!
Hamı mərd,
qəhrəman bahadırlardı!
Lakin qismətləri
bəd oldu yaman:
Çoxu
qayıtmadı hərb meydanından...
Allah verməsəydi
belə bir qərar,
Əsla
Moskvanı verməzdik, inan!
Lermontov öz dövründə fəaliyyətsizlik
içində mürgüləyən nəsildən
açıq narazılığını bildirib, bu barədə
tənqidlərini söyləməkdən çəkinmir, qəhrəmanlıq
hissi ilə zəngin, şərəflə dolu olan
böyük keçmişə qibtə edir, bu şanlı
keçmişi vəsf etməklə, onu bir məktəb,
nümunə kimi təqdim edir.
Təsadüfi
deyil ki, "Pravda" qəzeti Vətən müharibəsi
illərindəki məqalələrinin birində
yazırdı: "Borodino" şeiri rus ədəbiyyatının
qiymətli incisidir. Öz vətənini sevən
elə bir rus tapılmaz ki, bu şeiri əzbər bilməsin".
"Borodino"
şeirindəki vətənpərvərlik, döyüşkənlik,
məğrurluq motivləri zamanın sərt
sınaqlarından keçərək, bizim dövrümüzə
qədər gəlib çıxdı.Məlumdur ki,
1941-1945-ci illərin Böyük Vətən müharibəsində
"Borodino" şeirinin mübarizə dolu misralarından
plakatlar düzəldilir, onlardan şüar kimi istifadə
edilirdi.
Lermontovu
rus xalqının qəhrəman keçmişi ilə əlaqədar
olaraq Moskvanın tərənnüm edilməsi onun
"Çar İvan Vasilyeviç, cavan opriçnik və
igid tacir Kalaşnikov haqqında nəğmə"nin əsas motivini təşkil edir. Belinski bu əsəri oxuyanda demişdi ki, bu nəğmə
şairin ruhu ilə xalq ruhu arasındakı
yaxınlığın ən canlı əlamətidir.
"Saşka" poemasında da şair doğma
Moskvanı və onun qəhrəmanlıq mövqeyini tərənnüm
edərək, "Moskva, Moskva, səni oğul kimi, rus kimi, atəşin,
güclü və zərif bir məhəbbətlə sevirəm!" - deyə
müraciət edir.
M.Y.Lermontovun
ədəbi və ictimai-siyasi fəaliyyətinə nəzər
saldıqca, ukraynalı yazıçı, şair və alim
İvan Yakovleviç Frankonun gözəl bir sözü
yadıma düşür: "Böyük şairlər
xalqın vicdanıdır". Xalqın vicdanı isə
heç zaman susa bilməzdi. Lermontov rus xalqı başda olmaqla, bütün
mütərəqqi xalqların övladı kimi sevilirdi, beynəlmiləl
şair kimi nüfuz qazanmışdı.
O,
böyük şair idi və böyük şair kimi tək
öz xalqının deyil, bəşərin təmiz
vicdanına çevrilmişdi. Gözünün
önündə rus çarı bir tərəfdən Qərbdə
azadlıq hərəkatının boğulmasına
çalışır, digər tərəfdən də
Rusiyanın daxilində azadlıq yolunda baş qaldıran
bütün qüvvələri amansız lıq və qəddarlıqla
məhv edirdi. Belə bir dövrdə Lermontov Nikolay
hakimiyyəti daxil olmaqla, bütün xalqları azadlıq
naminə ölüm-dirim mübarizəsinə səsləyirdi:
Paris
küçələrini bürüdü fışqıran
qan,
Belə
nahaq qanları ah, ey zalım hökmran,
Ölən
vətəndaşların söylə görüm bircə sən,
Qanlarını dünyada nəylə ödəyəcəksən?
Fransada
azadlıq hərəkatını boğan
X Karla nifrətlər yağdıran şair:
Yurdun
istiqlaliyyəti uğrunda yenə,
Siz ey vüqarlılar, etdiniz üsyan.
Yenə
azadlığın qədəmlərinə
Verdi
mütləqiyyət qulları qurban
- deyərək, fransız xalqının burbonlar
sülaləsinə qarşı mübarizəsini - 1830-cu ilin
iyul inqilabını alqışlayırdı.
Sonralar
davam edən mübarizədə fransızların fəalsızlığını,
susduğunu görəndə: "Mən böyük xalqa demək
istəyirəm ki, sən yazıq və bədbəxt bir
xalqsan!"- deyə milləti yenidən hərəkətə
gətirməyə can atırdı.
Dekabrist şairlərin yaradıcılığında
olduğu kimi, Lermontovun da əsərlərində vətən
və azadlıq mövzuları geniş tərənnüm
edilirdi. Rus
xalqına dərin inam, 1812-ci il Vətən
müharibəsi qələbəsinin yaratdığı milli
qürur hissi şairin yaradıcılığında vətənpərvərlik
hisslərinin güclənməsinə təsir göstərmişdi.
Coşqun bir ilhamla yazılmış bu əsərlərdə
vətənə məhəbbət hissi zülmə, istibdada,
təhkimçiliyə qarşı nifrət duyğuları
ilə səsləşirdi. "Türkün şikayətləri"
adlı şeirində şair vətəninin gözəlliyindən
, yurdunda misilsiz zəkaların parladığından
iftixarla söz açır. Lakin onun odlu bir məhəbbətlə
sevdiyi bu vətəndə:
İnsanlara
çox erkən ağırlıq edir həyat
Orda təsəllilərin ardınca qərəz gəlir.
Zəncirdən,
köləlikdən qopur inilti, fəryad;
Əzizim,
həmən diyar mənim öz vətənimdir
- deyə, şair kədərlənir. Xeyirli işlərin sakit şöləsinin çox
erkən söndüyündən, doğrunun üstünü
yalanın tez örtdüyündən qəzəblə
danışır.
Lermontov musiqini çox sevirdi. Böyük sənətkarın
yaradıcılığı xalq musiqisi inciləri
, rus mahnıları ilə daha da zənginləşmişdi.
Şair deyirdi ki, əgər xalq
poeziyasını öyrənmək istəyirəmsə, onu yəqinki
rus mahnılarından başqa ayrı yerdə axtarmalı
olmayacağam.
Skripkada çox məharətlə ifa etdiyi kimi, şair
pianoda, fleytada da çalır, gözəl oxuyurdu. O, nadir istedadlardan idi.Onun
çıxışları o zamankı mətbuatda əksini
tapırdı. Məsələn, "Moskovskiye
vedomosti"də və "Damskiy jurnal"da istedadlı
violonçelçi Mixail Lermontov haqqında yazılar dərc
olunmuşdu. Musiqiyə olan sonsuz həvəsini o, belə
təsvir etmişdir: "Üç yaşım olardı. Bir mahnıya qulaq asıb ağladım.İndi onu
xatırlaya bilmirəm. Lakin o
mahnını indi eşitsəm, mənə əvvəlki kimi
təsir bağışlayar. Onu mənim
üçün mərhum anam çalardı".
Lermontovun
müasiri, tanınmış şair və musiqiçi
N.Oqaryov Lermontov şeirinin gözəlliyinə məftun
olduğu barədə yazırdı: "Onları təkcə
mütaliə etmək yox, həm də özünə xas bir
havada oxumaq da olar.Onların hər biri həcminə görə
ya mahnıdır, ya simfoniya".
Lermontov opera, balet və konsertlərə tez-tez gedərmiş. O da məlumdur ki,
böyük şair özünün "Kazak beşik nəğməsi"nə
musiqi bəstələmişdir. Onun "Mən
yola tək çıxıram" və "Kazak beşik nəğməsi"
şeirləri dəfələrlə xalq mahnıları məcmuəsinə
daxil edilmişdir. Maraqlıdır ki,
Lermontov "Çar İvan Vasilyeviç, cavan opriçnik və
igid tacir Kalaşnikov haqqında nəğmə" əsərini
də qədim rus nəğmələri üslubunda
yazmışdır.
Bethoven, Şubert, Qlinkanın musiqiləri ona daha xoş
təsir bağışlayardı. "Moskvanın
panoraması"nda Bethovenə olan böyük məhəbbəti
əksini tapmışdır.Bayron şeirini ona görə
çox sevirdi ki, şairin poeziyasında musiqi
güclüdür. "Lermontov qələmindən
çıxan hər bir sətri oxuyanda elə bil musiqi
akkordları eşidirsən" - bunu Belinski demişdi.
Doğrudan da Lermontov rus şairləri içində
musiqiyə ən çox bağlı olan sənətkardır.Vaxtilə
ən görkəmli rus bəstəkarları onun
rübabına valeh olmuş, onun sözlərinə mahnı və
romanslar bəstələmişlər.İlk rus
romanslarının bir çoxu Lermontovun adı ilə
bağlıdır. M.Qlinka, A. Alyabyev, A.Varlamov, A. Qurilyov, A. Darqomıjski, P.
Çaykovski, T.Kyui, A. Arenski, Balakirev, A.Rubinşteyn, Borodin,
Rımski-Korsakov və başqalarının
yaradıcılığına ecazkar Lermontov lirikasının
böyük təsiri olmuşdur. Görkəmli rus musiqi
xadimi, böyük pianoçu A.Rubiynşteyn bir sıra
romaslardan əlavə, Lermontov əsərləri mövzusunda
"Hacı Abrek", "Tacir Kalaşnikov" və
"Demon" operalarını yazmışdır. Müəllifinə şöhrət gətirən
bu əsərlər içərisində "Demon" Şərq
haqqında ən geniş yayılmış lirik rus
operasıdır.
Lermontovun poemasında Rubinşteyni Demonun romantik
obrazı düşündürür.Operada Demon dərin daxili
ziddiyyətlərə malik olan güclü bir xarakter kimi təqdim
olunur.Bu mürəkkəb və çoxcəhətli
obrazı təcəssüm etdirməklə, bəstəkar
onun təkliyini, kimsəsizliyinin faciəsini göstərmişdir.
Operada gözəl Tamara obrazı sənətkarlıqla
işlənib.Bəstəkar onun uşaqlara xas olan
saflığını, məsumluğunu, sonrakı
sarsıntılarını və daxili mübarizələrini,
sevgi hisslərini məharətlə göstərə
bilmişdir. Demon riyakarlıq, saxtakarlıqla dolu olan dünyaya,
yaltaqlığa nifrət edir. O, aldanış və səmimiyyətsizliklə
"nəfəs alan" bəşər
dünyasına baxır.
(Ardı gələn sayımızda)
Reyhan Mirzəzadə,
publisist - politoloq
Həftə içi.- 2017.- 11
iyul.- S.4.