"Böyük şairlər xalqın
vicdanıdır"
15 iyul - dahi rus
şairi Mixail Yuryeviç Lermontovun əbədiyyətə
qovuşduğu gündür. Həmin gündən 176 il
ötür
(Əvvəli
ötən saylarımızda)
Mərhəmət mələyi onu məhəbbətə, keçmişləri unutmağa çağırır.Guya o, sevərsə və olub-keçənləri bağışlayarsa, cənnətə qayıda bilər.Lakin Demon mələyin çağırışını rədd edir.Ona cənnətin sakitliyi və dincliyi lazım deyil, o, mübarizələrə, döyüşlərə ehtiyac hissi ilə çırpınır.O, yer üzünə buna görə enmişdir.
Burada o, gürcü knyazının qızı gözəl Tamaranı görür, qızın gözəlliyinə məftun olur. Tamaranı bu rəzalət aləmindən qoparıb, uzaqlara, saf bir məkana, insanların günahlarından, xəbisliklərindən uzaq olan əsrarəngiz bir aləmə aparmaq istəyir. Demon qızı bu dünyada gördüklərini unutmağa, onunla birlikdə ulduzlar dünyasına getməyə çağırır.Orada qızın göylər şahzadəsi olacağını ona bildirir.
Qorxmuş qız rəfiqələri ilə birlikdə qəsrə qayıdır, lakin dinclik tapmır. Demon sirli surəti ilə onu həmişə, hər yerdə onu izləyir.
Təyin olunmuş toy günündə Tamaranın nişanlısı cavan knyaz Sinozal qəflətən ölür. Bu hadisə qızı sarsıdır. O, monastıra gedir. Lakin burada da Demonun sirli surəti qızdan əl çəkmir.Tamara ürəyində Demona qarşı baş qaldıran hissləri boğa bilmir və ona valeh olur.Demon Tamaranı ehtirasla öpərkən qız həlak olur. Qorxunc ruh qızın təmiz ürəyinə hakim olduğu üçün sevinir.Lakin mərhəmət mələyi Tamaranı bağışlayır.Onun ruhu göylərə çəkilir.Beləliklə, Demonun sonuncu ümidi də məhv olur.O, öz kədəri və dünyaya olan nifrəti ilə tək qalır.
Lermontov "Demon" poeması üzərində 10 ildən artıq işləyib.Əvvəllər həyəcanlı bir gənc qəlbin çırpıntılarını ifadə edən bu poema getdikcə püxtələşən dərin məzmunlu, kamil və fəlsəfi bir əsərə çevrilmişdir. Demonun üsyankar ruhu, azadlıq eşqi elə bir dərin həyəcan və çılğınlıqla verilmişdir ki, bu əsəri hər dəfə oxuyanda onun qüdrətli təsirindən qurtarmaq olmur.
Parlaq xüsusiyyətlərə malik olan "Demon"
operası lirik-dramatik opera sayılır. Bəstəkar
qəhrəmanların taleyini əks etdirmək
üçün gərgin dramatik səhnələrdən
istifadə edir.
Şairin yaradıcılığında "müsbət
Demonlar" da mövcuddur. Onun 1831-ci ildə hind əfsanəsi
əsasında qələmə aldığı
"Ölüm mələyi" poemasında ölüm mələyi
can alan deyil, əksinə, can və həyat
verən, ölümün qarşısını alan, nəcib,
xeyirxah bir ruhdur.
17
yaşlı Lermontov bəzi şeirlərində bir qıza
müraciət edir, lakin onun adını heç yerdə
çəkmir.Həmin qıza həsr olunan şeirlərdə
ad əvəzinə sərlövhələrdə təkcə
üç baş hərf yazılır: N.F.İ. Həmin
şeirlərin adları belədir: "N.F.İ",
"N.F.İ.-yə", "İ...üçün
romans", "K.N.İ".
Bu şeirləri oxuyanda Lermontovun həmin qızı dərin
məhəbbətlə sevdiyi məlum olur. Qızın
özü də əvvəllər Mixaili sevmiş, sonra
meylini saldığı başqa adama ərə getmişdir.
Təhqir olunmuş və kədərlənmiş şair ona
acı bir tənə ilə müraciət edib yazır:
Bəlkə
də eşqinə layiq deyiləm,
Çətin
bu xüsusda söz deyə biləm;
Lakin sən
insafsız hərəkət etdin,
Mənim
ümidimin, arzumun hər an
Odlu mükafatı aldanış, yalan.
...Hətta
biz bir dəfə ayrılan zaman
Bir busə
qopardım dodaqlarından
Lakin
gün altında, quru çöllərdə
Bir damcı su ilə atəş sönərmi?
O günlər
bir də heç geri dönərmi?..
Şeirin kiçik bir hissəsini təqdim etsəm də,
bütöv mətndən aydın olur ki, bu qız Lermontovu
başa düşmüş və onun ürək dostu
olmuşdur.Lakin kimlərsə qızı şairə rəğbət
bəsləməkdə günahlandırırmış. Lermontov həmin
qızın adını bircə dəfə belə
yazmamışdır. Hətta Lermontovun tədqiqatı
ilə məşğul olanlar 100 il ərzində
bu sirri aça bilməmişlər. Lakin şairin əsərlərinin
yeni nəşrində qısa və dəqiq bir əlavənin
qeyd olunması zərurəti yaranır: Filankəsə həsr
olunmuşdur.
Dəqiqləşdirmə
işi ədəbiyyatşünas alim, yazıçı, sənətşünas,
filologiya elmləri doktoru İrakli Luarsaboviç Andronikova həvalə
edilir.Gərgin əmək və xeyli zəhmət tələb
edən bu tədqiqat işindən sonra məlum olur ki,
Lermontov həmin qıza 4 yox, 30 şeir həsr etmişdir və
bu qız Nataliya Fyodorovna İvanovadır.
1831-ci ildə Lermontov ivanovlar ailəsinin Moskva
yaxınlığında, Klyazma çayı sahilində yerləşən
malikanəsində qonaq olur və Nataliyanın xəyanətindən
xəbər tutub, Moskvaya qayıdır.
Mixail
Yuryeviç Moskvaya dönəndən sonra "Qəribə adam" pyesini yazır və əsərdə onu
üzən həmin xəyanətdən bəhs edir.
Əsərdə təsvir olunur ki, Arbenin və gözəl
Nataliya Fyodorovna Zaqorskina bir-birilərini dərin məhəbbətlə
sevirlər.Lakin budur, Nataliya başqasına aludə olub,
Arbenini unudur, öz əhdinə xilaf çıxır. O, Arbeninə deyir: "Biz
ayrılmalıyıq! Mən başqasını sevirəm!..Sizə nümunə olaraq mən sizi unudaram!
Arbenin həyəcan
və sonsuz bir çılğınlıqla: "Sən məni
unudacaqsan?- Sən?- deyə soruşur,- Ah,
belə şeyi ağlına gətirmə! Vicdan yaddaşdan
daha sadiqdir; sənə məni məhəbbət deyil, peşmançılıq
xatırladacaq!.."
Əgər
Mixail Yuryeviçin ivanovların evindən Moskvaya 1831-ci ilin 7
iyun günündə qayıtdığını və
"Qəribə adam"da da məhz bu xəyanətdən bəhs
etdiyini nəzərə alsaq, deməli, şair "1831-ci ilin
11 iyun günü" şeirində də nəhayətsiz dərəcədə
sevdiyi həmin qıza müraciət etdiyi aydın olur:
Qoynuna
almır məzar səmaların oğlunu,
Mən
ölüb gedəndə də qəlbimdəki arzunu
Dərk
edə bilməsə də dünya heyrət içində
Təqdir
edəcək yenə, mələyim, onda sən də
Birgə yaşayacaqsan mənimlə, mənim kimi.
Yaşadacaqdır səni məhəbbətim daimi.
Adın mənim
adımla qoşa çəkiləcəkdir
Ölmüşləri ayırmaq axı, kimə gərəkdir?
Lermontov son dəfə N.F.İ- yə ona solub
ölmüş duyğuları ilə birdəfəlik
ayrılıq üçün müraciət edir. Şeirdə keçmiş
iki il haqqında təəssüflə
danışır, bunula belə, öz qüdrətli
ilhamı ilə qürur duyduğunu və böyük gələcəyinə
inam bəslədiyini bildirir. "Heç zaman önündə
əyilmərəm mən"i təqdim edirəm (tərcümə
Rəfiq Zəkanındır) :
Heç
zaman önündə əyilmərəm mən,
Nə sənin
ülfətin, nə məzəmmətin-
Qəlbimin
hakimi deyil bu gündən,
Bu gündən yad oldu doğma surətin.
Nədir bu çəkdiyim əzablar, nədir?
Bir də
can atmaram görüşlərinçin,
Onsuz da
illərim qurban gedibdir
Sənin gözlərinçin, gülüşlərinçin.
Onsuz da
aylarla xiffət etmişəm,
Bağlayıb
adına səadətimi,
Mən
bütün cahana nifrət etmişəm,
Sənə göstərməkçin məhəbbətimi.
Dizlərin
önündə keçən anları
Təbimin
dəyərli anları sandım,
Getdi, geri
çəkmək olmaz onları,
Getdi, əvəzində mən nə qazandım?
Bir zaman
ilahi hisslərlə derdim,-
Ruhun
qüdrətinə arxalanaraq; -
Dünyaya
bir gözəl töhfə verərdim,
O mənə
baqilik verəydi ancaq.
Sən mənə
fikr etmə deyirdin onda,
Yadında varmıdır nə andlar içdin?
Sənki
bu şəkildə deyildin onda,
Sonra tamam döndün, tamam dəyişdin.
Mən də
qürurluyam, yetər, əlvida!
Get sev
özgəsini, darılmaram mən,
Dünya
dağılsa da, dünya qopsa da,
Kimsəyə ömrümdə qul olmaram mən.
Səninlə
gəlmərik bir də üz-üzə,
Qoy
qürbət diyarda ömr eləyim tək,
Heyhat,
çox bələdik bir-birimizə,
Yetər
unudulmaq, unutmaq gərək!
Sevgisiz
yaşayıb ölmək yaxşıdır,
Daha əyyaşlığı
pisləmərəm mən,
Hər kəslə
əylənmək, gülmək yaxşıdır,
Heç kəslə ağlamaq istəmirəm mən.
Mən də aldadaram, buna nə var ki?
Görər
hər tanıyan sevincək məni,
Qadına
inanmaq necə olar ki,
Aldatdı ən ülvi bir mələk məni?!
Mən nələr
edərdim sənin yolunda,
Qorxmazdım
üstümə dünya gələydi!
Ölümə
gedərdim sənin yolunda,
Bir də
əllərinə əlim dəyəydi,
Xəbərdar
olmayıb xəyanətindən,
Mən sənə
zavallı könlümü verdim,
Onun qiymətinə bələddinmi sən?
Bələddin,
mən sənə bələd deyildim!..
Yaxşı
deyiblər ki, həyatın dözülməz olmaması
üçün iki şeyə alışmaq lazımdır:
zamanın vurduğu yaralara və adamların ədalətsizliyinə.
Həyatın bu cür imtahanları Lermontovu
sındıra, kiçildə bilməzdi. O, daxili əzabları
ilə də hər an ucalmaqda idi. Həm qüdrətli poeziyası , həm də əyilməz vüqarı
ilə.
Süleyman
Peyğəmbərin sözü yerinə düşür:
"Qadın ömürdən şirin, ölümdən
acıdır". Kaşki dahi şairin ömrü uzun
olaydı və ikinci dəfə qəlbinin evinə
ölümdən acı deyil, ömürdən şirin olan
qadın, sevgisi yolunda Mixailin özü kimi mübariz, qorxmaz
bir insan daxil olaydı. Şairə belə ömür- gün
yoldaşı layiq idi...
Lermontovun
bir çox şeirlərində təklik, tənhalıq,
sükunət, buludların arxasından baxan hüznlü ay,
qayalar arasında sıxılıb fəryad qoparan Terek,
zülmətin qoynunda min büsat çıxaran tufan və s.
obrazlar da əlbəttə, sadəcə poetik obrazlar
deyildir.Onlarla şairin nakam taleyi arasında simvolik əlaqə
vardır. "Tənhalıq" şeirində oxuyuruq:
Necə dəhşətlidir,
necə ağırdır
Bir ömrün yükünü təkcə
daşımaq.
Sevinci
bölməyə hamı hazırdır,
Kədərə
yananlar tapılmır ancaq!
Dahilərdən
yadigarı olan "Poeziya sözlərin musiqisidir",
"Poeziya ruhun musiqisidir", "Musiqi əsl ümumbəşəri
dildir", "Musiqi - sözsüz, bəzən də
çox dərin mənaları ifa edən nitqdir" fikirləri
ürəklərə yol tapsa da, K.Silvestrin "Musiqi-insan hisslərinin
riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün
musiqisidir" deməsi mənə maraqlı gəlirdi. Lakin Lermontovun şəxsində bu maraqlı fikir mənə
təfsilatı ilə aydın oldu.
Yada
salım ki, XIX əsrin birinci yarısında Rusiyada fransız
alimi Etyen Bezunun riyaziyyata dair dərslikləri geniş
yayılmışdı.Bu dərsliklərdən birində
şairin öz əli ilə yazılmış "Mixail
Lermontovun kitablarındandır" yazısı aşkar
edilmişdir.
Bir gün alayda zabitlər bir yerə
yığışır. Lermontov da orada olur.
Böyük bir alim haqqında söhbət düşür və
ən mürəkkəb riyazi məsələləri onun
şifahi surətdə həll edə bilməsindən
danışılır.Batalyon komandirlərindən biri,
yaşlı zabit üzünü Lermontova tutub deyir: "Siz
buna nə deyirsiniz? Eşitmişəm siz də
yaxşı riyaziyyatçısıınız?
- Burada təəccüblü
bir şey yoxdur,- deyə şair cavab
verir,- əgər istəsəniz, mən də riyazi
hesablamalardakı bəzi möcüzələrlə sizi
tanış edərəm.
Sonra o,
zabitə belə bir misal təklif edir:
- Fikrinizdə
tutduğunuz hər hansı bir ədədin üzərinə
25 əlavə edin.
Zabit bunu
kağızda özü üçün qeyd edir.Lermontov isə
bir-birinin ardınca təklif edir:
- İndi
yenidən 125 əlavə edin;
-
Alınan ədəddən 37 çıxın;
- İndi
isə fikrinizdə tutduğunuz ədədi
çıxın;
- Qalan ədədi
5-ə vurun;
-
Alınan ədədi 2-yə bölün.
Deyilənləri
zabit yerinə yetirir.Bundan sonra Lermontov deyir:
- İndi görək sizdə neçə
alınıb...əgər səhv etmirəmsə, 282
alınmışdır.
Batalyon
komandirini təəccüb götürür:
- Bəli,
tamamilə düzgündür, 282 alınmışdır. Mən
fikrimdə 50 ədədini tutmuşdum...
Lermontov
A.S.Puşkinlə şəxsən tanış
olmasa da, onun zəngin yaradıcılığına, fitri
istedadına yaxından bələd idi. Aleksandr
Sergeyeviç onun ən sevimli şairi idi.
Puşkin dueldə öldürüldüyü zaman
Lermontov xəstə yatırdı. Mixail Yuryeviçi
müalicə edən həkim ona Puşkinin yanından gəldiyini
və böyük şairin ölüm yatağında
olduğunu, ağır əzablar çəkdiyini söyləyir.
Rusiyada Puşkinin ölümünə bir sıra
şair və poemalar həsr olunsa da, mübarizə
gücü etibarı ilə onların heç biri Lermontovun
yazdığı "Şairin ölümünə"
şeiri səviyyəsinə qalxa bilmədi. Şeirin rəsmi olaraq 20 il sonra çap olunmasına baxmayaraq, onu
hamı əzbər bilirdi:
...Ey namərd
ataların dikbaşlı övladları,
Ey bədbəxt
nəsillərin qəbrini tapdayanlar!
Ey qul ikən,
zülümdən- cəfadan zövq duyanlar!
Ey
acgöz sürü kimi taxt başına
yığışan,
Ey
hürriyyət, ey düha, ey şərəf cəlladları!..
Qanunun
kölgəsində gizlənirsiz hər zaman,
Susur
hüzurunuzda məhkəmə, haqq, ədalət...
Lakin, ey əxlaqsızlar,
bilin siz bunu, əlbət,
Bir də
haqq məhkəməsi, dəhşətli bir hakim var!..
Fikirləri,
işləri o bilir əvvəlcədən...
O sizləri
gözləyir... Nə rütbə, nə qızıllar
Ona təsir
eləməz!.. Bilin siz bunu hökmən:
Riyakarlıq
sizlərə kömək eləməz əsla,
Qurtara
bilməzsiniz bu haqq məhkəmədən siz!
Bütün
o murdar, qara, natəmiz qanınızla
Şairin
saf qanını, yox, yuya bilməzsiniz!..
Bu odlu şeir Rusiyanı iki məsələdən agah
edirdi; dahi Puşkinin çar qatilləri tərəfindən
xaincəsinə öldürülməsini və mübarizə
meydanına yeni bir üsyankar şairin gəlişini.
Mübarizə ruhu, haqsızlığa, ədalətsizliyə,
xalqın əzilməsinə, insanların zülmünə
qarşı üsyankar etiraz hissi Lermontov
yaradıcılığına, əqidəsinə xas olan ən
ümdə xüsusiyyətlərdən biri idi. Təhkimçilik
üsuli-idarəsinə qarşı çıxan şair
milyonlala məzlumun üzərində öz səadətini
üstun tutanlara lənətlər yağdırırdı:
(Ardı gələn sayımızda)
Reyhan Mirzəzadə,
publisist - politoloq
Həftə içi.- 2017.- 12
iyul.- S.4.