"Böyük şairlər xalqın
vicdanıdır"
15 iyul - dahi rus
şairi Mixail Yuryeviç Lermontovun əbədiyyətə
qovuşduğu gündür. Həmin gündən 176 il
ötür
(Əvvəli
ötən saylarımızda)
"İnsanlar! İnsanlar!..Mən sizin gülüşlərinizə, sizin səadətinizə, sizin var-dövlətinizə lənətlər yağdırıram…Bütün bunlar qanlı göz yaşları bahasına satın alınmışdır…Yazıq mujiklər! Bu necə həyatdır ki, mən hər dəqiqə nəyim varsa, itirmək, cəlladların pəncəsinə keçmək təhlükəsi qarşısındayam!.."
Hələ uşaqlıq illərindən rus kəndlisinin acınacaqlı həyatının canlı şahidi olan balaca Mixail əsarət və işgəncə altında inləyən milyonlarla bədbəxtin güzəranına, həyatına acıyır, onlara kömək əli uzada bilməməsinə görə bəzən bədbinləşir, bəzən də üsyankar bir sərkərdə kimi insanları azadlığa, qələbəyə və səadətə çağırırdı. "Maskarad" dramı Lermontovun əsərləri arasında özünəməxsus yer tutur. Əsl sənətkarlıq qüvvəsi və siyasi bir cəsarətlə dövrünün kübar cəmiyyətinin eybəcərliklərini açıb göstərməklə onlara istehza edən, adı simvolik məna daşıyan bu əsərdə "nəzakət maskası örtülmüş bu sifətlər"də əsl maskanı cırıb atır. Simasındakı maska yırtıldıqdan sonra mənəviyyatsız, xudpəsənd, əxlaqdanuzaq, küt bir adam olan knyaz ortaya çıxır. Qumar oynadığı zaman uduzduğu üçün dəhşətli bir vəziyyətə düşən knyazı Arbenin xilas edir. Onun pullarını qaytarır. Knyaz ömrü boyu öz xeyirxahına minnətdar olduğunu bildirir. Səhəri isə ona xeyirxahlıq göstərmiş adamın arvadına "tor hörür".
Doğrudan da bu cəmiyyətdə heç bir həqiqi hiss, təmiz münasibət yoxdur. "Ehtiraslar oyuncağı"na çevrilən bu cəmiyyətdəki qadınlar hələ gənclik yaşlarından maddi qazanc naminə satılırlar.
Bu cəmiyyətdə həqiqi dostluq hisslərindən söhbət gedə bilməz. İnsan ləyaqətinə, şəxsiyyətinə hörmət deyiləsi şey əsla yoxdur. 1837-ci ilin fevralında Lermontov çarın xüsusi əmri ilə məhz "Şairin ölümünə" şeirinin müəllifi kimi Peterburqdan Qafqaza, Nijeqorod alayına köçürülür... (Şairin Qafqaza sürgünündən bir qədər sonra yenidən bəhs edəcəyəm).
Lermontov 1837-ci ildə görkəmli rus yazıçısı, tənqidçisi, dekabrist Aleksandr Aleksandroviç Bestujev-Marlinskinin Qara dəniz sahilində, Soçi, Adler burnu yanındakı vuruşmada öldüyü xəbərini eşidən zaman müalicəsini buraxaraq Tamana və oradan da dəniz yolu ilə Kaxetiyaya gəlmişdir. Şairin Azərbaycana gəlişi də həmin vaxta təsadüf edir. Lermontova aid sənədlərin içində onun Azərbaycan və Qafqaz xalqlarının öz azadlıqları uğrunda apardıqları mübarizənin, o cümlədən Quba kəndlilərinin 1837-ci ildə inqilabi çıxışının şəxsən şahidi olduğu haqqında maraqlı qeydlər vardır.
1837-ci ildə növbəti dəfə Qafqaza gələn şair yarım il burada qalmış, nənəsinin köməyi nəticəsində o, 1838-ci ilin əvvəlində Peterburqa qayıtmışdır.
23 yaşlı Lermontov sürgün dövründə bir müddət Azərbaycanın Qusar rayonunda , o zaman "Zabitlər küçəsi" adlanan Dvoryan küçəsində. öz tanışı (bəzilərinin dediyinə görə qohumu), hərbi həkim, podpolkovnik Aleksandr Aleksandroviç Marşevin evində yaşamışdır. (Hazırda bu küçə Fəxrəddin Musayev küçəsidir). Şair burada yaşadığı qısa müddət ərzində rayonun Çiləgir kəndindən olan riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olmuş, Ləzgi Əhməddən "Aşıq qərib" dastanını dinləmişdir. Ümumiyyətlə, şair Qusarda yaşadığı dövrdə 6 əsər ;3 poema və 3 şeir yazmışdır: "Aşıq Qərib", "Qaçaq Hacı", "İsmayıl bəy" poemaları, "Xəncər", "Ayrılıq" və "Gənc ləzgi" şeirləri məhz Azərbaycan torpağında - Qusarda yaranmış gözəl sənət nümunələridir.
Xalq şairimiz Nəriman Həsənzadə "Qusarda ev" şeirini Lermontovun xatirəsinə həsr etmişdir:
Yol
üstə bir evi nişan verirlər:
Durur qoşa qapı, durur daş səki.
Durur o vədədən
pəncərədəki
Bayır qapaqları... indiyə qədər.
Gəzib
dolaşdıqca alnında vüqar,
Bədrəftar görməmiş burda kimsədən.
"Əlvida Rusiya!" - deyən sənətkar,
Kimə salam vermiş burda görəsən?
Şeirinə,
sözünə qulaq asaraq,
Şairi
ilk dəfə kim dinləmişdir?
Bulaq
göstərirlər... deyirlər bir vaxt,
O, burada
su içib sərinləmişdir.
Lakin yanan
ürək soyuya bilməz,
Köksünün
üstündə od qalanmışdır.
Böyük
Rusiyaya sığışmayan kəs,
Qusarda bir evə daldalanmışdır.
Əziz
qonaq oldu burda hər kəsə,
Ondan neçə evdə söz düşdü, getdi.
Gələndə
bir kəslə görüşmədisə,
Gedəndə
hamıyla öpüşdü getdi...
Rusiyanın ən qüdrətli milli şairlərindən
biri olan Mixail Yuryeviç Lermontov Azərbaycana böyük
hörmət və məhəbbət bəsləirdi. O, Şamaxıda
qaldığı müddətdə bir sıra yerləri gəzmiş,
toylarda, el şənliklərində iştirak etmişdi. Yurdumuzun füsunkar təbiətinə,
dağlarına, meşələrinə, çaylarına,
bulaqlarına valeh olan şair, həvəskar ov (bəzi mənbələrdə
laçın və tərlan ovu qeyd edilir - R.Mirzəzadə)
mərasimlərinə də qatılmışdı. Şamaxı qəzasının Tircan kəndində
ağsaqqalların danışdığı nağıllara
qulaq asmış, məscid minarələrindən ucalan azan səsini
dinləmişdi.
Lermontov
Tiflisdə olarkən böyük Azərbaycan
yazıçı, dramaturq və maarifçisi Mirzə Fətəli
Axundovla tanış olmuş, bu
tanışlıq qısa vaxtda dostluğa çevrilmişdi.
Çünki Lermontov və Axundovun
yaradıcılıqlarında onları bir-birinə
yaxınlaşdıran ictimai-siyasi motivlər dəaz deyildi.
Bunu ən azı hər iki şairin Puşkinin
ölümünə həsr etdikləri üsyankar şeirləri
sübut edirdi.
Lermontov Azərbaycan dilinin gözəlliyinə heyran
olduğunu, onu öyrənmək isədiyini dostu M.F.Axundova
bildirmişdi.
Bu barədə şairin poetik müraciəti də
mövcuddur:
Kaşki
sizin dildə danışam aydın,
Kaşki müəllimim özün olaydın.
Azərbaycanın
təbii gözəlliyi, xalqımızın qonaqpərvərliyi,
dilimizin musiqililiyi şairi heyran etmişdi.O, bu barədə
dostu Nikolay Pavloviç Rayevskiyə göndərdiyi məktubda
yazırdı: "Rusiyanı tərk etdiyim andan bu günə
kimi həmişə gəzməkdə olmuşam...dağlar
aşmışam, Şuşada ( bu şəhər əslində
Şuşa deyil, Şura - yəni Temir -xan - Şura kimi
oxunmalıdır), Şamaxıda, Qubada, Kaxetiyada
olmuşam.Əynimdə çərkəz paltarı,
çiynimdə tüfəng çöldə
yatmışam, çaqqalların səsinə
oyanmışam, dağlıların çörəyini
yemişəm, hətta Kaxetiya şərabı belə
içmişəm...tatarca (yəni azərbaycanca) öyrənməyə
başlamışam, necə ki, Avropada fransız dili, bu dil də
burada, ümumiyyətlə, Asiyada zəruridir, təəssüf
ki, indi axıra qədər öyrənə bilməyəcəyəm,
gələcəkdə lazım ola bilərdi...".
Lermontov
Azərbaycan dilini mükəmməl öyrənə bilməsə
də,ayrı-ayrı sözlər və
ifadələrdən xəbərdar idi. Şair "ana",
"oğul", "ağa", "allah",
"namaz", "salam", "sağ" və s. kimi
sözləri öz əsərlərində dönə-dönə
işlətmişdir.
Azərbaycan folkloru ilə yaxından maraqlanan şair,
"Aşıq Qərib" dastanı əsasında
"Aşıq Qərib" nağılını
yazmışdır. Lermontov "Aşıq Qərib"i sadəcə
rus dilinə tərcümə etməmişdir.Onun Moskva
Əlyazmalar Fondunda saxlanılan "Qaşıq Qərib"inin
əlyazmasında aparılan düzəlişlər göstərir
ki, şair nağılın üzərində xeyli işləmiş
və onu çapa hazırlamışdır. "Aşıq Qərib" (türk
nağılı") adı ilə yazılan əsər
1846-cı ildə nəşr edilmişdir. Əsər 1912-ci ildə Gəncədə Əbilov
və Haqverdiyevlər mətbəəsində də çap
ounmuşdur.
Lermontov nəsrində ən yüksək yeri onun "Zəmanəmizin
qəhrəmanı" romanı tutur. Bütün
dünyada məşhur olan bu roman hər biri müstəqil
surətdə maraqla oxunan, lakin vahid bir qəhrəman obrazla
birləşən 5 povestdən ibarətdir. Romanın baş qəhrəmanı Peçorin Lermontov
dövrünün gəncliyini təmsil edən ümumiləşdirilmiş
bədii obrazdır. Həmin dövrün
gəncliyi çox ağır ictimai və siyasi problemlər,
bəlalar içində yaşayırdı. Dekabristlər üsyanını qan içində
boğmuş çar I Nikolayın hakimiyyət başında
olduğu bu illər Rusiya tarixində "zülmət səltənəti"
kimi məşhurdur. Bu zama ən
ağıllı, istedadlı adamlar belə öz istedad və
bacarığından istifadə etmək üçün
ölkədə imkan və şərait tapa bilmir,
lazımsız, "artıq adamlar" vəziyyətinə
düşürdülər. Məz bu siyasi burulğanlar
mühiti ağıllı, həssas, bacarıqlı, zəhmətkeş
bir adam olan Peçorinin də parlaq şəxsiyyətini
zədələyib şikəst etmişdir.
Əsər öz zəngin dili baxımından rus klassik
irsini yaradanların böyük bir qismi üçün əsl
sənətkarlıq məktəbi olmuşdur. Aleksey Nikolayeviç Tolstoy
"Zəmanəmizin qəhrəmanı"nı
nəzərdə tutaraq demişdir: "Rus romanının nəhəng
nəhri öz mənşəyini bu şəffaf bulaqdan
götürmüşdür". Böyük
şairin 1839-cu ildə yazdığı "Mtsıri"
poeması Qafqaza həsr olunan möhtəşəm əsərlərdən
biri kimi ədəbi xəzinəyə daxil oldu və sevildi.
Lermontovun Yeni il münasibətilə
yazmış olduğu şeiri necə deyərlər, səbr
kasasının daşması üçün sonuncu damla oldu.
Belə ki, 1840-cı ilin yeni il
axşamı nəciblər məclisində verilən və
çar ailəsinin iştirak etdiyi bal-maskaradda Lermontov da
iştirak edirdi. I Nikolayin qızı Mariya
Nikolayevna maska taxmış halda Lermontovun yanından keçərkən
ona söz atır. Bu hadisəni görənlər
danışırlar ki, hazırcavab Lermontov ona sataşan
adamın kim olduğunu bildiyi halda söz
altında qalmır. S.V.İvanovun
yazdığına görə, gənc zabitin bu hərəkəti
kənardan ədəbsiz görünür. Həmin gecə
Lermontov 1840-1 yanvar tarixli forma baxımından parlaq və
qüvvətli şeir olan "Dəmir"i cəmiyyətə
təqdim edir:
Ah,
onların nəşəsini necə pozmaq dilərdim,
Kədər
dolu, qəzəb dolu öz dəmir şeirlərimi
Utanmadan gözlərinin lap içinə söylərdim.
Çarın
qızı Mariya Nikolayevna ilə toqquşduğu günün
tarixini (1840-cı il 1 yanvar
gününü) Lermontov qəsdən şeirin altından
yazaraq, bununla onun kimə qarşı söylənilmiş olduğunu
gizlətmir...
1840-cı ilin fevral ayında kübar məclislərinin
birində Lermontovla Fransa səfirinin oğlu Ernest de-Barant
arasında Puşkinin fransız Dantes tərəfindən
öldürülməsi qəzəbi ətrafında
mübahisə baş verir. Bu halda duel "zərurəti"
yaranır.
Duel
fevralın 18-də Qara çayın üstündəki
Porqolov yolunun yanında hazırlanır. Üç il əvvəl həmin yerdə komendant
bağının yanında dahi Puşkin ölümcül surətdə
yaralanmışdı. İndi həmin yerdə
qılınclar sıyrılmış, qar tapdalanmış və
Rusiyanın ikinci böyük şairinin həyatına qəsd
hazırlanmışdı. Duel qılınc
döyüşü ilə başlanmış, sonra şairin
əlindəki qılınc qırıldığından
güllə ilə bir-birilərini hədəfə almaq məsləhət
görülmüşdü. Əvvəlcə
Ernest de-Barant atmış, lakin hədəfi vura bilməmişdi.
Lermontov isə öz gülləsini havaya atmış, beləliklə,
duel barışıqla qurtarmışdı. Ertəsi gün
bir çox rus qəzet və jurnallarında bu sözlər
yazılmışdı: "Rus ədəbiyyatının
çıxan ulduzu hələ parıldayır: Lermontov
sağ qalmışdır".
Bu dueldə
heç kimin yaralanmamasına baxmayaraq, Lermontovu həbs edib, hərbi
məhkəməyə verirlər.Həbs müddətində
şair "Jurnalist, oxucu və yazıçı",
"Əsir cəngavər", "Qonşu qız",
"Yelkən" və digər şeirlərini yazır.Həmin
ilin aprelində Belinski həbsdə olan Lermontovla
görüşür. Bu görüş hər
iki dahiyə böyük təsir göstərir. 1840-cı ilin yayında Lermontov yenə Qafqaza
sürgün edilir.
XIX əsrin birinci yarısı rus ədəbiyyatının
Qafqaz mövzusunu mənimsəməsi baxımından
çox mühüm bir dövrdür. O vaxtdan bəri qəzet və
kitab səhifələri Qafqaza müraciətlə
bağlı yazılmış əsərlərlə zəngindir.
Böyük
rus şairi A.S.Puşkinin Qafqaz mövzusuna müraciət etməsi
və onun "Qafqaz əsiri" poeması rus romantizminin
inkişafında başlıca rol oynamış, ədəbiyyatda
xeyli sayda təqlidlərin meydana gəlməsinə səbəb
olmuşdur.
Xatırladım
ki, şair Qafqaz mövzusuna 13 il ərzində
müraciət etmiş, bu illər ərzində rus ədəbiyyatı
Qafqazın yaradıcılıqla əxz edilməsində
böyük nailiyyətlər qazanmışdır. Bu da Lermontov kimi həssas şairin əsərlərində
öz əksini tapmaya bilməzdi.
I Aleksandr Qafqazı "İsti Sibirya"
adlandırmış və I Nikolayın dövründə
sürgün edilən dekabristlər də buraya, cəbhəyə,
"hərbi katorqa"ya göndərilmişdilər.
Qafqaz Lermontov üçün hər şeydən əvvəl
azad diyar, azadlıqsevər xalqın vətəni idi. Öz əsərlərində
hadisə yerlərini Qafqaza köçürməklə,
Lermontov istibdad və əsarətlə barışmayan Qafqaz
xalqlarının azadlıqsevər həyatını
, qəhrəmanlığını göstərirdi.
Şairin Qafqaz mövzusuna aid olan "İsmayıl bəy"
poeması rus çarizminin istilaçı siyasətinə
qarşı olan mübarizəyə həsr olunmuşdur.
İsmayıl bəyə aşiq olmuş ləzgi
qızı Zəhranın sonralar oğlan paltarı geyinərək
Səlim adı ilə döyüşlərdə onun
yanında olması insanı təsirləndirir. Əsərin
bir hissəsində şair Səlimin dili ilə deyir ki, mənim
oxuduğum nəğmə çox qəmlidir. Axı nə etmək olar ki, bizim ellərin nəğməsi
kədərli nəğmələrdir.
Bununla Lermontov Qafqaz xalqlarına olan məhəbbətini,
onların həyat tərzinə, məişətinə, adət-ənənələrinə
yaxından bələd olduğunu və bu xalqların
istilaçı, zülmkar çar qoşunlarına
qarşı mübarizədə çox haqlı olduğunu
göstərir.
Bu məqsəd "Qafqaz əsiri" poemasında da əsas
götürülüb.Əsir rusla gənc çərkəz
qızının macərasında müəllif demək istəmişdir
ki, qanlı müharibədə nə öz
azadlıqlarını müdafiə etmək üçün
ayağa qalxan dağlılar, nə də zorla Qafqaza
müharibəyə göndərilən sadə rus
döyüşçüləri müqəssir deyildir. Xalqlar arasında
düşmənçilik yaradan fitnə-fəsadçılar
olmasa, insanlar hər yerdə hansı millətdən, hansı
dindən olursa-olsun, bir-biriləri ilə mehriban ünsiyyət
yaratmağa hazırdırlar.Poemada beləbir fikir də
söylənilir ki, harada mənəvi və cismani əsarət
varsa, istər vətən olsun, istər qürbət, orada
insan xoşbəxt deyildir. Əsir rus nəinki Qafqazda əsir
düşəndən sonra, elə öz doğma vətəni
Rusiyada da bir əsir kimi həyat sürmüşdür...
(Ardı gələn sayımızda)
Reyhan Mirzəzadə,
publisist - politoloq
Həftə içi.- 2017.- 13 iyul.-
S.4.