"Böyük şairlər xalqın
vicdanıdır"
15 iyul - dahi rus şairi Mixail
Yuryeviç Lermontovun əbədiyyətə qovuşduğu
gündür. Həmin gündən 176 il ötür
(Əvvəli
ötən saylarımızda)
Qafqaza ürək dolu məhəbbət və rəğbət bəsləyən Lermontov ,eyni zamanda istedadlı bir rəssam kimi də Qafqazın bir sıra səfalı yerlərini, füsunkar mənzərələrini öz tablolarında canlandırmışdır.
Şairin "Qafqaz" şeirini bu "tərənnümün marşı" da adlandırmaq olar:
Gəncliyim şölə saçarkən necə nurlu bir çıraq,
Ey cənub dağları, düşdümsə əgər sizdən iraq,
Yenə dalsam sizə, xoş xatirələr canlanacaq,
Vətənin dadlı, şirin nəğməsitək hey qəlbən
Sevirəm Qafqazı mən!
Bir uşaqdım o zaman, soldu, ölüb getdi anam,
Keçdi, heyhat, o düzənlər mənə hər gün axşam.
Yadıgar
bir səsi əks eylədi, sakit, iham,
Yurdu
dağlar, qayalartək nə qədər, ah, bilsən,
Sevirəm
Qafqazı mən!
Sizdə
xoşbəxtdim, a dağlar, kahalar, gen düzlər!
Keçdi
beş il, yenə könlüm sizi həsrət
izlər.
İki
göz gördüm o yerlərdə, ilahi gözlər
Yada
düşdükcə pıçıldar ürəyim min
yerdən:
Sevirəm
Qafqazı mən!
Şairin "Qafqaz" şeiri əsasında Ramiz
Mustafayevin yazdığı romans özünəməxsus
xüsusiyyətləri və incə lirizmi ilə
seçilir. Şalyapin, Sobinova və Bülbül kimi məşhur
müğənnilər Lermontovun əsərlərinə
yazılmış romansları sevə-sevə ifa etmişlər.
K. Kələntərlinin
"Lermontov Qafqazda" şeiri maraqlı poetik boyaları ilə
könülləri oxşayır:
Onu
göndərəndə düşünmüşdü
çar:
Şair bir ləzginin qurbanı olar.
Fəqət
o, bilmədi, ləzgilər onu
Əziz qonaq kimi qarşıladılar.
Onu
göndərəndə düşünmüşdü
çar:
Dağlarda
adamlar adam yeyəndir,
Fəqət
o, bilmədi, qoca Qafqazın
Dağı da, daşı da qonaqsevəndir.
Onu
göndərəndə düşünmüşdü
çar:
Nə yaxşı yol tapdım. Keyfi kökəldi.
Fəqət
o, bilmədi, o, sürgünə yox,
Şeir diyarına səfərə gəldi.
Onu
göndərəndə düşünmüşdü
çar:
Qələmi əlindən aldım əbədi.
Fəqət
o, bilmədi, şair Lermontov
Qafqazın qəlbində qaldı əbədi.
Lermontov qafqazlıların həyatından qəhrəmanlıq
epizodlarını götürmüş və özünəməxsus
ustalıqla bunlardan öz əsərlərində istifadə
etmişdir. Bu cəhətdən şairin "Qaçaq"
poemasını nümunə göstərmək istəyirəm.
Müəllif bu əsərini "Dağ əfsanəsi"
adlandırmışdır.
Poemanın
qəhrəmanı Harun öz ata və qardaşını
öldürənlərdən intiqam almaq əvəzinə,
müharibə meydanını qoyub qaçır, sevdiyi
qızın, dostunun və anasının yanına getməyə
cəhd göstərir.Lakin onların üçü də
Harunu qəbul etmir, qapıdan qovurlar.Hamıdan əlini üzən,
ümidsizliyə qapılan Harun axırda özünü
öldürür.Burada Lermontov Qafqaz xalqlarının
azadlıq və vətən uğrunda şərəflə
ölməyi düşmən qarşısında
alçalmaqdan çox üstün tutduqlarını göstərir.
Bir daha təsdiq edir ki, qafqazlılar üçün vətəndən
əziz, vətəndən doğma heç nə ola bilməz. K.Kələntərlinin "Sevirəm
Qafqazı mən" şeiri bədii orijinal keyfiyyətləri
ilə sanki Lermontovun "Qafqaz" şeirini salamlayır, səsinə
səs verir:
Elə
ki, qədəm basdı o, Qafqaz torpağına
Dağların sərin yeli toxundu yanağına.
Xalı
kimi açıldı qabağında çöl, çəmən
Astaca
pıçıldadı: -Sevirəm Qafqazı mən!..
Qubadan
Şamaxıya, Şamaxıdan Nuxaya,
Gedincə
rast gəldi o,
Dodaqları
nəğməli min bulağa, min çaya,
Yazılmamış
min nəğmə gəlib keçdi qəlbindən,
Astaca
pıçıldadı: -Sevirəm Qafqazı mən!..
Qəlbini
boğdu qəhər,nənəsi
düşdü yada...
Baharı
da, qışı da güllü Kaxetiya da
Gürcüstan
torpağına baxdı uca zirvədən,
Astaca
pıçıldadı: -Sevirəm Qafqazı mən!..
Dadlı
Şərq xörəkləri qabağına
düzüldü,
Dadlı Kaxet çaxırı buynuzlara
süzüldü.
Bu əvəzsiz
məclisdə
Şairin
sağlığına içdi hamı gülər, şən,
Astaca
pıçıldadı: -Sevirəm Qafqazı mən!..
O ildən
illər keçib təzələnib əsr də
,
Şeir,
sənət nəfəsli bizim yeni əsrdə,
Hər bir duyan ürəkdə ona sevgi bəslənir.
Bir
zamanlar Qafqaza
Astaca
pıçıldamış
o,
sevimli kəlmələr
Dünyanın
hər yerində
çox
ucadan səslənir!..
1840-cı
ildə qeyd etdiyim kimi, növbəti dəfə Qafqaza
sürgün olunan Lermontov , Stavropola ,
Qafqaz qoşunları komandanlığının qərargahına
gəlir və general-leytenant Qalafeyevin dəstəsinə təyinat
alır. Şair bir sıra ekspedisiyalarda ,
qızğın vuruşmalarda iştirak edir, bu qanlı
döyüşləri "Valerik" poemasında təsvir
edir. Vuruşmalarda şair özü
böyük qəhrəmanlıqlar göstərir. Komandanlıq onu dövlət mükafatına təqdim
etsə də, çar I Nikolay bunu rədd edir. Sonrakı döyüşlərdə yeni
şücaətlər göstərən Lermontov ikinci dəfə
mükafata təqdim edilir. Komandanlıq ona
üzərində "İgidliyə görə" sözləri
yazılmış qızıl qılınc verilməsini təklif
edir. Lakin çar bunu da rədd edir.
Nəzərə çatdırım ki, 1840-cı ilə
qədər Mixail Yuryeviç Lermontovun 400-dən artıq
şeiri, 30 poeması vardı. Deyirlər,
yaşadığımız hər an öz haqqını istəyir.
Lermontov qısaca ömründə bu qədər
qüdrətli ədəbi irsi ilə yaşadığı hər
anın haqqını dəfələrlə artıq ödəmişdi.
1841-ci ilin yanvar ayının ortalarında Lermontov
Peterburqa, məzuniyyətə getmək üçün icazə
alır. Mayın ortalarına qədər həm Peterburqda, həm
də Moskvada qalan şair, hərbi qulluqdan çıxıb
yalnız ədəbiyyatla məşğul olmağa
çalışsa da, onun arzusu rədd edilir və Qafqaza
qayıtması barədə əmr verilir. 1841-ci ilin may
ayında şair Qafqaza qayıdır. Bu, onun
çox sevdiyi Qafqaza son gəlişi olur.
Lermontovu
görməyə gözü olmayan Peterburq kübar cəmiyyəti
orada da, Qafqazda da, Pyatiqorskda da Lermontova qarşı kin və
nifrət münasibəti yaradırdı.Lermontov Pyatiqorska gələn
gündən etibarən dövlət soveti sədrinin oğlu
Aleksandr Vasilçikov və bir generalın arvadı E.Merlini
başda olmaqla kiçik zadəganlar qrupu şairin əleyhinə
ziddiyyətlər yaradaraq var qüvvəsi ilə özlərinin
adlandırdığı kimi, bu "dözülməz ədəbsizdən
və davakardan" yaxalarını qurtarmağa
çalışırdılar. Bu qrup o zaman
Pyatiqorskda olan bir çox zabitləri Lermontovun üstünə
qaldırmağa cəhd edirdi. Deyirlər ki,
Vasilçikov poruçik Lisaneviçi dilə tutaraq Lermontovu
duelə çağırmasında israr edərkən
Lisaneviç ona belə cavab vermişdi: "Siz nə
danışırsınız?Belə bir
adam üzərinə mənim əlim qalxarmı?".
Lermontov
Vasilçikovun və onun ətrafının şairə
qarşı apardığı fitnə-fəsadları hiss
edirdi, lakin bu onu qorxutmurdu.Çünki Peterburqda da buna
artıq öyrəşmişdi. Odur ki,
özü "hücuma" keçir. O, bədahətən
söylədiyi şeirlərdə və söhbətlərində
Vasilçikovu ələ salır, ona ləqəblər
qoşurdu. Bu ləqəblər isə
Vasilçikovla demək olar ki, "qoşa addımlayırdı".
Vasilçikov
şairi öldürmək üçün adam
tapır; bu adam istefa vermiş mayor Nikolay Solomonoviç
Martınov olur. Dahilərin sözü qulaqlarımda səslənir:
"Əgər bir yerdə kiçik insanların
böyük kölgələri olursa, orada günəş
batır deməkdir".
Lermontovsa Martınovu çoxdan tanıyırdı. O, dardüşüncəli,
təkəbbürlü, özünüöyən, hər
yerdə və hər şeydə gözə girməyə
çalışan bir adam idi. Vasilçikovun hiyləsi ilə Martınov boş
bir şey üstündə Lermontovu duelə
çağırdı. Lakin bu duel deyil, qabaqcadan
hazırlanmış qətl idi...
Duel
üçün elə bir şərait seçilmişdi ki,
şairin salamat qurtaracağına heç bir ümid yeri yox
idi. Duel meydanında vuruşanlar arasında məsafənin az olması, böyük tapançalar
seçilməsi, iddiaçıya bir güllə deyil,
üç güllə atmaq ixtiyarı verilməsi, duel yerində
həkimin olmaması, bədbəxt hadisə baş verən
zaman yaralını Pyatiqorska tez çatdırılması
üçün hətta arabanın belə olmaması qətlin
qabaqcadan ətraflı düşünüldüyünü və
hazırlandığını sübut edirdi.
Sonralar
aşkara çıxan bir sənəddə - Moskva
poçtunun direktoru A.Bulqakovun 1841-ci il iyulun 31- də rus
şair, tarixçi, ədəbi tənqidçi və tərcüməçisi
Pyotr Andreyeviç Vyazemskiyə yazdığı məktubda
Bulqakov, Lermontovun öldürülməsi təfsilatını
xəbər verdikdən sonra yazır: "Duel başlamazdan əvvəl
Lermontov Martınova dedi ki, əgər o (yəni Martınov)
buna başqa cür baxırsa (yəni Lermontovun
karikaturalarını zarafat hesab etmirsə), Lermontov burada ondan
üzür istəməyə hazırdır, lakin bu sözə
belə cavab alır: "Gülləni at!".
Lermontov:
"Mən atacağam, ancaq sənə yox", - deyib, gülləni
havaya atır...
Martınov Lermontova lap yaxınlaşır, gülləni
onun ürəyinin başına sıxır. Ölüm də güllə
kimi sürətli olur...Güllə kimi olan sürətli
ölüm günü 1841-ci ilin 15 iyulu idi...
Tanınmış şairimiz Fikrət Sadıq "Duel yerində"
də elə təsvirlər yaradıb ki, insan bu qanlı hadisədə
özünü sanki həmin duel yerində hiss edir:
Bir
qartalın köksü qanadı burda,
Sındı
bir şahinin qanadı burda,
Qırıldı
bir selin inadı burda
"Şahiddir
ulu dağlar",
Bir yanan
şairin qəlbi dayandı,
Maşuqun
ürəyi alışıb yandı,
Cəladdın
əliylə qana boyandı
"Çeşməli, sulu dağlar".
Bir
eşqin rübabı qırıldı burda,
Bir atəş
parçası kül oldu burda,
Bir qərib,
bir cavan vuruldu burda
"Göy kişnər, bulud ağlar".
Buradaca
sevimli şairimiz Hüseyn Arifin ağıya dönmüş
misralarını yada salmamaq mümkün deyil:
Nə qədər
iztirab, nə qədər əzab,
Nə qədər
ağrılar çəkərmiş insan...
İyirmi
yeddi il gətirərək tab,
Həyatla əbədi vidalaşmısan.
Çiynində
daşınmaz yük daşıdın ki,
Sənə
çətin olsun, dostlara asan;
Nə
deyim, bəlkə də az yaşadın
ki,
Sonralar bu qədər çox yaşayasan.
Lakin çar hökuməti duel faktını gizlətməyə
çalışırdı. Heç təsadüfi deyil ki,
Lermontovun ölümü haqqındakı ilk rəsmi məlumatların
birində deyilirdi: "İyulun 15-də saat 5-ə yaxın
ildırım və göy gurlaması ilə böyük
fırtına qopmuşdu. Bu zaman Pyatiqorskda
Maşuk və Beştau dağlarının arasında
M.Y.Lermontov ölmüşdür".
Filoloq-
şair B. Adilin "Şair burda vurulub" şeiri müəllifin
ürək çırpıntılarının təsirli
notları kimi yadda qalır:
Şair
burda vurulub qərib axşamçağında,
Qafqazın
gəlinüzlü, od qəlbli
torpağında.
Deşib
odlu bir güllə ürəyinin başını,
İlkin
buludlar töküb üstündə göz yaşını,
Yağış
yağıb, sel axıb, şimşək çaxıb
dalbadal,
Rusiyanın qəlbini sarıb dərin bir məlal.
...Dayanardı
qartaltək qayaların başında,
Qafqazın qan çilənmiş torpağında,
daşında.
Öz
üsyankar ruhunun ahəngini duyardı,
Şair Qafqaza yardı, Qafqaz şairə yardı.
Şair
burda vurulub... yerlər, göylər ah çəkib,
Çar
eçidib bu sözü ürəkdən qəh-qəh çəkib ,
Çünki
o, döş gəriridi zülmətə qalxan kimi,
Fırtınasız
dənizdə fırtına qalxan kimi -
O da lal
sarayları təlatümə gətirmiş,
Sənətiylə cəllada ölüm fərmanı
vermiş.
Budur onun
günahı... vuruldu gənc yaşında,
Ədalətin, işığın zülmətlə
savaşında.
O
öldü... yox, bu sözü deməyə gəlmir dilim,
Ürəyinin
arzusu, gəncliyinin nisgili -
Şirin
nəğməyə dönüb yanan qəlblərə
axdı,
O öz
ölümüylə də ərzi heyran buraxdı.
Yox, onu
öldürmədi bir zabitin gülləsi,
Knyazların
nifrəti, əyanların tənəsi -
Bir gülləyə çevrilib onun köksünə dəydi.
O güllə
qəzəb dolu, nifrət dolu gülləydi,
Onu
hazırlamışdı neçə il
Qış Sarayı.
Şairin
ürək sözü, atəş dolu harayı -
Onun
köksünə dəyən gülləyə bais oldu,
Ömrünün yollarına duman çökdü, sis
oldu.
Şairi həlak edən uğursuz zabit hanı?
Tarix vurub alnına öz lənət
damğasını.
Onun həlak
etdiyi şair yaşayır fəqət,
Qəlbi günəşlə dolu, səfəri əbədiyyət.
Onun diləkləridir
bu torpaqda hər çiçək,
Məzarının
önündə səcdə edir gələcək!
Lermontovun ölümündən qərinələr
keçsə də, Azərbaycan şairləri bu
ağrı, acını ən yeni dərd kimi qəbul edirdilər. Çünki şairin ayaq
izləri torpaqlarımızda, səsi-sədası
dağlarımızda, yadigarları ədəbiyyatımızda
qalmışdı . Odur ki, Xalq şairimiz
Nəbi Xəzri də "Lermontovun ölümü" ndə
şairin yoxluğu ilə heç cür barışa
bilmirdi:
Açıldı
güllə... Şairim
Alovlandı
ürəyindən,
Güllə
keçdi ildırımtək
Arzusundan, diləyindən.
Axdı
onun qızıl qanı...
Yer bulaşdı al qanlara.
Budur əsrin
hədiyyəsi
Haqq söyləyən insanlara.
Sanki əsdi
güllələrin
Səslərindən
Maşuk dağı,
Sellər
kimi yaş axıtdı
Gözlərindən Maşuk dağı.
Sanki
günəş üfüqlərdən
Yas tutaraq
qəmli keçdi,
Günəş
baxdı, göy üzündən
Sanki gözü nəmli keçdi.
Mixail Yuryeviç Pyatiqorskun şəhər qəbiristanlığında
dəfn olunur.
Bir neçə ay sonra məzar şairin
doğmalarının yaşadığı Tarxan kəndinə,
əzizlərinin dəfn olunduğu həmin kəndin qəbiristanlığına
köçürülür.
N. P. Rayevskinin dediyinə görə, Martınov sonralar
söhbətlərində deyirmiş ki, Lermontovun bədənindəki
yaranı yumaq lazım gələrkən onun qolları
quruduğundan əynindəki paltarı çıxarmaq
mümkün olmamışdı. Sağ əlindəki
tapançanı necə tutmuşdusa, eləcə də
qalmışdı...
(Ardı gələn sayımızda)
Reyhan Mirzəzadə,
publisist - politoloq
Həftə içi.- 2017.- 14
iyul.- S.4.