"Böyük şairlər xalqın vicdanıdır"

 

15 iyul - dahi rus şairi Mixail Yuryeviç Lermontovun əbədiyyətə qovuşduğu gündür. Həmin gündən 176 il ötür

 

(Əvvəli ötən saylarımızda)

 

Bəli, bunu Martınov demişdi. Bəlkə də öz şeytan və iblis əməlindən qürrələnə - qürrələnə söyləmişdi. Olsun! Bəs əbədi qazancı nə oldu onun? Bəşəriyyət iki əsrə yaxındır onu əli nakam bir gəncin, poeziya kainatına yenicə nur çiləyən bir günəşi zülmətə döndərən yırtıcı qatil kimi tanıyır onu. Hələ əsrlər boyu da bu adı özü ilə "yaşadacaq" o. İlk olaraq elə öz şəcərəsinin adamları qazandığı "ada"- qatil adına görə lənət yağdıracaq ona. Gözəl şairimiz Əliağa Kürçaylı bu mənfurun simasını "Martınov "şair" imiş..." şeirində təsvir etdiyi kimi:

 

Şeirlər yazarmış Martınov özü,

Dövründə şair də deyiblər ona.

Fəqət bir kəlməsi, fəqət bir sözü

Gəlib çatmayıbdır bizim zamana.

Əzəldən belədir - təbi, ilhamı

Hər kəsə verməyir ana təbiət.

Böyük əməllərçün yaranmır hamı,

Hər qəlbdə yurd salmır təmiz məhəbbət.

Hamı da ucalmır istedadıyla,

Ancaq şan-şöhrətə can atır yenə.

Zabit Martınov da qatil adıyla

Yazıldı tarixin səhifəsinə.

Şairtək çatmadı o, öz kamına,

Ancaq adı qaldı...

Taleyə bir bax!

Bununçün nə şeirə,

Nə ilhamına -

Atdığı gülləyə borcludur ancaq.

Nə vaxt Lermontovun çəkilir adı -

Durur Martınov da göz qabağında.

O nəğmə qatili, şeir cəlladı

Nifrətlə səslənir el dodağında.

Gəlir göz önünə Maşuk ətəyi,

Yağışlı....

Çisəkli...

Kədərli bir gün.

Cavan bir dahinin odlu ürəyi...

Sonuncu anları şair ömrünün...

Dil açıb danışır bitməz, tükənməz

Dastanlar, nəğmələr...

Yenə nəğmələr.

İllərin dalından gəlir səda-səs:

"Lermontov" söyləyir canlı kəlmələr.

Düşür Martınov da yada bu dəmdə

Əlvida tapança...

Taleyə bir bax!

Lermontov nəğməylə gəzir aləmdə,

O - qatil adıyla yaşayır ancaq!..

 

Ə.Kürçaylının dərin məzmunlu şeiri məni xeyli fikrə daldırır. Çarpışan düşüncələrim içində hey fikirləşirəm: insan insana bu qədər qəddar ola bilərmi?Bəşər övladı bir-birinə bu qədər "zəhər dada" bilərmi? Axı niyə quşlar kimi uçmağı, balıqlar kimi üzməyi, kainatda daha nələri, nələri öyrənə bilən insan, bircə şeyi öyrənə bilmədi: qardaş olaraq yaşamağı...

Qəlbimdə, ruhumda min bir sual baş qaldırsa da, bu sualların bircəciyinə belə cavab tapmaqda çətinlik çəkirəm.Əfsus ki, ən qüdrətli poeziya nümunələri də köməyimə gələ bilmir. Nəhayət, düşüncələr burulğanından baş qaldıran poetik bir dərdlə - böyük Xəlil Rzanın "İnsanlığı düşünürəm" şeiri ilə baş-başa qalıram. Şeiri bir qədər ixtisarla təqdim etsəm də, görün burada insanlığa, məhz insanlığa nə qədər böyük çağırış var:

 

...Nə qədər üsyanlar, nə qədər qanlar,

Nə qədər fəğanlar, kor burulğanlar...

O göz yaşlarını bir yerə yığsan,

Bəlkə də ən dərin bir ümman olar.

Susan vuruşları üst - üstə qoysan,

Əyilər planet, cəhənnəmləşər.

Sönmüş yanğınları sönməmiş saysan,

Aya da, Marsa da od- alov düşər.

 

İnsan hara gedir bu qanacaqla?

Saçın biz - biz olur, düşünən zaman.

Tüfənglə, qələmlə, daşla, bıçaqla

Qıran da insandır, quran da insan.

 

Dəryadır ürəyi, günəşdir beyni,

Öldü ... dönür toza... bir də doğulmur.

Bircə an içində məhv etdiyini

Yüz ilə, min ilə yaratmaq olmur.

 

Tutuya qənd verir, göyərçinə dən,

Ancaq zəhərləyir qan qardaşını.

Dərənin dibinə dağ zirvəsindən

Enib öz dostunun kəsir başını.

 

...Baxı, Bethoveni dinləyirəm mən,

Üzeyir qəlbinə qulaq asıram.

Sevincdən göz yaşım süzülür dən - dən,

Elə bil yarama məlhəm basıram.

 

Bir yanda Osvensim - bəşər tabutu,

Bir yanda Fərqanə - bahar qoxulu.

İnsan - kainatdan min dəfə ulu,

Timsahdan, əqrəbdən qat - qat qorxulu!..

 

...Bəs neçə dahinin həyatına son qoyan, Rusiyada rəsmi olaraq qadağan edilən bu "duel qaydaları" harada və kimin təşəbbüsü ilə meydana gəlmişdi?

Öyrənirəm ki, Parisdə at çapmaq yarışlarını təşkil edən məşhur jokey klubunun üzvü qraf Şatovilyar 1836-cı ildə həmin klubun tapşırığı ilə xüsusi duel kodeksi kitabçası çap etdirmişdi. Bunu "Namus kitabı" da adlandırırdılar. Fransanın yüzdən artıq ən tanınmış zadəganları bu kitab-kodeksə imza atmışdılar. Kodeks qısa bir zamanda bütün Avropaya yayılmış və duel sənətinin bütün sonrakı nəzəriyyəçiləri Şatovilyarın vəsiyyətlərinə sadiq qalmışdılar.Bu kodeks Rusiyada da məlum idi.Həmin dövrdə Peterburqda Fransa səfirliyinin nümayəndələri bu kodeks əsasında rus xalqının ən görkəmli oğulları ilə duelə çıxmışdılar. Puşkinlə Dantes arasında olan dueldə sekundant Darşnak Şatovilyarın kodeksindən istifadə etmişdi.Bu kodeks Lermontovun Fransa səfirinin oğlu Ernest de Barantla olan birinci duelində də əsas qanun olmuşdur.

Duel kodekslərində təhqir edənin və təhqir olunanın hüquqları bir-birindən fərqlənir. Duelin formasını təyin etmək, silah seçmək, şərt qoymaq təhqir edilən adam tərəfindən təyin edilir.Duel kodeksinə görə, tapança ilə həyata keçirilən duel altı formada ola bilərdi.Lermontovla Martınov arasında baş vermiş duel irəli yüyürməklə həyata keçirilən atışma forması idi. Bununla belə, duelin normal formasında hər kəsə bir güllə atmaq ixtiyarı verilirdi. Üç güllə isə ən son dərəcə hesab edilirdi ki, bu yalnız sekudantların razılığı ilə təyin edilə bilərdi. Lakin Lermontovu məhv etmək üçün on addımdan üç dəfə güllə atmaq variantı seçilmişdi.

I Nikolay isə şairin ölüm xəbərini eşidərkən "Onun yolu oraya gedirdi" - deyə, sevinmişdi.

Lakin Lermontovun ölümü ilə bağlı araşdırmalar sonralar yeni faktları üzə çıxardı. Həkim İvan Barklay de Tollinin məhkəmə tibbi rəyinə görə Lermontovu öldürən güllə on ikinci qabırğanın aşağasından girib, beş və altıncı qabırğaların arasından çıxıb.Güllə aşagıdan yuxarıya 45 dərəcə bucaq altında hərəkət edib. Kimsə yerə uzanaraq, gizləndiyi yerdən şairə atəş açıb. Başqa bir uyğunsuzluq isə Lermontovu öldürən güllənin onu dəlib keçməsidir ki, o dövrün tapançaları üçün bu olduqca böyük deşmə qabiliyyətidir. Bu cür xüsusiyyət o dövrün yalnız atıcı tüfənglərində var idi.

Lermontov haqqında povest yazmış Konstantin Paustovski də bu barədə demişdi: " Martınovun atəşi ilə eyni zamanda onun dayandığı sıldırımın aşağısındakı kolluqlardan bir atəş də açıldı". Ədəbiyyatşünas alim Yuri Tınyanov əminliklə qeyd etmişdir ki, Lermontovu qətl ediblər: "Qriboyedov, Puşkin, Lermontov - onlar ölməyiblər. Onları sadəcə aradan götürüblər".

Onlar Paustovskinin yazdığı kimi, sadəcə aradan götürülsələr də, Ukrayna və rus yazıçısı, ictimai xadimi Vladimir Qalaktionoviç Korolenko yaxşı deyib: " Söz həyatın ən böyük silahıdır". Görkəmli Azərbaycan şairi Səməd Vurğun etiraf edib ki, şairin sözü insan qüvvəsinin sərkərdəsidir. Əslində Qriboyedov da, Puşkin də, Lermontov da insan qüvvəsinin sərkərdəsi, həyatın ən böyük silahı olan sözləri ilə çarizmi və onların martınovlar kimi qullarını tarix və ədalət qarşısında çoxdan gülləbaran etmişdilər. Lermontovun taleyini qələmə aldıqca, Azərbaycanın nəğməkar şairi Tofiq Mütəllibovun bu misralarından təsəlli tapıram:

 

Mənə elə gəlir o, yenə sağdır,

Görürəm gözündə qızıl yazı mən.

Dil açıb yenidən danışacaqdır:

- Sevirəm, sevirəm bu Qafqazı mən.

 

O, yenə çıxacaq uca dağlara,

Çiçək dənizində üzəcək yenə,

Ürək sözlərini qayalıqlara

Qızıl lalə kimi düzəcək yenə.

 

Vüqarlı dağlarla duracaq qoşa

Şeirin gülləbatmaz qalası kimi.

Yenə bu yerlərdə gələcək coşa

Qocaman Qafqazın balası kimi.

 

Qəlbində dil açır sədəfli bir saz,

Hər yerə, hər yana salam söyləyir.

Açıb qollarını ağsaçlı Qafqaz

Ona məhəbbətlə BALAM söyləyir.

 

Azərbaycan şairləri rus xalqının sevimli övladı, bəşəri poeziyanın böyük nümayəndəsi Mixail Yuryeviç Lermontova çoxsaylı şeirlər həsr etmişlər. Eyni zamanda Qafqazın, Azərbaycanın balası, ürəklər şairi Lermontova ithaf olunan bu əsərlər əbədi ünvan kimi xalqlarımızın qəlbində yaşayır və yaşayacaqdır. Hüseyn Hüseynzadə necə də gözəl deyib:

 

Dolandı yuz bahar, ötdü yüz payız,

Qalandı üst- üstə nə qədər kağız,

Kitablar şairi saysız-hesabsız,

Ürəklər şairi çox az olubdur.

 

Bənzədin dağlarda çağlayan çaya,

Səsini əks etdi hər daş, hər qaya.

Birinci vətənin ana Rusiya,

Ikinci vətənin Qafqaz olubdur.

 

V.Belinskinin sözlərində böyük həqiqət "parlayırdı": "Qafqaz elə bil bizim poetik istedadların beşiyi, onların şeir ilahələrinin ilhamvericisi, onların poetik vətənləri olmaq üçün yaranmışdır".

Sevimli vətənimiz Azərbaycanda illər boyu gənc nəslin dilində əzbər söylənən və oxunan "O, yaşayır" adlı məşhur romans vardı. Musiqisi Nəriman Məmmədova, sözləri Arif Abdullazadəyə məxsusdu. Lermontova aid olan "O, yaşayır" ifadəsini romansın özünə də şamil etmək olar:

 

Sənətin göylərində

O, parlaq ulduz oldu;

Dünyanın hər yerində

Deyilən bir söz oldu;

 

O, bir mehriban addır-

Ürəklərdə yaşayır;

O bir şirin həyatdır-

Diləklərdə yaşayır.

 

Lermontov

Yaşayır,

Yaşayır hər bir yanda-

Yaşayır hər zamanda...

 

Lermontov dünyasını dəyişəndən qısa müddət sonra irsi gimnaziyalarda tədris olunmağa başlanıldı. I Nikolayin arvadı onun pərəstişkarı idi. Belə ki, imperatrisa böyük qızını ərə verəndə toy hədiyyəsi kimi zinət əşyası deyil, Lermontovun şeirlər kitabını vermişdi. Rusiyanın böyük şairinə ilk heykəl 1899-cu il okyabrın 15-də dahinin 75 illik yubileyi münasibətilə məhz Pyatiqorskda qoyulmuşdur. Elə həmin vaxtdan da abidə şairə olan ümumxalq məhəbbətinin simvoluna çevrilmişdir.

Lermontovun bir sıra əsərləri onun ölümündən sonra nəşr edilmişdir. "Borodino" kimi məşhur şeiri 1831-ci ildə yazılsa da, 1860-cı ildə, "İspaniyalılar" pyesi şairin ölümündən 16 sonra, "Qəribə adam" pyesi 16 il sonra, "Demon" poeması bütünlüklə 15 il sonra nəşr edilmişdir.

Lermontovun Azərbaycan dilində çap edilən ilk əsəri onun poeziya xəzinəsinin ən qiymətli incilərindən biri olan "Üç xurma ağacı"dır. Şeiri dilimizə görkəmli ədəbiyyatşünas alim və tənqidçi Firidun bəy Köçərli tərcümə edib və 1895-ci ildə Aleksey Vasilyeviç Koltsovun "A kişi niyə yatmısan?" şeiri ilə bir kitabçada Şuşa şəhərində - Məsiihi ruhaniyyəsinin vəqf basmaxanasında çap etdirib. Bu kitab 1900-cü ildə Ümumdünya Paris sərgisində nümayiş olunub. "Üç xurma" şeiri 104 misradan ibarətdir. Heca vəzni ilə tərcümə olunan şeir bu misralarla başlalyır:

 

Ərəblər diyarında, qumlu çöllərdə,

Üç xurma bitmişdi keçmiş illərdə...

 

1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində nəşr olunmuş "Asari Əhmədbəy" adlı kitabçanın müqəddiməsində F.Köçərli Əhmədbəy Cavanşirin həyat və yaradıcılığından yazarkən qeyd edir ki, Jukovski, Puşkin və Lermontovun əsərlərini Azərbaycan dilinə Əhmədbəy tərcümə etmişdir.Lakin bu tərcümələrin heç biri Abbas Səhhətin tərcümələri kimi geniş yayılıb tanınmamışdır.

Azərbaycan şairlərindən Əhməd Cəmil, Rəsul Rza, Mikayıl Rzaquluzadə, xüsusilə Məmməd Rahim Lermontovun əsərlərinin çoxsaylı azərbaycanlı oxuculara çatdırılması sayəsində böyük əmək sərf etmişlər.

Lermontovun ana dilimizə tərcümə olunmuş "Kazak laylası" şeiri dilimizin ahəgdarlığı ilə necə də doğma notlarla səsləşdiyinə bir daha diqqət yetirək:

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist - politoloq

 

Həftə içi.- 2017.- 15-17 iyul.- S.4.