“Böyük şairlər xalqın
vicdanıdır”
Dahi rus şairi
Mixail Yuryeviç Lermontovun əbədiyyətə
qovuşmasından 176 il ötür
(əvvəli
ötən saylarımızda)
Göylərin üzərində sakit - sakit axır ay,
Arabir üz döndərib beşiyinə baxır ay.
Mən sənə gözəl nağıl söylər, səni bəslərəm.
Şən nəğmələr oxuyar, xoş avazla səslərəm.
Endir
kirpiklərini, a mənim nabat balam,
Laylay
dedim yatasan, yum gözünü, yat balam!
Xalqımız Lermontov
yaradıcılığındakı azadlıq meylini,
coşqun vətənpərvərliyi, yurdsevərliyi, zülmə,
haqsızlığa qarşı etirazı, üsyanı və
bu kimi əsl vətəndaşlıq motivlərini həmişə
ehtiramla xatırlamışdır. Lermontov şeirlərindəki
humanizm ideyaları Azərbaycanın görkəmli maarifpərvəri,
siyasi və mədəniyyət xadimi Nəriman Nərimanovun,
müəllimlərdən Mahmud bəy Mahmubəyovun, Rəşid
bəy Əfəndizadənin, Fərhad Ağazadənin və
başqalarının da diqqətini cəlb etmişdir. N.Nərimanov Qori seminariyasında təhsil alarkən
Jukovski, Puşkin, Qoqol və digər şair və
yazıçılarla yanaşı, Lermontovun əsərlərini
də sevə-sevə oxuyub öyrənmişdir.
Lermontovun “Zəmanəmizin qəhrəmanı” hələ
1908-ci ildə Azərbaycan dilinə tərcümə
olunmuşdur.
Bu mövzudan təsirlənən Abdulla Şaiq
Azərbaycan həqiqətlərini əks etdirən
“Əsrimizin qəhrəmanı” romanını
yazmışdır.
Lermontovun Pyatiqorskdakı ev-muzeyində dünyanın
müxtəlif ölkələrindən göndərilmiş
hədiyyələr, eksponatlar vardır. Üstündə
“Lermontovsuz Qafqaz qaşsız üzük kimidir. O, sənət
üzüyünün ən parlaq incisi, ən qiymətli
qaşıdır” sözləri yazılan “İstiqbal təranələri”
adlı kitabı Lermontov muzeyinə S. Vurğun
bağışlamışdır.
Azərbaycanın görkəmli bəstəkarı
Üzeyir Hacıbəyli də Lermontov muzeyində olub. Muzeyin rəy kitabında
dahi sənətkarın fikirləri var: “Lermontov təkcə
şair deyil, həm də mahir bəstəkar idi. Onun şeirlərində gözəl bir musiqi var. “Zəmanəmizin
qəhrəmanı” ən gözəl simfoniyadır”.
Tarixin ədəbi
səhifələrində böyük rus şairi haqqında
yaşayan maraqlı xatirələr az
deyil. Onlardan üçünü təqdim edirəm.
Şairin
dostu və uzaq qohumu Akim Şan- Kireyin yazır: “Onunla
tanış olduğum illərə qayıtmaq indi mənim
üçün çox ağırdır. Amma bircə onu
bilirəm ki, Mişel (yaxınları uşaq vaxtı Mixailə
Mişel deyirdilər - R. Mirzəzadə) ən yaxşı
sözlərə layiq adam idi. İlk tanışlığımız 1825-ci ilə
təsadüf edir. O zaman şairin sevimli nənəsi
Yelizaveta Alekseyevna Arsenyeva anamla tez - tez görüşərdi.
Biz iki il bir yerdə qaldıq. 1827-ci ildə Y. A. Arsenyeva nəvəsi Mişeli də
götürüb Moskvaya yola düşdü. Mişel orada, pansionda təlim-tərbiyə
almalı idi. Bir ildən sonra mən də
onun yanında idim. Biz yenidən bir yerdə
qalası olduq. Bu az müddətdə
onun daxilən dəyişməsi mənə çox qəribə
göründü. 14 yaşı hələ
tamam olmasa da, özünü təmkinli aparırdı. Burada, onun evində ilk dəfə rus şairlərindən
Lomonosovun, Derjavinin, Batyuşkovun, Krılovun, Jukovskinin və
Puşkinin şeirlərinə rast gəldim. Mişel mənə
öz şeirlərini əzbərdən dedi. Onu
da deyim ki, şeiri ahənglə o qədər də
yaxşı oxumurdu. Sonralar da
özünün ən yaxşı şeirlərini dinləyicilərə
yaxşı çatdıra bilmirdi. Mənim
gözümün qabağında Bayronu oxuya - oxuya ingilis dilini
öyrənməyə, dili öyrənə-öyrənə
Bayronu oxumağa başlamışdı. Valter
Skottun əsərlərini də orijinalda mütaliə eləyirdi.
Ancaq danışıq dilini yaxşı mənimsəyə
bilməmişdi. Fransız və alman dillərində
isə mükəmməl danışırdı. Mənə
elə gəlir ki, o, həmin illərdən başlayaraq
Bayronu az da olsa, təqlid eləmək
fikrinə düşdü. 1829-1833-cü illərdə
onun şeirlərində bədbinlik, ümidsizlik duyulurdu.
Bunun səbəbi mənə aydın deyildi; axı Mişel
çox şən, gümrah adam idi,
qadın məclislərində hamının sevimlisinə
çevrilirdi. Teatra, bal, maskarad gecələrinə
tez-tez yolu düşərdi. Həm də nənəsinin,
yaxın qohumlarının sayəsində maddi ehtiyac
duymazdı. Bəs bu ümidsizliyə səbəb
nə idi? Mənə elə gəlir ki,
Mişel ətrafdakı cəmiyyətin, adamların daxili
boşluğunu çox gözəl duymuşdu.
...Bütün
bunlar göstərir ki, onun yazılarında hiss elədiyim
bayronizmin ictimai səbəbləri vardır.
Rəssam
Moisey Melikovun xatirəsindən: “ Lermontov mənim
yaddaşıma həkk olunan nadir adamlardan biridir. Onun bütün hərəkətləri məni heyrətləndirirdi.
İri, işıqlı gözləri var idi.
O gözlərin dərinliyi, nüfuzedici təsiri indiyə
kimi yadımdan çıxmır... Gözlərindəki məhəbbət , səmimiyyət bircə
anın içində qəzəbə, nifrətə
çevrilərdi. Nə qədər
götür-qoy eləsəm də, Lermontovun portretini işləməyə
girişə bilmirdim. Bu baxışların, bu gözlərin
ifadəliliyini , müxtəlif psixoloji
anlardakı vəziyyətini ancaq olsa-olsa, rəssam K.
Brüllov canlandırardı.
...Moskvadan
sonra axırıncı görüşümüz Sankt-Peterburqda
oldu, özü də gözlənilmədən. Mən o zaman rəssamlıq akademiyasında idim.
Sarskoselski bağında gəzə-gəzə
etüd götürürdüm. Kölgəliyə
çəkilib fikrə getmişdim. Birdən
kimi görsəm yaxşıdır? On il
ayrılıqdan sonra Lermontov mənim qarşımda dayanmışdı . O, indi tamam başqa
görkəmdə idi. Qusar forması ona necə
də yaraşırdı. Bu, mənim
gördüyüm zarafatcıl, dəcəl uşaq deyildi.
Gözlərindəki məyusluq və qəmginlik
məni pərt elədi. Dodaqlarında
istehzalı t əbəssüm görməyəndə də
təəccübləndim. O, mənimlə
mehribanlıqla görüşüb ayrıldı. Görünür, harasa tələsirdi. Bu,
bizim son görüşümüz idi...
“Rus klassikləri içərisində mənim
Lermontovdan çox sevdiyim bir şair çətin tapıla
bilər. Mən yaradıcılığa
başladığım ilk günlərdən Lermontovu
oxumağa, ondan öyrənməyə
çalışmışam. Nizaminin, Füzulinin,
Vaqifin, Aşıq Ələsgərin əsərləri ilə
yanaşı, onun əsərləri də mənim masamın
üzərində durur. Mən 1929-cu ildən
Lermontovu müntəzəm oxuduqca, ona daha dərindən
bağlandım. Bu bağlılıq bir
gün məni onun şeirlərini tərcüməyə
sövq etdi. Heç bir nəşriyyatla
müqavilə bağlamadan, bu barədə rəsmi heç kəslə
danışmadan Lermontovun əsərlərini tərcüməyə
girişdim. Oxudum, oxuduqca oxudum, sevdiyim
şeir və poemaları bir-bir tərcümə etdim. Günlərin birində gördüm ki, artıq
balaca bir kitablıq tərcümə əmələ gəlmişdir.
1932-ci ildə Azərnəşrə müraciət
etdim və Lermontovun şeir və poemalarından ibarət
“Qonşu qız” adlı kiçik bir kitab nəşr etdirdim.
Sonralar Uşaqgəncnəşrin vasitəsilə
“Kalaşnikov haqqında nəğmə” və “Mtsıri”
poemalarını iki kitab halında çap etdirdim. Eləcə də 1939-cu ildə Azərnəşr tərəfindən
“Seçilmiş şeirlər və poemalar” adı altında
Lermontovun bir kitabını buraxdırmağa müvəffəq
oldum”- bu isə unudulmaz şairimiz Məmməd Rahimdən nəsillərə
yadigar qalan əziz xatirədir.
Məmməd Rahimin Lermontova olan sonsuz ehtiramı
şairin “Mən səni sevmişəm” şeirində
bütün saflığı, səmimiyyəti ilə əksini
tapıb. Şeirin misralarındakı incə duyğular
öz qəlboxşayan rayihəsi ilə oxucunun ürəyini
rövnəqləndirir. Öz Nizamisi, Füzulisi, Nəsimisi,
Xaqanisi, Babəki qədər sevdiyi Lermontov M. Rahimlə bərabər,
hamımız üçün əzizdir. Bir daha inanırsan
ki, xalqların dostluğuna, birliyinə, bir sözlə, həyat
fəlsəfəsinə gedən yol doğrudan da ədəbiyyatdan
keçir:
Mən səni
sevmişəm öz canım kimi,
Füzulim,
Nəsimim, Xaqanim kimi.
Hissinlə,
fikrinlə qardaş olmuşam,
Hər sözü çəkməyə nəqqaş
olmuşam.
Sən,
ey rus şeirinin qoç sərkərdəsi,
Azad
insanların azadlıq səsi
Lermontov!
İstədim oxusun səni,
Nizamilər
yurdu, Babək ölkəsi
Vüqarın
gözümdə canlı Elbrus,
Bilir azad
vətən, bu el, bu ulus,
Mən səni
sevmişəm öz canım kimi,
Füzulim,
Nəsimim, Xaqanim kimi.
2014-cü ildə Lermontovun 200 illik yubileyi YUNESCO-nun rəhbərliyi
ilə bütün dünyada qeyd olundu. Azərbaycanın
bir neçə şəhər və rayonlarında görkəmli
şairin həyat və yaradıcılığına həsr
olunmuş tədbir və mərasimlər keçirildi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı
səfiri, artıq Azərbaycanın birinci vitse-prezidenti olan
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Bakıda Heydər Əliyev mərkəzində şairin
yubileyi ilə bağlı Dəyirmi Masa və musiqili gecə
keçirildi. Dəyirmi masada dövlət
və hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət
xadimləri, Rusiyadan və müxtəlif ölkələrdən
gələn çoxsaylı qonaqlar iştirak edirdilər.
Heydər
Əliyev Fondunun vitse-prezidenti, yazdığı gözəl
şeirləri ilə də cəmiyyətdə sevilən
istedadlı xanım Leyla Əliyeva görkəmli rus
şairinin ədəbi-bədii
yaradıcılığına həsr olunmuş musiqili gecədə
çıxış edib dedi:
“ Hörmətli qonaqlar, əziz dostlar!
İlk növbədə hamınızı Bakıda
salamlamaq istəyirəm. Bu gün bizi sizinlə çox gözəl
bir hadisə - Mixail Yuriyeviç Lermontovun anadan
olmasının 200 illiyi birləşdirir. Mən
bilirəm ki, bu tarix bir çox ölkələrdə qeyd
olunur, çünki Lermontovun dühası bütün bəşəriyyətə
məxsusdur.
Onun yaradıcılığı dünya mədəniyyətinə
böyük töhfə verib və bütün xalqların
ürəyinə yatıb. Onu həm Qərbdə,
həm də Şərqdə sevirlər. Lermontovun
poeziyası həm parlaq vətəndaşlıq mövqeyi, həm
dərin fəlsəfə, həm də incə məhəbbət
lirikasıdır. Hamıya məlumdur ki,
Lermontov əsərlərinin çoxunu Qafqazda sürgündə
olarkən yazıb. Qafqaz
dağlarının, meşələrinin və
çaylarının parlaq rəngləri onu bir rəssam və
şair kimi çox ruhlandırıb. O, öz əsərlərini
yerli adət-ənənələrin koloriti ilə zənginləşdirib.
Hətta onun qəhrəmanlarının çoxu
Azərbaycan, Gürcüstan, Çeçenistan və
Dağıstanın həqiqi sakinləri olub. O, həm də
bizə mədəni müxtəlifliyin nə dərəcədə
əhəmiyyətli olduğunu göstərib.
Azərbaycanda böyük rus mədəniyyətinə
və ədəbiyyatına həmişə dərin məhəbbət
və ehtiramla yanaşıblar. Bu günün özündə
ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi
tam həcmdə saxlanılıb, Rus Dram Teatrı, Rus Mədəniyyət
Mərkəzi, Bakı Slavyan Universiteti fəaliyyət göstərir,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialı mövcuddur. Əlbəttə, biz
Lermontovun Azərbaycan dilini öyrənməsi ilə çox
qürur duyuruq. Hətta onun özü qeyd
edirdi ki, fransız dili Avropa üçün əhəmiyyətli
olduğu qədər Azərbaycan dili də Asiya
üçün əhəmiyyətlidir.
…Həmişə
olduğu kimi, bu gün də Azərbaycanda Lermontovu çox
sevirlər. Bakıda mərkəzi küçələrdən
biri onun adını daşıyır, Qusar şəhərində
isə Lermontov muzeyi fəaliyyət göstərir. Bu, şairin qaldığı həmin evdir.
Əziz dostlar, bu gün biz Mixail Yuriyeviç Lermontovun
anadan olmasının 200 illiyini qeyd edirik. Şəxsən
mənim üçün o, daim yaşayır. O,
bütün dünyada insanların qəlbində
yaşayır. O, yaşlıların və uşaqların
ürəyində yaşayır…Bu gün şairin yubileyini
qeyd edən Azərbaycan ona ehtiramını nümayiş
etdirir, məhəbbətini bəxş edir”.
Əlavə edim ki, Leyla xanımın Lermontovun 200
yaşına həsr etdiyi təsirli şeiri isti duyğularla
qəlblərə və yaddaşlara
köçmüşdür.
İyulun
15- də ölməz şairin əbədiyyətə
qovuşduğu günün 176- cı ili
qeyd olundu. Məşhur Amerika şairi Uolt Uitmenin sözü
yadıma düşür : “Böyük qəhrəmanlıq
poeziyasının yaranması üçün qəhrəman
oxucular lazımdır- auditoriya qəhrəmanlığa
susamış olmalıdır”.
Dünyaşöhrətli filosof, elmdə Aristoteldən
sonra “İkinci müəllim” fəxri adını
qazanmış Əbu Turxan isə deyib ki, klassik oxucu - sənətkarın
yazdığını onun özündən yaxşı
başa düşə biləndir.
Sevinir və qürur duyuram ki, böyük qəhrəmanlıq
poeziyasının yaranmasına şərəflə xidmət
edən Azərbaycanın qəhrəmanlığa
susamış qəhrəman və klassik oxucuları sənətkarların
yazdıqlarını onların özlərindən
yaxşı başa düşə bilənlər
sırasına daxildir.
Doğru deyiblər, klassiklər müxtəlif
xalqları və millətləri bir araya gətirən
ümumbəşəri məbədin sütunlarıdır. Lermontov bu
möhkəm və əbədi sütunlardan biri kimi hər
zaman yaşayacaqdır.
Yazımınsa
“son akkordları”na Lermontov irsinə heç də “əlvida”
demədən E.Mehdiyevə məxsus “Şairlə söhbət”in
misraları ilə yekun vururam:
Şəklinə
baxıram, deyirəm görən
Yol çəkən gözlərin dikilmiş hara?
Bu vaxt
gözlərimin keçir önündən
“Mtsıri”,
“Klara”, “Demon”, “Tamara”.
Sevdin al
günəşi, tər çiçəkləri,
Vuruldun qəhrəman, igid ellərə.
Könlünü
oxşadı dağ küləkləri,
“Sevirəm
Qafqazı” – dedin min kərə.
Odlu
şimşək kimi parladın, çaxdın,
Səsin göyü tutdu, şəfəqin yeri.
Çay
kimi çağlayıb dənizə axdın,
Sevmədin bulanıq gölməçələri.
Sənə
bu yerlərdə bir güllə dəydi,
Qafqaz dağlarının əyildi qəddi.
Puşkini öldürən o güllədəydi
Çarın intiqamı, kini, nifrəti.
Durur Maşuk dağı sən gördüyün tək,
Fəqət bambaşqadır bugünkü həyat
Terek sahilində gəl, qoşa gəzək,
Oyansın yuxudan köhnə xatirat.
Dəyişib insanın ömrü, iqbalı,
Acı xatirələr unudulubdur.
Qırıb qolundakı paslı qandalı,
Qafqaz əsirləri azad olubdur.
Şairim, hörmətlə sıxım əlini,
Axı neyləyirik biz mütərcimi?
Sən Aşıq Qəribin şirin dilini
Sevirsən öz doğma rus dilin kimi.
Reyhan Mirzəzadə
Publisist-politoloq
Həftə içi.- 2017.- 18
iyul.- S.4.