"Nə qədər ki, rus sözü qulaqlarda səslənir,

sən yaşayacaq və ölməyəcəksən!"

 

Bəşəriyyətin dahi övladı, görkəmli ensiklopedik alim Mixail Vasilyeviç Lomonosovun “Əsərləri külliyyatı"nın nəşrindən 260 il ötür

 

“Elm həqiqətin aynası, idrakın nuru, həyatın düzgün nəşəsi, gəncliyin tərifi, qocalığın dayağı, şəhər və ordu qurucusu, bədbəxtlikdə uğura inam, xoşbəxtliyin zinəti, həmişə sadiq və ayrılmaz yol-yoldaşıdır". "Rus xalqının şərəfi tələb edir ki, onun elm aləmində hünər sahibi olduğunu göstərək, sübut edək ki, bizim Vətənimiz öz oğullarından yalnız döyüş qəhrəmanlıqlarında və başqa mühüm işlərdə deyil, yüksək elmi biliklər sahəsində də istifadə edə bilər".

 

Mixail Vasilyeviç Lomonosov

 

“Özünün böyük iradəsini və yüksək dərketmə qabiliyyətini ortaya qoyaraq, Lomonosov təhsilin bütün sahələrini əhatə edə bildi. Elm yanğısı onun qəlbinin ehtirası idi. Tarixçi, natiq, mexanik, kimyaçı, mineroloq, rəssam... o, bunların hamısını keçdi. Birinci olaraq Vətəninin tarixinə baş vurdu. Qanunlar işləyir, fabriklər yaradır, rəssam kimi mozaika hazırlayır və ən əsası şeir dilinin mənbələrini hamıya göstərirdi".

 

Aleksandr Serqeyeviç Puşkin

 

“Lomosov öz dühasının gözəlliyi ilə şeir evini bəzədi...".

 

Mirzə Fətəli Axundov

 

Hələ 1961-ci ildə dünya mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlərini təqdir üçün Ümumdünya Sülh Şurası rus elminin banisi, böyük mütəfəkkir, ensiklopedik alim, rus ədəbi dilinin əsasını qoyan dilçi-şair, dahi təbiyyatşünas Mixail Vasilyeviç Lomonosovun anadan olmasının 250 illiyinin geniş surətdə qeyd edilməsini bütün xalqlara tövsiyə etmişdi. Çünki Lomosovun fəaliyyəti ilk dəfə olaraq bütün qüdrəti ilə rus xalqının yaradıcılıq zəkasını bütün dünyaya göstərsə də, bu dühanı yalnız rus mədəniyyətinin görkəmli bir nümayəndəsi hesab etmək kifayət deyildi. Lomonosov bütün mütərəqqi bəşəriyyətin övladı kimi ən çoxsaylı millətdən ən azsaylı xalqadək hamı üçün əziz idi və hər zaman da əziz olaraq qalacaqdır.

Doğrudur, qədim rus mədəniyyətinin tarixi əzəməti xalq qəhrəmanlıq dastanları; o cümlədən "İqor polku haqqında dastan" kimi yazı eposu, Novqorod, Kiyev, Vladimir, Moskva, Uzaq Şimalda zəngin memarlıq abidələrinin möhtəşəm nümunələri, Andrey Rublyovun şah əsəri olan freska və ikona təsviri sənəti və digər heyranedici inciləri ilə bəşəriyyətə tanış olsa da, Qərbi Avropa və bəzi Şərq ölkələrindən fərqli olaraq, Rusiyada elm sahəsində XVIII əsrə qədər nəzərəçarpacaq nümunələr göstərmək mümkün deyildi. Lomonosovun xidməti bunda idi ki, həmin əsrin birinci yarısında rus elminin qüdrətini ümumdünya elmi səviyyəsinə qaldırdı və elmin bir çox sahələrində birinci olaraq çox böyük kəşflər etdi.

M.V.Lomonosovun əsərlərinin Rusiyada qabaqcıl elm və mədəniyyət uğrundakı əhəmiyyətini inqilabçı demokratlar - Gertsen, Belinski, Çernışevski, Dobrolyubov, mütərəqqi yazıçılar, şairlər, alimlər- Radişşev, Puşkin, Pisarev, Mendeleyev və başqaları təqdirəlayiq hesab edərək öz əsərlərində Lomonosov yaradıcılığına yüksək qiymət vermişlər. Dünya şöhrətli akademik Sergey İvanoviç Vavilov haqlı olaraq qeyd edirdi ki, hətta Leonardo da Vinçi (italyan alimi, yazıçısı, ixtiraçısı, musiqiçisi, rəssamı və heykəltəraşıdır - R.Mirzəzadə), Leybnits (Vilhelm Qotfrid Leybnits- alman filosofu, riyaziyyatçısı, fiziki, tarixçisi, dilçisi, hüquqşünası, diplomantı, Berlin Elmlər Akademiyasının yaradıcısı və ilk prezidentidir - R.Mirzəzadə), Franklin (Bendjamin Franklin- Amerikanın siyasi xadimi, ixtiraçısı, diplomantı, yazıçı-jurnalist-naşiri, masonudur-R.Mirzəazdə), Höte (Yohann Volfqanq Höte - alman şair-dramaturqu, mütəfəkkiri və naturaçı rəssamıdır), Nyuton (İsaak Nyuton - ingilis fiziki, riyaziyyatçısı, astronomudur) və başqa dahi şəxsiyyətlərin fəaliyyət diapazonu Lomonosovun daha əhatəli geniş yaradıcılığına nisbətən məhdud idi.

Qeyd etmək lazımdır ki, təbiətşünaslıq haqqında Lomonosovun təlimi zamanına görə öz mütərəqqiliyi etibarı ilə o vaxtkı dövrdə idealizmin pəncəsində sıxılaraq məhdudlaşmış Qərb təbiətşünaslığından dəfələrlə irəli getmiş, XVIII əsrin ortalarında elmin bu sahəsinin yüksək zirvəsinə qalxmışdı.Dünyanın inkişafında təkamülün də rol oynadığını biologiya elmində ilk dəfə Lomonosov irəli sürmüş, bu ideya sonralar Layel və Darvin tərəfindən inkişaf etdirilmişdi.

Alim yazırdı: "Bu bir həqiqətdir ki, bu vaxta qədər tədqiqatçıların iti gözləri cisimlərin daxilinə dərindən nüfuz edə bilməmişdir.Lakin bir zaman bu sirr kəşf olunacaqsa, buna ilk yolu həqiqi kimya açacaqdır, təbiət məbədinin örtüyünü birinci olaraq kimya qaldıracaqdır".

O, kimyanın inkişafını onun dəqiq elmlərlə sıx əlaqəsində görürdü. Lomonosov kimyanı əllər, riyaziyyatı isə fiziki gözlər adlandırırdı. Qəsidələrinin birində görkəmli alim elmi əsl zəhmət, əsl iş meydanına dəvət edirdi:

Sən ey mexanika, şərəflə ucal,

Suları gəmiylə doldur dalbadal.

Çaylarla birləşdir sən ümmanları.

Qurut bataqlığı, yüksəl yuxarı...

Ey kimya, sən də itigözlü ol,

Torpağın dibinə aç yeni bir yol.

Nəyi varsa, çıxar Rusiyanın üzə,

Döndər sərvətilə onu gündüzə...

Sən də, ey ulduzlar alimi, belə,

Göylərin sirrini aç, bizə söylə.

Küləklər coşarsa şiddətlə birdən,

Bizə qabaqcadan xəbər eylə sən.

Əkinçi qorxmasın havadan əsla,

Vaxtında toxumu səpsin torpağa...

Çernışevski Lomonosovun elmlərə verdiyi yüksək dəyər haqqında yazırdı: "Lomonosov böyük bir məhəbbətlə elmləri sevmiş, xüsusi olaraq elmdən vətənin xeyri üçün istifadə etmək haqqında düşünmüş və qayğı göstərmişdir. O, təkcə elmə yox, Vətənə xidmət etmək istəyirdi".

Lomonosov akademiyalar və universitetlərin işıqlı zallarına zadəgan malikanəsindən deyil, kəndli daxmasından gəlmişdi.Kəndli balası olan, uşaqlığını və gəncliyini şimal kəndində keçirən Lomonosov yalnız öz zəhməti, gərgin əməyi sayəsində, onu yetişdirən köklü xalqın zəngin yaradıcılıq ənənələrinin coşqunluğu sayəsində buzlu dəniz sahillərində şimal işığı kimi parladı, böyük şöhrət qazandı.

Mixail Vasilyeviç öz zəmanəsində məlum olan bütün elmlər sahəsində çalışır və demək olar ki, bu sahələrin hər birində diqqətəlayiq kəşflər edirdi, çünki hər bir elm onun üçün təbiət, insan və cəmiyyət haqqındakı vahid elmin yalnız bir hissəsi idi. Lomonosov ömrünün son illərində də Buzlu okean vasitəsilə Avropadan Amerikaya su yolu yaratmaq imkanı ilə maraqlanırdı. O, öz nəzəriyyəsini elmi məqalələrində, yazılı məruzələrində və hətta şeirlərində təbliğ edirdi. Rus alimlərinin və dənizçilərinin çox sonralar yazılmış əsərləri Lomonosovun haqlı olduğunu sübut etdi.

Lomonosov elmin Rusiyaya verə biləcək xeyiri uzaqgörənliklə təsvir edirdi. Gəmiqayırmanın inkişafı, kanalların çəkilişi, bataqlıqların qurudulması vasitəsilə daha geniş torpaqlara yiyələnmək, şəhərlərin salınması, kənd təsərrüfatının inkişafı bu plana daxil idi.

Bu böyük şəxsiyyət haqqında fikir söyləyən görkəmli ziyalılar təsdiq edirdilər ki, Birinci Pyotr Rusiyanın tarixi inkişafında nə iş görmüşdüsə, Lomonosov da onun mədəni inkişafında eyni işi görmüşdür. Elə buna görə də Belinski onu "Rus ədəbiyyatının Birinci Pyotru", Puşkin isə "Böyük Pyotrun böyük silahdaşı" adlandırmışdı.

Mixail Vasilyeviç Lomonosov 1711-ci ildə uzaq şimalda, Arxangelsk quberniyasının Xolmoqor şəhəri yaxınlığındakı Denisovka kəndində anadan olmuşdur. Onun uşaqlığı bu kənddə keçmişdir.Mixail Vasilyeviçin anadan olduğu uzaq şimal bölgəsi Rusiyanın digər yerlərinə nisbətən yaxşı inkişaf etmişdi. XVII əsrin sonu, XVIII əsrin əvvəllərində bura xalq mədəniyyətinin əsas mərkəzlərindən biri hesab edilirdi.Monqol hücumlarından və monqol zülmündən kənarda qalmış bu əyalət eyni zamanda ağır təhkimçilik şəraitindən də uzaq idi. Əyalətin mərkəz şəhəri olan Arxangelsk o zaman Rusiyanı Avropa ilə birləşdirən yeganə liman idi. Burada rus və xarici tacirlər yaşayırdı ki, onlar şəhərdə sənayenin, ticarətin və mədəniyyətin inkişafına müəyyən təsir göstərə bilirdilər. Xolmoqor şəhəri və onun ətrafında kitab nəşri, kitab ticarəti daha çox yayılmışdı.Buradakı monastırların ( monastır-rahib və ya rahibələrin torpaq və ya kapitala malik olan kilsə təsərrüfat təşkilatından ibarət dini icmanın kilsə, yaxud evi deməkdir - R.Mirzəzadə) birində mətbəə yaradılmışdı. XVIII əsrin əvvəllərində Xolmoqorda slavyan-latın ruhani məktəbi açılmışdı.

Mixail Lomonosov ilk təhsilini kənddə, İvan Şubin (Şubnoy) adlı bir şəxsdən almışdı. Şubinin kitabxanasında dini ədəbiyyatla yanaşı, müxtəlif mövzulara dair kitablar da vardı. Deyilənə görə, Mixailin oxuduğu ilk dərs kitabları Smotritskinin "Slavyan qrammatikası", Maqnitskinin "Arifmetika"sı və Polotskinin "Psaltır"ı olmuşdu. Lomonosov coğrafiya, fizika, astronomiya, gəmiçilik, müxtəlif təbiət elmlərinə aid kitablarla bərabər, gözəl poeziya nümunələrini də həvəslə mütaliə edərdi.

Mixailin atası Vasili Dorofeyeviç balıqçı idi. Vaxtının çoxunu öz təsərrüfatına sərf etdiyinə görə oğlunun tərbiyəsi ilə az məşğul olardu.Ömrünün ilk illərini anasının himayəsi altında keçirən Mixailin sağlam və şən uşaqlıq dövrü olmuşdur.

Deyilənlərə görə, Vasili Dorofeyeviç safürəkli, həssasqəlbli, səmimi və xoşrəftar adam imiş. O, savadın əhəmiyyətini və faydasını anlayaraq, bilikli və özünə görə dünyagörüşü olan adamlarla oturub-durardı. O, evdə ciddi, tələbkar, bəzən də qəzəbli, zabitəli, səliqəsevən, ailəsinə qarşı qayğıkeş idi.

Atası Mixaili 10 yaşından 16 yaşına qədər hər il yaz və payız fəsillərində özü ilə birgə Şimal dənizində balıq tutmağa aparardı.Bir tərəfdən şimal təbiəti, digər tərəfdən atası ilə bərabər tez-tez üzgüçülüklə məşğul olması gənc Lomonosovda böyük fiziki qüvvə,dözümlülük, cəsarət. inadkarlıq, özünəgüvənlik və s. kimi balıqıçı uşaqlarına məxsus xarakter formalaşdırmaqda idi. Anasının ölümündən sonra atası ikinci arvad alsa da, çox keçmədən bu qadın da vəfat etmişdi. Nəhayət, Vasili Dorofeyeviç üçüncü dəfə evlənmişdi.

Mixail doğma anasını unuda bilməyib, onun qəbrini ziyarət etmək üçün tez-tez evlərinin yaxınlığındakı məzarlığa gedərdi. Gənc oğlanı kədərli və qüssəli görən qonşular və yaxın tanışlar tez-tez kilsəyə getməsini məsləhət edir, onu dini yollara sövq etməyə çalışardılar. Lakin bunların heç bir faydası olmamış, inadcıl Mixail oxumaq üçün daim yeni-yeni kitablar axtarardı. Gecə-gündüz bu kitablardan ayrılmaz, onları özü ilə bərabər gəzdirər və acgözlüklə oxuyaraq, hətta bir çox yerlərini əzbərləyərdi.

Lomonosovun kitabsevərliyi, mütaliəyə coşqun həvəsi və buna çox vaxt sərf etməsi ögey anasına xoş gəlmirdi, odur ki, daim Mixaili atasının gözündən salmağa çalışırdı. Bunu hiss edən Mixail kitablarla kənar yerlərdə məşğul olmağa başlamışdı. Məşğuliyyət zamanı bir çox hallarda şaxtaya və soyuğa dözməli, ac-susuz qalmalı olurdu. Lomonosovun ailədəki vəziyyəti gündən-günə ağırlaşırdı.Çətin durumdan çıxmaq üçün ata oğlunu evləndirmək fikrinə düşsə də, Mixail buna razılıq verməmişdi.

Yeganə arzusu oxumaq, bilik almaq olan Mixail bir gecə hamıdan xəlvət evdən uzaqlaşıb donmuş balıq daşıyan xizəkçi arabasında pulsuz-parasız Moskvaya yola düşür.

Bir neçə həftə sonra Mixail Moskvaya yetişir. Birinci gecə balıqçı dükanında gecələyir. İkinci gün artıq onu ümidsizlik həyəcanı bürüyür. O, dizi üstə düşərək ağlayır və Allaha dualar edir. Bundan sonra nə etmək və haraya üz tutmağı aydınlaşdıra bilməyən Lomonosov, bu an təsadüfən mağazaya balıq almağa gələn yerlilərindən biri ilə rastlaşır. Mixailin Moskvaya gəlişinin səbəbini öyrənən bu adam tanışları vasitəsilə onu Rusiyada yeganə ali məktəb olan Akademiyaya qəbul olunmasına kömək edir.

Lomonosov "Spasskie şkolı" adlanan Slavyan-yunan-latın akademiysına daxil olur. O zaman kəndli balalarını Akademiyaya qəbul etmədiklərinə görə o, öz ictimai mənşəyini gizlədib kəndli olduğunu bildirmir və özünü Xolmoqor zadəganının oğlu kimi qələmə verir. Lakin bu yalanın üstü açılır və yalnız Mixailin biliyinə və fərasətinə heyran olan arxiepiskop Feofan Prokopoviçin dəstəyi nəticəsində o, Akademiyada təhsilini davam etdirə bilir.

"Spasskie şkolı"ya daxil olanda Mixailin 19 yaşı vardı, lakin latın dilini bilmədiyinə görə aşağı sinifdə oturmalı olmuşdu.

Lomonosovun daxil olduğu Akademiya 1684-cü ildə təsis olunmuşdu. 4 aşağı sinifdə qrammatlka, 2 orta sinifdə ritorika və 2 yuxarı sinifdə fəlsəfə və ilahi elmlər tədris olunur, latın dilinə xüsusi fikir verilirdi. Ritorlar sərbəst latın dilində danışmağı bacarmalı idilər. Akademiyada ciddi və sərt intizam vardı. Şənbə günləri tələbələrin biliyi yoxlanılır və dərslərini bilməyənlər şiddətlə kötəklənirdi.

Yaşamaq xeyli çətin idi. Tələbələr ildə 10 rubl alırdı. Lomonosov sonralar bu barədə yazırdı: "...Danışılası mümkün olmayan kasıbçılıq:gündə 3 qəpik pul xərcləyirdim. Bu, yalnız çörəklə kvas içməyə çatırdı, bundan əlavə, yeməyə, kağıza, geyim şeylərinə və s. böyük ehtiyacım olsa da, buna heç cür imkan yox idi. Bu ehtiyaclar içərisində 5 il yaşadım, hər çətinliyə dözdüm, lakin elm öyrənməyi dayandırmadım".

Akademiyada maddi və tədris şəraiti olduqca ağır idi, insana qəmginlik gətirirdi, elmə həvəs oyatmaq əvəzinə, ona qarşı nifrət oyadırdı. Lakin bunların heç biri Lomonosovun iradəsini və elmə, biliyə olan həvəsini azalda bilmirdi. Digər tərəfdən Mixaildən başqa övladı olmayan atası məktub yazıb yeganə oğlu olduğuna baxmayaraq, onu və ömrü boyu zəhmətlə qazandığı və ölümündən sonra yad adamlar tərəfindən dağıdıla biləcək varidatı atdığına görə Mixaili günahlandırırdı.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist - politoloq

 

Həftə içi.- 2017.- 17-19 iyun.- S.4.