Naxçıvanla Şərqə
açılan qapı
Hələ təyyarənin
uçuş vaxtına xeyli qalsa da, nümayəndə heyəti
üzvlərinin çoxu artıq hava limanında idi.
Naxçıvana ikinci səfərin də bu qədim diyarla
ilk tanışlıq kimi yaddaqalan olacağına əmin
olduqları, elə üzlərindən sezilirdi. Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
(KİVDF) təşkilatçılığı ilə
Naxçıvan Muxtar Respublikasına təşkil olunan birinci
səfərə dəvət almayan KİV rəhbərləri,
ilk səfərdə iştirak edən həmkarlarından Naxçıvanla bağlı təəssüratlarını
öyrənir, intizarla tarixi, mədəni abidələrlə
zəngin torpağa qədəm qoyacaqları vədənin
yetişməsini gözləyirdilər.
Qədim diyara üç
günlük səfər...
Budəfəki
üç günlük səfərdə Bakıdan
Naxçıvana yola düşən
20 nəfərlik nümayəndə heyətinin tərkibinə
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Yeni
Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin
deputatı Hikmət Məmmədov, “Ədalət qəzetinin”
təsisçisi, millət vəkili Aqil Abbas, “Xalq qəzeti”nin
baş redaktoru Həsən Həsənov,
Fondun Müşahidə Şurasının sədr müavini,
“İki
Sahil” qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş
redaktoru Bəhruz Quliyev, “APA
Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Trend”
İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İnterfaks” İnformasiya
Agentliyinin direktoru Aleksandr
İvanov, “Bakı-xəbər” qəzetinin baş redaktoru
Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid,
“Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz,
“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azərbaycan Mətbuat
Şurasının sədr müavini, “Jurnalistlərin Həmkarlar
İttifaqı”nın sədri Müşfiq Ələsgərli, “Xalq cəbhəsi” qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli, “Həftə
İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Palitra” qəzetinin
baş redaktoru Namiq Əliyev,
“Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova,
KİVDF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev, eləcə də
“Movqe.az” saytının müxbiri Zülfiyyə Quluyeva daxil
idi. Nümayəndə
heyətinin səfərinin əsas məqsəd məramı
isə Naxçıvanın turizm potensialının
tanıdılmasında medianın rolunu müzakirə etmək,
hər qarışından tarix boylanan bu qədim diyarın gəzməli-görməli
yerlərinin təbliğində ölkənin aparıcı mətbu
orqanlarının imkanlarından istifadə etmək idi. Budur, artıq vədə
yetişmişdi. Saat 07:30-da Bakıdan Naxçıvana səfər
edən 20 nəfərlik nümayəndə heyəti
Bakı-Naxçıvan aviareysi ilə Naxçıvana yola
düşdü. Qoca Şərqin
Qapısının astanasında nümayəndə heyətini
Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsinin baş məsləhətçisi
Ülvi Hüseynli və Naxçıvan Muxtar Respublikası
Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin
baş redaktoru Ramal Məmişov qarşıladı. Təbriz
mehmanxanasına yerləşən qonaqlar Naxçıvan səfərlərinə
Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə
başladılar. Abidə önünə gül dəstələri
düzdükdən sonra nümayəndə heyəti Heydər
Əliyevin adını daşıyan muzeydə Ulu Öndərin
həyat yolu və siyasi fəaliyyətini əks etdirən dəyərli
eksponatlarla tanış oldular.
Ulu öndərin həyat və fəaliyyətinə
işıq tutan muzey...
Heydər Əliyev
Muzeyinin direktoru Ramil Orucəliyev qonaqların diqqətinə
çatdırdı ki, Ulu öndərin adını
daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbovun 1999-cu ildə imzaladığı sərəncam
əsasında yaradılıb. O, muzeyin Heydər Əliyevin həyatı və
ictimai-siyasi fəaliyyətinə dair materialların
toplanması, komplektləşdirilməsi, mühafizəsi, tədqiq
və təbliğini həyata keçirən mədəniyyət
və elmi-tədqiqat müəssisəsi olduğunu
vurğuladı. Muzey fondunda ümummilli liderin həyat və fəaliyyətini
özündə əks etdirən 4602 ədəd eksponatın
toplandığını deyən R. Orucəliyev bunlardan 3269 ədədinin ekspozisiyada və kitabxanada
nümayiş etdirildiyini diqqətə çatdırdı:
“Bu eksponatlar ümummilli liderimizin ictimai-siyasi fəaliyyətini,
keçdiyi şərəfli həyat yolunu özündə əks
etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar
və sərəncamlardan, imzalanmış protokol və
müqavilələrdən, məktub və teleqramlardan, istifadə
etdiyi xatirə əşyalarından, ümummilli liderimizin
şərəfinə toxunmuş xalçalardan, çəkilmiş
portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən
ibarətdir”.
Muzeyə
daxil olan kimi
ekspozisiyanın girişində üzərində
Heydər Əliyevin “Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım mənim qibləgahımdır”
sözləri yazılmış lövhə və Ulu öndərin
qızıl suyuna çəkilmiş heykəli diqqəti cəlb edir.
Sağ stenddə
isə Heydər Əliyevin 1969-2003-cü illər ərzində
Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri
zamanı çəkilmiş fotolar nümayiş etdirilir.
Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri işlədiyi illərdə qəbul
etdiyi tarixi qərarlar muzeydə nümayiş etdirilir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri işləmiş
ümummilli liderimiz Heydər Əliyevin iş otağında
istifadə etdiyi çıraq, xidməti telefon,
stolüstü saat, vaza, qələmdan, kürsülük,
dirsəklik, mərmər qovluq qabı və digər xatirə
əşyaları
muzeyin ən qiymətli eksponatları
sırasına daxildir və bu əşyalar şkafda
nümayiş olunur”.
Peşəkar kadr hazırlayan
universitetlə tanışlıq...
Muzeylə
tanışlıqdan sonra qonaqlar Naxçıvan Dövlət
Universitetinin Media Mərkəzi, Universitet Televiziyası və
"Nuhçıxan" radiosunun iş şəraiti ilə tanış oldular. Universitetin Tədris
İşləri üzrə prorektoru Seyid Surə KİV rəhbərlərinə
Media Mərkəzi barədə məlumat verərək
bildirdi ki, 2001-ci ildən universitetdə Jurnalistika ixtisası
üzrə kadr hazırlığına
başlanılması, eləcə
də 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı
kafedrasının təşkili bu sahədə işlərin
sistemli və mütəşəkkil aparılmasını
şərtləndirib.
Hazırda
Media Mərkəzində jurnalistika ixtisası üzrə
kadrların hazırlandığını söyləyən
prorektor universitet televiziyasının yaradılmasının nəzəri
biliklərin informasiya-kommunikasiya texnologiyalarının köməyi
ilə tədrisinə, ali məktəb həyatının işıqlandırılmasına
böyük təkan verdiyini diqqətə
çatdırdı: “Studiya, rejissor və montaj otaqları,
redaksiya otağı, auditoriyalardan ibarət olan televiziya
Naxçıvan MR Ali Məclisinin Sədri, Vasif Talıbovun diqqət və
qayğısı ilə ən son texniki avadanlıqlarla təchiz
edilib. Televiziyanın hazırladığı
elmi-maarifçilik proqramları tələbə gəncliyin
inkişafında önəmli rol oynayır.Dövlət
qayğısı və universitet rəhbərliyinin təşəbbüsü
ilə televiziyanın davamlı fəaliyyət göstərməsi
üçün lisenziya alınıb, universitet televiziyasında
hazırlanan verilişlərin şəhər daxilində
yayımlanması üçün tezlik ayrılıb”.
Naxçıvanın turizm
potensialının
tanıdılmasında medianın rolu müzakirə edildi...
Universietlə tanışlıqdan sonra
"Naxçıvanın turizm potensialının
tanıdılmasında medianın rolu" mövzusunda konfrans
keçirilib.
Tədbirdə çıxış edən
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli
konfrans iştirakçılarını salamlayaraq ölkənin
aparıcı media rəhbərlərinin Naxçıvana
ikinci dəfə səfər etdiyini bildirib. O deyib ki,
ötən ilin oktyabr ayında da KİVDF-nin
həyata keçirdiyi layihə çərçivəsində
media rəhbərləri 20 nəfərlik heyətlə
Naxçıvana səfər ediblər. V. Səfərli
ötən il baş tutan səfərin
Naxçıvan Muxtar Respublikasının ali orqanları ilə
media arasında əlaqələrin genişləndirilməsi
məqsədini daşıdığını söyləyib.
İcraçı direktor budəfəki səfərin
məqsədinin isə Naxçıvanın turizm
potensialının tanıdılmasında medianın köməyindən
istifadə etməkdən ibarət olduğunu bildirib.
Naxçıvana
səfərə gələn Nümayəndə Heyəti ilə
konfrans iştirakçılarını tanış
edən V. Səfərli Naxçıvanın böyük
turizm potensialına malik olduğunu söylədi: "Biz
ötən səfərimizdə də Naxçıvanın
tarixi və mədəni abidələrlə zənginliyinin,
turizm cəlb etmək üçün böyük potensiala
malik olduğunun şahidi olduq. Bu gün
Naxçıvanda turistlərin maraqlandıran Duzdağ
Fizioterapiya Mərkəzi var ki, bu şəfa
ocağının potensialından lazımınca istifadə
olunmur. Bizim Naxçıvana səfərimizin
məqsədi də, bu cür turizm obyektlərini mediada
geniş təbliğ etməklə Naxçıvan Muxtar
Respublikasına dəstək olmaqdır".
Daha sonra konfransda Naxçıvan Dövlət
Universitetinin Jurnalistika və dünya ədəbiyyatı
kafedrasının müdiri, filologiya üzrə fəlsəfə
doktoru Şəhla Şirəliyeva çıxış edib. Ş. Şirəliyeva
Naxçıvan Muxtar Respublikasında KİV-in hərtərəfli
qayğı ilə əhatə olunduğunu söyləyib.
Ş. Şirəliyeva Naxçıvanda azad mətbuatın
inkişafının, söz azadlığının təmin
olunması və informasiyanın operativ
çatdırılmasının diqqətdə
saxlanıldığını söyləyib.
Konfransda
çıxış edən Naxçıvan Universitetinin
iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov
Naxçıvan Muxtar Respublikasının ölkəmizin
mühüm turizm mərkəzlərindən olduğunu
söyləyib: "Muxtar Respublikanın turizm potensialı
turistlərin və bura ilə maraqlanan hər kəsin diqqətini
cəlb edir. Keçmiş İttifaq
dövründə sərhədyanı bir region kimi xarici
turistlərin üzünə bağlı olmuş muxtar
respublika indi hər yerdən gəlmiş turistlərlə
dolub daşır. Turistlərə xidmət göstərən
gömrük-keçid məntəqələri, ən
müasir təyyarələri qəbul edən beynəlxalq
hava limanı, etibarlı yol-nəqliyyat infrastrukturu, müasir
komfort standartlarına cavab verən mehmanxanalar, zəngin milli mətbəx
təklif edən yeməkxana və restoran müəssisələri,
qədim və zəngin tarixi-mədəni irs,
turistlərin muxtar respublikanın hər bir nöqtəsində
rahat hərəkətini təmin edən təhlükəsiz
şərait Naxçıvana gələn turistlərin
sayını artırıbdır".
Konfransda çıxış edənlər Muxtar
Respublikanın turizm potensialının daha çox təbliğ
olunması üçün müxtəlif təkliflər səsləndirdilər. N. Əliyev
öz çıxışında Naxçıvanda tarixi abidələrinin
təbliği ilə daha çox turist cəlb etməyin
mümkünlüyünü vurğulayıb. Konfrans qarşılıqlı müzakirələrlə
davam edib. Tədbirin sonunda Universitetin
jurnalistika fakultəsinin tələbləri də öz fikirlərini
səsləndirdilər. Konfransdan sonra, günün ikinci
yarısında nümayəndə heyəti “Xan Sarayı”
Dövlət Tarix-Memarlıq, Möminə xatın və
Açıq Səma Altında Muzey Kompleksi və “Əshabi-Kəhf Ziyarətgahı”na
səfər ediblər.
Zülfiyyə QULİYEVA
Həftə içi.-
2017.- 13 iyun.- S.4.