Naxçıvanın möcüzəvi şəfa ocağı

 

Axşama doğru olsa da, Naxçıvana səfər edən KİV rəhbərləri bu qədim diyarın dünyaca məşhur olan ikinci möcüzəvi məkanı, Duzdağ Fizioterapiya Mərkəzini görməyə tələsirdilər. Qonaqlar Duzdağda çatanda artıq hava qaralmışdı. Amma bununla belə Duzdağ Fizioterapiya Mərkəzində deyəsən bundan sonra başlayırdı. Çünki, Mərkəzin qarşısında, içərisindəki xəstələrin çoxu bir saat öncə bu şəfa ocağına gəlib çatmışdılar. Elə Duzdağ Fizioterapiya Mərkəzinin  baş həkimi Zülfiyyə Həsənova ilə  söhbətə də, elə burdan, şəfa ocağının rejimindən körpü salırıq. Z. Həsənova  deyir ki, Duzdağ Fizioterapiya Mərkəzi 24 saat işlədiyindən, evə çox vaxt elə axşam gedib çıxırlar: “Bu məkana üz tutan insanlar şəfa axtaran, xəstə insanlardır. Biz çalışırıq ki, Mərkəzə gələn heç bir xəstə narazı qayıtmasın. Ona görə də, bayram günlərində də başında oluruq. Xəstələr bu şəfa ocağında yatmaqla, buranın havasını udmaqla sağlamlıqlarına qovuşurlar. Ona görə də, biz çalışırıq ki, xəstələrin istirahəti pozulmasın”.

Z.    Həsənova ilə söhbət zamanı öyrənirik ki, Duzdağ mağarasında duz qatının qalınlığı 8,2 metrdir. Həmsöhbətimiz deyir ki, bayırda havanın temperature fəslə uyğun dəyişsə də, bu fizioterapiya mərkəzinin temperatu ilboyu dəyişməz qalır: “Burada ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astmabu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir”.

Mərkəzin baş həkimi ilə söhbət zamanı onu da öyrənirik ki, şəfa ocağına üz tutanların çoxu uşaqlardır: “Mərkəzə şəfa tapmaq üçün hər yaşda xəstələr müraciət edir. Amma ən çox uşaqları gətirirlər. Ən ağır vəziyyətdə gələn xəstəyə duz mağarasının havası dəyən kimi səhhəti müsbətə doğru dəyişir”.

Z.    Həsənova deyir ki, burada xəstələrə müalicə kursu 14 gün təşkil edilir: “Biz xəstələrə məsləhət görürük ki, ildə iki dəfə buraya gəlsinlər. Elə xəstə olur ki, hər il iki dəfə müalicə məqsədi ilə bu Mərkəzə üz tutur. Elə xəstələr də olur ki, səhhətlərində irəliləyiş uzunmüddətli olduğundan ildə bir dəfə müalicə üçün gəlirlər.

Z. Həsənova bildirir ki, allergik astmaxroniki bronxiti olan xəstələrdə şaxta havası daha çox effekt verir: “Bronxial astmalı şəxslərdə spleoterapiyadan sonra boğulma tutmalarının sayı azalır və ya kəsilir. Eləcə də, quru öskürək azalır və ya bəlğəmli öskürəklə əvəz olunur. Yuxuları yaxşılaşır gecə boğulma tutmaları azalır. Bronx yolları təmizlənir xəstələr havanı daha rahat alırlar”.

Hər xəstəliyin müalicəsinə vaxtında başlamaq məqsədəuyğun sayıldığı kimi, allergik astmaxroniki bronxitin də müalicəsi üçün xəstəlik ağırlaşmamış Duzdağ Fizioterapiya Mərkəzinə gəlmək lazımdır”.

Mərkəzin baş həkimi unikallığı ilə dünyaya səs salan Mərkəzə şəfa tapmaq üçün Naxçıvan Muxtar Respublikasının sakinləri ilə yanaşı, Azərbaycanın hər yerindən xəstələrin axışdığını söyləyir. Onun sözlərinə görə, xarici ölkələrdən də bu  təbii müalicəvi şəfa ocağına gələnlər az deyil.

Burada olarkən həmsöhbət olduğumuz xəstələr də, Mərkəzdə yaradılmış şəraitdən ağız dolusu danışdılar. Xəstələr Duzdağa gəlmək üçün rahat nəqliyyat xidmətinin olmasından, yolların abadlığından ağız dolusu danışdılar.

Mərkəzin baş həkimi ilə söhbət zamanı onu da öyrənirik ki, Duzdağ Fizioterapiya Mərkəzi təkcə şəfa ocağı kimi deyil, unikallığı ilə turistlərin də diqqətini cəlb edir: “ Duzdağ elə bir məkandır ki, turistlər də bu mağaranı görmək üçün bura üz tutur. Əcnəbi turistlərin bəziləri mağarada duz layının həqiqətən duz olub-olmadığını yoxlamaq üçün dadına da baxırlar. Onlar əmin olduqdan sonra heyrətlərini gizlədə bilmirik. Mərkəzimiz çox qonaq-qaralı olduğundan, çalışırıq ki, burada müalicə olunan xəstələrin də istirahəti, müalicəsi pozulmasın”.

  Burada olarkən öyrənirik ki, Naxçıvanda Duzdağ mağarasının analoqu Polşanın Krakov şəhərində, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində, o cümlədən Qırğızıstanda da var. Ancaq Naxçıvandakı Duzdağ öz müalicəvi əhəmiyyətinə görə digərlərindən bir neçə cəhətdən üstündür: “Naxçıvandakı şaxtalar dağın altında horizontal şəkildə yerləşdiyindən təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarmır. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Buraya gələn xəstələrin, təxminən, 300 metr məsafəni qət etməsi isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır”.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına təşkil olunan səfərə qatılan KİV rəhbərləri də mağaranın içərisini gəzərək xəstələr üçün yaradılmış şəraitlə tanış olub, mağaranın içərisindəki palatalara baş çəkdilər. Mərkəzdə diqqət çəkən daha bir məqam bu qədər qonaq, xəstə qəbul edən şəfa ocağının təmizliyi idi. Z.Həsənova deyir ki, Mərkəzin təmizliyinin qorunması üçün palatada müalicə olunan xəstələrə içəriyə yemək keçirməyə icazə verilmir. Amma Mərkəzin girişində bunun üçün şərait yaradılıb. Z. Həsənova deyir ki, müalicə başa çatdiqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Xəstəxanası 1979-cu ilin dekabr ayının 29-da Duzdağda qədim duz məbədlərinin bazası əsasında yaradılıb. Qısa vaxt ərzində keçmiş SSRİ ərazisində məşhurlaşan xəstəxananın şöhrəti bütün dünyaya yayılıb.

Aradan keçən illər ərzində Naxçıvan şəhərindən 12 kilometr aralıda 300 metr məsafədə 110 metr dərinlikdə dünyanın daha bir möcüzəsi sayıla bilən kompleks yaradılıb. Ümumi sahəsi 15 min kvadratmetrə yaxın olan Mərkəzdən yeraltı şaxtaya məsafə 2,4 kilometrdir. Əvvəllər Duzdağ Fizioterapiya xəstəxanasının yerüstü hissəsinin kənarda yerləşməsi xəstələrin yeraltı hissəyə gediş-gəlişində bəzi çətinliklər yaradırmış. Bu çətinikləri aradan qaldırmaq məqsədilə müəssisə 2008-ci ildə istfadəyə verilərək Duzdağ Fizioterapiya Mərkəzinin müalicəxana bölməsində fəaliyyətini davam etdirir.

Duzdağ Fizioterapiya Mərkəzi bu gün allergik astmaxroniki bronxiti olan xəstələr üçün bir ümid yerinə çevrilib. Xəstələr Duzdağa gələn kimi səhhətlərində müsbətə doğru bir dönüş yarandığını, Naxçıvanın təmiz havasını ciyərlərinə çəkərək rahat nəfəs aldıqlarını deyirlər.

Duzdağ Fizioterapiya Mərkəzində həmsöhbət olduğumuz Dilavər Kərimov da uzun illərdir ki, astma bronxit xəstəliyindən əziyyət çəkir. Həmsöhbətimiz deyir ki, onun davası-dərmanı  bu mağaranın havasıdır: "Mən 1987 ci ildən buraya müalicə məqsədi ilə gəlirəm. Mənim dərmanım demək olar ki, buradı.  Özümü pis hiss edən kimi özümü çatdırıram Duzdağa. Hər il gələ bilməsəm də çalışıram ki, imkan olduqca Duzdağın havasını alım. 14 gün burada qalıb müalicə olunumaq mənə xəstəliyimi demək olar ki, unutdurur. Elə müalicəm buranın havasıdır".

D. Kərimovun sözlərinə görə, özü əslən Ordubadın Tivi kəndindən olsa da, Bakıda yaşadığından Duzdağ şəfa ocağına tez-tez gələ bilmir: "Mən dərdimin dərmanının burada olduğunu bilirəm. Buna görə mənə həkimin göndəriş verməsinə ehtiyac yoxdur. Eləki hava limanında təyyarədən enirəm, xəstəliyim yüngülləşir. Naxçıvanın havasının mənə dərman olduğunu bilirəm. Bakıda yaşadığımdan, xəstəliyimdə ağırlaşma hiss edəm kimi özümü Duzdağa çatdırıram. Burada sadəcə yatıb, 14 gün havasını udmaq nəfəsimin açılmağına kifayət edir".

Dərmansız, öz havası ilə insanların dərdinə çarə olan bu Mərkəz, regionun ən böyük müalicəvi turizm obyektidir. KİV rəhbərləri də bu Mərkəzin öz unikallığı ilə turist cəlb etmək potensialını, təbii şəfa ocağı kimi əvəzolunmaz olduğu barədə fikirlərini bölüşdülər. Qonaqlar Duzdağ Fizioterapiya Mərkəzindən yüksək təəssüratlarla ayrılaraq Naxçıvan səfərinin ilk gününə möcüzəvi mağaranı ziyarət etməklə yekun vurdular. Sabah isə bizi Sədərək və Şərur rayonlarına səfər gözləyirdi. Bu səfərlərlə bağlı isə növbəti sayımızda...

 

Zülfiyyə QULİYEVA

 

Həftə içi.- 2017.- 15-16 iyun.- S.4.