"Nə qədər ki, rus sözü qulaqlarda səslənir,

sən yaşayacaq və ölməyəcəksən!"

 

Bəşəriyyətin dahi övladı, görkəmli ensiklopedik alim Mixail Vasilyeviç Lomonosovun “Əsərləri külliyyatı"nın nəşrindən 260 il ötür

 

(Əvvəli ötən saylarımızda)

 

Kölələrini qumarda uduzan mülkədarlar yazıçıda sonsuz nifrət oyadırdı. Ədib özünün "Ev quruculuğu" adlı məqaləsində kəndliləri həddindən artıq istismar edən mülkədarların yeyib-içdiklərini "insan qanı" və "göz yaşları" adlandırırdı.

1740-cı ildə gənc Sumarokov Lomonosovun şeirləri ilə maraqlanır, tezliklə iki şair arasında dostluq yaranır. Sumarokov Lomonosova mədhiyyəli şeirlər həsr edir və onu dünya ədəbiyyatının ən görkəmli qəsidəçi şairləri ilə bərabər tutur. Lakin bu pərəstişkarlıq çox davam etmir. Sumarokovun poeziyasında Lomonosova qarşı zidd motivlər yavaş-yavaş güclənməyə başlayır. Sumarokov Lomosovun əleyhinə çıxır, onu tənqid etməyə başalyır. Lomonosov üslubu haqqında istehzalı yazılar, satiralar "yaradan" Sumarokov, Mixail Vasilyeviçin yaradıcılığına daha bir xəyanət edib, "Mənasız qəsidələr" adlı şeirlər silsiləsi yazır.

Lomonosovla Trediakovski və Sumarokov arasında müxtəlif nəzəri məsələlər üzrə yaranan mübahisələr davam edir. Əvvəllər yoldaşlıq və dostluq xarakteri daşıyan bu mübahisələr illər keçdikcə, daha da şiddətlənir, kəskinləşərək şəxsi-qərəzliyə, ədavətə çevrilir.

M.Muratov "Lomonosov"da yazır ki, Lomonosovun adı bütün savadlı ruslara məlum idi. Onun kitabları yaxşı alınırdı. O zaman üçün adi tiraj hesab edilən 600 nüsxə ilə çap olunmuş "Tamira və Səlim" faciəsini dərhal yenidən nəşr etmək lazım gəldi.

Onun oxucuları və pərəstişkarları var idi. Lakin dostları isə demək olar ki, yox idi.

Peterburq akademikləri içərisində təbiət elmləri ilə məşğul olan alimlər çox az idi. Akademiklərdən Kraft və Qmelin xaricə çıxıb getmişdilər.Lomonosovun fizika məsələlərinə dair söhbət etdiyi Rixman həlak olmuşdu. Rixmandan bir qədər sonra Kraşeninnikov da ölmüşdü.Nisbətən görkəmli alim tarixçi Miller idi. O, işgüzar adam idi. Gərgin surətdə arxiv materialları toplayır, Akademiyanın dəftəxanasına qarşı açıq çıxış edirdi. Lalkin Miller Rusiya tarixi haqqında fikir söyləyərkən dəfələrlə Lomonosovun vətənpərvərlik hissinə toxunmuşdu. Onların arasında gedən mübahisələr daimi düşmənçiliyə çevrilmişdi.

Trediakovski şeir sənəti və qrammatika məsələləri üzərində gərgin və əsaslı iş aparırdı. Onun mühakimələrində çox qiymətli fikirlərə rast gəlmək olurdu. Lakin Lomonosov parlaq və iti sözü sevirdi.Trediakovski isə özü haqqında yazırdı: "Hər əlinə tüfəng götürən tərlan ovlaya bilməz". O, çox şey bilirdi, lakin bəzən özünün yanlış mühakimələrini qızğın surətdə müdafiə edərək eyni bir şeyi adamı zinhara gətirəcək bir tərzdə təkrar edirdi. Lomonosov ilə Trediakovski arasında çoxdan başlamış ədavət illər boyu soyumurdu.

Sumarokov ədəbiyyat haqqında aydın və çox zaman ağıllı fikirlər söyləyirdi. Lakin o tez-tez Lomonosova hücuma keçirdi.

Onların baxışları çox fərqlənirdi.Sumarokoov təsdiq edirdi ki, Lomonosovdan daha sadə yazmaq lazımdır. Sumarokov tez-tez deyirdi ki, Lomonosovun təntənəli odaları həddindən artıq təmtəraqlıdır.

Lomonosov "Tamira və Səlim" faciəsini yazdıqdan sonra istər-istəməz Sumarokovla yarışa girdi. Bu zaman onlar qəti surətdə görüş etibarı ilə bir-birindən ayrıldılar.Lomonosov həm elm, həm də ədəbiyyat sahəsində xeyli tək işləməli oldu.

"Xeyli tək işləməli oldu" ifadəsi açığını deyim ki, qəlbimi titrətdi.Həyatın yazılmamış qanunları kimi insanların, hətta dahi insanların taleyinə yazılan bu mənəvi keşməkeşlərin zərbəsi sonda elə insanlığın özünə tuşlanır. Səməd Vurğunumuz necə də gözəldemişdir:

Ömür rövnəq tapır könül güləndə,

İnsanın qədrini insan biləndə...

Belinski Lomonosovun ömür yollarını, qarşısına çıxan çoxsaylı maneələri yaxşı bildiyindən ona bir an da olsa, dəstəyini unutmurdu. Dahiyə müraciətində bir daha bəyan edib yazırdı: "...Sən bu dünyadakı boş və mənasız işlərin xatirinə, yaxud hər növ parlaq rəzilliyə, qızıl suyuna çəkilmiş bütlərə qul kimi təəccüblə səcdə edənlərin xatirinə öz ləyaqətini, öz böyük adını və yüksək mənsəbini insanların qarşısında , kor-koranə xoşbəxtlik axtaranların qarşısında alçaltmamalısan, sən Allah tərəfindən seçilmisən, sən göylərin vətəndaşısan, kainatın məmurusan!..".

“Çalışıram, dözürəm ona görə ki... rusiyalılar özlərinin nəyə qadir olduqlarını göstərə bilməyi öyrənsinlər..."- deyə Lomonosov ömrü boyu bütün qüvvəsi ilə gecəli-gündüzlü işlədi.Bütün həyatı elm və tərəqqi naminə qəhrəmanlıq dolu mübarizə və qələbədən ibarət oldu. O,hər şeylə həvəslə, məhəbbətlə və müvəffəqiyyətlə məşğul olurdu: "Qələbə yalnız ruh yüksəkliyi oyadan sonsuz arzudan, doğma vətənə ehtiraslı məhəbbətdən, cəsarət və qətiyyətdən yaranır. Özü də təkcə və bir o qədər də ayrıca sonsuz arzudan deyil, bütün qüvvələrin ardıcıl səfərbər edilməsindən, yavaş-yavaş, səbirlə dağları yerindən oynadan, əsrarəngiz dərinliyi üzə çıxararaq nurlandıran daim alışıb-yanmaq hissindən yaranır".

Lomonosov yalnız şair, natiq və ədəbiyyatçı deyil, habelə böyük alim idi. Geniş və dərin bir elm olan təbiətşünaslıq onun hər şeylə maraqlanan zəkasını özünə cəzb edirdi və cənab Polevoyun gözəl dediyi kimi, "Elm və biliyə can atan Rusiya, Lomonosovun simasında Volfun qapısını döyürdü"...

Azərbaycanın tanınmış şairi Əli Tudənin yaradıcılığında sevdiyim motivlərdən biri də dil haqqında, xüsusən ana dili haqqında söylənən fikirlərdir: "Dil xalqın milli qüruru, könül sərvəti, ideya silahıdır", "Hər xalqın mədəniyyət xəzinəsindəki ən qiymətli inci doğma ana dilidir.Dil xalqın ən böyük, ən əziz, ən nadir mənəvi sərvətidir. Dil ananın südü ilə yoğrulur, laylası ilə boy atır, xeyir-duası ilə pərvazlanır", "Dil çağlaya-çağlaya, durula-durula, parlaya-parlaya nəsildən-nəslə əmanət qalır", "Dil ipə-sapa yatmayan azadlıq fədaisidir", "Dil təsəlli də, həyan da, arxa da olur. Dil xalq da, Vətən də, istiqlal da olur.Dil hünər də, cürət də, zəfər də olur.Dil Vətəndə sakinə, qürbətdə Vətənə çevrilir". Bu məfkurə ilə öz ana dili-Azərbaycan dilinə böyük məhəbbət bəsləyən Əli Tudə rus qardaşının dilinə də sevgilə yanaşır, onu "Rus dili" şeirində ehtiramla vəsf edir.Şair göstərir ki, qələbə, sülh, azadlıq anlayışları ilə bağlı olan bir sıra rus sözləri bütün dünyada yayılmış, hamı üçün anlaşıqlı olmuşdur.O, göstərir ki, rus fəhləsi Zimniyə hücum edib "Svoboda" deyəndə, İkinci Dünya müharibəsi zamanı Ərdəbilə gələn rus əsgəri "tovarişi" deyəndə, Reystağın qülləsində "Pobeda" söylənəndə, Moskva elçisi Millətlər Məclisində "Mir" kəlməsini ifadə edəndə, dünya ictimaiyyəti o sözlərin mənasını yaxşı başa düşürdü.Şeir belə yekunlaşır:

Bu dil rus qardaşımın

Fəxridir, vüqarıdır.

Bu dil elə dildir ki,

Dillərin açarıdır.

Dillərin açarı olan rus dili haqqında böyük rus oğlunun fikirlərinə qayıdaq. Lomonosov qeyd edirdi ki, rus dilinin əsasını kilsə-slavyan dili təşkil edir. Rus mədəniyyəti kilsə-slavyan dili vasitəsilə yunan, Roma və Bizans mədəniyyəti ilə yaxından tanış olmuşdur. Kilsə-slavyan dili heç bir zaman rus milli zəminindən, rus dilindən ayrılmamışdır. Lomonosov dili təhlil etdiyi zaman burada 3 ünsürün olduğunu qeyd edirdi: təmiz rus dili, danışıq dili və ümumi rus dili ilə qarışmış slavyan dil ünsürləri. Lomonosov bu bölgünün əsasında məşhur "Üç üslub haqqında" əsərini yaratmışdır.

İlk rus professorunun ən böyük xidmətlərindən biri də bu idi ki, Elmlər Akademiyasının iclaslarında öz əsərlərinin nəticələrini birinci dəfə olaraq rus dilində məhz özü söyləmişdi. Peterburqda fizikadan məşhur açıq mühazirəni rus dilində ilk dəfə o oxumuşdu. Onun kitabları-Volfun fizikaya dair əsərinin tərcüməsi, metallurgiyaya dair kitabı və ümumi mühazirələri müasir dövrdə işlənən rus elmi dilinin əsasını qoymuşdu.

Rus dilçiliyinin tarixində dilçiliyin ümumi nəzəri cəhətləri, bədii dil və üslub, dil tarixi, dialektologiya, orfoqrafiya, fonetika, morfologiya və sintaksislə əlaqədar olan bir çox məsələlərin qoyuluşu və ilk elmi həlli məhz Lomonosovun adı ilə bağlıdır.Böyük alim rus dilində elmi-texniki terminologiyanın da yaradıcılarından biri olmuşdur. Mixail Vasilyeviç xarici dillərə məxsus olan terminlərin rus dilinə tətbiq olunmasını milli mədəniyyətin sağlam inkişafı üçün təhlükə hesab edirdi. Alim yazırdı: "...Belə sözlər dilimizə hiss edilmədən daxil olur, dilimizin özünəməxsus gözəlliyini pozur, onu daimi dəyişikliyə uğradır və durğunluğa vadar edir".

Vətənpərvər şair-alim üçün rus xalqının dili bu xalqın ən qüdrətli sərvəti idi. Lomonosovun dövründə rus ədəbi dili yaxşı inkişaf etməmişdi. Hələ Puşkin şeirindən söhbət gedə bilməzdi.Mixail Vasilyeviç öz tədqiqatlarında rus ədəbiyyatının milli dəyərlərini mühafizə edir, milli rus dili və ədəbiyyatı uğrunda çarpışırdı.Alim deyirdi: "Söz adama ona görə verilmişdir ki, o, öz fikirlərini başqasına çatdıra bilsin.Əgər maşının hissələri düzgün qurulmasa və bir-birinə qarşılıqlı təsir edə bilməsə, o zaman onların olması faydasızdır.Həmçinin insanlar da əgər öz anlayışlarını bir-birilərinə izah edə bilməsəydilər, meşələrə və səhralara səpələnnmiş vəhşi heyvanlara bənzəyərdilər".

“Ritorika"nın nəşrindən sonra Lomonosov digər çoxsaylı işlərlə yanaşı, qrammatikanın tərtibi üzərində də çalışdı.Onun belə bir qeydi vardı: "Hərçənd ki, məni öz əsas işlərim filologiya elmindən daha çox maraqlandırır, lakin gördükdə ki, heç kim bu işlə məşğul olmur...".Burada ifadə yarımçıq qalmışdı, lakin ondakı məna aydın idi:Lomonosov heç kimin məşğul olmaq istəmədiyi rus qrammatikasını tərtib etməyi qərara almışdı.

Qədim rus atalar sözünü xatırlayaq: "Savad-müdrikliyə pilləkəndir". Lomonosovun dili ilə desək: "Bütün elmlərin qrammatikaya ehtiyacı vardır, qrammatikasız natiqlik kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix anlaşılmazdır".

“Qrammatika" sözü yunanca "qramma", yəni "hərf" sözündən götürülmüş, əvvəllər "yazı" mənasında işlədilmiş, sonra isə dilin quruluşu haqqında elm adlandırılmışdır.

Lomonosovun "Rusiya qrammatikası" 1755-ci ildə yazılıb sona çatdırıldı və sonralar 100 il müddətində 14 dəfə təkrar nəşr edildi.

Zəhmətkeş alimin "qrammatika"sı təkcə elmi əsər deyil, eyni zamanda sanballı dərs vəsaiti idi. Kitabın müqəddəməsində müəllifin belə bir qeydi vardı: "Roma imperatoru V Karl deyirmiş ki, ispan dilində Allahla, fransız dilində dostlarla, alman dilində düşmənlərlə, italyan dilində xanımlarla danışmaq lazımdır.Əgər o, rus dilini bilsəydi, əlbəttə, deyərdi ki, rus dilində onların hamısı ilə danışmaq yaxşıdır.Çünki bu dilin ispan dili kimi dəbdəbəli, fransız dili kimi şirin, alman dili kimi möhkəm, italyan dili kimi zərif olduğunu görərdi".

Onu deyim ki, Lomonosov elmin bütün sahələrindən zəngin məlumatı olduğu kimi, o, eyni zamanda çox istedadlı poliqlot idi.Belə ki, o, 19 dildə sərbəst danışıb yaza bilirdi.

Lomonosov üçün rus tarixi ilə məşğul olmaq təkcə elmi iş deyil, eyni zamanda vətənpərvərlik işi idi.O, sübut etmək istəyirdi ki, rus xalqı böyük keçmişə malikdir.İ. Şuvalov təkid edirdi ki, Lomonosov Rusiyanın tarixi ilə mümkün qədər daha çox məşğul olsun.Etiraf edirdi ki, yalnız Lomonosov rus xalqının keçmişi haqqında parlaq və aydın kitab yaza bilər.

Lomonosov 1754-cü ildə Rusiya tarixinin birinci üç fəslinin qaralamasını tərtib etdi. Lakin onu qurtarmaq üçün xeli vaxt sərf etmək lazım gəlirdi. Alimin müxtəlif işlərlə məşğul olması kimya və fizika ilə çalışmasını getdikcə daha çox sıxışdırıb ikinci plana keçirirdi. Başqalarının istirahətə sərf etdiyi vaxtı o, bu elmlər üçün ayıra bilməyə çalışırdı.

"Qədim rus tarixi" əsərində Lomonosov qeyd edirdi ki, humanitar elmlər hökmdara ölkəni idarə etmək, döyüşçüyə cəsur, hakimə ədalətli olmaq, gənclərə qədim elmləri öyrənmək, ixtiyar babalara öz məsləhətlərinə böyük inam bəsləmək, hər bir kəsə isə xoşbəxtlyi əldə etmək imkanı verir.Eyni zamanda Lomonosov tarixi faktları düzgün və elmi əsaslarla şərh etməyi tələb edir, xarici ölkə alimlərinin Rusiya tarixini saxtalaşdırmaq cəhdlərini cəsarətlə tənqid edirdi. Alim göstərirdi ki, tarix elminin tədrisinin böyük tərbiyəvi əhəmiyyəti vardır, o, gənc nəslə həyat təcrübəsi verir, onda vətənpərvərlik hissi tərbiyə edir.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist - politoloq

 

həftə içi.- 2017.- 22 iyun.- S.4.