"Nə qədər ki, rus sözü qulaqlarda səslənir,

sən yaşayacaq və ölməyəcəksən!"

 

Bəşəriyyətin dahi övladı, görkəmli ensiklopedik alim Mixail Vasilyeviç Lomonosovun “Əsərləri külliyyatı"nın nəşrindən 260 il ötür

 

(Əvvəli ötən saylarımızda)

 

Lomonosov xalis rustəbiətli, şən, mərhəmətli, humanist, nəcib və eyni zamanda hövsələsiz bir adam idi. Onun şəxsiyyətini xarakterizə edənlər yazırdılar ki, Lomonosov qısa və mənalı danışardı, söhbət zamanı zarafat etməyi sevərdi, vətəninə və dostlarına sadiq idi, elmdə çalışanları ruhlandırıb onlara kömək edərdi. Camaatla rəftarında çox hallarda mehribanlıq göstərərdi. Onun köməyinə ehtiyacı olanlara qarşı səxavətli və eyni zamanda hövsələsiz idi. Hər tərəfdən onun mənafeyini sevməyən adamlarla əhatə olunması Lomonosov üçün çox çətinlik törədirdi. Bir tərəfdən, ağır həyat şəraiti, digər tərəfdən, həddindən artıq əmək Lomonosovun qüdrətli səhhətini pozmuşdu. Düşmənləri onun kəndli ailəsindən çıxmasına lağ edərdilər. Təzadlarla dolu olan cəmiyyətdə onun "nöqsanı", yaxud "günahı" yalnız bu idi: o, sadə, zəhmətkeş və halal bir ocaqdan çıxmışdı. Lomonosovunsa bütün qəlbiqara xəbislərə cavabı bu idi:

Paxıllıq edənlərdən intiqam almaq üçün,

Mənə silah verirlər.

Heç olmasa bax, onlar mənə ziyan yetirmək

Qətiyyən istəmirlər.

Zoilovun danlağı ziyan deyilsə əgər,

Ona qarşı qəzəbli olmağıma heç dəyər?

Ancaq qəzəblənmişəm? Gəzirəm balta küpü

Qaldırmışam mən onu artıq endirəm gərək?

Kimdir ordakı? Milçək!

Təəssüf. Nahaq yerə, boş zəhmət çəkirəm mən.

Zavallı, sən uç, oxu, mənə düşmən deyilsən.

Qəribədir ki, əsrlər bundan əvvəl yazılmış bu misralar hər dövrdə aktualdır. Bütün istedadlı, seçilmiş adamlar daim paxıllığın, xainliyin, şərin, böhtanın bəlalarını yaşayır.

Xəbis, dar və daşürəkli, xudbin, sinəsi kin-küdurətlə dolu olan, cəmiyyətə xeyir verməyən adamlar Azərbaycanın Səmədinin də iti qələminə tuş gəlmişdi. Şair belələrini "ürəyi xain adam" adlandırır və onlar haqqında eyniadlı şeirində yazırdı:

Sənin soyuq baxışında nə həyat var, nə duyğu,

Donub qalmış sifətində qarlı bir qış soyuğu.

Açılmamış boğuq rəngin gülərüzlü baharda,

Elə bil ki, gəmin batıb qərq olmuşdur sularda.

Bir açılsın qaşqabağın, üzə şax bax bir kərə,

Qayda budur: mil salınar əyri baxan gözlərə.

Yoxsa sənin murdar ömrün qaranlıqda keçəcək,

Aydınlığın bulağından mərd oğullar içəcək,

Qaradinməz, yerəbaxan, şad xəbərə küsənən,

Yüz il belə yaşasan da dünəndən ölmüsən sən!

Heç şübhəsiz ki, Lomonosovun və Vurğunun bu və ya digər satirik şeirlərində tənqid etdiyi paxıllar və xainlər bu gün də cəmiyyətimizdə vardır və belələri durduqca bu şeirlər də öz təsir qüvvəsini itirməyəcəkdir.

Lomonosov rus gənclərinə bilik verməyin yollarını hər an düşünürdü.Elmlər Akademiyası nəzdində tələbələrin təhsil alması işi getdikcə pisləşirdi.Burada elmi işlə gənclərin təhsilini birləşdirmək cəhdi baş tutmadı. Birinci Pyotr da xarab olmuş bir işi düzəltməkdənsə, yeni işə başlamağı üstün tuturdu.Buna görə də Lomonosov layiqli bir universitet yaratmaq qənaətinə gəlmişdi. Bu universiteti ilk növbədə Moskvada tikdirmək lazım idi.Çünki həmin vaxtlar Moskvada nəinki ali məktəb, heç gimnaziya da yox idi.Uşaqlarına təhsil vermək istəyən valideynlər böyük məsrəflərlə xarici müəllimlər tutmağa məcbur olurdular.

İ. Şuvalov Moskvada universitet və gimnaziya yaratmaq fikrini təklif edir. Lomonosov universitetin yaradılması haqqında hazırladığı plan-layihəni Şuvalova verir.

Universitetdə 3 fakültə olmalı idi; bunlar hüquq, tibb və fəlsəfə fakültələrindən ibarət olub, burada üçillik kurs keçilməli idi. "Universitetdə hökmən gimnaziya olmalıdır, gimnaziyasız universitet toxumsuz şuma bənzər", - deyə Lomonosov təkid edirdi.

25 yanvar (köhnə tarixlə 12 yanvar) 1755-ci ildə, Müqəddəs Tatyananın xatirə günündə imperatriça Yelisaveta Petrovna "Moskva Universitetinin təsis edilməsi haqqında Layihə"ni imzaladı. Rusiyanın ilk ali tədris ocağının yaradılmasına ilk gündən ciddi yanaşıldı: Moskvanın düz mərkəzində, Qızıl meydandakı keçmiş Zemskaya prikazında bina ayrıldı (indi bu yerdə Tarix Muzeyi yerləşir). Hazırda jurnalistika fakültəsinin yerləşdiyi Moxovaya küçəsinə Universitet yalnız II Yekaterina zamanında köçdü. Lakin bu binanı elə həmin, əzəli bina adlandırmaq olmaz, belə ki, 1812-ci il yanğınında bina tamamilə məhv olmuş və bir də 1819-cu ildə bərpa edilmişdi.

Mesenatlar (Demidovlar, Stroqanovlar, knyaginya Daşkova) təhsil ocağının fəaliyyəti üçün çox böyük maddi yardım göstərdilər. Onlar Universitetə elmi cihazlar, kitablar aldılar, tələbələr üçün təqaüdlər təsis etdilər. Elə ilk günlərdən Moskva Universiteti çarizmin nəzarətindən sərbəst olan maarif və mütərəqqi ideyalar mərkəzinə çevrildi. 1756-cı ildə Moxovaya küçəsində mətbəə və kitab dükanı açıldı, burada ilk qeyri-hökumət qəzeti olan "Moskovskiye vedomosti" qəzeti buraxılmağa başlanıldı.

Universitetlə gimnaziya birlikdə fəaliyyətə başladı. Yelisaveta Petrovnanın fərmanında Lomonosovun adı çəkilməsə də, alimin adı onun planı ilə yaranmış Moskva Universitetinin tarixinə həmişəlik olaraq daxil oldu. Puşkinin dediyi kimi: "Lomonosov böyük adam idi.Birinci rus Universitetini o yaratmışdır. Daha doğrusu, o özü bizim üçün ilk universitet olmuşdur".

Xalq kütlələrini maarifə, mədəniyyətə cəlb etmək niyyəti ilə Lomonosov xalqın balaları üçün tək ibtidai ümumtəhsil məktəblərinin deyil, eyni zamanda orta və ali məktəblərin də açılmasını tələb edirdi. O, "Moskva gimnaziyasının nizamnaməsi" layihəsində gimnaziyaya yalnız zadəgan uşaqlarını deyil, yoxsulların balalarını da qəbul etməyi lazım bilirdi. Buna görə də Akademiyanın gimnaziyasında oxuyan şagirdlərin ictimai tərkibi haqqında yeni təkliflər irəli sürdü.1758-ci ildə "Akademiya gimnaziyasının nizamnaməsi"ni yenidən işləyərək, o, elmin, gimnaziyanın qapılarını əhalinin bütün təbəqələrindən olan uşaqların üzünə taybatay açmağı təklif etdi.

Gənc nəslin təlim-tərbiyəsinin inkişafı ən mühüm məsələlərdən biri olduğu üçün Lomonosov gimnaziya şagirdlərinin ədəb qaydalarının hazırlanmasını da öz üzərinə götürmüşdü. Onun tərtib etdiyi qaydalar 15 maddədən ibarət idi. Orada deyilirdi:

"Gimnaziya şagirdləri elmə həddindən artıq səy göstərməlidirlər. Gimnaziya şagirdlərinin bir-birinə kömək etməsi təqdirəlayiqdir. Lakin müəllim bir şagirddən dərsi soruşan zaman o, dərsini bilmirsə, yerdən ona pıçıldamaq olmaz.Bu cür kömək edən hər bir şagirdə dərsini bilməyən şagirdlə bərabər cəza verilməlidir.

Dərs zamanı qışqırmaq, oynamaq, bir şeyi taqqıldatmaqla səs-küy qaldırmaq, başqasına mane olmaq yaramaz.Hər yerdə, stulda oturarkən , kitabları saxlayarkən, paltarları geyinərkən təmizliyə riayət etmək lazımdır. Kim özünü pis aparırsa, bu onun yalnız tənbəlliyini deyil, həm də əxlaqca qüsurlu olduğunu göstərir.

Lomonosovun fikrincə, müəllimin gözəl davranışı, səmimiyyəti, həssas və xeyirxah qəlbi şagirdin gözündə ülvi varlıq kimi ucalmalıdır. Alim deyirdi ki, inspektor və rektor (yaxud direktor) şagirdlərin yanında heç vaxt müəllimə irad tutmamalıdır. Belə olsa, şagirdlər müəllimə hörmət etməzlər.Lomonosova görə, müəllim hər bir şagirdə ədalətlə yanaşmalı, onun şəxsiyyətinə hörmət etməli, heysiyyətinə toxunan söz deməməli və eyni zamanda ondan tələb də etməyi bacarmalıdır.

Millətinə və vətəninə son dərəcə bağlı olan bu dahi xalqının sağlamlığı yolunda da az iş görməmişdir. 1761-ci ildə dövlətə ünvanladığı "Rus xalqının artması və mühafizəsi haqqında"kı məktubunda o, sağlamlığa, uşaqlara, xüsusən yeni doğulan körpələrə qayğı ilə yanaşılması və s.vacib məsələləri qarşıya məqsəd qoydurmuşdu.

Lomonosov Pyotru heç bir nöqsanı olmayan ideal hökmdar sayırdı. O, sənayenin və ticarətin inkişafında, orunun və donanmanın yaradılmasında, limanların və kanalların genişmiqyaslı tikintisində, maarifin yayılmasında Pyotrun böyük xidmətlərini qeyd edirdi. Mixail Vasilyeviç heyranlıqla yazırdı: "Böyük hökmdar hər yerdə təkcə öz sərəncamları və mükafatları ilə deyil, həm də özünün şəxsi nümunəsi ilə təbəələrini əməyə alışdırırdı".

Lomonosov Birinci Pyotra bir vətənpərvər və alim kimi hörmət edirdi. Özünün ilk şeirlərində Pyotrun böyük işlərini parlaq surətdə təsvir edirdi:

Rus qəhrəmanlarını eyləyirəm tərənnüm,

Yeni şəhər, alaylar, flot yaradır, qurur.

Onlar kiçik yaşından bir qəzəblə vuruşur

Əzərək düşmənləri sakit edibdir həmən,

Qaldırır öz ölkəsin keçib dəhşət içindən.

Devirdi yaltaqları, zalımları hər nə var,

Həm əllə, həm ağılla,

İşlərilə dünyanı heyrətə saldı onlar.

Lomonosov öz şeirlərində sülh, bəşərin əmin-amanlığı, səadəti mövzusuna çox yer verirdi. O, Rusiyanın gələcəyinə inanırdı. Onun poetik yaradıcılığında Birinci Pyotr ona görə çox yer tuturdu ki, o, Pyotrun islahatlarının Rusiyanın gələcəyi, məhz işıqlı gələcəyi üçün böyük əhəmiyyətə malik olduğunu dərk edib qiymətləndirirdi. "Böyük Pyotr" poemasında alim-şair yazırdı:

Tale nə böyük şərəf

Verib rus xalqına bax,-

Buz bağlamış suları

Parçalayıb yol açmaq!

Deyirlər üzmək olmur

Buz örtülü o yerdə.

Fəqət, hünər doğulur

Yalnız çətinliklərdə

Rusiya kolumbları

Aləmə nur saçacaq,

Buz arasından Şərqə,

Amerika ölkəsinə

Yeni yollar açacaq!

Onun poeziyasında qeyd etdiyim kimi, vətəninin keçmişinin, bu gününün, gələcəyinin tərənnümü xüsusi yer tuturdu. "Şüşənin xeyiri haqqında məktub" adlı elmi-didaktik şeirində Lomonosovun mütərəqqi elmi fikirləri, vətəni Ana Rusiya üçün ülvi arzuları ifadə olunurdu. Qoqol haqlı olaraq qeyd edirdi ki, belə şeirləri Lomonosovdan başqa heç kəs yaza bilməzdi.

Pyotrla bağlı bir "informasiya" ilə yəqinki çoxları qarşılaşıb. Məlumdur ki,1812-ci il Vətən müharibəsində Napoleon Rusiyaya işğalçılıq yürüşü ilə özünün qələbəsi naminə bu əlkənin imicinə hərtərəfli mənfi təsir göstərmək məqsədilə Avropa ictimaiyyətinin diqqətini qondarma, qeyri-obyektiv məlumatlarla "zənginləşdirirdi". Onun tapşırığı ilə tarixçi Lezyurun yazdığı kitabda deyilirdi: "Böyük Pyotrun öz əli ilə yazdığı məxfi xatirələr rus imperatorlarının şəxsi arxivlərində saxlanılır. Bu hökmdarın planları həmin xatirələrdə açıqca şərh olunmuşdur".

"Böyük Pyotrun vəsiyyəti" haqqında şayiə belə yayılmışdı. 25 il sonra, 1836-cı ildə saxta sənədin özü də "peyda olmuşdu". Onun məzmunu bundan ibarətdir ki, Rusiya aravermədən işğalçılıq müharibələri aparmalı, daim öz hüdudlarını şimal və cənuba doğru, Qara dəniz sahilləri boyunca genişləndirməlidir".Başqa bir bənddə isə deyilir: "İstanbula və Hindistana doğru mümkün qədər daha çox irəliləməli".

Digər bir hissədə sərsəm məqsədə nail olmaq - Avropanı diz çökdürmək yolları və vasitələri konkretləşdirilir. Mətn bu sözlərlə bitir: "Avropa belə fəth edilə bilər və edilməlidir".

N.Pavlenkonun yazdığına görə, nə rus arxivlərində, nə də xarici arxivlərdə Pyotrun heç bir vəsiyyəti saxlanılmır. Belə bir vəsiyyət yoxdur və ola da bilməzdi, çünki dəqiq məlumdur ki, çar heç bir vəsiyyət-filan yazmamışdır. Mütəxəssislər çoxdan bəri sübut etmişlər ki, "Böyük Pyotrun vəsiyyəti" deyilən vəsiyyət kobud saxtakarlıqdır.

Avropaya pəncərə açan Birinci Pyotr oradan xeyli dəyərləri Rusiyaya keçirsə də, Rusiyanın istiqlaliyyətini itirməyə qətiyyən yol vermirdi, xaricin üstün amillərinə yol açsa da, bu təsirə hədd və sərhəd qoyurdu. O, nəinki böyük islahatçı, eyni zamanda böyük maarifçi idi.Buna görə də XVIII əsr rus maarifçiləri; o cümlədən Kantemir, Lomonosov kimi zəngin dünyagörüşlü yazıçılar Birinci Pyotru ideal tuturdular. Pyotrun təşəbbüslərini davam etməyi lazım bilir və öz şeirlərində Pyotru ziyalı padşah kimi tərənnüm edirdilər.Onu da deyim ki, Birinci Pyotrdan sonra rus hökmdarları maarif və dövlət işləri ilə o qədər də maraqlanmırdılar. Mütərəqqi rus şairləri bunu görür, öz əsərlərində hədəf kimi Birinci Pyotrun şəxsiyyətini və işlərini tərənnüm edirdilər.

Lomonosov elektrik sahəsində də dəyərli tədqiqatlar aparmış və onun gəldiyi nəticələr "Elektrik qüvvəsindən baş verən hava hadisələri haqqında məruzə", "Elektriklə əlaqədar olan hava hadisələri haqqında məruzəyə izahat" və "Lomonosovun riyazi surətdə ifadə etdiyi elektrik nəzəriyyəsi" əsərlərində şərh edilmişdir. Görkəmli alim Venerada atmosferin varlığını da kəşf etmişdi.

İlk dəfə "İqtisadi coğrafiya" ilə "İqtisadi landşaft xəritələri" terminlərini elmə daxil edən Lomonosov, Rusiyanın müxtəlif rayonlarında iqtisadi-coğrafi tədqiqatlar aparmaq üçün proqram rərtib etmiş və onun bu proqramı ölümündən sonra öz tətbiq sahələrini tapmışdı.

M.Muratovun qeyd etdiyi kimi, Lomonosov hələ gənc yaşlarında atasının "Çayka" gəmisində buzlu okeanı dəfələrlə seyr etmişdi. Ağ dəniz, Barents və Qara dənizlərin sahillərində balıq ovlamışdı.O vaxtdan 30 il keçsə də, Mixail Vasilyeviç həmin anları yaxşı xatırlayırdı.O, dənizin dibini görməyə imkan verən görmə borusu ixtira etmək istəyirdi. Eyni zamanda, xüsusi qurğular vasitəsilə dənizçilərin istifadə etdiyi cihazların dəqiqliyinə dalğanın təsirini aradan qaldırmaqla dənizdə coğrafi uzunluğu və eni necə dürüst müəyyən etmək haqqında düşünürdü.

Arktikanın öyrənilməsi onu daha çox maraqlandırırdı. Bu həvəs, təbii ki, onda uşaqlıq və gənclik illərini keçirdiyi şimal təbiətinin dərin təsiri nəticəsində yaranmışdı.

Lomonosov ömrünün son günlərində hər an yatağının yanında olan yaxın dostu akademik Ştelinə demişdi: "Dostum, görürəm ki, mən ölməliyəm, ölümümə də sakit və soyuqqanlılıqla baxıram.Yalnız ona təəssüf edirəm ki, vətənin faydası, elmin artması və Akademiyanın şöhrəti üçün nəzərdə tutduqlarımın hamısını yerinə yetirə bilmədim və indi, ömrümün sonunda görməliyəm ki, mənim bütün faydalı niyyətlərim mənimlə bərabər yox olacaq".

Lomonosov 4 aprel (əvvəlki tarixlə 15 aprel)1765-ci ildə ömrünün 54-cü ilində onun köhnə xəstəliyini kəskinləşdirən soyuqdəymədən vəfat etdi. Peterburqun Aleksandr-Nevski monastırının Lazarev qəbiristanlığında dəfn olundu. Lakin dahinin bütün faydalı niyyətləri heç də onunla bərabər yox olmadı. Böyük alim-şəxsiyyətin əsərləri və onun əbədiyaşar ideyaları heç də itmədi, elmdəki mütərəqqi fikirləri sonralar görkəmli rus alimləri tərəfindən səylə, inamla, həvəslə inkişaf etdirildi.

Lomonosov rus ədəbiyyatı tarixində istedadlı bir tərcüməçi kimi də tanınmışdır. Onun Homerdən, Anakreondan, Vergilidən, Horatsidən, Demosfendən, Lukiandan, Fakellondan və digər dühaların əsərlərindən etdiyi tərcümələr indiyə qədər sevilə-sevilə oxunmaqda davam edir.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist – politoloq

 

Həftə içi.- 2017.- 23 iyun.- S.4.