"Nə qədər ki,
rus sözü qulaqlarda səslənir,
sən yaşayacaq və
ölməyəcəksən!"
Bəşəriyyətin
dahi övladı, görkəmli ensiklopedik alim Mixail Vasilyeviç Lomonosovun “Əsərləri
külliyyatı"nın nəşrindən 260 il ötür
(Əvvəli
ötən saylarımızda)
Moskva Dövlət Universiteti dünyanın ən məşhur, ən nüfuzlu, ən güclü ali təhsil ocaqlarından biri kimi şöhrət qazanmışdır. Qürurverici haldır ki, Azərbaycan-Rusiya arasında olan qarşılıqlı əlaqələrin və sədaqətin təzahürünə növbəti töhfə kimi 2008-ci il yanvarın 15-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı yaradılıb. Hazırda burada dərslər innovativ texnologiyalardan və geniş yayılmış nou-haulardan istifadə edilməklə MDU-nun tədris proqramları əsasında aparılır. Hər il filialın tələbələri müxtəlif elmi tədbirlərdə fəal iştirak edirlər. Filial fəaliyyətə başladığı vaxtdan etibarən İsrail, Rumıniya, Türkiyə, Yunanıstan, Kanada və ABŞ-ın aparıcı universitetləri ilə əlaqələr yaratmağa nail olub.
Bu gün bu ali məktəb ölkəmizdə yeganə təhsil ocağıdır ki, diplomu bütün dünyada tanınır. M.V.Lomonosov adına MDU-nun çoxəsrlik ənənələrini davam etdirir. Görkəmli alimlərin bütöv bir pleyadası, o cümlədən 11 Nobel mükafatı laureatı, məsələn, kimyaçı Nikolay Semyonov, fiziklər İqor Tamm və əslən Bakıdan olan Lev Landau, Pyotr Kapitsa, şair və yazıçı Boris Pasternak, habelə Abel mükafatı (riyaziyyatçılar üçün Nobel mükafatının analoqu) laureatı Yakov Sinay və XX əsrin ən böyük riyaziyyatçılarından biri Andrey Kolmoqorov Moskva Dövlət Universitetinin yetirmələridir.
2016-cı ilin iyulunda MDU-nun Bakı filialında ənənəvi buraxılış gecəsi istər məzunların, valideynlərin,istərsə də müəllimlərin və bu gözəl bayramın qonaqlarının həyatında ən unudulnaz hadisələrdən birinə çevrildi.
MDU-nun Moskvadan tədbir üçün məxsusi gəlmiş akademik heyətini, o cümlədən MDU-nun kimya fakültəsinin dekanı, fiziki kimya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki Valeri Lunin, MDU-nun iqtisadiyyat fakültəsinin dekanı, professor, tətbiqi institutsional iqtisadiyyat kafedrasının müdiri, Rusiya Federasiyası Prezidenti yanında İqtisadi Şuranın üzvü, iqtisad elmləri doktoru, professor Aleksandr Auzan, filologiya elmləri doktoru, professor, tərcümə məktəbinin direktoru Nikolay Qarbovski, psixologiya elmləri doktoru, MDU-nun sosial psixologiya kafedrasının professoru, Rusiya Təhsil Akademiyasının akademiki Aleksandr Dontsov mərasimdə iştirak edirdi.
M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor, AMEA- nın müxbir üzvü, çoxsaylı kitab, monoqrafiya, elmi məqalələrin müəllifi, özəl ÜNS yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondunun idarə heyətinin üzvü, "Azərbaycan - İrs" jurnalı ədəbi şöbəsinin redaktoru və İngiltərə - Azərbaycan cəmiyyətinin həmsədri, əsası XII əsrdə qoyulan, dünyanın ən qədim ingilisdilli universiteti - Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, Bakı Dövlət Universiteti klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Nərgiz xanım Paşayevanın gözəl nitqi və tələbələrə əsl müəllim, pedaqoq və əsl Azərbaycan xanımı kimi tövsiyələri tədbir iştirakçılarını valeh etdi. Həmin çıxışdan bəzi məqamlar:
"...Siz öz biliyinizi, iqtisadi savadınızı, peşəkarlığınızı tətbiq edəndə, analitik məsləhətlər, hesablamalar verəndə, unutmayın ki, iqtisadiyyat elminin mühüm və hətta əsas tərkib hissəsi sosial iqtisadiyyatdır. Milyonlarla insanlar iqtisadi yüksəlişdən bəhrələnəndə bu, ictimai rifah, davamlı firavanlıq və sabitlik gətirir. O zaman neft, qaz, kömür, qızıl və s. kimi milli sərvətləri asanlıqla milli nailiyyətə, milli tərəqqiyə çevirmək olur... Lakin əgər siz nə vaxtsa biliklərinizə münasibətdə ədalətsizlik, anlaşılmazlıq, laqeydlik, qısqanclıqla qarşılaşsanız, qəm etməyin, həyəcanlanmayın, öz yolunuzla möhkəm və əminliklə addımlayın. Yadda saxlayın ki, kim sizin biliyinizə, ağlınıza qısqanırsa, o, sizə heç vaxt çatmayacaq. Sizə baxarkən "Faust" əsərindən "Mümkün olmayanı istəyən kəs mənə əzizdir" fikrini xatırlayıram. Nəsə alınmayanda bunu tez-tez ürəyinizdə təkrarlayın, ruhdan düşməyin, ümidinizi itirməyin. Sizin bütün həyatınız, böyük gücünüz, böyük imkanlarınız irəlidədir, heç zaman bunlara inamınızı itirməyin... Əziz məzunlarımız, ümidvaram ki, universitetimizdə görmək istədiyinizi gördünüz, eşitmək istədiyinizi eşitdiniz, başa düşmək istədiyinizi başa düşdünüz, inanmaq istədiyinizə inandınız, seçmək istədiyiniz peşəni seçdiniz, ən başlıcası isə universitetimizi seçdiniz. Siz MDU-nu yaxşıların yaxşısı olmaq üçün seçmişiniz. Mənim sözlərimdə nə pafos, nə də mübaliğə var, bu, həqiqətən də belədir. MDU məzunu elə MDU məzunudur, bununla da hər şey deyilib!
Əziz məzunlarımız, hansı zirvələrə can atırsınızsa-atın, qarşınıza hansı məqsədləri qoyursunuzsa-qoyun, sizə bu zirvələri fəth etməyi və məqsədlərinizə çatmağı arzu edirəm....Bu gün siz sınaqdan şərəflə çıxdınız. Siz Moskva Universitetinin diplomunu səyləriniz, zəhmətiniz, istedadınız sayəsində alırsınız. Amma heç vaxt unutmayın ki, sınaqlar həyatın müntəzəm təkrarlanan mərhələləridir. Deyilənə görə, məqsədinə çatmaq üçün həyatın bütün sınaqlarından, oddan-alovdan keçməyi, bərkdən-boşdan çıxmağı bacarmalısan. Əzizlərim, unutmayın ki, necə qəhrəmanlıqlar göstərirsinizsə-göstərin, necə uğurlar qazanırsınızsa-qazanın, peşənizdə hansı yüksəkliyə nail olursunuzsa-olun, həmişə yaxşı insan olmağa çalışın, bu, həm sizə, həm bizə lazım olan keyfiyyətdir... Qoy gənclərimizin yolu açıq, həyatı gözəl, canı sağlam, mənəviyyatı güclü olsun!"
"Mən tələbələrimlə fəxr edirəm", - deməkdə Nərgiz xanım haqlıdır. O, həqiqətən tələbələrinin yaxın dostu, sirdaşı olub, onların qayğıkeşi, düzgün yolgöstərənidir. Nərgiz xanım yalnız özünün deyil, tələbələrinin də taleyini yaşayır. Elm yolunda illərlə çəkdiyi zəhməti, fədakar əməyi bu gənclərin öyrənməsinə, maariflənməsinə bəxş edir.
Nərgiz Paşayeva öz səmimiyyəti, ziyası ilə tək tələbələrinin yoluna deyil, bütün cəmiyyətə, xalqının gələcəyinə işıq saçan alim-pedaqoqlarımızdandır. O, sabahın kadr və mütəxəssislərini geniş dünyagörüşünə, yüksək mədəniyyətə, dərin mənəviyyata malik, milli dəyərlərimizi ucaldan, xalqına, yurduna sadiq, vətənpərvər şəxsiyyətlər kimi yetişdirməkdə səylə çalışır.
Mərasimdə iştirak edən Rusiyanın təcrübəli diplomatı, Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vladimir Doroxin qeyd etdi ki, Bakıda 2009-cu ildən işləyir. Səfir dedi: "O vaxtdan etibarən diplomların təqdim olunması mərasimlərinin hər birində iştirak etmişəm. Buraxılış kvintessensiyadır və "MDU-nun Bakı filialı" adlı layihənin necə uğurla inkişaf etməsinin rəmzidir. Layihə bir çox səbəblər - Azərbaycan rəhbərliyinin, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi müdrikliyi, Moskva ilə Bakı arasındakı mövcud qarşılıqlı anlaşma sayəsində uğurlu olub. Biz Bakı filialı ilə fəxr edirik və onu başqa ölkələrə nümunə göstəririk".
Özünün qeyd etdiyi kimi, cənab V.Doroxin 8 ildir Azərbaycanda ölkəsinin səfiri kimi fəaliyyət göstərir. Ölkə ictimaiyyəti onu fəal diplomat kimi tanıyır və sevir, Rusiya və Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafında cənab Doroxinin əməyi çoxdur. Məhz səmərəli və uğurlu fəaliyyətinə görə Rusiya Prezidenti cənab Vladimir Putin səfir V.Doroxini 2014-cü ildə ölkənin ən nüfuzlu təltiflərindən olan "Dostluq" ordeni ilə təltif etmişdir.
2017-ci ildə Mixail Vasilyeviçin əsərlərinin çapının yubiley tarixi bizlər üçün də yaddaqalandır. Belə ki, cənab kollegiya müşaviri və professor Mixail Lomonosovun müxtəlif nəzm və nəsr əsərlərinin külliyyatı - əlavələrlə nəşri Moskva İmperator Universitetində 1757-1765-ci illərdə çap edilmişdi. Bu, Lomonosovun əsərlər külliyatının müəllif əlavələri və düzəlişləri ilə sağlığında ikən ikinci nəşri idi.İlkin plana əsasən 1-ci cildə Lomonosovun yalnız bədii əsərləri, cildin həcminin yetərsiz olduğu halda isə, buraya "Kimyanıın faydaları haqqında" daxil edilməli idi.
I cild 1757-ci ilin fevralından 1758-ci ilin sentyabrınadək çap edildi və nəzərdə tutulduğundan xeyli genişləndirilmiş şəkildə, 1757-ci il nəşr tarixçəsi ilə işıq üzü gördü. Nəşr tarixi 1759-cu il göstərilən II cild 1765-ci ildə işıq üzünə çıxarıldı. II cilddə yer alan, "Natiqlik fənninə dair qısa vəsait" əsərinin ikinci nəşri ilkin olaraq 1748-ci ildə çıxmışdı. Bu ikinci nəşrə Lomonosov tərəfindən edilən düzəlişlər "Ritorika"nın sonrakı nəşrlərində nəzərə alınmamışdı. 1758-ci ilin avqustunda əsərlər külliyyatının xüsusi olaraq bu nəşri üçün Lomonosov "Rusiya dilində kilsə kitablarının faydaları haqqında giriş sözü" yazmışdı.
Artıq dünyanın unudulmaz dahisinin bəşəriyyətə bəxş etdiyi zəngin elmi irsin bir hissəsinin - "Əsərləri küllüyatı"nın nəşrindən 260 il ötür.Üç əsrə yaxın vaxtdan bəri işıq üzü görən bu elmi, mənəvi xəzinə insanlığa və onun idrakına çox şey verdi və verməkdə davam edir.Lomonosov irsi indi dünya elminin ən qiymətli sərvəti kimi qorunmaqdadır.Hələ neçə-neçə əsr bundan sonra da kamil nəsillərin yetişməsində bu sərvətdən geniş istifadə olunacaq.
Görkəmli rus filosof, şair və nasiri A.N.Radişşev üzünü əbədiyaşar Lomonosov varlığına tutub necə də gözəl demişdi, lakin etiraf edək ki,bu sözlər tarixdə yalnız onun kəlamları kimi qalmamış, hazırda bütün Rusiyanın, bütün dünyanın mənəvi nidasına çevrilmişdir: "Nə qədər ki, rus sözü qulaqlarda səslənir, sən yaşayacaq və ölməyəcəksən!".
Reyhan Mirzəzadə,
publisist - politoloq
Həftə içi.- 2017.- 24-29
iyun.- S.4.