Qoqolun yaratdığı obrazlar

rus həyatı qədər ölməzdir

 

Dünyaşöhrətli yazıçı Nikolay Vasilyeviç Qoqolun əbədiyyətə qovuşmasından 165 il ötür

 

Rusiya, Rusiya!.. Niyə sənin hər yerində üfüqlərdən-üfüqlərə, dənizlərdən-dənizlərə yayılan qəmli nəğmələrin eşidilir? Bu nəğmələrdə çırpınan nədir?.. Ey Rusiya! Niyə səndə hər şey intizardolu gözlərini mənə dikmişdir? Mən hələ də heyrət içində hərəkətsiz durmuşam. Başımın üstünü isə yağışdolu qorxunc buludlar alıb, sənin əngilliyin qarşısında fikirlərim donub qalmışdır. Bu ucsuz-bucaqsız əngillik nələr olacağını xəbər verir? Sən özün ucsuz-bucaqsız olduğun halda, sənin qoynunda böyükhüdudsuz fikirlər doğmaya bilərmi?! Sənin qoynun geniş bir meydan olduğu halda, burada bahadırlar doğulmaya bilərmi?! Bu əzəmətli əngillik böyük bir qüvvə ilə qəlbimin dərinliklərində əks olunur, qüdrətli torpaq heybətlə məni əhatə edir; gözlərim müstəsna bir hökmlə işıqlanır. Ah, Yer üzündə misli-bərabəri olmayan nə qədər parlaq, nə qədər gözəl bir ənginlik!.. Ey Rusiya!..".

 

Nikolay Vasilyeviç Qoqol

 

 

 

“Bizə böyük bir bədbəxtlik üz verdi: Moskvada Qoqol vəfat etmişdir!.. Bu dəqiqə elə bir rus tapmazsan ki, onun ürəyi qana dönməsin. Bizim üçün Qoqol yazıçıdan daha artıq bir adam idi; o, özümüzü bizə tanıtdırmışdır... Bizim, kimi itirdiyimizi yaxşı dərk etmək üçün hər şeydən əvvəl bir rus olmaq lazımdır".

 

İvan Sergeyeviç Turgenev

 

 

 

Yer üzündə çoxdan bəri elə bir yazıçı olmamışdır ki, öz xalqına Qoqol Rusiyaya lazım olduğu kimi lazım olsun".

 

Nikolay Qavriloviç Çernışevski

 

Qoqol acı, ürəkyandırıcı gülüş ilə gülür, zahirdə güldüyü adamların halına batində ağlayırdı...".

 

Firidun bəy Köçərli

 

 

Allah sənə rəhmət eləsin, Qoqol!".

 

Cəlil Məmmədquluzadə

 

Görkəmli yazıçı, dramaturq, şair, tənqidçi, publisist Nikolay Vasilyeviç Qoqol RusiyaUkrayna ədəbiyyatının bütün dünyada sevilən klassikidir. Rus inqilabçı-demokratı Çernışevski onu Rusiyanın ədəbi-ictimai fikrinin inkişafı tarixində misilsiz rol oynayan görkəmli nümayəndə, "Rus nəsrinin atası" kimi tərif və təqdir etmişdir. Belinski, Gertsen, Dobrolyubov Qoqol yaradıcılığı haqqındakı məqalələrində onu real həyatın müğənnisi, rus yazıçılarının tacidarı, realizmin bayraqdarı adlandırmışlar.

Öz qüdrəti ilə bütün dünya ədəbiyyatına yol göstərən XIX əsr rus ədəbiyyatının TurgenevOstrovski, NekrasovQonçarov, Çernışevski və Saltıkov-Şedrin, UspenskiKorolenko kimi böyük simaları Puşkindən sonra Qoqolun açdığı cığırla getmişlər. Belinski onu rus ədəbiyyatının başçısı, öz vətəninə bütün varlığı ilə bağlı olan bir insan, məmləkətin gələcək ümidini, şan və şərəfini düşünən, xalqının şüurlanması və tərəqqisi yolunda çalışan ən böyük rəhbərlərdən biri hesab edirdi.

Qoqol Rusiya tarixinin çox ağır, mürəkkəb, ziddiyyətli bir dövründə, ölkədə qatı irticanın hökm sürdüyü, hər cür mütərəqqi-demokratik meyillərin, azadlıq ideallarının dəhşətli dərəcədə təqib olunduğu, boğulduğu bir zamanda yaşayıb-yaratmışdır.

Tarixi vəziyyət göstərirdi ki, Rusiyanın inkişafını ləngidən, rus xalqının qüdrətini məngənə içində sıxan, rus xarakterinə qanad açmağa imkan verməyən qüvvə çar üsul-idarəsi və təhkimçilik sistemi idi. Buna görə də əsl vətənpərvərlik - istər yazıçılıqda, istərsə də başqa ictimai mübarizə sahələrində, çarizmi, təhkimçilik sistemini ardıcıl bir surətdə və qətiyyətlə ifşa etməkdən ibarət idi. Qoqol yaradıcılığı da həmin bu vətənpərvərlik, mübarizlik ruhunda inkişaf etmişdi.

Qoqol vətənini azad, həmvətənlərini xoşbəxt görmək istəyirdi və bunun mümkün olacağına varlığı ilə inanırdı. Yazıçı deyirdi: "Bir zaman gələcək ki, Avropa bizim yanımıza xamapiy almaq üçün yox, hikmət, ağıl, mədəniyyət əldə etmək üçün gələcəkdir".

Böyük ədibin arzuları həqiqət oldu, özü də əsl həqiqət...

Nikolay Vasilyeviç Qoqol 1809-cu il, yeni tarixlə aprelin 1-də Ukraynada çox da zəngin olmayan zadəgan ailəsində anadan olmuşdur. Onun mənsub olduğu ailənin ulu babaları əvvəllər Yanovski soyadı daşımış, “Qoqol" əlavəsi onların sənədlərində 1792-ci ilin oktyabrından əksini tapmışdır.

Nikolayın anası Mariya İvanovna Qoqol-Yanovskaya yaşadığı vilayətin birinci gözəli olub və 14 yaşında ikən Vasili Qoqol-Yanovskiyə ərə gəlmişdir. Ailənin 6 övladı dünyaya gəlmiş, gələcək yazıçının Mariya, Anna, Yelizaveta, Olqa adlı dörd bacısı və İvan adlı bir qardaşı olmuşdur.

Nikolay Mariya adlı xalasıqızını saf bir məhəbbətlə sevmiş, ağıllı və elmli qız olan Mariya erkən ailə qurmuş, Nikolay həyatıboyu bu məhəbbəti qəlbinin dərinliklərində yaşatmışdır. Qoqolun uşaqlığı Poltava vilayətinin Mirqorod qəzasının Bolşiye Soroçinski kəndində keçmişdir. Az sonra o, atasının Mirqorod yaxınlığındakı malikanəsinə - Vasilyevka kəndinə gəlmişdir.

1820-cı illərdə Mirqorod Çar Rusiyasının əldən-ayaqdan uzaq, heç kimin tanımadığı kiçik bir qəsəbə idi. Burada bir neçə əl və su dəyirmanları, yağ emalatxanası, kəndir fabriki və kərpic zavodu var idi. Bu kustar müəssisələrində təhkimli kəndlilər işləyirdilər. Qəza və qəsəbə məktəblərində cəmi 40 nəfər şagird oxuyurdu. Qəza məktəbində təhsil alan 20 şagirdin 19 nəfəri mülkədarların uşaqları, təkcə bir nəfəri vergiçi silk adlandırılan əhali təbəqəsindən idi. Xəstəxanası olmayan qəsəbədə sadə adamların azad şəkildə gedə biləcəyi ictimai yerlər yalnız dörd yeməkxana və dörd kilsədən ibarət idi.

Mirqorod gözəl şəhərdir!.. Siz meydançaya yaxınlaşsanız, onun mənzərəsinə baxıb zövq almaq üçün yəqin ki, bir qədər dayanmalı olacaqsınız: meydançada bir bataqlıq, qəribə bir bataqlıq vardır! Ömrünüzdə belə bir bataqlıq görməmişsiniz. O, bütün meydançanı əhatə edir. Gözəl bataqlıqdır!" - Qoqol, şəhərin ən çox diqqətəlayiq yeri haqqında vaxtilə belə yazmışdı.

Sonralar mineral suları ilə tanınan Mirqorod, hazırda təbii müalicə və kurort-sanatoriya mərkəzlərindən birinə çevrilmişdir.

Mirqorodda Qoqoldan sonra daha bir ədibin abidəsi var. O zaman gürcü poeziyasının klassik şairi, ölməz "Davitiani" əsərinin müəllifi David Georgiyeviç Quramaşvili Qoqolun yaşadığı kəndin qonşuluğundakı Zubovka kəndində yaşayırdı. Ukrayna xalqı onun da xatirəsini əziz tutur. Həmin kənddə şairin yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur. Mirqorod məzarlığında onun qəbri üzərində qara mərmərdən abidə qoyulmuş və mərmərin üstündə bu sözlər yazılmışdır: "Qardaş gürcü xalqının böyük şairi David Quramişvili, 1705-1792".

Qoqolun atası, 80 nəfər təhkimli kəndlisi olan Vasili Afanasyeviç öz mədəniyyəti və savadı ilə başqa mülkədarlardan fərqlənirdi. O, ədəbiyyat və teatr maraqlısı idi. Vasili Qoqol rus dilində şeirlər və Ukrayna dilində komediyalar yazardı. Bu komediyalar ayrı-ayrı mülkədarların evində tamaşaya qoyulardı.

Atasi kimi Nikolay da ədəbiyyata və teatra çox həvəs göstərirdi. O, hələ uşaqlığında Jukovski, Batyuşkov və Puşkinin əsərlərini oxumuş, xalq ədəbiyyatını öyrənmişdi. Şirin, mənalı zarafatları və xoş rəftarı ilə dostları arasında çox sevilən Qoqol, məktəb tamaşalarında komik rollarda çıxış edirdi.

Qoqol ibtidai təhsilini Vasilyevka kəndində, xüsusi evlərdə dərs deyən bir seminariyaçı - müəllimdən almışdı. 1819-cu ildə 10 yaşında ikən atası onu Poltava qəza məktəbinə vermiş, iki il burada oxuduqdan sonra, uzaq qohumları olan zəngin mülkədar Troşinskinin köməyi ilə Nejindəki Ali Elmlər Gimnaziyasına qəbul edilmiş, 7 il burada oxuduqdan sonra, 1828-ci ildə 19 yaşında ikən gimnaziyanı bitirmişdi.

Gimnaziyanın mütərəqqifikirli müəllimləri olsa da, burada tədris üsulunun ümumi qoyuluşu gənc Qoqolu razı salmırdı. Buna görə də Nikolay şəxsi mütaliəni daha üstün tuturdu. Böyük yazıçı məktublarının birində yazırdı: "Əgər mən hər hansı bir şeyi bilirəmsə, bunun üçün ancaq özümə borcluyam".

Nikolay gimnaziyada oxuyarkən kitab gecə-gündüz onun əlindən düşmürdü. O, rəsm sənəti ilə də çox məşğul olurdu. Gimnaziyanın "Zvezda" və "Meteor literaturı" adlı jurnallarında onun şeirləri və hekayələri tez-tez dərc olunurdı. Təəssüf ki, bu ilk yaradıcılıq təcrübələrinin heç biri bizə gəlib çıxmamışdır, ancaq yoldaşlarının xatirəsindən aydın olur ki, gimnaziyaçılar Qoqolun bu ilk yazılarını böyük maraqla oxuyurmuşlar.

1828-ci ildə təhsilini bitirən Nikolay Vasilyeviç, əvvəlcə Vasilyevka kəndinə, oradan da Peterburqa yola düşür. Peterburqda özünə münasib iş tapa bilməyən Qoqol, 1829-cu ildə V. Alov təxəllüsü ilə "Hans Küxelqarten" adlı bir poema nəşr etdirir. Romantik ruhda, təntənəli üslubda yazılmış bu poemaya qarşı ozamankı tənqidin kəskin münasibəti gənc yazıçını müəyyən müddət bədii yaradıcılıq işindən soyudur. Dövlət təsərrüfatı departamentində xırda çinovnik vəzifəsinə girmiş Nikolay, iki il müddətində, demək olar ki, heç bir şey yazmır. Nəhayət, 1830-cu ildə "Oteçestvennıye zapiski" jurnalında Qoqolun ilk müvəffəqiyyətli və ciddi əsəri olan "Basavryuk, yaxud İvan Kupala ərəfəsində gecə" adlı povesti dərc edilir. Bu əsəri ilə özünün bədii yaradıcılıq istedadını göstərən gənc yazıçı, yavaş-yavaş tanınmağa başlayır, ədəbi mühitə qədəm qoyur, dövrün görkəmli yazıçıları və jurnalistlərinə yaxınlaşır. Onun Delviq, Jukovski, Pletnyovla tanışlığı həmin bu dövrə təsadüf edir.

Bu zaman Qoqol Peterburq Universitetində tarix elmləri üzrə professor vəzifəsinə təyin edilir. İlk gənclik yaşlarından tarix elminə çoşğun həvəsi olan Qoqolu bu yeni vəzifə çox sevindirir. O, hələ gimnaziyada oxuyarkən mövzusu tarixdən alınmış "Tverdislav qardaşları" adlı bir povest və "Rusiya tatarların zülmü altında" adlı poema yazmışdı. Bu əsərlər dövrümüzə gəlib-çatmasa da, Qoqolun hələ gəncliyindən rus tarixinə olan marağını təsdiq edirdi. Ədib rus tarixinə ayrı-ayrı knyazların tarixi kimi deyil, xalqın tarixi kimi baxırdı. O zamanlar isə universitetlərdə tarix kursunu həqiqi xəlqilik ruhu əsasında qurmaq mümkün deyildi. Mürtəce dairələr buna etiraz edir və belə dərs aparanları təqib edirdilər. Odur ki, Qoqol bir ildən sonra universitetdə tutduğu kafedranı tərk etməli olur və bundan sonra həyatını ancaq bədii yaradıcılığa həsr edir.

“İvan Kupala" əsərinin müvəffəqiyyətindən ruhlanan gənc yazıçı, bədii yaradıcılıq işi ilə daha ciddi məşğul olur. 1831-ci ilin payızında Qoqolun ikinci mühüm əsəri olan "Dikanka yaxınlığındakı xutorun axşamları" kitabının birinci hissəsi nəşr edilir. Bu əsər geniş oxucu kütləsi və ədəbi ictimaiyyət tərəfindən dərin bir rəğbət hissi ilə qarşılanır. Qeyd etmək lazımdır ki, 1830-1831-ci illərdə Qoqolun görkəmli rus yazıçıları, o cümlədən dahi Aleksandr Sergeyeviç Puşkinlə yaxınlığı və dostluğu onun dünyagörüşünə müsbət təsir göstərmişdir.

Qoqol haqqında ilk dəfə mətbuatda çıxış edən Puşkin olmuşdur. Aleksandr Sergeyeviç Nikolay Vasilyeviçin ilk əsərlərini coşğun bir sevinclə qarşılamışdı. Qoqol hələ ilk əsərləri ilə həm qüdrətli, orijinal bir sənətkar, həm də böyük bir vətəndaş kimi Puşkinin diqqətini cəlb etmişdir. Qoqolun ilk povestləri haqqında Puşkinin qeydlərindən: "İndicə "Dikanka yaxınlığında"nı oxudum. İnsanı heyran edən əsərlərdir. Budur, hər cür sünilikdən, uydurmadan və qondarmadan uzaq olan həqiqi və səmimi gülüş buna deyərlər! Həm də bəzi yerlərində nə qədər gözəl poeziya, nə qədər dərin həssaslıq var! Bunlar bizim indiki ədəbiyyatımızda o qədər fövqəladə bir hadisədir ki, indiyədək mənim heç ağlıma gəlməmişdi... Əhalimizi bu yeni könül açan kitabla təbrik edir, müəllifə isə ürəkdən yeni nailiyyətlər arzu edirəm".

“Dikanka" əsərinin ikinci hissəsi 1832-ci ilin mart ayında çap edilir. Kitaba Qoqolun "Milad bayramı gecəsi", “Dəhşətli intiqam", "İvan Fyodoroviç Şponka və onun xalası, "Tilsimlənmiş yer" adlı povestləri daxil idi. Burada biz realizm ənənələrinin nisbətən gücləndiyini, yazıçının real həyata, ictimai varlığa daha artıq yaxınlaşmış olduğunu görürük. Doğrudur, "Tilsimlənmiş yer", "Dəhşətli intiqam", "Milad bayramı gecəsi" əsərlərində yazıçı dərin xəyala, təxəyyülə dalmışdır, öz qəhrəmanlarını romantik planda açmış, romantik boyalarla səciyyələndirmişdir. Ancaq yazıçı eyni zamanda, real həyat hadisələrinə, xalq məişətinin canlı və maraqlı lövhələrinə, ictimai varlığın ziddiyyətlərinə biganə qalmamışdır. Bunu biz, xüsusilə "İvan Fyodroviç Şponka və onun xalası" adlı povestdə görürük.

Bu əsəri ilə Qoqol ilk dəfə olaraq, xırda mülkədarlar mühitinə etirazını bildirmiş, burada baş verən çirkin və yaramaz hadisələr, bu mühitə hakim olan iyrənc ənənələr fonunda mülkədar həyatının bayağılığını, puçluğunu və mənasızlığını cəsarətlə qələmə almışdır.

Həmin dövrdə Ukrayna həyatı ilə dərindən maraqlanan, xalq məişətini, xalqın milli ənənələrini dərindən öyrənən gənc yazıçıda, eyni zamanda, Ukraynanın tarixi keçmişinə ciddi bir maraq oyanır. O, bu sahədə olan bütün materalları araşdırır, əldə etməyə müvəffəq olduğu bütün tarixi kitabları, sənədləri, xatirə və memuarları gözdən keçirir. Bu məqsədlə Qoqol 1832-ci ilin yayında Moskvaya gedir. Burada professor Poqodinlə, məşhur aktyor Şepkinlə tanış olur. Qoqol Vasilyevkaya qayıdaraq, Ukrayna həyatına aid yeni əsərlər üzərində işləməyə başlayır.

Xalq həyatı ilə dərindən daimi və ardıcıl surətdə tanış olmağa can atmaq həmişə Qoqolu düşündürən əsas vəzifələrdən biri idi. Hələ kamil bir sənətkar olduğu zamanlarda belə, Qoqol xalq həyatı haqqında bildikləri ilə kifayətlənmirdi. Qoqol belə hesab edirdi ki, xalq həyatı ilə müvəqqəti bir zaman üçün olsun belə, əlaqəsini kəsən yazıçı böyük sənət əsərləri yarada bilməz. Bu barədə Nikolay Vasilyeviç tanışlarının birinə yazırdı: "Mənə hələ çoxlu bilik toplamaq lazımdır, mənə Rusiyanı yaxşı bilmək lazımdır... Mənim əzizim, incəsənət böyük işdir... Yaradıcılıq qabiliyyəti böyük qabiliyyətdir".

Puşkin, Qoqol haqqında yalnız yazmaqla, onun istedadını qiymətləndirməklə kifayətlənmədi. Böyük şair gənc yazıçının yaradıcılığını böyük bir müəllim kimi izlədi, Qoqol ilə dostlaşdı, onu yeni, daha böyük əsərlər yazmağa həvəsləndirdi; "Müfəttiş" və "Ölü canlar" kimi ölməz əsərlərin süjetini Qoqola Puşkin verdi.

Çernışevski əsərlərinin birində iki böyük yazıçı arasında olan bu tarixi dostluğu qürurla xatırlayırdı:

“Nə qədər fərəhli bir hadisədir ki, Qoqolu birinci dəfə qiymətləndirən, birinci dəfə onun haqqında mətbuatda çıxış edən, fikir söyləyən Qoqola qədər bizim yazıçılarımızdan ən böyüyü olan Puşkin olmuşdur. Puşkin 20 yaşlı Qoqolu atəşin ürək salamı ilə qarşıladı və özünün xeyirxah məsləhətləri ilə ona yol göstərdi. Qoqol isə sonradan Puşkin şöhrətinin varisi oldu. Puşkin Qoqolu yalnız bir yazıçının yazıçını qarşılayıb təsdiq etməsi ilə kifayətlənmədi. Puşkin Qoqola, hər şeydən əvvəl, bir insan kimi yanaşdı, bir insan kimi əlindən nə gəldisə, insandan əsirgəmədi. Belə şeyləri xatırlayanda, adamın ürəyi dağa dönür, isinir, şadlıq və fərəhlə çırpınıb döyünür".

“Dikanka yaxınlığındakı xutorun axşamları" povestlərinin çoxunun mövzu və süjeti Ukrayna həyatından və Ukrayna folklorundan, xalq rəvayətlərindən, nağıl və əfsanələrdən alınmışdı. İnsanı heyrətə salan gözəl təbiət təsvirləri, Ukraynanın cazibəli may gecələri, Dnepr sahillərinin gözəl mənzərələri, bunlarla birlikdə köhnə məişət qalıqları, artıq unudulmağa başlanan adət-ənənələrin təsviri bu povestlərdə əsas yer tuturdu. İnsanı həyata, yaşamağa, yeniliyə, mübarizəyə səsləyən incə, fərəhli bir komizm bu əsərlərdə xüsusi yer tuturdu.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

Publisist-politoloq

 

Həftə içi.- 2017.- 1 mart.- S.4.