Qoqolun yaratdığı obrazlar

rus həyatı qədər ölməzdir

 

Dünya şöhrətli yazıçı Nikolay Vasilyeviç Qoqolun əbədiyyətə qovuşmasından 165 il ötür

 

(Əvvəli ötən saylarımızda)

 

1911- ci ildə Azərbaycanın görkəmli maarifpərvər şairi Abbas Səhhət inqilabçı satirik Sabir yaradıcılığı haqqında yazdığı ayrıca məqaləsində QoqolaRus ədiblərinin məşahirindən və göz yaşlarının arasından gülən" bir yazıçı kimi qiymət verirQoqol, Saltıkov - Şedrin kimi böyük rus realistlərilə Sabirin yaradıcılıq xüsusiyyətlərini müqayisə etməyin mümkün olduğunu yazırdı. “Sabir" adlı şeirində isə A.Səhhət ölməz satirikin öz sənəti və sənətkarlıq xüsusiyyətlərilə Qoqolu yad etdiyini göstərirdi:

 

Sabir, ey aləmi-xəlqə tərcüman!

Ey hər anda kasə-kasə zəhr udan!

Ey qoca bir qövmə ağlarkən gülən,

Naləsilə xalqı dağlarkən gülən,

Şeirdə tərhi-növ icad eylədin,

Qoqolu, Hüqoları yad eylədin.

 

Qoqol həqiqətən də rus xalqının tarixi inkişafında ən xeyirxah, ən faydalı adamlardan biri, doğma xalqının ictimai şüurunun qüvvətlənməsi yolunda misilsiz xidmətlər göstərən vətənpərvər sənətkar olmuşdur. Onun Rusiyaya müraciətlə dediyi və epiqrafa çıxardığım sözləri öz doğma vətəninin və xalqının əzəmətinə, qüdrətinə inanan bir yazıçının ürəyinin dərinliklərindən gələn sədasıdır.

Təəssüf ki, tarix boyu əqidə və məslək adamlarının əqidəsizlər və məsləksizlərin təzyiqi, fitnəsi, təqibi altında yaşaması onların normal həyat tərzini poza, sağlamlıqlarında ciddi problemlər, psixoloji durumlarında gərginliklər, sarsıntılar yarada bilirdi. Qoqol haqqında yazılan "Yazıçı üzücü bir əsəb xəstəliyinə tutulur. Onun səhhəti getdikcə pisləşir" cümlələrini oxumaq bu görkəmli simanın yaradıcılığını sevən bir oxucu kimi mənim üçün çox ağır idi. Düşünürdüm ki, doğrudan da poladdan, qayalardan möhkəm ola bilən insan, bəzən çiçəkdən də zərif ola bilirmiş. Çoxsaylı düşmən öz çirkin məqsədinə nail olmaq yolunda bütün qüvvələri ilə yetkin məfkurə sahiblərinə hər cür fitnələr işlətməyə hazır olur. "Qara əllər" dahilərin ailələrinə belə uzanır, fiziki və mənəvi cəhətdən sıradan çıxarmaq üçün məhz doğmalarının əli ilə onlara görünən və görünməyən zərbələr hazırlanır. Yada salaq, məgər böyük Puşkinin məhz namusunu ləkələmək yolunda yaradılan söz - söhbətlər onu "ölüm meydanı" na sürükləmədimi?; 13 uşaqlı ailənin başçısı, ahıl vaxtında evindən uzaq düşüb, 48 il birgə yaşadığı həyat yoldaşına vida məktubunda "dalımca gəlmə!" nidası dünya şöhrətli Lev Tolstoyun keçirdiyi sarsıntıların "bəhrəsi" deyildimi?

Müxtəlif millətlərin ədəbi aləmindən bu cür hadisələrin siyahısını uzatmaq olar. Lakin doğma Azərbaycan xalqının azadlığı, işıqlı sabahı naminə haramzadələrə qarşı mübarizə yollarında çarpışaraq, varlığından keçməyə hazır olan elə Sabirin özünü xatırlatmaq məni daha çox düşündürür. Odur ki , zəruri bir haşiyəyə çıxmağa özümü borclu hesab edirəm.

1905 - ci ildə Rusiyada "Həyat" adlı birinci gündəlik müsəlman qəzeti nəşr ediləndə, Mirzə Ələkbər Sabir öz əsərlərini həmin qəzetdə çap etdirməyə başlayır. Bir qədər sonra "Molla Nəsrəddin" jurnalı işıq üzü görür, Sabir "Hophop" imzası ilə öz satirik şeirlərini burada dərc etdirir.

Sabirin fanatizmə, təkrar edirəm, fanatizmə qarşı çıxışları Şamaxıdakı mənsəb sahibləri və onların havadarlarının xoşuna gəlmirdi. Mövhumatçı mollalar onu dinsiz adlandırır və şairi hər yerdə, hər vasitə ilə təqib edirdilər. Buna görə də jurnalın hər nömrəsində şair imzasını dəyişməli olurdu.

Şamaxıda gözümçıxdıya salınan şair, köçüb Bakıya gəlir. Burada onu "Həqiqət" qəzetində işləməyə dəvət edirlər. Sabir "Taziyanə" sərlövhəsi altında dərc etdirdiyi kiçik şeirləri ilə cəmiyyətin nöqsanlarını hər gün yorulmadan qamçılayır...

Açıqfikirli Sabirin müharibə etdiyi - cəhalət və xürafat idi. O cəhalət və xürafat ki, milli şüurun qarşısında əsrlər boyu qorxulu maneə kimi dayanmış, xalqı özünü bir millət kimi dərk etməyə qoymamışdı. Sabirin amalı, istəyi, arzusu nə idi?Xalqını düşdüyü vəziyyətdən xilas etmək. Buna yol axtarmaq. Onun şeirləri həm özünün şəxsi tərcümeyi-halı idi, həm də doğma xalqının.

C. Məmmədquluzadə 1911-ci ildə "Molla Nəsrəddin" jurnalının 15-ci və 16-cı nömrələrində sevimli şairimizin ağır xəstəliyə tutulması barədə məlumat dərc edir. Mirzə Cəlil bu məlumatda Sabirin böyük bir şair olduğu halda, maddi cəhətdən olduqca çətin vəziyyətə düşdüyünü, gündəlik məsrəfə belə möhtac olduğunu göstərir, öz oxucularını Sabirə yardım etməyə çağırırdı.

Sabir "Molla Nəsrəddin"də çıxış etdiyi müddətdə Mirzə Cəlil imkanları daxilində hər ay gizli olaraq ona pul göndərirdi. Amma ədib vəsaiti açıq - aşkar şəkildə şairin üstünə göndərə bilməzdi. Çünki o vaxtkı Şamaxı camaatı onu "Molla Nəsrəddin" jurnalı üçün şeir yazdığını bilsəydi, Sabirin fəlakəti ikiqat artıq olardı. Sabir o dövrdəki mövhumatçı Şamaxı camaatının nadanlığından şikayət edər, "Mənim ciyərimi onlar yara ediblər"- deyərdi.

Mirzə Cəlilin ömür - gün yoldaşı Həmidə xanım Məmmədquluzadənin xatirələrindən oxuyuruq ki, Sabir anasını çox sevərdi. Onun ibadət etməsindən, namaz qılmasından, bir neçə dəfə Məşhədə, Kərbəlaya getməsindən və buna görə də Şamaxı qadınları arasında böyük hörmət qazanmış olduğundan danışardı. "O, toya, yasa gedəndə, hamı ona "Həzrəti Fatimə kimi" hörmət göstərərdi" - deyirdi.

Amma şairi dinsiz kimi lənətləyən bir çox ruhani və mollalar, bunlarla yanaşı xalqı ayaqları altında əzməyə hazır olan məmur və çinovniklər Sabiri ləkələmək, gözdən salmaq yolunda hər cür böhtan və yalanlara rəvac verirdilər. Hücumların ardı - arası kəsilməsə də, şair yenə yazırdı. Maddi çətinliklər bir yana, Sabirin həyatı çoxsaylı mənəvi faciələrlə üz - üzə dayanmışdı. Övladlarını ardıcıl itirmiş, 11 uşaqdan 3-ü sağ qalmışdı. Ailəni hər kəsin hücumundam çox, qohum - əqrabaların təzyiqləri incidirdi. Bütün bunlar şairlə canından artıq sevdiyi anası arasında da dərin uçurumlar yaratmış, iş o yerə gəlib çatmışdı ki, ana öz şair balasına südünü halal etmədiyini demişdi. Hətta oğlunun evinə gedib gəlininə " Niyə oturmusan, sən şərən azadsan, o, babıdır, get boşan, mən də südümü ona halal etməyəcəyəm!" hökmünü vermiş, lakin belə sözlərə öyrəşmiş gəlin, qayınanansının qəzəbini səbrlə qarşılamışdı...

Ömrünü, taleyini xalqının səadəti yolunda mübarizə ilə bağlayan bütün mənəviyyat və məfkurə adamları həmişə dövrünün fırtınaları ilə üz-üzə gəlsə də, onlardan gələcək nəsillərə yadigar qalan zəngin irslər bəşəriyyətin tarixində və qəlbində yaşamışdır. Puşkin də, Qoqol da, Lev Tolstoy da, Dostoyevski də, Çernışevski də öz zamanında Sabirdən az təqib olunmamışdılar. Məgər ehtiyac kabusu Belinskini Sibir dəhşətlərindən azmı sıxmışdı? Lakin onların o zaman xalq tərəfindən təqib olunduğunu, başa düşülmədiyini heç bir rus tarixçisi, heç bir rus ədəbiyyatşünası öz əsərində yazmamışdır. Çünki Puşkini, Qoqolu, Lev Tolstoyu, Dostoyevskini, Çernışevskini, Belinskini təqib edən xalq deyil, xalqın düşmənləri idi. Bu ədiblər kimi, Mirzə Cəlillər də, Sabirlər də xalqının, elinin vicdanı və danışan dili idi.

Mirzə Cəlil də,Sabir də sadə, yoxsul insanların əzizi, sevimlisi idi. Zəhmətkeş xalq və xalqı həqiqi mənada təmsil edən təbəqələr həmişə onları dərin bir məhəbbətlə sevmiş, əsərlərini, şeirlərini iftixar hissi ilə oxumuş, yaradıcılıqlarından maariflənərək ilham almış, çətin gündə kömək əlini onlara uzatmış, yazıçılarını mürtəcelərin təqib və təhqirlərindən qorumuşdular...

...Qoqol realizminin qüvvətli mahiyyətini başa düşməyən bəzi tənqidçilər də ölməz sənətkara böhtanlar atır, onu ədəbiyyatı "tənəzzülə aparmaqda" və "zibilləməkdə" ittiham edirdilər. Lakin Qoqol bütün bu hücumlara sinə gərərək öz üzərində daha inadla çalışırdı. Böyük realist həmişə nə məqsədlə, nədən və kimin üçün yazmaq məsələsini qarşısına qoyur, təsvir etdiyi hadisə və sürətlərin real və canlı olması üçün həyatı daha mükəmməl öyrənirdi.

Ucsuz-bucaqsız Rusiyanın hər yerində-Peterburqun kübarlar toplaşan zəngin saraylarından tutmuş ucqar əyalətlərinə qədər hər yerdə realist sənətkarın mövcud qayda-qanunlara, cəhalət və avamlığa qarşı yönəldilmiş arasıkəsilməz qəhqəhələri eşidilməkdə idi.

Böhranlı bir ruhi vəziyyət içərisində Rusiyanı tərk etməsinə, səyahət zamanı Rusiyanın həsrətilə çırpınmasına baxmayaraq, Qoqol Almaniya, İsveçrə, Fransa və İtaliyanın bir çox şəhərlərini gəzərkən böyük bir məqsədlə yaşayırdı. Hələ Rusiyada ikən Qoqol özünün şah əsəri olan "Ölü canlar" üzərində işləməyə başlamış, hətta kiçik bir parçanı Puşkinə oxumuşdu. Vətəndən ayrılıq Qoqol üçün son dərəcə ağır olsa da, "Ölü canlar" üzərində böyük həvəslə işləyirdi. Bununla, o, özünü daim Rusiyada hiss edirdi. Onun bütün fikri- zikri Rusiya idi. O, Rusiyanı öz qəlbində duyur və etiraf edirdi ki, onun qələmi yalnız Rusiyadan yazmaq üçün yaranmışdır. Ayrılıq illərində Qoqol Rusiyanı daha dərin, daha qüdrətli bir məhəbbətlə sevərək, onun taleyi barədə yorulmadan düşünürdü. O, Rusiyanın yalnız eybəcərliklərini deyil, onun əzəmətini, qüdrətini də görür, böyük gələcəyə malik olduğuna ürəkdən inanırdı.

Yazıçı xaricdən göndərdiyi məktublarından birində yazırdı: "Rusiyada bir yığın iyrənc sifətlər var ki, onlara baxmağa artıq mənim səbrim qalmadı. Indi isə mənim gözümün qabağında duran qürbət ölkədir. Dörd tərəfim qürbətdir: lakin ürəyimdə isə Rusiya - təkcə gözəl Rusiya yaşayır... Mənmi vətənimi sevmirəm? Mənim Rusiyaya məhəbbətimin hüdudu yoxdur...".

N. V. Qoqol öz yaradıcılığı ilə rus klassik realizminin həqiqi inkişafına təkan verirdi. Xalqa xidmət etmək məqsədilə həyata atılmış və A. S. Puşkin tərəfindən tərbiyə edilmiş Qoqol, öz əsərlərində dövrünün çirkinliklərini təsvir etməyə bilməzdi. Qoqol mütləqiyyət Rusiyasının bütün zillətlərini çəkinmədən ifşa edən, hər addımda öz xalqının taleyinə acıyan, vətəni ilə nəfəs alan, qəlbi ucsuz - bucaqsız Rusiyanın mütləqiyyətin qanlı pəncəsindən xilas olması arzusu ilə çırpınan vətənpərvər bir yazıçı idi.

Qoqolun "Ölü canlar"ı dövrü üçün son dərəcə böyük əhəmiyyətə malik bir əsər idi. Bu əsər Gertsenin qeyd etdiyi kimi, çar Rusiyasını möhkəm sarsıtdı. Yazıçının əsərdə ustalıqla təsvir etdiyi Manilov, Karoboçka, Nozdrev, Sabakeviç, Plyuşkin, Çinikov kimi mülkədar sürətlərinə biz ona qədər olan heç bir yazıçının əsərində təsadüf etmirik. "Ölü canlar"da Qoqol hakim siniflərin həyat və adətlərini "Müfəttiş"də olduğundan daha dərin və daha ətraflı bir şəkildə təsvir etmişdi.

Puşkin dostunun yaradıcılığından vəcdə gəlməkdə idi:"Ölü canlar"da Qoqol qəti olaraq malorus elementlərindən ayrıldı və sözün geniş mənasında rus milli yazarına çevrildi: oxucu onun bu əsərinin hər sözünü oxuyarkən deyə bilər ki: "Burada rus ruhu var, rus nəfəsi vardır".

“Mübaliğəsiz demək olar ki, "Ölü canlar" süstlüyə qapılmış müasir rus ədəbiyyatını canlandırdı"- deyə Belinski Puşkinin sözlərini təsdiq edirdi.

Qoqolun yazdıqlarından: "İlk mətbu əsərlərimdə nəzərə çarpan şən əhval - ruhiyyənin əsas səbəbi müəyyən mənəvi ehtiyacımla bağlı idi. Məndə özümə aydın olmayan kədərəqapılma halları görürdülər ki, bu da ola bilsin xəstə vəziyyətimdən irəli gəlirdi. Özümü əyləndirmək üçün bacardığım qədər gülməli əhvalatlar düşünüb uydururdum. Lakin Puşkin məni məcbur etdi ki, bu məsələyə ciddi baxım. O, çoxdan idi məni böyük əsərlər yazmağa həvəsləndirirdi. Nəhayət, bir dəfə ona bir səhnə oxudum; bu, Puşkini indiyə qədər oxuduqlarımın hamısından çox valeh etdi və sonra mənə dedi: "Necə ola bilər?.. Bu cür bacarığın ola, özün də böyük əsər yazmağa cəhd göstərməyəsən! Bu, günahdır!". Sonra o, mənə Servantesi misal çəkdi: "Servantes bir sıra çox gözəl povestlər yazsa da, "Don Kixot"u qələmə almasaydı, yazıçılar arasında indi tutduğu yeri heç zaman tutmayacaqdı".

Bütün bunlardan sonra Puşkin poema səpkisində bir şey yazmaq istədiyi və özünün dediyinə görə, məndən başqa heç kəsə verməyəcəyi bir süjeti mənə verdi. Bu, "Ölü canlar"ın süjeti idi. Bu dəfə artıq mən özüm də ciddi düşündüm; həm də qarşıdan ömrümün elə illəri gəlirdi ki, belə vaxtlarda insan hər hansı hərəkətinin səbəbini bilmək istəyir: bu işi niyə və nə üçün görürsən?".

O, İtaliyada olduğu zaman "Ölü canlar" üzərində gərgin işləməyə başlayır. Eyni bir fəsli yazıçı dönə - dönə təshih edib dəyişdirir, yenidən köçürür, sonra onu da kənara qoyub, yeni bir variant yaradır.

Bu zaman Qoqol sevimli Puşkinin ölüm xəbərini alır. Dahi şair I Nikolayın fitnəsi ilə öldürülmüşdü. Bu ağır itki Qoqolu dərindən kədərləndirir. Dostlarının birinə yazdığı məktubda o, öz kədərini izhar edərək deyirdi: "Mənim həyatımın bütün sevincləri, mənim bütün yüksək zövqlərim, həzzlərim onunla birlikdə məhv oldu. Mənim indi üzərində çalışdığım əsər ("Ölü canlara işarədir- R.Mirzəzadə) onun eşqi ilə yazılırdı...Məndə artıq onsuz bu əsəri davam etdirmək qüvvəsi yoxdur. Neçə dəfə qələmi əlimə götürmüşəmsə də, əlimdən düşüb. İfadə edilməsi mümkün olmayan ağır bir dərd!".

Üç illik ayrılıqdan sonra yazıçı Rusiyaya qayıdır. "Ölü canlar"ın ilk altı fəslini dostlarına oxuyur. Romanın həyatiliyi və orijinal obrazları hamını heyran edir. Bu əsər üzərində işini davam etdirməklə bərabər, Nikolay Vasilyeviç "Evlənmə" adlı yeni bir komediya üzərində də çalışır.

"Ölü canlar"ın çapdan çıxması mürtəce dairələrin "Müfəttiş"dən daha çox hiddətlənməsinə səbəb olur. Gertsenin qeyd etdiyi kimi, bu əsər bütün Rusiyanı lərzəyə salır. Çarizmin nökəri olan qaragüruhçu ədəbiyyatçılar yenidən Qoqola hücuma keçirlər. Bunun əksinə olaraq, "Ölü canlar"ın çapdan çıxması rus cəmiyyətinin qabaqcıl simaları üçün fərəhli hadisəyə çevrilir. Müəllifin özü bu əsərinə müstəsna əhəmiyyət verirdi. O, burada bütün Rusiyanı bitkin şəkildə, geniş epik planda təsvir etmək, həmçinin onun gələcək inkişaf yolunu da işıqlandırmaq fikrində idi. Qoqol Jukovskiyə məktubunda yazırdı: "Əsərim böyük və genişdir, həm də tez yazılıb qurtarmayacaqdır. Hələ çox-çox yeni təbəqələr və cürbəcür ağalar mənim əleyhimə üsyan qaldıracaqlar. Lakin nə etməliyəm? Taleyin hökmü ilə mən öz həmvətənlərimlə (yazıçı tənqid etdiyi hakim istismarçı sinifləri nəzərdə tutur -R.Mirzəzadə) düşmənçilik etməliyəm.

Qoqol rus zadəganlığını demək olar ki, hərtərəfli öyrənmişdi: o həm mülkədar zadəganları, həm də mənfur zadəganları təsvir etmiş, aşağıdan yuxarıya - qəza, quberniya və paytaxt zadəganlarının sürətlərini yaratmışdı. Tipik olmayan bir hadisəni və ya xarakteri təsvir edərkən Qoqol həmin hadisədə rus zadəganlarının və üstəlik tufeyli və avarların bütün dərəcələri üçün tipik olan cəhətləri aşkara çıxarmağa, hər bir surəti ətraflı şəkildə ümumiləşdirmə həddinə çatdırmağa çalışırdı.

“Ölü canlar"ın birinci hissəsi üzərində işləməyə aid qeydlərin birində o, yaddaş üçün yazmışdı:

“Bütün növdən olan avarıçılıq mühitlərini şəhər avaraçılğına oxşarlıq səviyyəsinə necə endirməli və şəhər avaraçılığını avaraçılıq mühitinə necə qaldırmalı?"

Və elə oradaca əlavə edirdi:

“Bunun üçün bütün oxşarlıqları birləşdirməli və tədricən hərəkətə gətirməli".

Elə buna görə də Qoqolun yaratdığı əsərlər nəinki yazıçının təsvir etdiyi və artıq indi mövcud olmayan keçmiş rus gerçəkliyini ifşa edirdi, hətta zəmanəmizdə də dünyanın bütün müasir Manilovlarının, Xlestakovlarının, Bobçinsklərinin, Dobçinsklərinin və başqa obrazlarının xarakter və hərəkətlərində istismarçı cəmiyyətləri rüsvay etməkdədir.

Boş xəyallara qapılan, avara və tənbəl Manilov, kütbeyin, yırtıcı qolçomaq Sobakeviç, yalançı, davakar və kefcil Nozdryov, insan simasını itirmiş xəsis və murdar Plyuşkin... Bunlar kimi mənəviyyatsız, yaramaz, ləyaqətsiz və məsləksiz adamlar milyonlarla təhkimli kəndlilərin zalım, iyrənc və yırtıcı ağalarıdır. Yazıq kəndlilər öz dözülməz, zülm dolu əməkləri ilə onların puç və tüfeyli həyatlarını təmin etməyə, onları necə deyərlər, "donuz kimi bəsləməyə" məcburdurlar.

Bu aləm özü -özlüyündə ölü canlar yığınağı idi. Lakin yazıçı bu aləmin alt- üst olub, Rusiyada yeni bir sağlam dünyanın qurulacağına, rus elinin xoşbəxt gələcəyinə əmin idi. "Ölü canlar" əsərinin birinci cildinin sonunda Qoqol Rusiyanı belə təsvir edirdi: "Rusiya, sən hara belə uçursan, cavab ver?! Zənglər ətrafı füsunkar səslə doldurur, küləyin parça - parça etdiyi hava uğuldayır, torpaqda nə varsa, qopub kənara uçur, bütün başqa xalqlar, dövlətlər əyri - əyri baxaraq, Rusiyaya yol verirlər". Qoqol öz mövzularını xalq həyatından götürdüyü kimi, öz xalqını dərin məhəbbətlə sevdiyi kimi, onun dilini də sevir, rus dilinin bütün incəliklərindən istifadə edir, ədəbi dili mahir bir usta kimi gözəlləşdirir və cilalandırırdı.

Zaman-zaman insan öz insanlığından məhrum edilsə, əgər o, düşünə bilirsə, bu gün olmasa da, sabah o, öz haqqı uğrunda mütləq mübarizəyə qalxacaqdır. Kəlam var, haqqını dərk edən qul, artıq qul deyildir, üsyançıdır. Rus insanı həmişə düşünə bilən və adı böyük hərflə yazılan İnsan olmuşdur. Elə bir insan ki, çarizm onu ömürlük qula çevirə bilməzdi. Puşkin və Qoqol kimi xalqın mənəvi kökündən qidalanıb və sözü, fikri atom bombalarından güclü olan şair və yazıçıların təkanı ilə rus xalqı insanlığı, azadlığı və işıqlı sabahı uğrunda üsyançı xalqa çevrildi. 1825-ci ilin sonunda Rusiyada baş verən dekabristlər üsyanı ideoloji baxımdan heç də yatırılmış üsyan olmadı.Bu üsyan rus insanının şüurunda, əqidəsində anbaan güclənib, genişlənib, Rusiya tarixinə öz diqtəsini və hökmünü verdi. Çünki əzilən rus xalqı mənən dikəldi. Milli şüuru oyandı, öz milli varlığını bir daha dərk etdi. Əzən çarizm isə bircə şeyi unudurdu:əzdiyi qədər də özünə müqavimət hazırlayırdı. Unudulmaz Hüseyn Cavid 1917-ci il inqilabından sonra özünün "Şeyda" pyesində : "İştə inqilab marşı! Nihayət, istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu.İştə səadət günəşi parlayır, hürriyyət pərisi gülümsəyir.Bu gün məzlumlar üçün ən şərəfli bir bayram, zalimlər üçün isə qorxunc bir inqilab günüdür"-deyir.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist-politoloq

 

Həftə içi.- 2017.- 4-6 mart.- S.4.