“Ürəklərdə
axtarın” kitabı
Atatürk Mərkəzində təqdim olundu
Nəriman Həsənzadə: «Biz
yaxın gələcəyin şöhrətli ürək cərrahını
itirdik”
Atatürk Mərkəzində Azərbaycanın
ilk invaziv-kardioloqu doktor Cavid Həmişəyevin xatirəsinə
həsr olunmuş yazıçı Səbinə Yusifin
yazdığı “Ürəklərdə axtarın”
kitabının təqdimat mərasimi keçirilib.
Xatırladaq ki, tibb elmləri üzrə fəlsəfə
doktoru Cavid Həmişəyev 1977-ci ildə Bakı şəhərində
doğulub. 1983-cü ildə Nizami rayon 12 saylı tam orta məktəbin
1-ci sinfinə daxil olub.
8-ci
sinfi adıçəkilən təhsil ocağında bitirdikdən
sonra, təhsilini Bakı şəhər kimya-biologiya təmayüllü
liseydə davam etdirib. 1993-cü ildə adıçəkilən
liseyi əla qiymətlərlə bitirən Cavid Həmişəyev
sonradan təhsilini Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika
fakültəsində davvam etdirib. 1999-cu ildə sözügedən
təhsil müəssisəsini fərqlənmə diplomu ilə
bitirərək, təyinatla akademik M. A.Topçubaşov
adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunda həkim
kimi fəaliyyətə başlayır. Sonra
dünyaşöhrətli alim-həkim doktor Cavad Heyətin təkidi
ilə İran İslam Respublikasının paytaxtı Tehran
şəhərində fəaliyyət göstərən
İmam Xomeyni adına Tibb Elmləri Universitetinin Xəstəxana
Kompleksində həkim-rezident vəzifəsinə qəbul
olunur. Bir müddət burada fəaliyyət göstərən
Cavid Həmişəyev təhsilini Türkiyənin Samsun
şəhərindəki “19 Mayis” Unversitetində Uzman kimi davam
etdirir. 2008-ci ilin yanvarından Azərbaycan
Respublikasının Prezidenti Yanında Xüsusi Tibb Xidmətinin
Mərkəzi Klinik Xəstəxanasında həkim-kardioloq
kimi fəaliyyət göstərir. 2011-ci ildə isə
alim-kardioloq kimi, ATU-nun Tədris Terapevtik Klinikasında
anjioqrafiya şöbəsinin müdiri təyin edilir. C. Həmişəyev
Beynəlxalq Kardioloqlar Cəmiyyətinin və bir çox
ölkələrin Kardiologiya cəmiyyətlərinin
üzvü olmaqla, Azərbaycanda ilk invaziv-kardiolq kimi
calışıb. O, 2012-ci ildə tibb üzrə fəlsəfə
doktoru elmi dərəcəsi adını alıb. 25 may
2013-cü il tarixində gənc dünyaşöhrətli alim
sifarişlə, vəhşicəsinə qətlə yetirilib.
Tədbiri
giriş sözü ilə açan Atatürk Mərkəzinin
rəhbəri, millət vəkili professor Nizami Cəfərov
bildirdi ki, Cavid kimi bir oğul ürəyi dünya boyda
geniş atasını - Zaməddin Ziyadoğlunu bu qədər
naçar, sorğu-suallar qarşısında qoymamalı idi:
«Zaməddin müəllim neçə aydır məndən
xahiş edir ki, Cavid haqqında bir söz yazım. Mən də
neçə aydır ki, “sabah yazacam” deyirəm. Gəlirəm,
otururam stolun arxasında... Hamıdan, hər şeydən
yazıram... bir Caviddən başqa... Deyək, yazdım ki,
gözəl cərrah-ürək həkimi idi, tibb elmləri
üzrə fəlsəfə doktorluğunu təzəcə
müdafiə eləmişdi, böyük uğurları, ondan
da böyük perspektivləri vardı... Deyək, yazdım
ki, çox istiqanlı, təmkinli, təvazökar bir
oğlan idi... Deyək yazdım... və yazıram... Ancaq bu
yazı, yaxud yaza-yaza düşündüklərim Zaməddin
müəllimə bir narahatlıq gətirəcəkmi?..
Övlad itkisi həmişə ağırdır. Cavid kimi bir
oğlun itkisi isə daha ağırdır... Ona təkcə
ürəyi ilhamla, yaradıcılıq eşqi ilə dolu, xəyalı
göylərdə gəzən, övladının hər
uğuruna romantik bir şair qəlbi ilə sevinən
atanın yox, hər bir adi ürək xəstəsinin
ehtiyacı vardı. Zaməddin müəllim! Cavidi ürəklərdə
axtar”.
Xalq
şairi Nəriman Həsənzadə də Cavidlə
bağlı xatirələrindən söz açdı: “Nəvəmin
ad günündə sonuncu dəfə görüşdük.
Qucaqlayıb üzündən öpdüm. Səmimi, mehriban,
istiqanlı bir gənc, ziyalı idi Cavid. Dostum, eloğlum daşsalahlılı
Bəkir Əyyubovun ürəyində uğurlu cərrahiyyə
əməliyyatı aparmışdı. Mənim ürəyimi
də müalicə edirdi Cavid. Xəstəxanada yatanda Cavid
otağa daxil olub mənim əhvalımı soruşanda deyərdim:
“Cavid, inanın ki, ürəyim sənin səsini eşidən
kimi, 15 yaşında cavan ürəyi kimi gəncləşir,
ağrıları gedir”.
Yaxın
gələcəyin şöhrətli ürək cərrahını
itirdik. Yüksək ailə tərbiyəsi, ali məktəb təhsili
görmüş bir gənc alimə, xarici ölkələrə
cərrahiyyə əməliyyatı üçün dəfələrlə
dəvət alan yeniyetmə azərbaycanlı oğluna qəsd
etdilər!”.
Millət
vəkili YAP Qaradağ Təşkilatının sədri
Aydın Hüseynov anasının ürək
ağrılarından tez-tez şikayətləndiyini və
onun müayinə olunması üçün Mərkəzi
Klinik Xəstəxanaya müraciət etdiyini, orada onları
Cavid adlı həkimə yönəltdiklərini söylədi:
“Bizi mehriban qarşılayan həkim anamla səmimi söhbət
etdi. Anamın ləhcəsindən nə hiss etmişdisə,
həkim də anamla elə bu ləhcə ilə
danışmağa başladı və ürək
ağrıları ilə bağlı sorğu-sual etdi. Uzun
söhbətdən sonra, nəhayət, anam ürəyindən
əməliyyat olunmasına razılıq verdi. Halbuki əvvəllər
əməliyyat olunmağına anam qəti şəkildə
etiraz edirdi. Həkim anamı necə razı saldı, bu mənə
də çox qəribə gəldi. Anamın ürəyində
aparılan əməliyyat çox uğurlu alındı.
Cavid kardiologiya sahəsində ən peşəkar həkim
idi. Baxmayaraq, cavan idi, amma o, tibb sahəsinə çox
böyük yeniliklər gətirdi”.
Qohumlar
adından Tofiq Mansurov, proffessor Valeh Nəsibli, filoloq-alim Yusif
Afşar, “İTV”nin əməkdaşı Akif Cabbarlı və
həkim dostları çıxış edərək, kitab
haqqında öz ürək sözlərini bildirdilər.
Sonra
Cavid Həmişəyevin atası, şair Zaməddin
Ziyadoğlu tədbir iştirakçılarına və
kitabda xatirələrlə çıxış etmiş hər
bir şəxsə, ziyalıya, eləcə də əziyyət
çəkib bu kitabın ərsəyə gəlməsində
əməyi olan yazıçı Səbinə Yusifə
öz minnətdarlığını bildirdi...
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2017.- 14
mart.- S.4.