Cocuq Mərcanlının yenidən "doğuluşu"
Bu
dəfə yolumuz Cocuq Mərcanlıyadır – böyük
qayıdışın ilk qaranquşu və 24 ildir
işğal altında olan Cəbrayılın əlimizdə
olan yeganə kəndinə. Bəri başdan deyim ki, Cocuq Mərcanlıya
səfər xaricdə yaşayan həmvətənlərimizin,
oradakı diaspor üzvlərimizin təşəbbüsüdür. Əsas təşkilatçılardan
biri də Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri
Toğrul Allahverdili və Diaspor Jurnalistləri Birliyindən
Fuad Hüseynzadə və Siyavuş Əmirli idi.
Polşadan Nail Əhməd, Hollandiyadan Elxan Mirhəşimli də Cocuq Mərcanlını görməyə tələsənlərdən idi. Bir də yerli QHT və ictimaiyyət nümayəndələri, jurnalistlər yaraqlanıb-yasaqlanıb Bakının Şəhidlər Xiyabanından yol başladıq. Özü də beş saat yarımlıq yolu əvvəlcədən göz önünə alaraq.
Bizimlə ikinci doğuluşundan sonra Cocuq Mərcanlıya ilk dəfə ayaq basacaq iki azyaşlı da vardı; Siyavuş Əmirlinin iki övladı - Pünhan və Nihat Əmirlilər...
Bu həm də Siyavuş müəllimin cəbhə bölgəsində ailə-uşaqla yaşamağa ehtiyat edənlərə bir ismarış idi: İşğaldakı torpaqları gələcək nəsil üçün azad edəcəyik, düşmənlə üzbəüz yaşamaqdan çəkinmək də türklüyə yaraşan xüsusiyyət deyil.
Mənsə jurnalist kimi işlədiyim hafta.az portalını və Dünya Gənc Türk Yazarlar Birliyini (DGTYB)ni təmsil edirdim.
Yolüstü
intihar xəbəri...
Bizimlə Cocuq Mərcanlını ziyarətə gedənlər arasında jurnalist Çingiz Özgür də vardı. Azneft dairəsində avtobusdan səssiz-səmirsiz düşəsi oldu. Arxa cərgələrdə oturanlar növbəti siqaret fasiləsinə qədər nəyin baş verdiyini anlamadıq. Qobustan ərazisində öyrəndik ki, gənc yazar Mövlud Mövlud gecə özünü 17-ci mərtəbədən ataraq intihar edib. İki siqareti ard-arda caladım. Mövludla təxminən üç həftə əvvəl "28"dəki çayxanaların birində aramızdakı qısa bir dialoq gözlərimin önündən keçdi:
- Nə var, nə yox?
- Qaydasında, sağ ol.
- Nə yenilik var?
- Hekayələrim rus, özbək, ispan dilinə çevrilib. Ssenari var əlimdə... Ardını yazmıram...
Hər şeyi yarımçıq qaldı. Yaşına görə uğurları böyük idi. Ədəbiyyata eyni vaxtda gəlmişdik, həm də həmyaşıd idik. Sadəcə, getdi. Saf adamların intiharına inanmaq çətin olur, vəssalam. Yaradan günahlarını bağışlasın, Mövlud.
Yolumuza davam edirik. Şirvan, Sabirabad, İmişli... Hər
yarım, bir saatdan bir bizi Cocuq Mərcanlıya aparan yolun
üzərindəki rayonların adları sürətlə gəlib
gözümüzün önündən keçir. Həyəcan isə Füzuliyə girişdən
başladı.
Araz baxır qıyqacı...
Yolumuz İranla sərhəddin düz dibindən
keçir. Birdən bələdçimiz deyir ki, bu da Araz
çayı. Arazın üzərindəki
bəndin üstündən adlayırıq. Hamı
avtobusun pəncərələrindən
ayrılığın simvoluna çevrilmiş çaya elə
baxır ki... Kövrələni, şeir
söyləyəni də var. DGTYB-ni təmsil edən Emil
Rasimoğlu ilə Ramin Kolçak ədəbiyyatımızda
Arazla bağlı sinələrində nə ayrılıq
şeirləri vardısa səsləndirdilər. Araz isə
gözümə bir az dayaz, bir az da
qıyqacı baxışlı bir gəlin kimi
görünür, sanki... Araz arxada qalır.
Sonra
Füzulinin kəndləri sıralanır pəncərələrimizdə;
Kürdmahmudlu, Dilağarda, Arayatlı, Aşağı Veysəlli...
Beş saatlıq yol getməyimizə baxmayaraq,
heç kimdə yol yorğunluğu müşahidə olunmur.
Hamı Cocuq Mərcanlıya hələ nə qədər
var, axşam olmamış gedək görək deyir.
Üçrəngli bayrağın ətəyindəki
Horadiz...
Horadizdə bizi Cocuq Mərcanlının sahə müvəkkili
və "N" saylı hərbi hissənin yüksək
rütbəli zabitləri qarşılayır. Görüşürük,
söhbətləşirik. Deyirlər ki,
Cocuq Mərcanlı üçün daha təhlükə
yoxdur. Lələtəpə yüksəkliyi
artıq milli ordumuzun nəzarətində olduğu
üçün böyük qayıdışın ilk sakinləri
bu kənddə güllə altında yaşamayacaqlar.
Fürsətdən istifadə edib Horadizdəki
mağazalardan birinə daxil oluruq. Əsgərlərə
Novruz payı-şirniyyat almaq üçün. Mağazada gündəlik lazım olan hər
şeyin olduğunu görürük. Paytaxtdakı
supermarketlərdən heç nə ilə fərqlənməyən
alış-veriş köşkləri yanbayan
düzülüb.
Şəkil çəkdirən, selfie edənlər
işlərini qurtardıqdan sonra avtobusa minərək
qarşıda milli ordunun hərbi maşınının
müşayiəti ilə son 5 kilometr yolumuzun axırına
çıxmağa başlayırıq. Torpaq yolda
avtobusumuz asta sürətlə hərəkət edir. Relsləri paslanmış
Füzuli-Minicivan-Naxçıvan dəmir yolunun üzərindən
adlayırıq.
Yolun
sağında bir vaxt qaçıqınların yuvası
olmuş soyuq və paslı dəmiryolu vaqonları, müharibənin
alovundan sıyrıla bilməyən, daşı-daş
üstə qalmayan evlərin uçuqları, barıtın
hisi-pası hopmuş yarımçıq evlər... Birdən qarşımıza təmirli bir məscid
çıxır. İlahiyə
şükür oxuyub yanından keçirik. Bütün bunlar bizi Cocuq Mərcanlıya aparan yolun
üzərindədir.
...və Cocuq Mərcanlı
2016-cı ildəki Cocuq Mərcanlı ilə indiki kənd
arasında çox fərq var. Xəbər hazılayarkən
internetdən götürdüyümüz fotoşəkillərdəki
kənd artıq tarixə qovuşub. Cəbrayılın əlimizdə
olan yeganə parçası indi tikinti meydançasını
xatırladır.
Bizi sement qarışdıran maşınlar, kranlar, evlərin
bünövrəsi üçün qaynadılan qır vedrələri
və ölkəmizin dörd bir tərəfindən olan
tikinti işçiləri. Onlar Cucuq Mərcanlını
ikinci dəfə quranlardır.
Ustaların təbirincə desək, evlərin
bünövrəsi tökülüb, təməli
atılıb.
Onları söhbətə tuturuq. Deyirlər ki, bir aya yaxındır burada evlərin və
məktəb binasının tikintisinə başlayıblar.
Kimisi betontökmə üçün dəmir məftilləri
düzəldir, kimisi mişar daşlarını
yonqarlayır, kimisi də evin binə daşına çəkiləcək
qır verlərini qarışdırır.
Ustalar
hafta.az-a açıqlamasında bildirdilər
ki, bu ilin may ayında artıq evlərin tikintisi başa
çatdırılacaq. İlkin pillədə əlli ev tikiləcək. Hər ev
dörd otaqdan ibarət olacaq və hərəsinin
ayrılıqda həyətyanı sahəsi olacaq.
Sonra məktəbin
tikintisi ilə tanış oluruq. Ustalar
deyir ki,
sentyabrın 15-nə yəni, yeni dərs ilinin
başlanğıcına kimi təhvil veriləcək. Məktəb isə 198 yer olacaq. Sonrakı
mərhələlərdə artezian quyusu da qazılacaq,
bağça da tikiləcək. Hətta iş yerindən
bizi qarşılamağa çıxa bilməyən, kənddən
xeyli aralıda Cocuq Mərcanlını idarə edən icra
nümayəndəsi Xanlar Zeynalov üçün də yeni
inzibati bina tikiləcək. Tikintinin axsamaması
üçün isə hər şey var, daş, beton, taxta...
Bir sözlə, Cocuq Mərcanlı indi ikinci dəfə
doğulur, sağ əli özündən sağdakı kəndlərin
başına.
Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimlinin
dəstəyi ilə Cocuq Mərcanlıdan ilk “stand-up”umu edirəm. Bu hər bir
jurnalistin karyerasında ən yaddaqalan və şərəfli
anlardandır deyə düşünürəm. Həyəcandan
dilimin topuq çaldığını sevincimə
bağışlayın:
Gedə bildiyimiz yerə qədər...
Uzaqdan Lələtəpə görünür. 300 metr məsafədən
üzərindəki üç rəngli bayrağı
seçməyə çalışırıq. Gənc yazar və fotoqraf Nofəl Ümidi də
götürüb gedə bildiyimiz yerə qədər getməyi
qərara alırıq. DGTYB təmsilçisi
ilə uçuq evlərin uzaqdan fotoçəkilişinə
razılaşmırıq. Hərbçilər
gözümüzü qorxutmaq üçün gülə-gülə
deyirlər ki, minalı ərazilərdir, olmaz.
Soraqlayırıq ki, həmin ərazilər minalardan tam təmizlənib,
ancaq əsgərlərimizin dayandığı postdan o yana getmək qadağandır. Mümkün qədər
uçuq evlərin daha yaxından
görüntüsünü çəkmək üçün bir az da irəliləyirik. Acgözlüklə fotolar çəkirik. Qarabağ bir gündə alınsa, mən bizim
jurnalist və fotoqrafların necə çaşbaş
qalacağını, hansına yüyürüm, hansına
qaçım, haranı çəkim dilemmasına düşəcəyini
təbəssümlə fikrimdən keçirirəm.
23 ildir uşaqlarını
güllə altında böyüdən adam...
Biz uçuq evlərin şəklini çəkib erməni
vandalizminin görüntülərini tarixləşdirərkən,
hələ Lələtəpə işğaldan azad edilməmiş
köçünü kənddən çıxarmayan Oqtay Həziyev
gəlib çıxır. Hər kəsin "Cocuq Oqtay"
adlandırdığı erməni gülləsindən
qorxmadan düşmənlə üzbəüz yaşayan adam. Bizi evinə
çaya-çörəyə dəvət edir. Üzü gülür, sevindiyini gizlətmir. Uzaqbaşı, bir ildən sonra 24 illik həsrət
sona çatacaq. Həmkəndliləri ilə
bir yerdə yenidən yaşayacaq. Oqtay
müəllim deyir ki, 27 yaşında ailə qurub və burada
yaşayıb. Övladlarını
güllənin altında böyüdüb. Lələtəpə döyüşləri isə
onun gözləri qarşısında baş verib. Uşaqları, həyat yoldaşını təhlükəsiz
yerə aparsa da, özü kənddən çıxmayıb.
O, xaricdə yaşayan azərbaycanlıları bütün cəbrayıllılar
adından salamladığını deyir. Bildirir ki, 24 il erməni atəşi altında ordumuza
güvənərək yaşayıb. Üzünü
Şuşaya tutub yolumuz o yanadır – söyləyir – daha geriyə
yol yoxdur. Arxadakı məcburi
köçkünlük körpülərini Cocuq Mərcanlılar
çoxdan yandırıb deyir.
Əsgərlərin bayram sovqatlarını zabitlərə
verib avtobusa minirik. Gözüm yol yoldaşımız, Nazirlər
Kabinetinin əməkdaşı Rövşən Məmmədova
sataşır. Gözlərini Lələtəpədən
çəkə bilmir. Kövrəlib.
Söhbət əsnasında deyir ki, Qarabağ
müharibəsinin içərisində olub.
Bütün dəhşətlərini görə bildiyi qədər
görüb:
“Lələtəpənin beş
addımlığından geri dönmək istəmirəm. Onun
ucalığını 300 metrdən də olsa seyr etdikcə həm
kövrəldim, həm də qürur duydum. Növbəti qayıdışımızı səbirsizliklə
gözləyirəm. Bu dəfə Xankəndinə,
Şuşaya, Laçına, Ağdama, Qubadlıya, Kəlbəcərə,
Zəngilana olacaq. Buna xalqımız
inanır. Şəhidlərimizin
ruhlarını şad edib biz mütləq
qayıdacağıq, İnsaAllah”.
24 ildən sonra Cocuq
Mərcanlı yolunu tutan adam...
Dünya Gənc türk Yazarlar Birliyini təmsil edən
Ramin İsmayılov avtobusa minərkən əlindəki
sellofan paketdə daş və torpaq
yığıldığını gördüm. Bunu neynirsən – deyə
soruşdum:
-
Qubadlının Çərəlisindənəm. 24 il əvvəl
10 yaşım olarkən Qubadlının işğalı vaxtı bu yolla
Bakıya gəlmişdik. İndi bir də
qayıtdım bu yolu. Heyf ki, Mərcanlıya
qədər gedə bildim. Cəbrayılla
Qubadlının torpağı eynidir. Bir az
da evdəkilərə aparıram ki, iyini-qoxusunu alsınlar.
Bakıya çatanda şair Emil Rasimoğluna və mənə
Mərcanlıdan götürdüyü bir daş
parçasını hədiyyə etdi.
Bakıya
qayıdırıq...
Yolçu yolda gərək, deyib geri dönürük. Müğənni Vüqar Muradov avtobusdakı mikrofonu əlinə alıb oxuyur: “Arazı ayırdılar...”, “El bilir ki, sən mənimsən”, “Azərbaycan əsgəri”... Yol məclisini isə Siyavuş Əmirli aparır. Hər kəsə söz verməyə çalışır. Şair Aybəniz Qafarlı, CASCFEN İB-nin icraçı direktoru Ülkər Piri, Emil Rasimoğlu şeir oxuyur, Vüqar Muradovun yeni mahnıları üçün “əl-ayaq” verirlər.
Bizsə Polşanı təmsil edən Nail Əhmədlə bu ölkədə yaşayan azərbaycanlılarla bağlı, onların yeni layihələri ilə bağlı söhbətləşirik.
Bir də onu eşitdik ki, sürücümüz son dayanacağımıza çatdıq deyir.
P.S: Mənimlə Cocuq Mərcanlının yenidən doğuluşunu media üçün işləyən həmkarlarımın əməyini də təqdirəlayiq hesab edirəm; Mirinin, Qabil Ədalətin və adlarını unutduğum digərlərinin. Bu gün bu jurnalistlərin işlədiyi saytların da əsas manşeti birdir: “Yenidən doğulan Cocuq Mərcanlıdan ilk reportaj”. Gəlin, bir günlük imzamızı da dəyişək, hamımız onun adını çevirək imzamıza Tural Turan, Qabil Ədalət, Nofəl Ümid olmasın yazılarımızın altında, onunla bir döyünək.
Tural Turan
Həftə içi.- 2017.- 18-27
mart.- S.4.