“Bakı-2017”dən ən çox
qazanan turizm sahəsi oldu”
“Ümid edirik ki,
IV İslam Həmrəyliyi Oyunları başa
çatdıqdan sonra da ərəb və körfəz ölkələrindən
Azərbaycana gələn turistlərin sayı daha da artacaq.
Çünki bu cür idman yarışlarının turizm
sektoruna müsbət dividentləri uzunmüddətli olur”.
Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Vüqar Bayramovun sözlərinə görə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarından birmənalı şəkildə ən çox qazanan turizm sahəsi oldu. Çünki bu oyunlardan əvvəl və oyunlar sırasında faktiki olaraq şəhərdəki və şəhərətrafı bütün otellər bron edilmişdi:
“Hazırda turizmin inkişafı Azərbaycan üçün pioritet məsələlərdəndir. Turizmin özəlliyi ondan ibarətdir ki, dolayı ixrac deməkdir. Ölkəyə təşrif buyuran hər bir turist dövlətə valyuta gətirir. Bu da həmin oyunları izləmək üçün paytaxtımıza gələnlərinin sayının çox olması ilə əlaqədardır. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün ölkəyə təşrif buyuranların çoxu ərəb dövlətlərinin vətəndaşları idi. Əsas artımlar ərəb ölkləri və körfəz dövlətlərinin payına düşür. Bu cür artım tempi əvvəlki dövrlərdə də müşahidə olunurdu. Əksər ərəb və körfəz ölkələrinə Azərbaycan vizasız gəliş-gediş üçün şərait- hava limanında viza lamaq üçün imkan yaradıb.
ASAN viza xidmətinin bu il yanvarın 1-dən fəaliyyətə başlaması da Azərbaycan vizasının daha tez və asan yolla alınmasına gətirib çıxarıb. Nəticədə viza rejiminin sadələşdirilməsi ölkəyə gələn turistlərin sayının artmasına səbəb olub. Gürcüstanda Batumi şəhərinin turist bölgəsinə çevrilməsində ərəblərin investisiyasının, ərəb turistlərin sayı mühüm rol oynayıb. Eyni zmanda Azərbaycana gələn turistlərin sayında da ərəb turistlərin sayı çoxdur. Analoji hal Türkiyədə də mövcuddur.
Region ölkələri ərəb və körfəz ölkələrindən turist cəlb etməyə çalışırlar. Bu konteksdən baxdıqda IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün körfəz və ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayını artırmaq baxımdan vacib idi.
Nəticə etibarı ilə ölkəyə
gələn turist oteldə qalmaqla kifayətlənmir,
restoranlara gedir, müxtəlif alış-veriş edirlər. Bundan da turizm sektoru
faydalanmış olur”.
Tural Turan
Həftə içi.- 2017.- 27-30
may.- S.3.