“Radio aparıcısının

yeganə silahı səsdir”

 

Özəl radiostansiyalardan fərqli olaraq milli radiomuzda peşəkar jurnalistlər daha çoxdur. Onlar dilimizin təmizliyinə, danışıq və nitq qabiliyyitinə xüsusi fikir verirlər. Elə bu səbəbdən milli radiomuz bu günə kimi öz keçmişini, milli adət-ənənələrini qoruyub-saxlamaqla həmişə populyarlığını hifz edib... Tanınmış aparıcı raduo-jurnalist Günel Natiqənin “Həftə içi"nə verdiyi müsahibə də elə bu səpgidə keçdi.

 

- Azərbaycan radiosu bizim keçmişimizin, bugünümüzün və gələcəyimizin güzgüsüdür. Radiomuzun çox gözəl ənənələri var və bu ənənələr nəsildən-nəslə ötürülür. Milli radiomuzda vaxtilə M. S. Ordubadi, Ü. Hacıbəyov, M. Maqomayev və s. korifeylər fəaliyyət göstərib. Belə bir mühitdə peşəkar olmağa sadəcə borcluyuq. Radio televiziyamızın olduqca demokratik mühiti var. Yaradıcı adam burda özünü mənən azad hiss edir. Potensialımızı gerçəkləşdirmək üçün hər cür imkan var. Yeri gəlmişkən qeyd edim ki, ana radiomuz dilimizin, mənəviyyatımızın qoruyucusudur. Dinləyicilərimizin ən çox bəyəndiyi özəlliklərdən biri də radiomuzun öz dil prinsiplərinə sadiq qalmasıdır. Mənəvi dəyərlər hər zaman öndədir. Dinləyicilərimiz əsasən yaşlı nəslin nümayəndələridir. Eyni zamanda gənc dinləyicilərimizi düşünərək onlar üçün müasir tələblərə cavab verən proqramlar hazırlanır. Bu proqramların da əsasını əlbəttə ki, mənəvi saflıq, mənəvi ucalıq kimi anlayışlar təşkil edir.

- Keçdiyiniz sənət yolu barədə nə deyə bilərsiniz?

- Diqqətinizə çatdırım ki, mən radioya 17 yaşımdan gəlmişəm və artıq həmin tarixin üzərindən 20 ilə qədər vaxt keçir. Azərbaycan radiosunun tarixində ən gənc redaktor olmuşam. Valideynlərim- atam Natiq Səfərov, anam Zümrüd Səfərova uzun illər radioda jurnalist kimi çalışıblar. Sonra atam o vaxtlar çox nüfuzlu olan “Azərbaycan” jurnalına getdi və fəaliyyətini tərcüməçi kimi davam etdirdi. Dünya ədəbiyyatının bir çox görkəmli nümayəndələrini ilk dəfə atam Azərbaycan oxucusuna tanıdıb. Mən uşaqlıqdan radioya gedib-gəlirdim və özümə ayrı iş yeri təsəvvür edə bilmirdim. Əmin idim ki, mən də radio jurnalisti olacağam. Sonralar müxtəlif televiziyalardan təklif alsam da, doğma radionu, alışdığım mühiti tərk edə bilmədim. Bir neçə il əvvəl nəhayət ki, məni televiziyada veriliş hazırlamağa razı saldılar. Proqramım incəsənət barəsində idi. Bir dəfə belə bir hadisə oldu. Çəkiliş qrupu olaraq yaşlı bir rəssamı çəkmək üçün onun emalatxanasına yollandıq. Çəkiliş prosesində rəssam məni səsimdən tanıdı və “Siz Günel Natiqsiz?” deyə soruşdu. “Günel Natiq” olduğuma əmin olan rəssam xeyli sarsıldı və bildirdi ki, o uzun illər bu səsin sahibini real həyatda görməyi arzulayıb.... Mən təsirləndim və anladım ki, radionu müvəqqəti də olsa tərk etməklə bəlkə də səhv iş görmüşəm. Axı radio məni tanıdıb, sevdirib, mənim üçün doğma səs, işıq, ocaq olub. Və baxmayaraq ki, televiziya proqramım da kifayət qədər sevilirdi, mən yenidən radioya, dinləyicilərimin yanına qayıtdım. Yenidən o körpünü bərpa etdim.

- Uzun illər radioda çalışırsız. Radio aparıcıları ilə televiziya aparıcıları arasında hansı fərqli xüsusiyyətlər var?

- Radioda əsas rolu səs və söz oynayır. Hər şey səsdə gizlidir. Aparıcının yeganə silahı səsdir, amma peşəkar aparıcının əlində bu ən mükəmməl silaha çevrilə bilər. Mənim fikrimcə, radio aparıcısında müəyyən artistizm də olmalıdır və dinləyicini efirə cəlb edə bilməlidir. Televiziya aparıcısının siması, mimikaları, jestləri yardımçı rolunu oynayır və aparıcını bir çox kritik situasiyalarda vəziyyətdən çıxara bilir. Amma televiziyada hər bir kiçik detal önəmlidir. Çıxış edənin surəti, makiyajı, saçları, oturuşu, geyimi, arxasındakı fon və s. Ona görə televiziya proqramı daha mürəkkəb proseslərdən keçir və xüsusi diqqət tələb edir. Radio aparıcısının da təbii ki, öz çətinlikləri var, amma peşəkar aparıcıya bu çətinlikləri aşmaq daha çox zövq verir.

- Radioda görünən və görünməyən tərəfərlər barədə nə deyə bilərsiniz?

- Radio aparıcısı dinləyici üçün hər bir halda sirli qalır. Və dinləyici bu səsin arxasındakı insanı görməyə çalışır. Onu özü üçün kəşf etməyə cəhd edir. Bəzən aparıcı efir vaxtı dinləyiciyə belə bir şans verir, bəzən isə axıra kimi sirr pərdəsini qoruyur. Radionun görünməyən tərəfləri çoxdur və bunu peşəkarlar bilir. Dinləyici-aparıcı ünsiyyəti qəribə rabitədir. Onlar bizi hiss etdiyi kimi, biz də onları hiss edə bilirik. Dinləyicinin enerjisini hiss edən aparıcıya efirdə işləmək daha rahatdır. Bəzən aparıcılar sırf dinləyici ilə o rabitəni yarada bilmək üçün canlı efirə daha çox meyl edirlər. İnanmaq çətindir, amma daimi dinləyicilərimiz bizə özümüzdən daha yaxşı bələd olurlar. Bİr dəfə dinləyicilərlə efirdə görüş keçirdik. Onların hər bri öz sənətinin peşəkarı idi. Onlar sadəcə dinləyici yox, hər bir verilişimizi böyük məhəbbətlə dinləyən, bizi diqqətdə saxlayan, üstünlüklərimizi və qüsurlarımızı görə bilən daimi dinləyicilərimiz idilər. Görüş zamanı biz onları özümüz üçün yenidən kəşf etdik, onlar üçün isə bu ünsiyyət yeni deyildi, çünki illərdən bəri bizi tanıyır, dinləyir, rəğbət bəsləyirdilər. Görüş zamanı maraqlı anlar yaşandı. Dinləyicilərimiz aparıcıların üslubu, özəllikləri haqqında elə fikirlər söylədilər ki, özümüzü sanki yenidən kəşf etdik.

- Bu gün efirdə Məhluqə Sadıxova, Ofelya Sənani, Valid Sənani... kimi sənətkarlar varmı?

- Əlbəttə, var. Radio gün-gündən inkişaf edir və öz ənənələri üzərində daha sabit qərar tutur. Bugün efirimizdə Eldost Bayram, Əli Məhəmmədoğlu, Roza Tağıyeva kimi sənətkarlar və eləcə də öz sözünü deməkdə olan istedadlı gənc aparıcılar var. Əgər dinləyici dünən Məhluqə Sadıxovanı arayırdısa, bugün efirdə adlarını çəkdiyim korifeylərlə bərabər gənc aparıcıları da eşitmək istəyir. Əslində bu sual çox yerinə düşdü, çünki, bizim dinləyicimiz çox mühafizəkardır. Daha çox köhnə ənənələrini toxunulmaz görmək istəyir. Məhluqə Sadıxova Azərbaycan Radiosunun böyük korifeyi idi, “Bulaq” verilişi onun və Səməndər Rzayevin səsində pərvəriş tapmışdı. Bugün Məhluqə Sadıxovanı istedadlı aktrisa Səidə Quliyeva, Səməndər Rzayevi isə onun oğlu, gözəl aktyor Rəşid Səməndər əvəz edir. “Bulaq” verilşi yenə əvvəlkitək zirvədədir, yenə sevilir, yenə ən çox dinləyici məktubu “Bulaq” verilişinə ünvanlanır. Görkəmli diktor Eldost Bayramın adınıı bir daha çəkmək istəyirəm. Bu yaxınlarda xalq artisti adını almış Eldost Bayram radio televiziyanın canlı korifeyidir. Həm böyük sənətkar, həm gözəl şəxsiyyətdir. Sözün əsl mənasında sənət fədaisidir. Radiomuz belə sənətkarların sayəsində yaşayır, yaradır, dinləyici rəğbəti qazanır.

- Siz həm də ədəbi mühitdə yazar kimi tanınırsız. Bu aysberqin görünməyən tərəfidir?

- Mən əslində həmişə ədəbi mühitin içində olmuşam. Atam Natiq Səfərov görkəmli ədəbiyyat adamı idi, onun fikriylə çox görkəmli yazıçılar hesablaşırdılar. Evimizdə o dövrün ədəbiyyat mühitini formalaşdıran yazıçılar, şairlər qonaq olardı. Onların ədəbiyyat haqqında söhbətləri bacımla məni də öz gizli aləminə çəkər, öz sirli yuxularına qonaq edərdi.

7-8 yaşım olanda ilk şeirlər cızma-qara etməyə başladım. Sonra onları cırıb-atdım və bir daha şeir yazmadım. 14-15 yaşlarında məndə tərcüməyə meyl yarandı. Atamın tərcümə sahəsindəki uğurları mənim də başımı gicəlləndirirdi. Mən də onun kimi peşəkar tərcüməçi olmaq istəyirdim. Amma onun tərcümələrinin yanında mənimkilər cızma-qaradan başqa bir şey deyildi. Ona görə tərcüməçiliyin də daşını atdım. 17 yaşında radioya gəldim və radio hekayələri silsiləsindən ssenarilər yazmağı sınaqdan keçirdim. Bu məndə yaxşı alınırdı, hətta həmkarlarım 17 yaşlı qızın belə peşəkarcasına yaza bildiyinə təəccüb edirdilər. Radioda çalışaraq paralel şəkildə Bakı Dövlət Slavyan Universitetində təhsil alırdım.

Radio sabun köpüyü kimidir, sənin yazdıqların sabun köpüyü kimi uçub gedir. Düzdür, yaddaşlarda müəyyən qədər qala bilər, amma sonda o da uçub gedir.

Amma mən radioda xoşbəxt idim. Ta ki həmin məşum hadisəyə qədər. Bir neçə il qabaq mən stress yaşadım və bir müddət evə qapalı qaldım. Radiodan ayrı düşmüşdüm, yaradıcı təbiətim isə bununla barışmır və məndən özümü ifadə etməyimi “tələb edirdi”. Mən qəzetlər və internet saytları üçün məqalələr yazmağa başladım. Tezliklə bu məqalələr esselərə, esselər isə hekayələrə çevrildi. Mənim yaradıcı potensialım özünü daha çox biruzə verməyə başladı. Hələ radio ssenarilər yazanda mənim üslubu təyin edən özəllik- orijinallıq burda da özünü göstərdi. 2015-ci ildə ilk kitabım “Kağız gəmilər” çapdan çıxdı. 2016-cı ildə Yazıçılar Birliyinə üzv oldum və daha məhsuldar işləməyə başladım. Hazırda iki kitabım öz nəşrini gözləyir...

- Ədəbi mühit deyəndə nə düşünürsüz? Tutaq ki, bugünkü ədəbi mühitlə XIX əsr ədəbi mühiti arasında nə fərq var? Hansında reallıq daha güclüdür?

- Ədəbi mühit yaşadığımız zamanın sözüdür. XIX əsrdə də ədəbi mühit vardı, 20-ci əsrdə də, indi, XXI əsrdə. Hər ədəbi mühitin də bir problemi vardı. Sözü necə demək. Hər dövrün öz reallığı var və üstəlik ədəbiyyat adamının öz fərdi reallığı. Bu məqamların çarpazlaşmasından doğan nəsr nümunələrini yüz faiz reallıq kimi qəbul edə bilmərik. Əslində nəsr əsəri nə dərəcədə reallığa söykənməlidir, bu sualın özü belə təzad doğurur. Amma faktdır ki, bugün Azərbaycan ədəbiyyatında kifayət qədər ciddi ədəbiyyat adamları var və kifayət qədər güclü əsərlər yaranır.

- Çağdaş ədəbiyyatımızda özünüzü görə bilirsinizmi?

- Mən yazı yazarkən oxucu haqqında düşünmürəm. Ona görə də yazdıqlarım üçün kompleks keçirmirəm. Ədəbiyyata böyük iddialarım yoxdur. Sadəcə bu mühitdə özümü sərbəst hiss edirəm. Ədəbiyyatın o qədər kəşf olunmamış “əraziləri” var ki. Həmin ərazilərdə bəlkə mənim də izlərim var. Yazmaq mənim genlərimdədir. İstəsəm də, istəməsəm də, son nəhayətdə özümü yazıyla ifadə edirəm. Hər yazarın öz oxucuları var. Mənim də oxucularım var. Sayca az olsalar da, var. Onların hansısa müsbət rəyi məni məmnun edir. Yazmaq üçün stimul verir. Stimul olmadan yaratmaq çətindir. Yazmaq üçün kiçik də olsa bir nişanə olmalıdır. Bəzən bu nişanə ilahidən gəlir. Axı yazı da Tanrı işidir...

- Bəs, sizi həyata bağlayan nədir?

- Mən həmişə kiçik xoşbəxtlik arzulamışam. Nazim Hikmət demiş, elə kiçik xoşbəxtlik ki, onu məndən heç kim ala bilməsin. Bəlkə də elə bir kiçik xoşbəxtliyim var, amma mən bunun fərqində deyiləm. Şair demiş, bəlkə də xoşbəxtik, xəbərimiz yox. Məni həyata bağlayan ailəmdir, dostlarımdır, yaradıcılığımdır, oxuduğum əsərlərdir, seyr etdiyim tablolardır, yazdıqlarımdan aldığım enerjidir. Poeziyadan aldığım zövq hissini nə ilə müqayisə etmək olar? Yaxud hansısa rəssamlıq tablosunun doğurduğu gözəllik hissini. Düzdür, uzun illərdir ki, xəyal qurmuram. Hətta xəyal qurmağın necə olduğunu belə unutmuşam. Bu əslində ciddi bir problemdir, axı mən xəyalpərəst adamam və reallıqla qətiyyən işim yoxdur. Görünür, son zamanlar təbiətimdə köklü dəyişiklik gedib və mən artıq irreal aləmlə əlaqəmi kəsmişəm, bəlkə də rabitəni itrmişəm. Əlbəttə, bu kədərlidir, amma nə etmək olar?

- Yaşadığımız mühitdə sizi narahat edən nədir?

- Əgər ədəbi mühitdən söhbət gedirsə, insanlarda meydana gələn Don Kixot “xəstəliyi” məni narahat edir. Əksəriyyət özünü ədəbiyyat aləminin “cəngavəri” hesab edir və hətta Nobel mükafatına iddia edirlər. Nobel mükafatına iddia etmək yaxşıdır, amma bunun üçün gərək potensialın ola, əks halda bu iddia gülünc görünür. Cızma-qara edənlər belə ədəbiyyat haqqında xüsusi fikir bildirir və əsərlərə rəy verirlər. Bu qarışıqlıqda yaxşını pisdən ayırmaq müşkülə çevrilib. Hətta belə bir fikir var ki, “bəyənmirsinizsə, deməli anlamırsınız. Anlamırsınızsa, demək dahiyanədir”. Əslində isə yazıçı öz “dahiliyini” iddialarla sübut etməli yox, yazıb göstərməlidir.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2017.- 31 may.- S.4.