Qahirə Kino
Festivalı və “Nar bağı”
Noyabrın 21-də Misirin paytaxtı
Qahirə şəhərində sayca 39-ci Beynəlxalq Kino
Festivalının açılış mərasimi olacaq. Ayın
30-dək davam edəcək bu beynəlxalq mədəniyyət
tədbirində dünyanın 50-dən çox ölkəsi
ərsəyə gətirdiyi yeni filmlərlə insanların
zövqünü oxşayacaq. Qeyd edək ki, ötən il Azərbaycan
kinomatoqrafçıları da sözügedən festivalda iki
filmlə təmsil olunub.
Qahirə
Beynəlxalq Kino Festivalı (CİFF) dünyada tanınan və
qəbul olunan, ərəb aləminin və Afrikanın ilk
genişmiqyaslı mədəniyyət tədbiridir. 1976-cı
ildə Qahirə Opera Evində açılışı
düzənlənən bu festival, maliyyə məhdudiyyətləri
və qeyri-sabit daxili siyasi vəziyyət səbəbilə
2011 və 2013-cü illərdə ləğv edilsə də,
qalan bütün illərdə, toplam 38 dəfə
keçirilib. Bu il noyabrın 21-dən 30-dək isə festival
39-cu dəfə dünyanın ən gözəl filmlərini
nümayiş edəcək. Qahirə Beynəlxalq Kino
Festivalı Beynəlxalq Kino İstehsalçıları
Federasiyası (FIAPF) tərəfindən "A"
kateqoriyasına daxil olub, dünyada mövcud olan 15 film
festivalından biridir.
Festivalın
yaranışına dair ilk anons 1975-ci ildə verilib. Məhz
bu tarixdə Berlində keçirilən kino festivalına
qatılan misirli mərhum yazıçı-tənqidçi
Kamal əl-Mallağ və bir qrup kino tənqidçisi bildirdi
ki, belə bir tədbirin növbəti il Qahirədə
keçirilməsi heç kimi təəccübləndirməsin.
O dediyi kimi də olur - 1976-cı ildə Kamal əl-Mallağ tərəfindən
kino dünyasına Misirin təsirini artırmaq,
dünyanın fərqli mədəniyyətləri arasında
körpü rolunu oynamaq üçün haqqında
danışdığımız Festival fəaliyyətə
başlayır.
Bu yerdə
sual çıxır ki, niyə film festivalı Yaxın Şərqdə
İraqda, Suriyada, Əlcəzairdə və sair deyil, məhz
Misirdə yaranıb? Səbəbi məlumdur - Misir ərəb
dünyasının ən qədim kinofilm
istehsalçısıdır. Burada film çəkilişlərinə
ilk dəfə 1896-cı ildə start verilib. 1920-ci illərin əvvəllərində
Misirdə film sənayesinin inkişafı elə yüksək
səviyyəyə çatmışdı ki, Yaxın Şərq
və Şimali Afrika ərəbləri arasında əksər
sənətçilər potensiallarını ortaya qoymaq
üçün Şərq kino mədəniyyətinin mərkəzinə
çevrilmiş Qahirəyə üz tuturdu. Hətta belə
demək mümkündürsə, günümüzdə
Amerika qitəsində Hollivud və ya Hindistanda Bollivud
olduğu kimi, 100 il əvvəl Qahirə sözün əsl mənasında
kino sənayesinin mərkəzi rolunu oynayırdı. Hansı
ki, hələ 30 il sonra bu günki ərəb ölkələrinin
əksəriyyəti Qərbin müstəmləkəçiliyindən
azad olmağa başlayacaqdı...
Geridə
buraxdığımız 121 il ərzində Misir güclü
kinematoqrafiya ənənəsi yaradıb. Məhz bu ənənə
özündə cəmlədiyi kino, serial, teatr və fərqli
musiqi janrları ilə bütünlüklə ərəb
ölkələrində yaşayan 400 milyonluq ərəb
insanının incəsənətinə güclü təsir
edir.
Məlumat
üçün bildirək ki, 1976-cı ildə
keçirilmiş 1-ci Qahirə Kino Festivalında 33 ölkədən
100-ə yaxın film nümayiş etdirildi. İldən-ilə
əhatəsini və nüfuzunu genişləndirən festival
yalnız kinematoqrafçılar və tənqidçilər
deyil, həm də yazıçılar, ziyalılar, rəssamlar
və incəsənətin digər sahələrinin nümayəndələri
üçün görüş nöqtəsi kimi
çıxış edir. 2016-cı ildə keçirilmiş
sonuncu Qahirə Kino Festivalında 204 film nümayoş olunub.
Qahirə
Kino Festivalının ən yüksək və nüfuzlu
mükafatı “Qızıl Piramida”dır və o ən
yaxşı kinoya verilir. Bundan əlavə müxtəlif
qollar üzrə də mükafatlar təqdim edilməkdədir.
Bunlar “Gümüş Piramida” (ən yaxşı rejissora
verilir) və “Bürünc Piramida” (ən yaxşı
debüt və ya ikinci sənət işi üçün
filmin direktoruna təqdim edilir), ən yaxşı ssenariyə
Nəcib Mahfuz mükafatı, ən yaxşı aparıcı
rol oynayan kişi aktyora Əhməd Zəki mükafatı, ən
yaxşı qadın aktrisası üzrə Faten Hahan
mükafatı, bədii zənginliyə görə Kamal əl-Mallağ
mükafatıdır. Bundan əlavə, yüksək nailiyyətlər
üçün xüsusi mükafat və Beynəlxalq Film Tənqidçiləri
Federasiyasının da mükafatı var. Bu, 200 nəfərlik
beynəlxalq münsiflər heyəti tərəfindən
festivalın bağlanma mərasiminə start verilmədən
öncə açıqlanır.
Məlumat
üçün bildirək ki, bu il Qahirə Kino
Festivalında Azərbaycan rejissor İlqar Nəcəfovun
çəkdiyi “Nar bağı” filmi ilə təmsil olunacaq.
Vüsal Tağıbəyli
Həftə içi.- 2017.- 1
noyabr.- S.8.