V Beynəlxalq Azərbaycan Xalçası

Simpoziumunun açılışı olub

 

Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılış mərasimi keçirilib.Tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən təşkil edilib.

Əvvəlcə simpozium iştirakçıları Muğam Mərkəzinin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar.Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium haqqında ətraflı məlumat verib. Bildirib ki, bu tədbirin tarixi 30 il əvvələ - 1983-cü ildə Bakıda UNESCO-nun himayəsi ilə keçirilən Şərq xalçaları üzrə beynəlxalq simpoziuma gedib çıxır. Bundan öncəki simpozium isə 2007-ci ildə Parisdə - UNESCO-nun baş qərargahında keçirilib və görkəmli Azərbaycan xalçaçı-rəssamı Lətif Kərimovun 100 illiyinə həsr edilib.

Nazir simpoziumun əhəmiyyətindən, tədbirdə müzakirə ediləcək məsələlərin aktuallığından, Azərbaycanda xalça sənətinə göstərilən diqqət və qayğıdan və dünyada bənzəri olmayan Xalça Muzeyinin yaranmasından söz açıb.

Qeyd edilib ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birgə müvafiq tədbirlər planı hazırlanıb. Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır. Simpoziumda 25-dək ölkəni təmsil edən xalça sənəti üzrə aparıcı mütəxəssislər iştirak edir.

Ölkəmizdə xalçaçılıq sənəti sahəsində əldə olunan uğurlardan danışan Əbülfəs Qarayev deyib ki, Azərbaycan xalça sənəti bu gün dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Hazırda xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq işlər uğurla davam etdirilir: “Əminəm ki, bu simpozium dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcək”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalça sənətinin öyrənilməsi, tədqiqi, dünyada təbliği istiqamətində aparılan elmi araşdırmalardan bəhs edib. Qeyd olunub ki, Azərbaycan dünyada aparıcı xalçaçılıq mərkəzlərindən biridir. Xalça sənəti AMEA-da bir neçə istiqamətdə tədqiq edilir. Son illər akademiyanın alimləri tərəfindən bu yöndə mühüm işlər görülərək sanballı elmi əsərlər nəşr olunub. 2016-cı ildə akademiyanın ArxeologiyaEtnoqrafiya İnstitutu ilə “Azərxalça” ASC-nin birgə səyi nəticəsində xalçaçılıq mərkəzi fəaliyyətə başlayıb. Qısa müddətdə mərkəz tərəfindən iki sanballı tədqiqat əsəri çapdan çıxıb: “Bu gün sərgidə nümayiş olunan monoqrafiyalar, kitablar ölkəmizdə xalçaçılıq sənətinin tədqiqinə böyük maraqdan xəbər verir. Bu sahəyə aid kitabları toplasan, böyük bir kitabxana yaranar. Bu mənada Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməyə mənəvi haqqı var. İnanıram ki, bugünkü tədbir xalçaçılıq elminin inkişafına yeni töhfələr verəcək, ölkəmizin xalçaçı alimləri ilə dünyanın nüfuzlu tədqiqatçıları arasında yeni körpülər yaradacaq”.

“Azərxalça” ASC İdarə heyətinin sədri Vidadi Muradov bütün iştirakçıları dünyanın qədim və zəngin xalçaçılıq mərkəzlərindən olan Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib. O, belə bir tədbirin təşkil olunmasına görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün iştirakçılar adından təşəkkürünü bildirib.

V.Muradov deyib ki, bu simpoziumun keçirilməsi dünya xalçaçılığında müstəsna əhəmiyyətə malik bir hadisədir: “Azərbaycan xalçası beynəlxalq miqyasda tanınmış və qəbul olunmuş milli, eyni zamanda bəşəri dəyərdir. Simpozium Azərbaycan xalçasını və xalçaçısını tanıtdırmağa, yarandığı tarixi xalçaçılıq məntəqələri ilə tanış olmağa imkan yaradır. Tədbir günlərində Azərbaycan xalçasının tarixi keçmişi ilə yanaşı, həm də müasir vəziyyəti, xalçaçılığın iqtisadiyyatın müstəqil sahəsi kimi inkişafının şahidi olacaq, perspektivlərini dəyərləndirmək imkanı qazanacağıq. Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, ötən ildən başlayaraq burada “Xalçaçı günüqeyd edilir”.

İCOC-un akademik komitəsinin sədri Alberto Boralevi bildirib ki, simpozium Şərq və Qərbi təmsil edən nüfuzlu alimləri bir araya gətirib. Burada iki gün ərzində bu sahədə baş verən yenilikləri müzakirə etməklə yanaşı, xalçaçılıq sənətinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılacaq: “1983-cü ildə Bakıda keçirilən xalçaçılıq üzrə beynəlxalq tədbir sovet ittifaqı dövründə müxtəlif respublikaları təmsil edən Şərq xalçası mütəxəssislərinin öz qərbli həmkarları ilə bir araya gələrək görüşməyi üçün ilk fürsətlərdən biri idi. Bu xoşbəxtlik mənə də nəsib olub. Sevinirəm ki, 34 ildən sonra yenidən Bakıdayam və o dövrdən tanıdığım bir çox xalçaçı mütəxəssislərlə bir aradayam”.

A.Boralevi əlavə edib ki, builki simpozium üçün seçilmiş “Ənənələr və innovasiyalardevizi çox cəlbedicidir. Təkcə Azərbaycanda deyil, bütün dünyada əl ilə xalça toxumaq bu sənət növünün necə çətin olduğunu əks etdirir.

İCOC İcraiyyə Komitəsinin sədri Vandel Svan Azərbaycanda toxuculuğun tarixindən danışaraq xalqımıza məxsus xalça nümunələrinin dünyada böyük maraqla qarşılandığını qeyd edib. Bildirib ki, bu coğrafiyada xalçaçılığın qədim ənənələri Azərbaycan xalqına məxsusdur.

 

***

 

Sonra Berlindəki İslam İncəsənəti Muzeyinin elmi işçisi, “Hali Publication Limitet” şirkətinin direktoru Maykl FransisQafqaz ulduzları: XVI-XVIII əsrlərdə Azərbaycanın naxışları” adlı kitabı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edib. Bildirilib ki, kitabda erkən Azərbaycan tikmələri, Osmanlı dövrü,  Azərbaycanda xanlıqlar və XIX əsr Azərbaycan xalça sənəti haqqında geniş məlumatlar yer alıb. Hazırda dünyanın 30-dək muzeyində Azərbaycan xalça sənətinin ən qədim nümunələri qorunub saxlanılır.

V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu oktyabrın 20-dək davam edəcək.

 

Həftə içi.- 2017.- 19 oktyabr.- S.8.