Səxavətli Səxavət

 

Səhər saat, təxminən, 10 radələri olardı. “Həftə içi” qəzetinin Baş redaktoru Sevinc xanım Seyidova mobel telefonla mənə zəng edib soruşdu:

 

- Qələndər, hardasan?

Düzü, onun bu sözündən tutulan kimi oldum. Axı, Sevinc xanım indiyədək heç vaxt səhər tezdən mənə zəng etməmişdi. Bir anlıq düşündümözümü tez ələ alıb cavab verdim:

- Sevinc xanım, “Asan xidmət”dəyəm, bir az işim var.

Baş redaktor çox kövrək tərzdə qırıq səslərlə dedi:

– Bilirsən... Səxavəti... maşın vurub... Dünyasını dəyişib...

Sevinc xanımın bu xəbəri məni çox sarsıtdı, bir anlıq “şoka saldı. Başım fırlanan kimi oldu, qeyri-ani olaraq gözlərimdən yaş gilələndi. Bunu görən tanışlar məni masada əyləşdirdilər. Bu, “Həftə içi” qəzeti, həm də Azərbaycan jurnalistikası üçün ağır itki idi. Səxavətin ölüm xəbərini eşidəndə bir anlıq xəyalım məni Qarabağa, cəbhə bölgəsində gedən qanlı döyüşlərə apardı. Yeddi il gecəsi-gündüzü olmadan soyuq səngərlərdə və qanlı döyüşlərdə iştirak edən, cəsurluq göstərmiş şəhid qardaşım, polis zabiti Səməndər Əhmədovun telefonla mənə verilən ölüm xəbərini xatırladım...

Təxminən, 5 il bundan öncə əməkdaşımız, istedadlı jurnalist, “Həftə içi” qəzetinin redaktoru Ceyhun Nağının ölüm xəbərini, eləcə də yaxın dostum, “Azərbaycan” qəzetinin əməkdaşı, tanınmış şair Eldar Nəsiblinin ölüm xəbərlərini xatırladım... İndi isə qələm dostum Səxavət Məmmədovun ölüm xəbəri... Bu dəhşətlər içimdə dəhşətə çevrildi. Bu müsibətlər qəlbimdə sağalmaz bir yaraya, müsibətə çevrildi. Dost itkisi ağır olarmış deyiblər. Səxavətin o cür faciəli ölümü hər birimiz üçün, biz dostlar üçün ən ən ağır, ən böyük itkidir. Bundan da böyük dərd olarmı?

Səxavət Məmmədovla ilk tanışlığımız “Ədalət” qəzetindən başlayıb. Düzünü deyim ki, adıçəkilən qəzet biz yazarlar, əsl jurnalistlər üçün böyük bir həyat məktəbi idi. Jurnalistikanın əlifbası, mən deyərdim ki, vaxtı ilə o qəzetdən başlayıb. Ona görə ki, hazırda tanınmış əksər jurnalistlər fəaliyyətini o qəzetdən başlayıblar. Baş redaktor Aqil Abbasın başına toplaşıb, Vətənimizin o ağır illərində biz jurnalistlər də yorulmaq bilmədən erməni vəhşiliklərindən, Qarabağ müsibətlərindən və ölkəmizə edilən təcavüzdən, dünyada gedən ikili oyunlardan, baş verən haqsızlıqlardan, olaylardan maraqlı, günün, zamanın tələblərinə uyğun yazılarla çıxışlar edərdik. Səxavət çox həlim və ürəyiyumşaq adam idi. Duzlu kəlamları varıydı. Çox maraqlı söhbətləri ilə hamını güldürərdi. O həlimlik onun yazılarında da özünü göstərərdi. Həm də adı kimi səxavətli idi. Jurnalist kimi də əvəzi yox idi. Azərbaycan jurnalistikasında Səxavət Məmmədovun özünəməxsus xidmətləri olub. Həmişə bölgələrdən isti- maraqlı xəbərləri hamıdan tez Səxavət çatdırardı. Operativliyi ilə seçilərdi. Maraqlı yazıları qəzet səhifələrini bəzəyərdi. Onun yazıları həmişə diqqət çəkib, oxunaqlı olub. Yazılarının elə ilk cümləsindən onun jurnalist peşəkarlığı hiss olunurdı. Səxavətin xoşbəxtliyi və yaradıcılığında müsbət cəhət ondaydı ki, heç vaxt qələminə xəyanət etməyib, heç vaxt özündənrazı qalmayıb. Həmişə yazılarına tənqidi gözlə baxıb. Barmaqlarının qabarı ilə, halal zəhməti ilə dolanırdı. Bir kimsəyə pislik etməmişdi. Bir kimsənin şəxsiyyətinə və əxlaqına toxunan yazılar yazmayıb. Amma Səxavət haqqı, ədaləti də gizlətməyib. Yerlərdə baş verən bəzi məmur özbaşınalıqlarını, bir sıra haqsızlıqları ustalıqla qələmə alırdı. Bir sözlə, Səxavətin mətbuat aləmində özünəməxsus yolu və dəst-xətti vardı.

Mən haradasa, 2002-ci ildən “Ədalət” qəzetindən çıxıb, “Həftə içi” qəzetində işləyirəm. Lakin buna baxmayaraq, hərdən “Ədalət” qəzetinin redaksiyasına gedib, qəzetin tanınmış əməkdaşları ilə, xüsusən də baş yazar, ustadımız Aqil Abbasla görüşürdim. Çünki Aqil müəllim o ağır, çətin illərdə yurd-yuvasından didərgin düşmüş biz qaçqın jurnalistlərə dayaq-arxa olub. Eləcə də imkanı olmayan Səxavət kimi istedadlı jurnalistləri də öz ətrafına toplamışdı. Səxavətlə hərdən “Ədalət” qəzetində görüşürdük. Vətənə, insanlara bağlı adam idi. Sənətini sevirdi. Dost unudan kişi deyil idi, Səxavət...

Uzun müddət idi ki, onu görmürdüm. 2014-ci ilin yayında mənə zəng edib dedi ki, Bakıya gəlmişəm, səninlə görüşmək istəyirəm. Dedim Səxavət, bizim redaksiya Badamdar qəsəbəsində yerləşir, gəl bura. Redaksiya yerləşən binanın yaxınlığında bir kafedə oturub çay içə-içə xeyli söhbət etdik. Bir az da yaxın keçmişə qayıtdıq. Həmin gün gülərüzlülüyü, səmimiyyəti və duzlu söhbəti ilə sevincimizə sevinc qatdı, Səxavət. Onun üzündə bir nur vardı. Birdən dedi ki, Qələndər, işsizəm. Sizdə vəziyyət nə yerdədir?

Cavab verdim ki, pis deyil. Sevinc xanım qələmi olan jurnalistlərə hörmətlə yanaşır. Hamını dolandırır. Bir sıra aparıcı qəzetlərlə müqayisədə, bizdə əməkhaqqı normaldır. Birdən soruşdu:

– ¬Görəsən, Sevinc xanım məni işə götürər? Görən, onun hafizəsində necə qalmışam, sən desən məni tanıyar?

Dedim ki, Səxavət, Sevinc xanım gördüyün kimidir. Çox mehriban və sadədən də sadədir. Get yanına, dərdini ona söylə, ürəyi çox yumşaqdır. Sən çox gözəl bilirsən ki, qarabağlı xanımların özləri kimi ürəkləri də çox yumşaqsaf olur. Dərdini desən, bəlkə səni eşidər.

Səxavət bir az fikrə gedib cavab verdi ki, Qələndər, vəziyyətimi bilirsən də. Adam bir gün işsiz qalanda, ailə-uşaq da həmin gün ac qalır. Artıq bir neçə ildən sonra pensiya vaxtım gələcək. İstəyirəm ki, normal əməkhaqqı ilə təqaüdə çıxım. Əvvəla, məndən redaktorunuza salam söylə. Sonra da ucundan-qulağından mənim maddi durumumu ona açıqla. Əgər razı olsa, mənə xəbər verərsən. Hələ bir-iki günlük Bakıdayam.

Səxavətdən ayrılıb redaksiyaya gəldim. Sevinc xanım da gəlmişdi. Yanında qonaqları vardı. Qonaqlar gedəndən sonra, Sevinc xanımın otağına daxil oldum. Beş-on dəqiqə oturub, işlə bağlı söhbət etdik. Söhbətin xoş məqamında Səxavətlə bir yerdə olduğumu və köhnə yoldaşı kimi ona salam söylədiyini dedim. Cavab verdi ki, sağ olsun. Səxavət çox diqqətcildir, bir insan, şəxsiyyət kimi öz yerini, çəkisini bilən adamdır. “Ədalət” qəzetində Səxavət yeganə adamdır ki, heç birimizi unutmayıb. Sonra Sevinc xanıma dedim ki, Səxavət deyəsən işsizdir. Sözümü qurtarmamış, Baş redaktor “Səxavəti çağır gəlsin, elə bu gündən də işə başlasın”, – dedi.

Tez Səxavətə zəng etdimdedim ki, tez ol, gəl redaksiyaya, Sevinc xanım səni gözləyir. Aradan bir saat keçməmiş, Səxavət redaksiyaya daxil oldu. Onu Sevinc xanımın otağına apardım. Sevinc Seyidova ayağa qalxıb, mehribancasına qonağaXoş gəldin” deyib, oturmaq üçün yer təklif etdi. Səxavətlə hal-əhval tutdu. O, şirin söhbətlər etdikcə, sanki gözlərindən nur, sözlərindən isə dür tökülürdü. Qaldığı və yaşadığı yer-yurdun, torpağın və onun camaatının qədrini bilirdi, çünki qədirbilən adamıydı Səxavət. Qaldığı Şirvan torpağı, Şirvan eli onun dilindən düşmürdü. Həmin gündən Səxavət “Həftə içi” qəzetində Şirvan zonası üzrə bölgə müxbiri kimi fəaliyyətə başladı. Tez-tez mənə zəng edib, hal-əhval tutar, əməkdaşlara salam söyləyirdi. Həmişə dərdini, sevincini mənimlə bölüşərdi və deyərdi:

- Qələndər, Şirvan gördüyün Şirvan deyil, gözəlləşib, Sevinc xanım başda olmaqla qəzetin bütün əməkdaşlarını da götür bir Şirvana gəlin. Sizi balıq qonaqlığına dəvət edirəm. Şirvanda dadlı balıqlar olur. Gəlin, Şirvanın gözəl mənzərəli yerləri ilə də tanış olun. Görün, Şirvan nə qədər gözəlləşib, gözəl bir şəhərə çevrilib. Hər dəfə deyərdim ki, Səxavət, İnş-Allah bir gün gələrik...

Bəli, Səxavət elə adı kimi də varıydı. Qeybətdən, dedi-qodudan uzaq olardı, bir kimsənin arxasınca danışmazdı, həmişə çoxa da, aza da qane olardı. Çünki şər işlərdən, şər əməllərdən çox-çox uzaq idi. Həmişə zarafata salıb deyərdi: görəsən, öləndən sonra bir kimsə bizi anacaqmı?

O adam xoşbəxtdir ki, sağlığında dost-tanış qəlbində bir iz qoya bilir, dünyasını dəyişəndən sonra xatirələri ilə, əməlləri ilə yaşayır. Görəsən, Allah eləməmiş, əgər biz ölsək, bizdən sonra dostlarımızdan kimsə bizi xatırlayacaqmı?

Ölümündən iki gün əvvəl Səxavət telefon edib mənimlə xeyli söhbət elədi. Danışığında sanki bir yanğı, haray vardı. Çox şirin danışsa da, bir az zamandan küskün idi. Elə bil ki, amansız ölüm, sanki onun ürəyinə dammışdı: “Mən bir yazı göndərmişəm, Azada de onu nömrəyə qoysun”, – dedi. Bu, Səxavətlə bizim son telefon danışığımız oldu...

Bəli, üç gündür, silahdaşımız, yaxın dostumuz Səxavət Məmmədov cismən bizdən uzaqlaşıb, üç gündür ki, Səxavətsiz yaşasaq da, O, qəlbən, ruhən bizimlədir. Yenə də redaksiyamıza gələcək, məzəli, bir az duzlu, bir az şirin, kövrək xatirələri ilə qəlbimizi ovunduracaq.

Zaman-zaman Səxavət tarixi keçmişimizə çevriləcək, amma onun publisist yazıları, birki, xoş xatirələri səxavətsevərlərin qəlbində qalacaq. Allah sənə rəhmət eləsin, Səxavət, qəbrin nurla dolsun, Qardaşım...

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2017.- 28-30 oktyabr.- S.7.