Böyük caz ustası Vaqif Mustafazadənin xatirəsi əbədiyaşardır...
Oktyabrın 20-dən 28-dək Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək. AZƏRTAC-ın müxbiri bütün dünya cazmenləri üçün bir növ ənənəvi bayrama çevrilən bu festival ərəfəsində Vaqif Mustafazadənin ev muzeyinin direktoru Afaq Əliyeva ilə görüşüb. Afaq xanım Azərbaycan cazının böyük nümayəndəsinin həyat və yaradıcığından, onun irsinin qorunub saxlanılması və təbliği istiqamətində görülən işlərdən danışıb.
-Afaq xanım, muzeyin
yaranması tarixindən, əsası qoyulandan
bu günə qədər görülən
işlərdən danışmağınızı xahiş edirəm.
-Muzey Vaqif Mustafazadənin vəfatından sonra onun anası Zivər Əliyeva tərəfindən yaradılıb. Zivər xanım Üzeyir Hacıbəylinin ilk tələbələrindən biri olub və Vaqifin musiqi zövqünün formalaşmasında böyük rol oynayıb. Vaqifin dostu Polad Bülbüloğlu da muzeyin yaradılmasına böyük dəstək göstərib. Muzey 1989-cu ildən fəaliyyət göstərməyə başlayıb, 1994-cü ildə isə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin bölmələrindən biri olub. Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova Vaqif Mustafazadənin ev-muzeyinin yaradılmasında Zivər xanıma kömək edib. Bildiyiniz kimi, mən Vaqifin xalası qızıyam və Zivər xanıma qulluq etmək üçün 1997-ci ildə Moskvadan Bakıya gəlmişəm. Elə həmin ildə Vaqif Mustafazadə adına Xeyriyyə Fondu yaradılıb və mən də onun sədri olmuşam. Muzeydə Zivər xamımla birlikdə işləməyə başlamışıq. Amma çox keçməmiş o, vəfat etdi və ölümündən əvvəl muzeyin rəhbərliyini mənə tapşırdı. Həmin vaxtdan mən Vaqif Mustafazadə irsinin qorunub saxlanılması və təbliği istiqamətində geniş fəaliyyətə başladım. 2004-2005-ci illərdə muzeydə əsaslı təmir və yenidənqurma işləri aparıldı. Biz böyük cazmenin həyat və yaradıcılığını əks etdirən yeni eksponatlar əldə etdik.
-Muzeydə hər hansı tədbirlər, konsertlər
və s. keçirilirmi?
-Şübhəsiz ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri Vaqif Mustafazadənin doğum və vəfat günlərinə həsr olunmuş müxtəlif tədbirlər təşkil etməkdir: dekabrın 16-da və martın 16-da muzeydə onun yaradıcılıq gecələri keçirilir. Heydər Əliyev Sarayında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində və digər məkanlarda da yubiley tədbirləri keçirilir. Bundan əlavə, onun kompozisiyalarından ibarət disklər buraxdırmışam. İlk belə disk 1999-cu ildə yazılıb, sonra “Unical” şirkəti ilə birlikdə daha 6 disk buraxılıb. 2007-ci ildə Moskvada “Yollar” adlanan disk, 2009-cu ildə “Caz kompozisiyaları” adlı musiqi albomu çıxıb. 2010-2011-ci illərdə Heydər Əliyev Fondunun xətti ilə Vaqif Mustafazadə haqqında kitab nəşr olunub. 2016-cı ildə BP şirkəti və “Buta” Mərkəzi “Bizim Vaqif” adlı film hazırlayıblar. Filmin təntənəli təqdimat mərasimi Nizami Kino Mərkəzində keçirilib. Sənədli filmdə xarici musiqiçilər böyük bəstəkardan heyranlıqla danışırlar. ABŞ-da Vaqif Mustafazadə haqqında “Yanar qəlbin ritmləri” adlı film çəkilib. 2017-ci ildə Zərifə Salahovanın təşəbbüsü ilə Vaqifin həyat və yaradıcılığı haqqında miniatür kitab işıq üzü görüb.
Bu il Moskva Manejində 300 muzeyin iştirakı ilə sərgi keçirilib. Bizim ekspozisiyamız Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin böyük marağına səbəb olub.
-Muzeyə gələnlər ilk
növbədə nəyə diqqət yetirməlidirlər?
-Burada nümayiş etdirilən hər bir eksponat özlüyündə unikaldır. Bu evə, sözün həqiqi mənasında, Vaqif Mustafazadənin energetikası hopub, burada hər bir əşya böyük bəstəkardan danışır. Muzeydə təqribən 1300 eksponat – V.Mustafazadənin şəxsi əşyaları, pianosu, fotoşəkilləri, onun təsvir olunduğu tablolar və heykəltəraşlıq əsərləri saxlanılır. Amma bizim “nəsil şəcərəmiz”i xüsusi qeyd etmək istəyirəm. Şəcərəmiz babamız Ağasəf Əliyevdən başlayır, sonra Vaqifin valideynləri gəlir: onun atası Əziz hərbi həkim olub, amma çox gözəl tar və kamança çalarmış, anası Zivər xanım muğamı mükəmməl bilirdi və həmin dövrdə uşaqlara muğam öyrədən yeganə qadın idi.
Sonda onu demək istəyirəm ki,
mən və muzeyin kollektivi
Vaqif Mustafazadənin mədəni irsini qoruyub saxlamaq və təbliğ etmək üçün əlimizdən gələni edirik. Axı, o,
caz-muğamın banisi olan
böyük bəstəkar idi. Vaqif Mustafazadənin
xatirəsi əbədiyaşardır!
Həftə içi.- 2017.-16-18 sentyabr.- S.7.